Prezident İlham Əliyev dünyasını dəyişən şahmatçı Vüqar Həşimovun ailəsinə başsağlığı vermişdir

Paylaşılma tarixi: Jan 13, 2014 11:22:9 PM

Həşimovlar ailəsinə

Hörmətli Qasım Həşimov.

Oğlunuz, görkəmli Azərbaycan şahmatçısı, şahmat üzrə üçqat Azərbaycan çempionu, qrossmeyster Vüqar Həşimovun vaxtsız vəfatından son dərəcə kədərləndim.

Vüqar Həşimovun Azərbaycan idmanı qarşısındakı xidmətləri əvəzsizdir. O, Azərbaycan şahmat məktəbinin inkişafına misilsiz töhfələr vermiş, öz parlaq qələbələri ilə ölkəmizin adını daim yüksəklərə qaldırmışdır.

Azərbaycan xalqı, idman ictimaiyyətimiz dünyanın ən güclü şahmatçılarından biri olan istedadlı idmançımız ilə fəxr edir, ondan hələ çox qələbələr, yeni-yeni zirvələr gözləyirdi.

Amansız tale Vüqar Həşimovu istedadının ən çiçəklənən bir vaxtında çox erkən aramızdan apardı. Lakin onun parlaq xatirəsi bizim hamımızın, Azərbaycan xalqının, bütün şahmatsevərlərin qəlbində daim yaşayacaqdır.

Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, Aidə xanıma, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 13 yanvar 2014-cü il