Nəqliyyat Departamentindən daha bir quldurluq

Paylaşılma tarixi: Oct 08, 2012 4:32:58 PM

Azərbaycan Respublikasının Baş Prokuroru

Zakir Qaralov cənablarına

Sabunçu r-n., Bakıxanov qəs. H.Ağayev, 18 Mən. 2, ünvanında yaşayan

Yusupov Zaur Elman oğlu tərəfindən

ŞİKAYƏT

Şikayətim Nəqliyyat Departamentinin əməkdaşlarındandır.

Yazıb Sizə bildirmək istərdim ki, 07.10.2012 tarixdə idarə etdiyim Vaz 2107 markalı 90 CA 237 dövlət nişanlı avtomobillə Bakıxanov qəsəbəsində taksi fəaliyyəti məşğul olurdum.

Təxminən, səhər saat 05-30 radələrində Mehmandarov küçəsində dayanmışdım və həmin zaman mənim avtomobilimin qarşısında Nəqliyyat Departamentinə məxsus olan 90 AL 863 dövlət nişanlı avtomobil saxladı və həmin avtomobildən mülki geyimdə 5 nəfər düşərək mənə yaxınlaşdılar, kobud formada məndən tələb etdilər ki onlara maşının sənədlərini təqdim edim. Onlardan xahiş etdim ki, özlərini təqdim etsinlər. Onlardan rədd cavabını aldım. Həmin ekipajdan 2 nəfər mənim avtomobilimin qapılarını açmağa cəhd etdi, qapılar bağlı oldu ucun onlardan 3-cü şəxs mənim avtomobilimin sağ sərnişin qapısının pəncərəsindən əlini salıb qapını açdı və beləcə avtomobilə daxil oldular.

Onlardan biri sürücü qapısı tərəfdən avtomobilimə soxularaq məni boğmağa başladı. 2-ci şəxs isə avtomobilimə məxsus olan açarları qıfıldan götürüb aradan çıxmağa nail oldu. Eyni zamanda 3-cü şəxs avtomobilimdə axtarış edərkən sənədləri tapmadığına görə məni yumruqları ilə vurur və məndən sənədləri onlara təhvil verməyi tələb edirdi. 4-cü şəxs isə avtomobilimin damından taksi işarəsini yerindən qopararaq öz avtomobillərinin baqaj hissəsinə atdı. Mən də avtomobildən çıxmağa cəhd edirdim. Çıxan zaman 5-ci şəxs bunu görüb mənə hücum etdi və ayaqları ilə mənim bel nahiyəmdən zərbə endirməyə başladı. Ona müqavimət göstərdiyimi görən 4-cü şəxs isə Nəqliyyat Departamentinə məxsus olan avtomobilə tərəf getdi və həmin avtomobilin baqaj hissəsindən “bita” deyilən taxta parçasını götürüb mənə hücum etdi və məni vurmaq istədiyi zaman mən öz avtomobilimə əyləşib qapıları içəridən bağladım. Bunu görən Nəqliyyat Departamentinin əməkdaşları başladılar hərəsi bir tərəfdən avtomobilə zərbə endirməyə və onlardan biri əlindəki “bita” taxta parçası ilə mənim avtomobilimin qabaq görünüş şüşəsinə bir necə dəfə zərbə endirdi, sonra isə sol güzgünün şüşəsini sindirdı. Bu hadisəni yolun əks tərəfində yerləşən POLİS MÜHAFİZƏ ALAYININ əməkdaşları görüb mənə kömək etməyə gəlmişdilər. Bunu görən Nəqliyyat Departamentinin əməkdaşları tezliklə öz avtomobillərinə əyləşib hadisə yerini tərk etdilər. Həmin zaman mən DİN-nin 102 xidmətinə zəng etdim və hadisə barədə məlumat verdim, sonra isə Sabunçu r-nu 13-cu Polis bölməsinə gedərək hadisə barədə ərizə ilə müraciət etdim. Baxış keçirdiyim zaman məlum olmuşdu ki, Nəqliyyat departamentin əməkdaşlarının zərbələrdən sonra avtomobilimin sağ qabaq qanadında təpiklərin izi - batıqlar, əmələ gəlmişdir, qabaq görmə şüşəsi, sağ qapının güzgüsü sındırmışdır və sonda mənim avtomobilimə məxsus olan açarları oğurlamışlar . Mənə yüngül xəsarət yetirib maddi və mənəvi ziyan vurmuşlar.

Xahiş edirəm ki bu hadisə ilə bağlı araşdırma aparasınız. Yuxarıda ifadə verdiklərim düzgünlüyünü və yazdıqlarımı öz imzamla təsdiq edirəm.

Əlaqə telefonları: (+994) 50 640-71-31

(+994) 55 739-96-99

İmza: Zaur Elman oğlu Yusupov

08.10.2012