Mingəçevir İES-də bu gün səhər yenidən yanğın baş verib

Paylaşılma tarixi: Jul 05, 2018 11:41:3 AM

Fövqəladə Hallar Nazirliyi Mingəçevir İES-də baş verən növbəti yanğınla bağlı məlumat yayıb.

Bildirilir ki, bu gün saat 08:25-də Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhərində “Azərbaycan İES” MMC-nin ərazisində yanğın olması barədə məlumat daxil olub.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri saat 08:28-də hadisə yerinə çatıb.

Yanğın zamanı cərəyan transformatorlarından birinin açarı, sarğıları və ətrafa dağılmış 400 m² sahədə transformator yağı yanıb. Digər transformatorlar yanğından mühafizə olunub.

Yanğın saat 08:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Mənbə: Lent.az>>