I qrup əlil Azad Muradovdan Prezident İlham Əliyevə şikayət

Paylaşılma tarixi: Jan 16, 2014 4:56:26 PM

Yazıb sizə məlum edirəm ki, mən Muradov Azad İlqar oğlu 1993-cü ildə Sabirabad rayonunda anadan olmuşam. 11 ildir ki, miyopatiya əzələ xəstəliyindən əziyyət çəkirəm. İndiyə qədər müalicə olunsam da hələ yeriyə bilmirəm 20 yaşım var. Həkimlər cərrahiyyə əməliyyat keçirməyi və yeriyənə qədər müalicə olunmağı tövsiyə edirlər. Mənim xəstəliyimin müalicəsi və əməliyyatı Azərbaycandan xaricdə Amerika Birləşmiş Ştatları, Almaniya, Fransa, İtaliya, İsrail, Koreya, Yaponiya və s. ölkələrdə həyata keçirilir. Mənim xəstəliyimin müalicəsində istifadə edilən iynə dərman preparatları Amerika, Almaniya, İtaliya, Fransa, İsrail və s. xarici ölkələrin istehsalıdır. Mən I qrup əliləm, 67 manat pensiya alıram. 67 manat pensiyadan başqa Dövlət tərəfindən mənə heç bir köməklik göstərilmir. Neçə illərdi ki, dəfələrlə Səhiyyə nazirliyinə müraciət edirəm ki, məni xarici ölkələrin birinə cərrahiyyə əməliyyata, müalicəyə göndərin və müalicəmi davam etdirmək üçün Səhiyyə nazirliyi olaraq mənə kömək edin. Səhiyyə nazirliyi isə mənə heç bir kömək göstərmir.

Xaricdə əməliyyat və müalicə üçün dəfələrlə Prezident Aparatına ərizə yazmışam. Cənab Prezident ərizəmi yəqin sizə çatdırmayıblar.

Heydər Əliyev fonduna da dəfələrlə ərizə yazmışam. Ərizəyə cavab olaraq Prezident Aparatından, Heydər Əliyev fondundan bildirdilər ki, vətəndaşların xarici ölkəyə cərrahiyyə əməliyyat və müalicəyə göndərmək Səhiyyə nazirliyinin vəzifəsidir və bu işlə Səhiyyə nazirliyi özü məşğul olmalıdır. Prezident Aparatından, Heydər Əliyev fondundan Səhiyyə nazirliyinə məktub yazaraq bildirdilər ki, mənim problemimi araşdırıb Səhiyyə nazirliyi həll etsin. Buna baxmayaraq Səhiyyə nazirliyi mənim problemimi həll etməmişdir.

Cənab Prezident. Sizin qəbula yazılmaq üçün Prezident Aparatının internet saytına müraciət etdim Prezident Aparatından cavab olaraq bildirdilər ki, prezidentin qəbuluna yazılmaq olmur.

Neçə ildə Səhiyyə nazirliyi mənim problemimi həll etməyib. Hər il Dövlət büdcəsindən Səhiyyə nazirliyinə milyonlarla pul ayrılır. Əgər Səhiyyə nazirliyi vətəndaşların problemini həll etmirsə bu pulları bəs hara xərcləyir?! Bu hal məmur özbaşınalığı, vəzifədən su - istifadədir...

2010- cu ildə Səhiyyə nazirliyi Vətəndaşların Respublikadan Kənar Müalicəyə Göndərilməsi Üzrə Komissiyasına müraciət etdim ki, məni xarici ölkələrin birinə cərrahiyyə əməliyyatına və müalicəyə göndərmək üçün rəy versinlər. Komissiyada məni yoxlayıb müayinə etməmiş mənim sənədlərimə baxaraq Azərbaycan daxilində müalicə olmağa rəy verdilər. Komissiyanın sədri bildirdi ki, Səhiyyə nazirliyi vətəndaşları xarici ölkələrdə cərrahiyyə əməliyyatına və müalicəyə göndərmək üçün rəy verməyə qoymur. Biz də ona görə xarici ölkədə cərrahiyyə əməliyyatı və müalicə olunmağa sizə rəy verə bilmirik. Mən bu rəydən imtina edirəm və mənə verilən rəyə imza çəkən həkimlər bunlardı:

Komissiyanın sədri Quliyev Nəsib,

Komissiyanın katibi Əliyeva İradə,

Komissiyanın üzvləri Əsədov Bilal,

Quliyev Faiq, Kərimov Məmməd,

Məmmədbəyov Fərid,

Vəlibəyov Rəşid,

Heydərov İbrahim,

Novruzov Rafael

Mən bu həkimlərdən cənab Prezident – Sizə şikayət edirəm; onlar xəstənin cərrahiyyə əməliyyatı və müalicəsi xarici ölkələrdə mümkün olduğu halda, Azərbaycanda mümkün olmadığı halda Azərbaycan daxilində cərrahiyyə əməliyyatı və müalicə olunmağa niyə rəy veriblər?! Komissiyanın sədri və komissiyanın üzvləri yəqin məndən rüşvət ala bilmədikləri üçün mənə Azərbaycan daxilində müalicə olunmağa rəy veriblər?

Cənab Prezident. Səhiyyə Nazirliyində korrupsiya, məmur özbaşınalığı, vəzifədən su-istifadə və Səhiyyə Nazirliyi Vətəndaşların Respublikadan Kənar Müalicəyə Göndərilməsi Üzrə Komissiyasının qanuna zidd hərəkətləri barədə Dövlət orqanlarının saytına ərizə yazdım

Milli təhlükəsizlik naziri Eldar Mahmudova,

Konstitusiya məhkəməsinin sədri Fərhad Abdullayevə,

İnsan Huquqları Üzrə Müvəkkil (Omdusman) Elmira Süleymanovaya,

Ədliyyə naziri Fikrət Məmədova,

Daxili işlər naziri Ramil Usubova,

Baş prokuror Zakir Qaralova.

Baş prokurorluq ərizəmi Korrupsiyaya qarşı mübarizə idarəsinə göndərdi. Amma bu Dövlət orqanlarının heç biri Səhiyyə nazirliyində araşdırma aparmadılar və mənim Səhiyyə nazirliyi ilə bağlı problemimi həll etmədilər. Bu Dövlət orqanları qanun müdafiəçisi, hüquq müdafiəçisi, güc strukturu olaraq korrupsiya, məmur özbaşınalığı, vəzifədən su-istifadə faktları barədə niyə Səhiyyə nazirliyində geniş miqyasda araşdırma apara bilmirlər?! Onda belə çıxır ki, bu Dövlət orqanların heç birinin Səhiyyə nazirliyinə gücü çatmır.

Dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiə nazirliyinə ərizə yazmışam. Yazdığım ərizəyə cavab olaraq bildirdilər ki, Səhiyyə Nazirliyi Vətəndaşların Respublikadan Kənar Müalicəyə Göndərilməsi Üzrə Komissiyası sizə xarici ölkələrin birinə getməyə rəy versələr onda biz sizə kömək edə bilərik.

Səhiyyə nazirliyinə bir daha ərizə ilə müraciət edərək bildirdim ki, cərrahiyyə əməliyyatı və müalicə olmaq üçün məni xarici ölkələrin birinə göndərin. Cavab olaraq Səhiyyə nazirliyinin Tibbi Yardımın Təşkili şöbəsinin müdiri Gülmirzə Poladov bildirdi ki, Səhiyyə Nazirliyi tərəfindən təşkil olunmuş Səhiyyə nazirliyi Vətəndaşların Respublikadan Kənar Müalicəyə Göndərilməsi Üzrə Komissiyasına müraciət edin. Mənim xəstəliyimin əməliyyat və müalicəsinin İsraildə mümkün olduğu barədə sənədi həmin komissiyaya təqdim etdik. Buna baxmayaraq mənə Azərbaycanda müalicə olunmağa rəy verdilər.

Əmək və Əhalinin Sosial Müdafiəyə nazirliyini Sabirabad şöbəsinə vətəndaşlar sosial yardım almaq üçün müraciət edirlər və sənədləri şöbəyə təqdim edirlər Əmək və Əhalinin Sosial Müdafiəyə nazirliyini Sabirabad şöbəsi vətəndaşları komissiya vasitəsi ilə yoxlayırlar və vətəndaşları sosial yardım verməkdən imtina edirlər çünki, Əmək və Əhalinin Sosial Müdafiəyə nazirliyini Sabirabad şöbəsi sosial yardım düşməyən imkanlı vətəndaşlardan rüşvət alaraq imkanlı vətəndaşlar sosial yardım təyin edirlər və sosial yardıma ehtiyacı olan vətəndaşlara sosial yardım təyin etmirlər. Dövlət sosial yardımı ehtiyacı olan vətəndaşlar kömək üçün nəzərdə tutub.

Cənab Prezident İlham Əliyev. Siz növbəti dəfə xalqın etimadını qazanıb Prezident seçildikdən sonra andiçmə mərasimində çıxışınızda qeyd etmişdiniz ki, Azərbaycanda korrupsiya faktları olmasın. Cənab prezident mən ona görə bu haqda Sizə məlumat verirəm. Korrupsiya, məmur özbaşınalığı, vəzifədən su - istifadə faktları olanda, vətəndaşların dövlətə inamı azalır. Ona görə konstitusiyaya zidd hərəkət edən məmurlar konstitusiyanın maddəsinə uyğun olaraq cəzalandırılmalıdı. Mən konstitusiyaya uyğun hərəkət edirəm, konstitusiyanın müvafiq maddəsinə uyğun olaraq mənim söz azadlığım var və mən konstitusiyaya uyğun olaraq problem haqda düzgün məlumat verirəm. Məmurlar konstitusiyanın maddələrini pozduqları və konstitusiyaya zidd hərəkət etdikləri üçün, cənab Prezident, bu məmurları cəzalandırın və mənim xarici ölkələrin birində cərrahiyyə əməliyyatla müalicə ilə bağlı problemimi, cənab Prezident lütfən, həll edin.

Azad İlqar oğlu Muradov