Şəkidə dini zəmində insident: cərimə edilənlər və həbs olunanlar var...

Paylaşılma tarixi: Jan 28, 2018 8:55:48 PM

Şəkidə yanvarın 24-də başa çatmış Topqarağac məscidinin boşaldılması əməliyyatı ilə əlaqədar həmin məscidə nəzarət edən qeyri-leqal "Yeni Azəri" İslam cəmiyyəti üzvlərindən 7 nəfər inzibati cəza alb: bir nəfərə iki dəfə 100 manat, bir nəfərə 100 manat cərimə kəsilib, bir nəfər 10 sutka, 4 nəfər isə 30 sutka həbs cəzası alıb. Bəzi məlumatlara görə sonuncu 4 nəfər üçün cinayət işi açılıb və əslində onlar barədə 30 sutka yox, 4 aylıq həbs-qəti imkan tədbiri seçilib. Lakin tanış olduğumuz bir sənəddə göstərilib ki, 24 yanvarda Şəki şəhər rayon polis şöbəsində bu işlə bağlı 10 nəfər barədə cinayət işinin açılması barədə vəsatət rədd edilmişdir.

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Şəkidəki təmsilçisi Tale Abdullayev "İpəkçi"yə bildirdi ki, qeyri-leqal dini icma tərəfindən zəbt edilmiş 4 məscid təmir üçün bağlanmışdır. Bunlar tarixi abidələrdir və onların əsaslı təmirə ehtiyacı var. Təmirdən sonra məscidlər yenidən dindarların istifadəsinə veriləcəkdir.

"Yeni Azəri" İslam cəmiyyəti üzvləri isə iddia edirlər ki, pulsuz Quran oxuduqlarına görə, hüzn mərasimlərini təmənnasız yola verdiklərinə görə onların məscidləri bağlanılmışdır.

Boşaldılmış məscidlərdən biri Şəkinin ən qədim tikililərindən biri olan Xan məscidi idi. Hansı ki Şəki xanı Məhəmmədhüseyn xan hicri 1183 (1769/70)-ci ildə tikdirmişdir. XX əsrin 90-cı illərində bu məscid də "Yeni Azəri" qeyri-leqal dini icmanın üzvlərinin nəzarətinə keçmişdir. 2010-cu ildə şəhər Mədəniyyət şöbəsi məhkəməyə müraciət etmiş, məhkəmə məscidin qeyri-leqal "Yeni Azəri" dini icması tərəfindən boşaldılmasına qərar vermişdir. Lakin qərarın icrası ötən həftəyə qədər mümkün olmamışdı.