“Şəki-İpək” ASC ipəkçilikdən imtina edir, 400 nəfər yenidən bir neçə aylığa öz hesablarına məzuniyyətə göndərildi

Paylaşılma tarixi: Nov 05, 2015 6:46:15 PM

Prezidentin 4 noyabrda Şəkiyə təşrif buyurmasındın 2-3 gün əvvəl “Şəki-İpək” ASC rəhbərliyi əksər sexlərin işçilərinin öz xahişləri ilə yenidən məzuniyyətə göndərilməsinə göstəriş verdi. ASC sədri bir daha işə qayıtmayacağına işarə olaraq vurğulamışdır ki, "nə vaxta qədər mən sizi pambıqla dolandıracağam?! Zəhmət olmasa ərizənizi yazıb işdən çıxın". Bu iddia geniş oxucu kütləsi üçün yəqin ki anlaşılmazdır, ona görə şefin sözlərinə əlavə izahat vermək məcburiyyətindəyik. Vaxtilə, bir 10-12 il bundan əvvəl dövlət başçısı ipəkçiliyin inkişafına yardım üçün “Şəki-İpək” ASC-yə pambıq rayonlarında pambıq əkmək, sonra isə yığdığı pambığı dünya bazarına çıxararaq satmaq səlahiyyəti vermişdi. Bu şərtlə ki ASC pambıq satışından əldə edilən vəsaiti ipəkçiliyin inkişafına yönəltməli və dövlətdən əlavə yardım istəməməli idi... Lakin “Şəki-İpək” ASC pambıq rayonlarında əkdiyi pambığı toplayanda məhsulun xaricə satılmasına icazə verilmir – deyilənə görə, oliqarxardan biri pambığın dünya bazarına çıxarıb satmaq hüququnun yalnız onun özünə aid olduğunu iddia edərək, “Şəki-İpək” ASC-nin xaricə pambıq satmasına imkan vermir. Yetişdirib topladığı pambığı əlində qalan “Şəki-İpək” ASC rəhbərliyi məcbur olub Baş müəssisənin 1 ha sahəsi olan 2 № Toxucu İstehsalatındakı toxucu dəzgahlarını metalloma qəpik-quruşa satır, həmin dəzgahların yerində pambıq sap istehsal etmək üçün dəzgahlar quraşdırır. “Şəki-İpək” ASC istehsal etdiyi sapı Rusiyaya ixrac edə bilsə də, şirkətə həmin sapdan parça toxunmasına icazə verilmir. Məsələn, pambıq parça toxumaq üçün Almaniyadan alınmış dəzgahların istismar edilməsinə icazə verilməmişdir. Deyilənə görə, yenə eyni oliqarx bildirmişdir ki, “Şəki-İpək” ASC yalnız pambıq sap istehsal edə bilər, yüksək keyfiyyətli pambıq parça istehsal etmək hüququ isə yalnız ona aiddir.

“Şəki-İpək” ASC-nin pambıq sap istehsal etməsinin səbəblərini izah etdik. İndi isə yeri gəlmişkən, ipəkçiliklə pambıq sap istehsalı arasında fərqi də nəzərinizə çatdıraq. Pambıq sap istehsalı az işçi qüvvəsi tələb edir. Yəni pambıq sap istehsal edən sexdə cəmi 3-4 nəfər operatorun olması kifayətdir. “Şəki-İpək” ASC-nin Pambıq əyirici sexində cəmi 15-20 nəfər operator, təxminən bu sayda maşınlara yük vuran fəhlə var. Əgər “Şəki-İpək” ASC-nin “Pambıq əyirici sexi fəaliyyətdədir” deyirlərsə, bu o deməkdir ki, cəmi 30-40 nəfər işlə təmin olunub.

Pambıq sap istehsalından fərqli olaraq, ipək sap istehsalı üçün dəfələrlə artıq işçi cəlb edilir. Məsələn Sovet dövrünün son illərində yalnız Şəki şəhərində 3-4 min fəhlə barama açmaqla, yəni baramadan sap almaq işi ilə məşğul idi. “Şəki-İpək” ASC-nin Baramaaçan istehsalatı 2011-ci ildə dayananada 300 nəfər fəhlə işsiz qaldı. Ondan bir neçə il əvvəl isə burada işçilərin sayı min nəfərdən çox olmuşdur. Ən maraqlısı isə budur ki, pambıq sap istehsalı üçün istismar müddət i tez bitən model, çox bahalı avadanlıqların alınması tələb olunursa, ipək sap üçün istismar müddəti heç vaxt bitməyən ucuz “cəhrə”nin olması da kifayət edər. Bundan başqa, yaxın illərə qədər ipək sap istehsalında xammalın – yəni baramanın yetişdirilməsi işi ilə 10 minlərlə kəndli ailəsi məşğul olmuşdur və barama istehsalının dayanması nəticəsində 10 minlərlə kəndli ailəsi mövsümi gəlir mənbəyini itirmişdir. Barama və ipək sap əsrlər boyu dünya bazarında müştərisi olan məhsuldur, bu valyurtadır!

“Şəki-İpək” ASC rəhbərliyi isə artıq ipəkçiliyi rəsmən ləğv edib az işçi qüvvəsi tələb olunan pambıq sap istehsalına keçməyə qərar verir. İlk olaraq baş müəssisənin 500 nəfər işçisindən “öz xahişləri” ilə yenidən bir neçə aylığa öz hesablarına məzuniyyətə göndərilmiş 400-nün işdən azad edilirlməsi nəzərdə tutulur.

Məlumat üçün əlavə edək ki, bu ilin avqust ayının əvvəlində “Şəki-İpək” ASC-nin Baş müəssisəsinin istehsalat və sexlərində iş tamamilə dayandırılmışdır ( bax >>) . Bir müddət sonra Pambıq əyirici istehsalatında istehsal bərpa edilsə də da, digər istehsalat və sexlər xammalın olmaması səbəbindən işləmədi. Onu da əlavə edək ki, 2005-ci ildə müəssisə özəlləşdirildiyi zaman 1 qəpik borcu yox idi, həmin vaxt Respublikada barama istehsalı 133 tona çatmışdı və Baş müəssisədə 2 000 nəfər işləyirdi. Özəlləşmədən sonra yerli mütəxəssislər işdən çıxarıldı, ehtiyac olmadığı halda “Şəki-İpək” ASC-ə 13 faizli bank kreditləri verildi, baramanı xaricdən gətirilməsinə başladılar. Nəticədə yerli barama istehsalı hər il 2 dəfə azalmaqla, tədricən sıfra bərabər oldu, baxmayaraq ki bu sahəyə milyonlarla manat investisiya yatırılmışdır. Kredit borcları isə hər il 13 faiz artaraq 70 milyon manata (İlin əvvəlində “Şəki-İpək” ASC Səhmdarlaırının yığıncağıba elan edilmişdir) yüksəldi...

Aydın Məmmədov