Ədalətsizliyə qurban gedən fədai

Yaşadığımız mühitdə cəmiyyət arasında tez-tez hallar olur ki, insanlar bir-birilərinə “Gələnlər-gedənlərin atasına rəhmət oxutdururlar” deyimi ara məsəlinə çevrilmişdir. Bəzən elə düşünürük ki, bu adi bir sözdür fərqinə belə varmadan, üzərindən ötüb keçirik. Lakin, bir müddət ötdükdən sonra anlayırıq ki, deyilənlər sadə bir söz ya cümlə yox, əsl həqiqətdir.



İnsanlar həmişə həyatlarında nələrinsə dəyişməsini istəyir, yaxud da ümid edirlər. Dəyişikliklərə daha çox sivil dövlətlər, demokratik cəmiyyətlər öyrəşdiklərindən, bu xalqlarda inkişaf günü-gündən intensiv hal almaqdadır. Ona görə də bu cür ölkələrdə sağlam vətəndaş cəmiyyətləri, hüquq institutları , qeyri-hökumət təşkilatları xalqa, millətə faydalı xidmət edirlər.



Amma söylədiklərimizdən tam kənarda qalmış bir ölkədə var. Azərbaycan respublikası! Bu qədim sivilizasiyaya mənsub məmləkətdə zülm, işgəncə, məmur özbaşınalığı, anti-demokratiya, insanların hüquq və azadlıqlarının kobudcasına pozulması adi hala çevrilib.


Həqiqətən də çox acınacaqlı hadisələr baş verir məmləkətimizdə. İnsanlara sözün əsil mənasında zülm olunur. Harınlamış dövlət məmurları heç bir şeydən qorxmadan doğma yurdumuzda at oynadırlar. Kiminlə necə istəyirlər elə də davranırlar. Məhkəmə qərarlarını da hər zaman istədikləri kimi öz mənafelərinə uyğun şəkildə qəbul etdirə bilirlər.


Axı bu Azərbaycan xalqının günahı nədir ki, xalqa qarşı bu cür münasibət göstərilir. Sanki bu məmurlar elə builki ermənidir və qəsdən gəlib hakimiyyəti ələ alıb ki, xalqa zülm versin. Xalqa qarşı bu qədər zülm, bu qədər laqeydlik bəs deyil? Nə vaxta kimi xalqa qan udduracaqsız? Nə vaxta kimi ailələri başsız qoyacaqsız? Məgər o qədər yığdığınız pul, sərvət sizə bəs etmir? Niyə axı bu məzlum xalqın heysiyyatı ilə oynayırsız?! And olsun ki, xalqa qarşı bu cür münasibəti düşməndən başqa heç kəs göstərməz. Yalnız gərək xalqın düşməni olasan ki, insanlara bu cür münasibət göstərəsən.


Görün insanı hansı vəziyyətə gətirib çıxardırlar ki, insan özünü yandırmağa məcbur qalır. Bu cür insanların sayı çoxdur Azərbaycanda. Hər gün çətinliklərlə, əzab-əziyyətlərlə, haqsızlıq və ədalətsizliklərlə qarşılaşan insanların sayı milyonlarladır. Görün bu ədalətsizlik və haqsızlıq səbəbindən nə qədər insan məmləkətimizi tərk edib. Hal-hazırda 3 milyondan artıq insan ölkədə dolana bilmədiyindən, işsizlikdən, haqsızlıq ilə qarşılaşdıqları üçün vətəni tərk edərək xarici dövlətlərə üz tutublar.


Bu gün Qarabağ uğrunda əlil şəxsə qarşı  bu cür laqeydlik nümayiş etdirilirsə bundan sonra buna baxan gənclərdən vətəni müdafiə etməyi gözləmək olarmı.? Kim bundan sonra vətənə can yandırar.


 Özünü yandırmaq adi intihar deyil, bu etirazdır. Aksiyadır. Canından, həyatdan bezənlər, öz aqibəti ilə barışanlar əsasən kəndirdən yararlanır, etiraz edənlər, “bu iş belə getməz” deyənlər isə bir şüşə benzin və alışqan götürürlər.


Qarabağ qazisi Zaur Həsənovun özünü yandırması haqsızlığa etirazı idi – müharibənin od-alovundan əlil olub qayıtmış adamın əlindən bu gəldi! O, özünü balalarının istiqbalı üçün yandırdı. Bütün atalar özlərini öz balaları üçün gilə-gilə əridir ha, bax, Zaur da o atalardan idi, sadəcə, o, özünü bir göz qırpımında əritdi.


İndi o, yoxdur. Onun ölümlə çarpışması üç gün davam etdi və igid qazimiz yenildi. Qarabağ müharibəsindən vücudu şikəst, qəlbi sınıq qayıtmış qardaşımız balalarını bu canavarlarla dolu dünyada başsız qoydu.


Onu bu həddə çatdıranlar indi çox peşmandırlar və qorxurlar. Onlar dünyanın ən murdar, ən bağışlanmaz cinayətinə qol qoyublar, bir döyüşçünün ən iztirablı, uzun çəkən ölümünə səbəb olublar. Bunu onlara bağışlayan olmayacaq. Nə Allah bağışlayacaq nə də bəndələr.


Rasim Xudaverdiyev