Son əlavələr‎ > ‎

Zay toxum, hələlik 400 tona yaxın barama qəbulu, "Şəki-İpək" ASC-nin ləğv olunması...

14 Haz 2018 08:26 tarihinde Aydin Salis tarafından yayınlandı
Yerlərdən aldığımız məlumatlara görə cari barama mövsümündə kümdarlara paylanılmış qurd toxumları bəzi hallarda keyfiyyətsiz olmuş və buna görə həmin yerlərdə məhsul əldə edilməmişdir. Şəki rayonunun Çeşməli kəndində barama bəslənilməsi ilə tanış olan Turan İA-nin müxbiri Sadıq Fətəliyev bildirir ki, qurdlar yetişsə də barama sarımırlar. Bu toxumun zay olduğunu göstərir. Mövsümün ortalarına doğru havaların qəflətən soyuması, çoxlu yağıntı da məhsuldarlığa mənfi təsir etmişdir.  Bəzən isə kümdarlar özləri qurdu bəsləyə bilməmişlər. Lakin "Şəki-İpək" ASC-nin bazasında yaradılmış yeni "Azəripək" MMC rəhbərliyindən  bu gün - 14 iyun tarixdə, axşam saatlarında "İpəkçi"yə bildirildi ki, bütün bunların ümumi nəticəyə elə bir təsiri olmayıb,  yaş barama qəbulu isə normal davam edir. Qəbul 400 tona çatdımı? - sulaımıza cavab olaraq bildirildi ki, yox, hələ çatmayıb, amma tezliklə çatacaq, baramanın dalı gəlir.

Məlumat üçün əlavə edək ki,  bu gün günorta saatlarında artıq 370 ton yaş barama qəbul edilmişdir. Qəbul  bütün gün, gecə-gündüz davam edir. Səhərə qədər  barama qəbulunun 400 tona çatması mümkündür.  Yaxın ərazilərdən kümdarlar yaş baramanı bəzən özləri gətirirlərsə, kənar rayonlardan  bu iş "Azəripək" MMC-nin avtomobilləri  və nümayəndələri vasitəsi ilə həyata keçirilir. Şəki ipək kombinatına daşınan yaş barama ilk olaraq boğulur, sonra qurudulmağa verilir. 


Yaş barama boğulub qurudulduqdan sonra çəkisini 2,7 dəfə itirir. 3 kq quru baramadan isə 1 kq ipək əldə etmək mümkündür. Başqa sözlə, 400 ton yaş baramadan 148 ton quru barama, 148 ton quru baramadan isə 50 tona yaxın ipək əldə edilə bilər. 1 kq ipəyin əldə edilməsi üçün 8,1 kq yaş barama lazımdır. Ötənilki qiymətlərlə və subsidiyanı nəzərə almasaq 8,1 kq yaş baramanın satınalma qiyməti 72,9 manat idi, texnoloji xərcləri də bunun üstünə gəlsək, 1 kq ipəyin maya dəyəri təxminən 120 manat, yəni 70 $ civarında olub. Dünya bazarımda düzdür, bu ilin əvvəlində Çin ipəyi elə bu qiymətə, hələ bir qədər də baha satılmışdı, amma heç kim Azərbaycan ipəyinin 1 kq-na 50 $-dan artıq pul verməzdi.
Hindistanın ipəkçilik üzrə ixtisaslaşmış Mainline Enterprises şirkətin meneceri Məhəmməd Muzammil "İpəkçi"yə bildirdi ki, bu gün dünya bazarında Çin ipəyinin 1 kq-ı 68-71, Vyetnam ipəyinin 1 kq-ı 65-69, Özbəkistan ipəyinin 1 kq-ı 50-53, Türkmənistan ipəyinin 1 kq-ı 40, Hinsitan ipəyinin 1 kq-ı 40-65 $ qiymətindədir... 


Bu arada "Şəki-İpək" ASC-nin Əmək Məcəlləsinə zidd olaraq aylarla, bəzən illərlə "ödənişsiz məzuniyyətdə" qalan işçiləri 
"Şəki-İpək" ASC-nin bazasında yaradılmış yeni "Azəripək" MMC rəhbərliyinin yadına düşmüşdür; onları çağırıb, öz xahişləri ilə işdən azad edirlər və "Azəripək" MMC-yə işə götürəcəklərinə söz verirlər. 

İqtisadçı ekspert Hafiz Babalı bildirir ki, "Şəki-İpək" ASC  əslində yerində durur, sadəcə matrejka yaradılıb; “Azəripək” MMC  şirkətinin yaradılmasında məqsəd odur ki, təsərrüfat fəaliyyəti yenilərin adından aparılsın və əvvəlkilərin maliyyə öhdəliyi üzrə tələblər irəli sürülməsin. 

Məlumat üçün əlavə edək ki, ötən il "Şəki İpək İstehsalı" adlı bir MMC də yaradılmışdır; nizamnamə kapitalı 37,550 milyon manat, şirkətin qanuni təmsilçisi Nizami Qəribov, Müşahidə Şurasına isə Fərid Vəlizadə, Elçin Nadirov, Malik Nəsirov daxil idilər. (Bax: Azərbaycanda eyni ünvanda qeydiyyatda olan bir neçə iri şirkət yaradılıb >> )... 

“Azəripək” MMC və "Şəki İpək İstehsalı" MMC ayrı-ayrı şirkətlərdir, ya  "“Azəripək” MMC"  ""Şəki İpək İstehsalı" MMC"-nin yeni adıdır? - sualımıza Hafiz Babalı cavab verdi ki,  bunlar  ayrı-ayrı şirkətlərdirlər. 

Diqqətimizi çəkən ən maraqlı məqam isə bu ərəfədə pambıqəyirici sexin dayandırılması, baramaaçan istehsalatının fəaliyyətə başlamasının isə gecikdirilməsidir; barama var, artıq 400 tona yaxın, baramaaçan istehsalatı indi niyə işləməsin? 

Əvvəlcədən məlumat verdiyimiz kimi  pambıqəyirici sexin işçilərindən çoxu alternativ işlə təmin ediləcəyinə inanmırdı  (Bax: Şəki İpək kombinatının 1 ay əvvəl işə düşmüş pambıqəyirici sexi "barama qəbulu" (?!) adı ilə yenidən dayandırıldı>> ). Həqiqətən də onların çoxu yenidən işsiz qaldı, aralarında elələri vardı ki  bir il dayanmadan sonra cəmi bir-neçə gün işləmişdi. İşsiz qalanların əksəriyyəti isə qadınlardır. Belə ki barama qəbulu ağır fiziki əmək tələb etdiyindən, bu işə yalnız kişiləri cəlb etmək mümkün olur. 

Məlumat üçün onu da əlavə edək ki, Şəki ipək kombinatının anbarlarında 100 min metr ipək parça, 50 min metr pambıq parça, 6 tona yaxın ipək yığılıb qalıb.  Bu səbəbdən də ilin əvvələrindən etibarən istehsal demək olar ki tam dayandırılmış ( “Şəki-İpək” ASC-nin bəzi istehsalat və sexləri heç işə düşmədi, işə düşənləri isə dayandı...>>   ) (Şəki İpək kombinatının əmək kollektivi 11 aprel prezident seçkisinə işsiz, sosial təminatsız və ağır maddi durumda, lakin ümidlə gedir>> ) və hələ də bərpa edilməmişdir. Əgər məhsul satılmırsa, deməli "Şəki-İpək" ASC ötən il barama satın almaq üçün götürdüyü borcu qaytara bilməyib. Bu borc 1 nilyona yaxındır.  Bu il isə azı 400 ton barama almalıdır və bunun üçün 1, 6 milyon borc almalıdır. "Şəki-İpək" ASC borcunu qaytarmadığı üçün yenidən borc ala bilmir. Nə etməli? "Şəki-İpək" ASC-ni buraxıb, yerində “Azəripək” MMC" yaratmaq lazım idi və yaradıblar da. Gələn il təxminən 600 ton yaş barama almaq lazım olanda isə  “Şəki ipək istehsalı” MMC fəaliyyətə başlayacaq yəqin ki.

Aydın Məmmədov



                         
                         “Şəki-İpək” ASC-nin işçilərinin Prezidentə açıq məktubu >>