Son əlavələr‎ > ‎

Şəki ipək kombinatının mövcud durumu Azərbaycan Sənaye Korporasiyası ASC-nin müşavirəsində müzakirə edilib

8 Şub 2018 08:25 tarihinde Aydin Salis tarafından yayınlandı
Yanvarın 26-da bu saytda "Şəki-İpək" ASC-nin mövcud durumu ilə bağlı jurnalist araşdırması dərc olunmuşdur (Şəki-İpək” ASC-nin bəzi istehsalat və sexləri heç işə düşmədi, işə düşənləri isə dayandı...). Məqalədə Şəki ipək kombinatındakı baramaaçan istehsalatı işçilərinin 15 yanvarda öz hesablarına məzuniyyətə göndərilməsi, yanvarın 1-dən etibarən isə yerdə qalan sex və istehsalatlarda işin dayandırılması xəbər verilir, daha sonra kombinatdakı xalça sexinin, pambıq əyirici sexin uzun müddət fəaliyyətsiz qalması vurğulanmışdır. 28 yanvarda Haqqın.az saytı bu yazıya istinad edərək kiçik bir xəbər yaydıqdan dərhal sonra “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin baş direktoru Kamran Nəbizadə "Şəki-İpək" ASC rəhbərliyinə telefonla zəng edərək "Şəki-İpək" ASC-nin mövcud durumu ilə bağlı narahatçılığını bildirmişdir.

Fevralın 7-də isə Kamran Nəbizadə "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin ""Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı" Dövlət Proqramının icrasının dördüncü ilinin yekunları: qarşıda duran vəzifələr" mövzusunda keçirdiyi müşavirədə bildirmişdir ki, "Şəki rayonunda yerləşən “Şəki İpək” ASC-nin inkişafı və yenidən qurulması istiqamətində inkişaf strategiyası və planların icrası nəzərdə tutulub: “Burada xarici və yerli məsləhətçi şirkətlərin cəlb olunması nəzərdə tutulub”.

Məlumat üçün əlavə edək ki, bu metod artıq bir dəfə sınaqdan çıxarılıb. Özbəklər gətirilmişdi, kombinat 50 milyon borca düşdü, sonra hamısı uzaqlaşdırıldı...

Müşavirədə çıxış edən "Şəki-İpək" ASC İdarə heyətinin sədri Nizami Qəribov isə hesab edib ki, Şəki ipək kombinatında istehsal edilən məhsulun satışında baş vermiş  durğunluq mövsümi xarakter daşıyır və bildirib ki, bunun kompensasiya olunması üçün tədbirlər planı hazırlayıblar. O deyib ki,  "qış dövründə ipək satışı xeyli azalır. Bu prosesin kompensasiyası üçün şirkət, pambıq və yun istehsalına başlamaq istəyir, lakin bunun üçün, müəssisənin, xüsusilə, mövcud avadanlıqların modernləşdirilməsi üçün subsidiyaya ehtiyacı var". Bildirib ki,  “hazırda yun tədarükü yoxdur, Dağıstanın isə yuna tələbatı var, mövsümi olaraq, ipək satışında azalma olur ki, bu azalmanı məhz yunla kompensasiya etmək mümkündür... müəssisədə olan avadanlıqlar köhnədir, məhsuldarlığı artırmaq üçün avadanlıqların yenilənməsinə ehtiyac var... dəzgahların bir qismini dəyişsək, istehsalın 30%-ni Avropaya çıxarmaq olar”. O, həm də  Şəki ipək kombinatında sənaye parkının yaradılmasını da təklif edib və vurğulayıb ki,  “biz istehsal etdiyimiz məhsulları çıxara biləcəyimiz xarici bazarı müəyyənləşdirmişik”.

Məlumat üçün əlavə edək ki, son 15 il ərzində "Şəki-İpək" ASC hazır ipək parça istehsal etməkdən başqa hər işlə məşğul olub. Pambıq əkib, pambıq zavodu tikib, pambıq təmizləyib, mahlıc əldə edib, sonra mahlıcadan sap istehsal edərək xaricə satıb. Axırı nə oldu? Axırı belə oildu ki, kombinata pambıq verilmədi, halbuki ötən il ölkədə 200 min ton pambıq toplanmışdı.

Bundan başqa "Şəki-İpək" ASC un dəyirmanları da qurub, buğda da üyüdüb. Ət kombinatını da alıb yenidən qurub, modernləşdirib, kolpasa istehsal edib. Dəyirman hələ də işləsə də, ət kombinatı 2 aydan artıq işləməyib. "Şəki-İpək" ASC  bir ara traktor istehsalına da başlamaq istəyib, daha nələr, nələr...

O ki qaldı indi pambığa keçməyə, ipək parça istehsal etmək üçün qurulmuş müəssisədə  pambıq parça istehsalı çox çətin bir işdir. Bunlar tamamilə fərqli texnoloji proseslərdir. Kombinatda pambıq sap istehsalı isə yardımçı sahə kimi var idi,  amma ötən ilin aprelindən dayanıb, çünki   kombinata mahlıc verilmir.  İpək kombinatının yun istehsalına keçməsi məsələsinə gəldikdə isə şirkətdə bu sahədən anlayışı olan nə bir nəfər mütəxəssis var, nə də yun sap istehsalı üçün tələb olunan texnoiloji avadanlıq. Lap olsa belə, burada yun sap istehsalı mümkün deyil, nəinki yun parça toxunması. Yalnız yunu əllərdən alıb, yuyub, xaricə satmaq olar, ya da yorğan-döşşək sırımaq, yaxud keçə istehsal etmək.   Bəli, Azərbaycanda yun ucuzdur. Səbəbi də budur ki yuna təlabat azdır. Amma əgər sabah "Şəki-İpək" ASC yorğan-döşşək sırımağa, yaxud ruslar üçün valenki istehsalana başlasa, təbii ki yun bazarında da qiymət 2-3 dəfə yüksələcəkdir. Ən yaxşısı bu ola bilər ki, kombinat yenidən süni liflərə keçsin. Hansı ki sovet dövründə kombinatda toxunan  parçanın ən azı 60 faizini bu növ məhsul təşkil edib. 
Aydın Məmmədov