Son əlavələr‎ > ‎

Şəki İpək kombinatının 1 ay əvvəl işə düşmüş pambıqəyirici sexi "barama qəbulu" (?!) adı ilə yenidən dayandırıldı

27 May 2018 03:31 tarihinde Aydin Salis tarafından yayınlandı
Şəki İpək kombinatının pambıq iplik istehsal edən sexi mahlıcın olmaması səbəbindən düz 1 il idi ki işləmirdi. Bu il martın 26-da  Bərdədə təşkil olunmuş pambıqçılığın inkişafına dair respublika müşavirəsində Prezident İlham Əliyev Şəki İpək kombinatının pambıqəyirici sexi üçün 1209 ton mahlıc ayrıldığını bildirdikdən az sonra - aprelin sonunda, sex yenidən fəaliyyətə başladı, lakin heç bir ay keçməmiş yenidən dayandı.

Səbəb olaraq bildirilir ki, barama qəbulunun başlaması ilə əlaqədar pambıqəyirici sexin işçiləri barama qəbuluna cəlb ediləcəkdir. Lakin sexin işçiləri deyirlər  ki onlara yalnız "gedin evdə oturun, lazım olsanız sizi çağıracağıq", deyiblər və onlardan çoxu alternativ işlə təmin ediləcəyinə inanmır.

Məlumat üçün əlavə edək ki, Şəki İpək kombinatının pambıqəyirici sexinin illik xammal tələbatı 3 min ton mahlıcdır. Cari ildə bu sex üçün ayrılmış 1209 ton mahlıc isə sexin illik tələbatının yarısından da az olduğuna görə sexin ilboyu fasiləsiz işləməsi mümkünsüz idi. 

Bununla yanaşı, o da mümkündür ki, pambıqəyirici sexin dayanması "Azərbaycan Sənaye Korporasiyası"nda, hansı ki "Şəki-İpək" ASC də  bunun tərkibindədir, son günlər həyata keçirilməsinə başlanılan  struktur dəyişiklikləri ilə bağlı olsun. Belə ki  iqtisadçı ekspert Hafiz Babalının fikrincə, "Azərbaycan Sənaye Korporasiyası"nın

"bütün pambıq müəssisələri "Gilan Holdinq"in nəzarətinə keçir. Mayın 25-də "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC yaradılıb. Bəhruz Camalov şirkətin direktoru təyin olunub. O, "MKT İstehsalat Kommersiya" şirkətinin baş direktorunun müavinidir. Bu şirkət Azərbaycanda pambıqtəmizləmə zavodlarının üçdə ikisinə, Bakıda və Gəncədə iki tekstil müəssisəsinə malikdir. Müəssisələr ASK-nın balansına keçiriləndən əvvəl dövlətə məxsus "Aqrarkredit" BOKT tərəfindən idarə olunurdu. 2017-ci ilin iyul ayında o, "CTS-Agro" MMC-nin pambıqçılıq zavodlarının idarə olunması üçün 82,3 milyon manat kapitalla "Azərpambıq" MMC-ni təsis edib. CTS-Agro-nun illik 60 min ton gücü olan altı pambıqtəmizləmə zavodu var. "CTS-Agro" MMC-nin direktoru Zakir Əzimovun sözlərinə görə, hazırda sənədlərin təhvil-təslim prosesi davam edir. Zakir Əzimov özü istefa ərizəsi yazıb (Bax: >>)". 

Məlumat üçün əlavə edək ki, ötən ilin xəbərlərinə inansaq, bu gün "Şəki-İpək" adlı ASC artıq mövcud olmalı deyildi, onun yerində "Şəki İpək İstehsalı" adlı bir MMC yaranmış olmalı idi;  nizamnamə kapitalı 37,550 milyon manat, şirkətin qanuni təmsilçisi Nizami Qəribov, Müşahidə Şurasına isə Fərid Vəlizadə, Elçin Nadirov, Malik Nəsirov daxil olmalı idilər.  (Bax: Azərbaycanda eyni ünvanda qeydiyyatda olan bir neçə iri şirkət yaradılıb >> ). Lakin bildiyiniz kimi  bu hadisə baş verməyib. Buna görə də hesab etmək olar ki həmin xəbər və bu tip xəbərlər əslində diqqəti nədənsə yayındırmaq, iz azdırmaq məqsədi daşıyır. 

Məlumat üçün onu da əlavə edək ki, 2004-cü ildə “Şəki-İpək” ASC-yə pambıq əkib-becərməsi üçün Saatlı rayonu  ərazisində 25 min  ha torpaq sahəsi ayrılmışdır. Bundan başqa “Şəki-İpək” ASC-yə həmin rayonda və Əlibayramlı (Şirvan) şəhərində pambıq zavodu tikməyə də icazə verilmişdir. “Şəki-İpək” ASC öz pamdıq zavodunda əldə etdiyi mahlıcı dünya bazarında sataraq əldə etdiyi gəliri ipəkçiliyin inkişafına yönəltməli idi. Lakin sonda “Şəki-İpək” ASC-nin xaricə mahlıc satmasına icazə verilmədi. Elə buna görə də  “Şəki-İpək” ASC öz mahlıcını özü emal etməyə, öz mahlıcından özü pambıq iplik istehsal etməyə başladı. Pambıq ipliyin xaricə satılmasına icazə verilməsi bəlli olsa da, satışdan əldə olunan gəlirin ipəkçiliyin inkifafına yönəldilib-yönəldilməməsi barədə heç bir məlumat yoxdur. Heç şübhəsiz ki, bu gün pambıqəyirici sexin dayanasının əsil səbabkarı 2004-cü ildə “Şəki-İpək” ASC-nin xaricə mahlıc satmasını əngəlləyən fövqəladə qüvvədir, sadəcə tarix təkrar olunur.

O ki qaldı barama qəbuluna, Azərbaycanda ötən il 244 ton yaş barama tədarük edildiyi halda bu mövsüm üçün 450-500 ton yaş barama planlaşdırılıb.  2026-cı il üçün isə  Azərbaycan 6 min ton yaş barama yetişdirəcəyini bəyan edib. Təşkilati işlər ən yüksək səviyyədə həyata keçirilsə də barama qurdu bəslənilməsi üçün yem bazasının zəif olması  növbəti 4 il üçün Azərbaycanda ildə 600-700 tondan artıq yaş baramanın tədarük edilməsini mümkünsüz edir. Bununla yanaşı bu gün redaksiyamıza pripiskaya cəhdlər ilə bağlı çoxsaylı məlumatlar daxil olub,  büdcə təşkilatlarında çalışanların  maaşlarından kütləvi şəkildə 10-20 manat "barama pulu" tutulduğu iddia olunur. Bəzi KİV-də vətəndaşlar bunu açıq-aşkar şəkildə bildirirlər (Bax:  Zərdab rayon sakinləri tərəfindən şikayət məktubu>>).  Tam əminliklə deyə bilərik ki, bu günə qədər barama qəbulunda heç bir pripiska baş verməmişdir; “Şəki-İpək” ASC rəhbərliyi bundan sonra da barama qəbulu ilə bağlı heç bir pripiskaya getmək fikrində deyil.  Və bizə bildirilmişdir ki, əhalidən yığılan pullar kümdarlara maddi kömək üçün könüllü ianə xarakteri daşıyır.


İstər 450-500 ton, istərsə də 600-700 ton yaş barama isə Şəki İpək kombinatının daimi fəaliyyəti və gəlirlə işləməsi üçün yetərli deyil. Yalnız baramaaçan istehsalatı işləyəcək, əldə edilən ipək anbarlara yığılacaq, vəssalam. Anbarlardakı ipəyi xam şəkildə, yaxud hazır məhsula çevrilmiş şəklində xaricə satmaq mümkün deyil, çünki maya dəyəri dünya bazarından bahadır (Bax: 
Кому нужен азербайджанский шелк?  >>; В Азербайджане необходимо внедрять новые технологии переработки шелка  >>). 

Şəki İpək kombinatının daimi fəaliyyəti və gəlirlə işləməsi üçün əvvəlcə ipəyin maya dəyərini aşağı salmaq, sonra isə süni liflərdən parça toxunmasını bərpa etmək lazımdır. Ən azından viskozadan parça toxumaq olardı; bu da ipəkdir, təbii mənşəlidir və toxuculuq sənayesində geniş tətbiq olunur, təlabat daha çoxdur və xeyli ucuzdur.   Tut ipəyi 100 il əvvəl dünya toxuculuq sənayesində öz yerini viskozaya verib; çox təəssüf ki  bunu "Şəki-İpək" ASC rəhbərliyi və aidiyyatı olan məsul şəxslər hələ də anlaya bilmirlər. Əgər bilsəydilər, təbii ki kombinatın mövcud durumu yuxarılarda müzakirə olunarkən  heç olmasa bunun üzərində dayanardılar, absurd şeylərdən, o cümlədən yun istehsalından danışmazdılar (Bax: 
Şəki ipək kombinatının mövcud durumu Azərbaycan Sənaye Korporasiyası ASC-nin müşavirəsində müzakirə edilib >>).