Son əlavələr‎ > ‎

Şəki: baramaçılıqda builki mövsüm üçün hədəf 70 tondur

2 Şub 2018 08:36 tarihinde Aydin Salis tarafından yayınlandı
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq, respublikamızda kənd təsərrüfatının ənənəvi sahələrindən olan baramaçılığın inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər öz bəhrəsini verməkdədir. Belə ki, 2015-ci ildə respublikamızda 236 kiloqram barama tədarük olunmuşdusa, keçən il bu rəqəm 244 tona çatıb.

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda dövlətimizin başçısı digər sahələr kimi, baramaçılığın da sürətlə inkişaf etdiyini vurğulayaraq deyib: “Baramaçılıq indi geniş vüsət alır. Ailələr qısa müddət ərzində yaxşı pul qazanırlar, əlbəttə ki, dövlətin dəstəyi ilə”.

Son iki ildə Şəki rayonunda da baramaçılığın inkişaf etdirilməsi istiqamətində məqsədyönlü iş aparılıb. Dövlət dəstəyi və görülmüş tədbirlər nəticəsində keçən il rayonda yaş barama istehsalı əvvəlki illə müqayisədə iki dəfə artaraq 18 tona çatıb. Ötən il baramaçılıq sahəsində 651 istehsalçı məşğul olub. Şəhər icra hakimiyyətindən verilən məlumata görə, builki mövsümdə rayonda yaş barama istehsalının dörd dəfəyə yaxın artırılaraq, 70 tona çatdırılması nəzərdə tutulur.

Baramaçılığın gələcək inkişafını təmin etmək və onun yem bazasını möhkəmləndirmək məqsədi ilə son iki ildə rayon ərazisində 215 min ədəd tut tingi əkilib. Əkilən tinglərin 92 mini intensiv tipli tut bağlarının salınması məqsədi ilə Çindən ölkəmizə gətirilən tinglər, qalanları isə “Şəki-İpək” ASC-nin tinglik təsərrüfatında yetişdirilən, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən göndərilən yerli tut tingləridir.

Mustafa Dadaşov

01.02.2018

Mənbə: AZƏRTAC  >>