Son əlavələr‎ > ‎

Milli Qurtuluş günü ilə bağlı tədbirdə "İpəkçi" və "Şəkinin səsi" qəzetləri fəxri fərmanla təltif olundu

14 Haz 2018 02:40 tarihinde Aydin Salis tarafından yayınlandı
İyunun 13-də Şəki şəhər İcra Hakimiyyətində keçirilən Milli Qurtuluş günü ilə bağlı  yığıncaqda "İpəkçi"  və "Şəkinin səsi" qəzetlərinin baş redaktoru Aydın Məmmədov Şəki şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif olunmuşdur. Yığıncaqda vurğulanmışdır ki, bu il “İpəkçi” qəzetinin 85, “Şəkinin səsi” qəzetinin isə 25 yaşı tamam olur və bu qəzetlərin yubileylərinin məhz Milli Qurtuluş günü ilə bağlı tədbirdə qeyd edilməsi və baş redaktorunun mükafatlandırılması heç də təsadüfi deyil; belə ki "İpəkçi" qəzetinin davamı olan "Şəkinin səsi" qəzetinin birinci sayı Salis və Aydın Məmmədovların təsisçiliyi ilə məhz Milli Qurtuluş günündə - 15 iyun 1993-cü ildə çap olunub. Elə həmin sayda ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı belə qiymətləndirilmişdi:


"Heydər Əliyevin Vətənin bu dar günündə xalqın harayını eşidib Bakıya gəlməsi, qardaş qırğınının qarşısını almaq üçün göstərdiyi təşəbbüslər təkcə pataxtda deyil, şübhəsiz ki, respublikamızın digər bögələrində də ona güclü rəğbət hissi doğurmuşdur. Bu gün  Heydər Əliyev müstəqil respublikamızın ən istəkli övladıdır – xalq yenidən öz böyük rəhbərinə sonsuz məhəbbətini bildirir. İndi bütün Azərbaycanda – qaynar nöqtələrdə, sərhəd bölgələrində dincliyin və əmin-amanlığın hökm sürəcəyi, torpaqlarımızın düşmən tapdağından azad olunacağı gün uzaqda deyil... Əliyev müdrik adamdır. Ağır təqiblərə məruz qalmış, lakin heç vaxt onu bir insan, şəxsiyyət kimi sındırmaq mümkün olmamışdır. Sadə və müdrik Azərbaycan xalqı Əliyevin gücünə, onun bir insan, rəhbər kimi gözəl keyfiyyətlərinə yaxşı bələddir. Möhkəm əminik ki, Heydər Əliyev bütün gücünü, bacarığını respublikamızın siyasi-iqtisadi həyatındakı böhranın aradan qaldırılmasına, sağlam qüvvələrin bir cəbhədə birləşməsinə, vətəndaş sühünün yaradılmasına, müharibəyə son qoyulmasına, adamların həyat şəraitinin yüksəldilməsinə yönəldəcəkdir...".

Məlumat üçün əlavə edək ki, “İpəkçi” qəzetinin 12 dekabr 1990-cı il tarixli, 33-34 (1967/1968)-cü sayında, V . İ. Lenin tərəfindən deyilmiş və sovet mətbuatının atributu olan “Bütün ölkələrin proletarları birləşin!” şüarı mərhum redaktor Salis Məmədov tərəfindən qəzetin başlığı üzərindən yığışdırılmiş, daha əvvəl “Azərbaycan Kommunist partiyası V . İ. Lenin adına Şəki İstehsal İpək Birliyi Komitəsinin, Birlik Həmkarlar İttifaqı, Komsomol Komitələrinin və baş direktorluğun orqanı” olan bu qəzet, bu dəfə “Şəki ipəkçilərinin açıq tribunası” elan edilmişdi. Bu, həmin vaxta qədər Azərbaycan sovet mətbuatında analoqu olmayan, keçmiş SSRİ-də isə tək-tük hallarda təsadüf edilən bir hadisə idi. Beləliklə, “İpəkçi” qəzeti hələ SSRİ dövründə Azərbaycanda Kommunist partiyasına və hökumətinə tabe olmayan ilk leqal qəzet olmuşdu. Lakin “İpəkçi” qəzetinin redaktoru o vaxt hələ Şəki İstehsal İpək Birliyindən maaş alırdı və üstəlik, qəzetin çap xərci də bu müəssisə tərəfindən ödənilirdi. 1992-ci ildə, AXC-Müsavat hakimiyyəti dövründə, Şəkidəki və Bakıdakı “bəy”lər, “İpəkçi” qəzeti ilə yola getmirdilər. Hətta o vaxtkı Mətbuat və İnformasiya naziri Sabir Rüstəmxanlı 2 dəfə televiziyada çıxış edərək “İpəkçi” qəzetinin ünvanına kəskin fikirlər söyləmiş, onu “Şəkidə
oturub, Bakıdakı rəhbərlərin işlərinə qarışmaqda” günahlandırmışdır. Bundan başqa,  “İpəkçi” qəzetinin qapadılması, yaxud redaktorunun – Azərbaycan Respublikasının ilk Əməkdar jurnalistlərindən biri olan Salis Məmmədovun, “təqaüd”ə göndərilməsi barədə də Şəki İstehsal İpək Birliyinin rəhbərinə göstəriş verilmişdi. Nə etməli? Bu zaman ağlımıza gəldi ki, özümüz yeni bir qəzet təsis etməliyik. Amma necə? Nazir Sabir Rüstəmxanlı imkan verərdimi ki biz yeni bir qəzet təsis edək? Üstəlik, təsis üçün dövlət rüsumu da bizim maddi imkanımız ilə müqayisədə çox böyük məbləğdə idi. “Şəkinin səsi”nin Mətbuat və İnformasiya Nazirliyində qeydiyyatdan keçməsi üçün mərhum Salis Məmmədov o vaxtkı Respublika Prokuroru İxtiyar Şirinova müraciət etdi.  Baş prokurorun işə qarışması nəticəsində yeni qəzetin qeydə alınması yolunda əsas maneə aradan qalxmış oldu.  “Şəkinin səsi” üçün dövlət rüsumunu isə Ali Sovetin deputatı, dostumuz Kazım Məmmədov ödədi... 

1993-cü ilin iyun ayının 15-də, Azərbaycanda ictimai-siyasi vəziyyət xeyli gərgin idi. Axşam Milli Məclisdə, Ali Sovetin həm də Prezident səlahiyyətlərini icra edəcək sədri seçilməli idi. Belə bir gündə, günorta çağı “Şəkinin səsi” qəzetinin birinci sayı Şəki mətbəəsində çap olundu.