Son əlavələr‎ > ‎

İpəkçilər hər zaman onu fəxrə anırlar

24 Ara 2014 17:28 tarihinde Aydin Mammadov tarafından yayınlandı
Rəhim Hüseynovun xalqı, Vətəni üçün etdiyi elmi işlərdən hansı birini götürsək eyni qənaətə gələrik: “Elə buna görə ipəkçilik elmində əbədi qalacaqdır”. O, heç bir ipəkçi alimin düşünə bilmədiyini, bacarmadığını düşünür və bacarırdı. Tək Azərbaycanda yox, dünya ipəkçi alimləri sırasında özünəməxsusluğu ilə seçilmişdir. Bir sözlə, ipəkçilik elminin tərəqqisi naminə göstərdiyi xidmətlər danılmazdır. O, sağlam və dinamik inkişafa yönəlmiş keyfiyyətli alim-rəhbər obrazını da özündə formalaşdırmışdı.

2014-cü ildə görkəmli ipəkçi-seleksiyaçı alim, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Dövlət mükafatı laureatı, biologiya elmləri doktoru, professor Rəhim Allahverdi oğlu Hüseynovun anadan olmasının 100 ili tamam olur.

Ölkəmizdə, habelə onun hüdudlarından çox-çox uzaqlarda tanınmış seleksiyaçı alim, bir sıra yüksək məhsuldar ağbaramalı tut ipəkqurdu cinslərinin müəllifi, Azərbaycan Elmi-Tədqiqat İpəkçilik İnstitutunun yaradıcısı və uzun müddət ona rəhbərlik etmiş nurlu insan Rəhim Hüseynov 1914-cü ildə Nizamisi, Məhsətisi, Vazehi ilə dünyada məşhur olan qədim Gəncədə dünyaya göz açmışdır.

Rəhim Hüseynov 1932-ci ildə Kənd Təsərrüfatı Texnikumunu, 1936-cı ildə isə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun ipəkçilik şöbəsini əla qiymətlərlə başa vurduqdan sonra Tbilisidə həmin ixtisas üzrə o vaxt Sovetlər Birliyinin ən sanballı, sayılıb-seçilən elm ocağı kimi məşhurlaşmış Zaqafqaziya İpəkçilik İnstitutunun aspiranturasına daxil olmuşdur. Gərgin əməyin, ağır zəhmətin, yuxusuz keçirdiyi gecələrin bəhrəsi olaraq 1941-ci ildə “Tut ipəkqurdunda inbridinq” mövzusu üzrə dissertasiya müdafiə edərək biologiya elmləri namizədi alimlik dərəcəsi almış və ilk ipəkçi alim kimi Azərbaycan ipəkçilik stansiyasında elmi fəaliyyətini davam etdirməyə başlamışdır.

Böyük Vətən müharibəsinin ilk günlərindən ordu sıralarına çağırılmış və müharibə qələbə ilə bitənədək Vətəninin müdafiəsində fəal iştirak etmişdir. Hərbi dairənin və cəbhənin “SmerŞ” hərbi əks-kəşfiyyat idarəsinin müvəkkili olmuş, kapitan rütbəsinə qədər yüksəlmiş, Rumıniya, Macarıstan, Çexoslavakiya, Avstriya və s. ölkələrdə olmuşdur. Rəşadətli döyüş yolu keçmiş bu insan Vətəni uğrunda canından keçməyə hər an hazır olduğunu sübuta yetirmiş və digərlərinə isə qəhrəmanlıq nümunəsi olduğundan onun bu zəhməti hökumət tərəfindən bir çox orden və medallarla dəyərləndirilmişdir. Belə ki, Vətən qarşısındakı böyük xidmətlərinə və uğurlara görə “Lenin”, “Qırmızı ulduz”, “Şərəf nişanı” ordenləri, “İgidliyə görə”, “Stalinqradın müdafiəsinə görə”, “Budapeştin alınmasına görə”, “1941-1945-ci illərdə Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” medalları ilə təltif olunmuşdur. Müharibədən sonra Rəhim Hüseynov təkrarən öz doğma stansiyasına, indiki İpəkçilik İnstitutuna qayıdaraq elmi fəaliyyətini yenidən canlandırmışdır.

O, 1947-ci ildən 1951-ci ilədək Azərbaycan Elmi-Tədqiqat İpəkçilik stansiyasının direktoru, sonra isə Kənd Təsərrüfatı İnstitutunda ipəkçilik kafedrasının müdiri vəzifələrində çalışaraq xalqına ləyaqətlə xidmət göstərməkdən usanmamış, əksinə bu işlərindən həmişə qürur duymuşdur. İki dəfə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı, Ümumittifaq Kənd Təsərrüfatı Sərgisinin Böyük Qızıl medalı, Miçurin və Paster adına xatirə medalları və s. ilə təltif olunmuşdur.

1955-1966-ci illərdə yenidən Azərbaycan Elmi-Tədqiqat İpəkçilik İnstitutunda direktor işlədikdən bir qədər sonra o, Azərbaycan kənd təsərrüfatı nazirinin birinci müavini vəzifəsinə təyinat almışdı.

1962-ci ildən 1970-ci ilə qədər Rəhim Hüseyov Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda elmi işlər üzrə prorektor, ipəkçilik kafedrasının müdiri, 1970-ci ilin yanvarından isə yenidən Azərbaycan Elmi-Tədqiqat İpəkçilik İnstitutuna direktor təyin edilmişdir. Onun yüksək təşkilatçılıq bacarığı və elmdəki uzaqgörənliyi sayəsində institutda möhkəm maddi-texniki baza yaradılımış, eləcə də Gəncə damazlıq İpəkçilik stansiyası və Faxralı təcrübə istehsalat bazası təşkil edilmişdir. Eyni zamanda aparılan elmi araşdırmalar ipəkçilik elminin ən aktual problemlərinə həsr edilmiş, elmi-praktiki baxımdan zirvələr kəşf edən nailiyyətlər qazanılmışdır. Zamanı üçün çox gərəkli yüksəkixtisaslı ipəkçi kadrların və gənc alimlərin hazırlanmasında da misilsiz xidmətləri olmuşdur. Belə ki, onun rəhbərliyi altında Ə.Bəkirov, Z.Axundov, H.Həsənova, Q.Məmmədov, S.Kərimova, S.Verdiyeva, Ş.İsgəndərov, Z.Hacıyeva və b. öz namizədlik dissertasiyalarını uğurla müdafiə etmişlər və elmlər namizədi alimlik dərəcəsi almışlar.

Uzun ömür sürməyən Rəhim Hüseynovun gördüyü və rəhbərlik etdiyi tədqiqat işlərinin aktuallığı, elmi-praktiki yenilikləri, xüsusilə də iqtisadi səmərəliliyi bir neçə alim ömrünün məhsulu kimi dəyərləndirilə bilər.

Sovetlər Birliyi dövründə Azərbaycan ipəkçiliyində tut ipəkqurdlarının planlı seleksiyası işlərinə ilk dəfə Rəhim Hüseynov tərəfindən başlanmışdır. Başladığı həmin tədqiqatları ildən-ilə dərinləşdirərək parlaq elmi nailiyyətlər əldə etmişdir. Ötən əsrin 50-60-cı illərində respublikamızda geniş yayılmış yüksək məhsul verən tut ipəkqurdu cinsləri və hibridləri onun səmərəli elmi tədqiqatlarının məhsulu olmuşdur. Elmdə böyük uğurlar qazanmış, qəlbi daima Azərbaycanın çiçəklənməsinə köklənmiş bu insanın yaratmış olduğu yüksək məhsuldar “Azərbaycan” cinsi 1950-ci ildə SSRİ Dövlət mükafatına layiq görülmüşdür. O dövrdə rayonlaşmış ən yaxşı cinslərin baramalarında ipəklilik 17-18 faiz olduğu halda, “Azərbaycan” cinsində bu göstərici 23,8 faizə çatdırılmışdır. Dövrü üçün bu ipəklilik seleksiya elminin ən yüksək nailiyyətlərindən biri, seleksiyaçının isə yaradıcılıq qabiliyyətinin sübutu kimi qiymətləndirilmişdir.

Qısa zaman kəsiyində səmərəli elmi axtarışları və bu axtarışların nəticələri əsasında yazmış olduğu əsərləri Tbilisi şəhərində 1962-ci ildə Rəhim müəllimə “Azərbaycan ipəkçiliyində seleksiya və damazlıq işləri” mövzusunda müvəffəqiyyətlə doktorluq dissertasiyası müdafiə edib, ipəkçilik ixtisası üzrə respublukada ilk olaraq biologiya elmləri doktoru alimlik dərəcəsinə yüksəlməyə imkan verdi. Onu da qeyd etmək lazımdır ki, ipəkçilikdə doktorluq dissertasiyası müdafiə etmək və onun təsdiqinə nail olmaq sovetlər dövründə heç də asan bir iş deyildi. Bunu düzgün dəyərləndirmək lazımdır. Bundan sonra da özünə qarşı çox tələbkar, barışmaz olan bu elm fədaisi zəhməti və bacarığı hesabına Azərbaycan SSR Elmlər Akademiyasının və eyni zamanda Respublika Kənd Təsərrüfatı Elmləri Akademiyasının müxbir üzvü seçilmişdir. Bu da onun elmi fəaliyyətinin yüksək qiymətləndirilməsinin təcəssümü kimi tarixə çevrildi.

Elmdə bacarıqlı təşkilatçılığı ilə digərlərinə nümunə olan Rəhim müəllimin bütün elmi yaradıcılıq fəaliyyəti Azərbaycan ipəkçiliyinin çiçəklənməkdə olan seleksiya və damazlıq işlərinin strateji idarə edilməsi problemlərinin həllinə həsr edilmişdir. Həqiqətən o, nəinki Azərbaycanda, hətta Sovetlər Birliyində azərbaycanlılara qısqanclığın tüğyan etdiyi bir zamanda tut ipəkqurdunun seleksiyası, genetikası, adaptasiyası, həmçinin damazlıq işlərinin təşkili üzrə görkəmli və istedadlı bir alim idi. Zəkalı insanın bu keyfiyyəti onu dünya miqyasında tanıtdı. Rəhim Hüseynov ipəkçiliklə məşğul olan ölkələrdə də görkəmli bir alim kimi şöhrət tapmışdır. Buna görə də o, Hindistana, Yaponiyaya, Fransaya, Çinə, Belçikaya dəfələrlə dəvət olunmuş, bu ölkələrin seleksiyaçı alimləri ilə əməkdaşlıq etmişdir. Eyni zamanda Azərbaycanın da qədim mədəniyyətli bir ölkə kimi dünyada tanınması yolunda üzərinə düşən bütün işlərin öhdəsindən layiqincə gəlmiş və vətənpərvər bir alim kimi tarixə qovuşmuşdur.

Rəhim Hüseynov yüksək məhsuldar tut ipəkqurdu cinsləri yaratmaqla yanaşı, onların çoxaldılma qaydalarından asılı olaraq sonrakı nəsillərdə məhsuldarlığın daha da artırılması istiqamətində də sanballı tədqiqatlarla yaddaşlarda qalmışdır. Belə ki, keçən əsrin 50-60-cı illərində tut ipəkqurdlarının damazlıq işlərinin 4 il əvəzinə 2 illik sxemlə aparılması texnologiyasını hazırlamışdır. Damazlıq işlərinin metodikasını dünyanın inkişafına uyğunlaşdırmaq, gənc tədqiqatçılara onu öyrətmək, yiyələndiyi bilikləri təcrübədə tətbiq etmək bacarığını aşılamaq böyük alimin qarşıya qoyduğu məqsədlərdən idi. Bu yolda o, bir alim kimi üzərinə düşən hər bir işin öhdəsindən vicdanla gəlmişdir. Onun tərəfindən hazırlanmış tut ipəkqurdlarının damazlıq istiqamətində bəslənməsi metodikası 1959-cu ildən Azərbaycanda, sonra isə sovetlər məkanında geniş tətbiq edilmişdir.

Azərbaycanda barama toxumu istehsalını qaydaya salmaq, xaricdən və digər respublikalardan qrena gətirmək problemindən azad olmaq və respublika ipəkçilərini özümüzdə yetişdirilən qrena ilə təchiz etmək üçün barama toxumu zavodlarının, həmçinin stansiyalarının təşkil edilməsi sahəsində Rəhim müəllimin təşəbbüskarlığı xüsusi rol oynamışdır. Belə ki, İpəkçilik İnstitutunun qrenaj şöbəsinin genişləndirilib ayrıca Gəncə (Kirovabad) Damazlıq Stansiyasına (KDS) çevrilməsi bilavasitə onun təşəbbüskarlığının nəticəsində baş verdi.

XX əsrin ikinci yarısında Azərbaycanda ipəkçiliyin sürətli inkişafı məhz Rəhim Hüseynovun rəhbərliyi altında aparılmış genişmiqyaslı seleksiya işlərinin nəticələri ilə bilavasitə bağlı olmuşdur. Onun tədqiqatlarına qədər respublikamızda geniş miqyasda becərilən yaş baramaların və ipəyin texnoloji keyfiyyətinə görə çox aşağı göstəricilərilə səciyyələnən Bağdad, Askoli və Oro cinsləri üstünlük təşkil edirdi. Vəziyyətlə barışmayan Rəhim Hüseynov apardığı genişmiqyaslı tədqiqat işlərində həmin cinslərin yeni yüksək məhsuldar və ipəyinin keyfiyyətinə görə digərlərindən kəskin fərqlənən ağbaramalı monovoltin qanlı cinslərlə əvəz edilməsi ideyasını irəli sürdü. Və bu ideyası ilə Azərbaycan ipəkçilik elmində əsaslı dönüş yaratdı. Bu danılmaz bir həqiqətdir. Həmin həqiqətlər də ona şan-şöhrət gətirmişdir.

Yorulmaq nə olduğunu bilməyən Rəhim müəllim 1946-cı ildən tədqiqata cəlb etdiyi Ağbaramalı-1 və Ağbaramalı-2 cinslərini yüksək məhsuldar cins kimi istehsalatda becərmək üçün məsləhət bildi. 1953-cü ildən başlayaraq həmin cinslər Azərbaycan, Gürcüstan, Özbəkistan, Ukrayna və RSFSR ipəkçiliyində geniş yayılmağa başladı. Bununla da kifayətlənməyən Rəhim müəllim ipəkçilikdə seleksiya və damazlıq işlərini daha da genişləndirərək zamanı üçün yeni yüksək məhsuldar Azad cinsini, qurd dövründə cinsiyyətinə görə nişanlanan Zərif, istiliyə dözümlü Aran və Şirvan, yüksək ipək çıxımına görə fərqlənən Gəncə-1, Gəncə-2, Gəncə-3 və s. cinslərini də yaratdı. Bundan da yararlanan ölkə baramaçıları böyük uğurlara imza atdılar.

Bütün ömrünü Azərbaycanda ipəkçilik elminin inkişafına həsr etmiş alimin ipəkçiliyin seleksiyasına və damazlıq işlərinin təşkilinə dair 60-dan artıq elmi əsərləri, o cümlədən Tut ipəkqurdunda inbridinq, Bakı-1961, Azərbaycan ipəkçiliyində seleksiya və damazlıq işləri, Tbilisi-1962, Yaponiyada ipəkçilik, Moskva-1967, Hindistanda tut ipəkqurdunun və çəkil ağaclarının yetişdirilməsi təcrübəsi, Moskva-1971 və s. monoqrafiya və kitabçaları müxtəlif ölkə nəşrlərində çapdan çıxmışdır.

Rəhim Hüseynov görkəmli alim olmaqla yanaşı, respublikamızın ictimai həyatında da fəal iştirak etmişdir. O, iki dəfə Azərbaycan SSR Ali Sovetinə deputat seçilmiş, Azərbaycan KP XX, XXI, XXII qurultaylarının nümayəndəsi olmuş, Kirovabad Şəhər Partiya Komitəsinin üzvü, şəhər sovetinin deputatı, “Bilik” cəmiyyəti Kirovabad şəhər idarə heyətinin sədri və respublika Sülhü Müdafiə Komitəsinin üzvü kimi ictimai işlərdə səmərəli fəaliyyət göstərmişdir.

Onu da fəxrlə qeyd etmək lazımdır ki, Sovetlər Birliyi dövründə Azərbaycanın barama istehsalına görə ikinci, baramanın keyfiyyətinə görə isə uzun illər birinci yeri tutmasında və qoruyub saxlamasında Rəhim Hüseynovun şəxsi xidmətləri böyük olmuşdur. Bütün şüurlu həyatını ipəkçiliyin inkişafına həsr etmiş gözəl ailə başcısı Rəhim müəllim şəxsi xüsusiyyətinə görə də özünün sənət predmeti və əvəzedilməz məhsulu olan ipək kimi təmiz, ipək kimi möhkəm və ipək kimi yumşaq olmuşdur. Kollektiv arasında böyük nüfuz sahibi olmuşdur.

İpəkçilik elmində tarix yazmış bu nurlu insan elmi yaradıcılığının ən çiçəklənən dövründə, xalqına lazım olduğu zamanda İlahidən əbədi verilməmiş ömrün 57-ci baharında vaxtsız əbədiyyətə qovuşdu. Onun yarımçıq qalmış seleksiya işləri tələbələri tərəfindən müvəffəqiyyətlə davam etdirilmiş və yeni yüksək məhsuldar tut ipəkqurdu cinsləri yaradılmışdır. Bunlardan beşinə Rəhim müəllimin xatirəsinə ehtiram əlaməti olaraq Rəhimli-1, Rəhimli-2, Rəhimli-3, Rəhimli-4 və Rəhimli-5 adı verilmişdir. Onlardan Rəhimli-2 cinsi isə patentləşdirilmişdir. Bu da o deməkdir ki, bundan sonra on illər keçsə belə elmi mətbuat və məclislərdə, dərsliklərdə, istehsalatda, həyatda kənd əməkçilərinin danışığında Rəhimli, Rəhimli səslənəcəkdir. Rəhim müəllimin ipəkçilik elmində olan böyük fəaliyyətini nəzərə alaraq Azərbaycan SSR Nazirlər Sovetinin 7 dekabr 1989-cu il tarixli qərarı ilə özünün də təşəbbüsü ilə yaradılmış Azərbaycan Elmi-Tədqiqat İpəkçilik İnstitutuna Rəhim Hüseynovun adı verilmişdir.

Parlaq istedadı, elmi müdrikliyi və yaradıcı zəkası Rəhim müəllimi dünya ipəkçilik elminin korifeyləri sırasına yüksəltmişdir. Əməlləri isə Azərbaycan xalqına böyük şöhrət gətirmişdir. 25 may 1971-ci ildə əbədiyyətə qovuşmuş bu görkəmli alimin xatirəsini əbədiləşdirmək üçün Gəncə şəhərində bir küçəyə onun adı verilmiş, yaşadığı evə xatirə lövhəsi vurulmuşdur. Onun elmi irsi bu gün də öz aktuallığını saxlayır və ipəkçi kadrlar bu irsdən daimə faydalanırlar. Rəhim müəllimin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət etsin, qəbri nurla dolsun.

Allahverdi Seyidov,
Rəhim Hüseynov adına Azərbaycan Elmi Tədqiqat İpəkçilik İnstitutunun direktoru, professor.