Hadisədən öncə Qarabağ əlili əməkdaşımıza
zəng edərək AHİK-in binası qarşısına aksiya keçirəcəyini bildirdi. O, etirazına
səbəb kimi AHİK sədri, millət vəkili Səttar Mehbalıyevin onun mülkiyyət
hüquqlarının pozmasını göstərdi. Qarabağ əlili pozulmuş mülkiyyət hüquqlarının
bərpa olunmasını tələb edəcəyini dedi.
Biz AHİK-in binası qarşısına çatmağa az
qalmış ona telefon açdıq. Zəngimizə cavab verən olmadı. Hadisə yerinə çatanda
insanların toplaşdığının şahidi olduq. Ərazidə 30-a yaxın polisi və Xüsusi
Dövlət Mühafizə Xidmətinin əməkdaşlarını gördük.
Məlum oldu ki, Qarabağ əlili özünə od
vuraraq intihar edib. Yerdə huşsuz vəziyyətdə uzanmışdı, bədəni, sifəti,
qolları alovdan qarsalanmışdı. Onun fotolarını çəkərkən mülki geyimli polislər
əməkdaşımıza təzyiq göstərdilər. Onlar arasında AHİK-in əməkdaşları da var idi.
Şahidlər dedilər ki, Qarabağ əlili özünü
yandırarkən əlində Azərbaycanın dövlət bayrağı və benzin olub. O, benzini
üzərinə tökərək dərhal Səttar Mehbalıyev tərəfindən qəbul edilməsini tələb
edib. Tələbinin yerinə yetirilməsi əvəzinə əraziyə polisin çağırıldığını görüb
özünü od vurub. Hadisə yerində onun uşaqları da olub və onlar dəhşət içində
qışqırmağa başlayıblar.
“Zaurun intiharına səbəbkar Səttar
Mehbalıyevdir”
Zaurun yerləşdirildiyi 5 saylı Şəhər Klinik
Xəstəxanasına yollandıq. Burada 50-yə yaxın Qarabağ müharibəsi əlili var idi.
“Vətən Müharibəsi Əlilləri” İctimai Birliyinin sədri, Qarabağ qazisi Firudun
Məmmədov bildirdi ki, həkimlər Zaur Həsənovun səhhətinin ağır olduğunu deyir:
“Səttar Mehbalıyev Zauru intihar həddinə çatdırdı. Qarabağ əlilini döydürdü,
təhqir etdirdi, hədələtdirdi və uşaqlarını acından öldürtmək istədi. Hətta bu
barədə hüquq-mühafizə orqanlarına da məlumat vermişdi. Ancaq müraciətə ədalətli
baxılmadı. Zaurun banka borcu var. Evini girov qoyub. Bankdan hər gün gəlib
borcunu ödəməsini tələb edirlər. Evini əlindən alacağı ilə hədələyirlər.
Qarabağ əlili bankdan götürdüyü borcla özünə çayxana tikmişdi. Bu obyektdə
göstərdiyi xidmətlə evinə çörəkpulu aparırdı. Səttar Mehbalıyev onu və ailəsini
çörəyə möhtac elədi.
Zaur Prezident Administrasiyasına və başqa aidiyyətli
qurumlara müraciət etmişdi. Qarabağ
əlili ailəsi ilə birlikdə Prezident Administrasiyasının ictimai-siyasi
şöbəsinin müdiri Əli Həsənəvun qəbulunda olmuşdu. Dünən (dekabrın 24-ü-R.İ.)
isə Səbayel rayon icra hakimiyyətinin başçısı
Asif Əsgərovun da qəbulunda olub. İcra başçısı Zaura deyib ki, Səttar
Mehbalıyevə gücü çatmır. Müraciətlərinin nəticəsiz qalması ilə bağlı mənə
bildirdi və özünü yandıracağını qeyd etdi. Mən onu intihardan çəkindirdim,
Qarabağ qaziləri ilə birlikdə aksiya keçirməyi uyğun bildim. Amma o bir gün
sonra özünü yandırdı. Qarabağ qaziləri adından bunu deyirəm, Zaurun intiharına
səbəbkar Səttar Mehbalıyevdir. O qanun qarşısında cavab verməlidir. Biz,
Qarabağ əlilləri ona Azərbaycanda yaşamağa haram edəcəyik”.
Qarabağ qazisinin atası danışdı
Zaurun atası Həsən Həsənovla da söhbət
etdik. O, oğlunun səhhətinin ağır olduğunu bildirdi. “Eks-prezident Heydər
Əliyev tərəfindən Qarabağ əlillərinin həyat şəraitinin yaxşılaşdırılması
məqsədi ilə oğluma Bibiheybət qəsəbəsində,
dəniz kənarında torpaq sahəsi verildi. Orada oğlum çayxana işlədərək, 5
azyaşlı övladına çörək pulu qazanırdı. Çayxananı təmir etmək üçün bankdan borc
aldı. Bunun üçün evini banka girov qoydu. Hər gün bankdan gəlib borcu ödəməyi,
ya da evi tərk etməyi tələb edirdilər. Səttar Mehbalıyev oğlumun şikayətlərinə
baxmırdı. Gecə ilə oğlumun çayxanasını sökdü və ərazini zəbt etdi. Oğlumu
məhkəməyə verdi. Sifariş əsasında məhkəmədə millət vəkili qalib gəldi. Səttar
Mehbalıyev millət vəkili statusundan istifadə edərək oğluma təzyiqlər göstərdi,
ailəsini çörəyə möhtac qoydu. Ölkənin müstəqilliyi və ərazi bütövlüyü uğurunda
can qoyan adama məmurlar və millət vəkili mandatı alan şəxslər hörmət etmir,
əksinə hüquqlarını pozur, aşağılayırlar”.
5 saylı Şəhər Klinik Xəstəxanasının növbətçisi
Zaurun səhhətin ağır olduğunu bildirdilər. Yaşamaq ehtimalının az olduğunu
vurğuladılar.
Qeyd edək ki, biz xəstəxanada olan tibb
bacıları Zaurun atasına otağı qızdırmaq üçün soba almasını tapşırdılar.
Biz Qarabağ əlili ilə danışmaq istədik amma
danışa bilmədi. Atası hüquq-mühafizə orqanlarının xəstəxanaya gəldiyini
bildirdi və izahat alındığını qeyd etdi. Səbail rayon Polis İdarəsindən
bildirildi ki, intihara cəhdin səbəbləri araşdırılır.
Səttar Mehbalıyev cavab vermədi, mediaya
udduğu məhkəmənin qərarını göndərdi
Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının sədri Səttar Mehbalıyevlə əlaqə saxlamaq cəhdimiz baş
tutmadı. Amma mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim
Ağamirovdan münasibət öyrəndik. O dedi ki, Zaur Həsənovun iaşə obyekti kimi
işlətdiyi həmin torpaq sahəsi Bakı şəhər
Xalq Deputatları Sovetinin 22 mart 1985-ci il tarixli 1/12 saylı qərarı ilə
dənizkənarı sahil zonası yaratmaq üçün Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının “Kurort” Səhmdar Cəmiyyətinin tabeliyində olan «Şıx»
sanatoriyası üçün ayrılıb. Həmin torpaq sahəsi inzibati ərazi kimi Bakı şəhər
İcra Hakimiyyəti başçısının 31 avqust 2000-ci il tarixli 811 saylı qərarı ilə
Bibi-Heybət bələdiyyəsinə təhvil verilib, amma onun mülkiyyətinə verilməyib.
“Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının “Kurort” Səhmdar Cəmiyyətinin tabeliyində olan «Şıx»
sanatoriyasının qanuni istifadəsində olan torpaq sahəsinin Zaur Həsənov
tərəfindən zəbt edilməsi ilə bağlı məsələyə 1 saylı Bakı Yerli İqtisad
Məhkəməsində, Bakı Apellyasiya Məhkəməsində, Azərbaycan Respublikası Ali
Məhkəməsində baxılıb və Z. Həsənovun şikayəti əsassız sayılıb", deyə Nazim
Ağamirov bildirdi.
Onun sözlərinə görə, 1 saylı Bakı Yerli
İqtisad Məhkəməsinin qətnaməsində bildirilir ki, Bibi-Heybət Bələdiyyəsi ilə
Zaur Həsənov arasında bağlanmış 25 saylı 8 aprel 2005-ci il tarixli icarə
müqaviləsi etibarsız hesab edilsin: "Şıx" sanatoriyasına məxsus 1,67
ha torpaq sahəsini əhatə edən çimərlik zonasında 70 m2 torpaq sahəsində Zaur
Həsənov tərəfindən qanunsuz inşa edilmiş tikililər cavabdehlərin hesabına
sökülsün və sahə boşaldılsın…
Bakı Apellyasiya Məhkəməsi 1 saylı Bakı
Yerli İqtisad Məhkəməsinin 2-(81)- 1434/09 saylı iş üzrə 10.09.2009-cu il
tarixli qətnaməsini dəyişdirilmədən saxlayıb. Ali Məhkəmə də Bakı Apelyasiya
Məhkəməsinin 13 oktyabr 2010-cu il tarixli qərardadını qüvvədə saxlayıb.
Etimad Əsədov: «Baxın, görün, məmur
özbaşnalığı ölkədə nə səviyyədədir…»
«Qarabağ Qaziləri» İctimai Birliyinin sədri
Etimad Əsədov olayla bağlı XeberLent.az informasiya agentliyinə bunları deyib:
“Bu hal həm Azərbaycan xalqına, həm də,
bütövlükdə Qarabağ uğrunda vuruşub, yaralanan insanlara qarşı bir
hörmətsizlikdir. İndi baxın, görün, məmur özbaşnalığı ölkədə nə səviyyədədir
ki, 5 uşaq atası üstünə benzin tökərək özünü yandırır.
Bunu hamı bilir ki, vaxtı ilə eks-prezident
Heydər Əliyev tərəfindən Zaur Həsənova dəniz kənarında torpaq sahəsi verilib.
Sonralar həmin torpağı Həmkarlar İttifaqının sədri Səttar Mehbalıyev məhkəmə
vasitəsi ilə haqqsız olaraq zərərçəkmişin əlindən alıb.
Neçə ildir Zaur hər yerə şikayət edir, ancaq
nə fayda. Bu da Zaura qarşı edilən haqqsızlıqların son və acı nəticəsi. Ümüd
edirik ki, bu məsələyə ölkə başçısı qarışıb məsələni həll edəcək. Biz, bununla
əlaqədar, başda ölkə başçısı olmaqla, bütün lazımı orqanlara müraciət edəcəyik.”
“Səttar
Mehbalıyev Qarabağ əlilinin başına torba keçirtdirib villasına
apartdırmışdı...”
Firudun Məmmədov: “Gecə saat 12-də olan bu
hadisəni mənə Zaur Həsənov özü danışıb”
Dünən Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının (AHİK) binasının qarşısında özünü yandıran II qrup Qarabağ
əlili Zaur Həsənovun qaynı Rüstəm Hüseynov AHİK sədri, deputat Səttar Mehbalıyevin
bu gün mətbuata verdiyi açıqlamaya münasibət bildirib.
R.Hüseynov saytına açıqlamasında dedi
ki, Zaur Həsənovun özünü yandırmasına görə birbaşa Səttar Mehbalıyev
günahkardır: “İşlətdiyi çayxananın sökülməsi ilə bağlı məhkəmə qərarından sonra
Zaur müxtəlif qurumlara müraciət etdi. Bundan sonra Səttar Mehbalıyev obyektin
sökülməyəcəyini vəd etdi. Amma sonradan vədini yerinə yetirmədi. Zaurun evi
bank tərəfindən satışa çıxarılıb. Ona neçə vaxtdır biz qohumlar kömək edirik. Ancaq
evini geri qaytarmaq üçün banka pul ödənilməlidir”.
R.Hüseynov qeyd etdi ki, Zaur Həsənov deputata
sonuncu dəfə müraciət edərkən Səttar Mehbalıyev “özünü yandıran deməz, gedib
bunu eləyər” deyib. Zaur da Səttar Mehbalıyevin qəbuluna gedərkən uşaqlarını da
özü ilə aparıb. Deyirdi ki, bəlkə uşaqlara yazıqları gəldi. Amma Səttar
Mehbalıyevin uşaqlara da rəhmi gəlmədi”.
R.Hüseynov iddia etdi ki, Zaur Həsənovun
əvvəllər işlətdiyi çayxananın yaxınlığında müxtəlif obyektlər yerləşir və hələ
də fəaliyyət göstərir. Onların işləməsi üçün müxtəlif vasitələrlə icazə ala
biliblər. Təkcə Zaur Həsənovun ailəsini dolandırdığı çayxana sökülüb.
Zaur Həsənovun həyat yoldaşı isə qəhərdən
boğulub danışa bilmədi. O,virtualaz.org saytına yalnız bunları dedi:
“Vəziyyəti dünənə nisbətən bu gün pisləşib. O, artıq haqsızlıqdan bezdi”.
Daha sonra Zaur Həsənovun hüquqlarını müdafiə
edən Vətən Müharibəsi Əlilləri İctimai Birliyinin sədri Firudun
Məmmədovla danışdıq. Hüquq müdafiəçisi virtualaz.org saytına
sensasion açıqlama verdi: “Dünən gecədən təxminən 200-ə yaxın Qarabağ əlili
Zaurun yatdığı 5 saylı klinikanın qarşısına toplaşmışıq. Biz ölkə
rəhbərliyindən bu məsələ ilə bağlı açıqlama gözləyirik. Səttar Mehbalıyev ANS-ə
açıqlamasında Zaur Həsənovu “şərçi, şantajçı” adlandırdı. Amma o, Qarabağ
əlilinə zülm edib. Bunun fərqində olmalıdır. Bunu mənə Zaur özü danışıb. Zaur
deyirdi ki, o, çayxanasının sökülməsinə etiraz edən zaman deputat Səttar
Mehbalıyevin adamları gecə saat 12-də həmin çayxanaya gəliblər. Onlar Zaurun
başına torba keçirdirək onu deputatın villasına apartdırıb. Gecə saat 12-də
Zauru gözü bağlı öz ayağına apartdıran Səttar Mehbalıyev ona şikayətlərini geri
götürməyi əmr edib, əks halda daha pis aqibətlə hədələyib. Əgər Zaur
şərçidirsə, bunu elə həmin vaxt mətbuata açıqlayardı. Bizim - onun cəbhə
yoldaşlarının hamısının deputatın bu torbakeçirmə əməliyyatından xəbərimiz
vardı. Sadəcə məsələ həllini tapsın deyə bunu o zaman açıb-ağartmadıq. Dedik
bəlkə deputat nə elədiyinin fərqində olar, problem bəlkə sakitcə, anlayışla
həll olunar”.
F.Məmmədov dedi ki, məsələ ilə bağlı Milli Məclisin
İnsan Haqları Komitəsinin sədri, deputat Rəbiyyət Aslanova ilə də görüşüblər:
“Mən də həmin görüşdə iştirak etdim. 60 Qarabağ əlilinin müraciətini Rəbiyyət
Aslanovaya verdim. Rəbiyyət xanım da elə bizim yanımızda bu barədə spiker Oqtay
Əsədova məlumat verdi. Amma sonrakı müraciətimizdə bizi Rəbiyyət Aslanovanın
qəbuluna buraxmadılar. Onun yanındakılar dedilər ki, bizim Səttar Mehbalıyevə
gücümüz çatmır. Bu məsələdən Səttar Mehbalıyevin qudası, Prezident
Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun da xəbəri var. Əli
Həsənova da müraciət ünvanlamışıq, amma nəticəsi olmayıb”.
Qarabağ qazisi daha bir maraqlı fakt açıqladı.
Dedi ki, deputat Səttar Mehbalıyevin şəhid olmuş qardaşı da onların, o cümlədən
Z.Həsənovun döyüş yoldaşı olub.
Virtualaz.org saytı Zaur Həsənovun
hüquqlarını müdafiə edən Vətən Müharibəsi Əlilləri İctimai Birliyinin sədri
Firudun Məmmədovun iddiaları ilə bağlı AHİK sədri, deputat Səttar Mehbalıyevin
mövqeyini öyrənməyə cəhd edib.
Səttar Mehbalıyevin bizə məlum olan telefonuna
cavab verən AHİK katibi Nadir Əliyev virtualaz.org saytına dedi ki, məsələ
Firudun Məmmədovun iddia etdiyi kimi deyil və Zaur Həsənova qarşı heç bir
təzyiq olmayıb: “Zaur Həsənovun başına torba keçirilməsi və ona təzyiq edilməsi
barədə deyilənlər yalandır. Zaur Həsənovla bağlı suallara AHİK mətbuat xidməti
daha dəqiq cavab verə bilər”.
AHİK mətbuat xidmətindən isə suallarımıza
cavab vermək istəmədilər. Bununla belə qurumun da mövqeyini öyrənib
işıqlandırmağa çalışacağıq.
Mənbə: Legion.az >>
Aslan İsmayılov: Səttar Mehbalıyev "Xəyal"ın sahibi Fikrət Rəcəbovun da malını əlindən alıb müflis etdiyindən, o da Zaur həsənov kimi həyatına qəsd etmişdi!
İPƏKÇİ: Fikrət Cəfərov o şəxsdir ki, o, ötən əsrin 90-cı illərinin sonunda Bakı kəndlərində 1 kq çörəyin satışını 1500 manata (indiki pulla 30 qəpiyə) təşkil edərək Bakı kəndləri əhalisini aclıqdan xilas etmişdi...
“Azadlıq”a açıqlamasında belə bir problemlə üzləşdiyini deyən A.Ismayılov hazırda konfederasiyanın Səttar Mehbalıyev tərəfindən ata malı kimi idarə olunduğunu qeyd edir: “Səttar Mehbalıyev telekanallara müsahibəsində də deyib ki, bu məsələ onluq deyil. Bu tamamilə yalandır. Səttar Mehbalıyellə təxminən iki ilə kimi vuruşan biri kimi deyirəm ki, söhbət ancaq onun öz şəxsi marağı ilə bağlıdır. Mənimlə bağlı bütün məhkəmələri Səttar Mehbalıyev Ali məhkəmənin sədri Ramiz Rzayevin köməkliyi ilə uddu. Bibi Heybətdə ev tikirdim, onu dörd tərəfdən mühasirəyə aldı. Onu ifşa edən, qanunsuzluqları sübut edən materialların mətbuat vasitəsilə yaydığıma görə, məni sakitləşdirmək üçün hasarı sökdü, istədiyimdən də artıq həyət verdi. Bu gün mənimlə Səttar Mehbalıyevin problemi mənim xeyrimə həll olunub. Ondan nə xahiş, nə də minnət etmişəm. Məndən aldığı həyətyani sahəmi artıqlaması ilə qaytarıb. Bu gün istəyir getsin o hasarı da evi də söksün. Bunu məni susdurmaq üçün etmişdi, ancaq bu məsələdən sonra tüpürürəm o evə də, həyatyanı sahəyə də”.
A.Ismayılov Z.Həsənovu yaxından tanıdığını və onun tam haqlı olduğunu da qeyd etdi: “Bu torpaq sahəsi onun idi, həmin sahənin nə Səttar Mehbalıyevə, nə də konfederasiyaya heç bir aidiyyatı yoxdur. Məhkəmə qərarları arxasında gizlənən Səttar Mehbalıyev həmin qərarları qanunsuz olaraq alıb. Onunla problemim olan dövrdə, məhkəmə çəkişmələri zamanı Apelyasiya Məhkəməsi mənim xeyrimə qərar qəbul etdi. Ancaq Ali məhkəmənin sədri Ramiz Rzayev Səttar Mehbalıyevin təkidi ilə Apelyasiya Məhkəməsindən mənə rədd cavabının verilməsini tələb edirdi. Ancaq Apelyasiya Məhkəməsi qanuni qərar çıxardı. Səttar Mehbalıyevlə ortaq olan Ramiz Rzayev həmin qərarı ləğv etdirdi. Qarabağ əlilinin isə öz malını əlindən aldılar, özünü də atdılar bayıra. O gəldi, ona heç bir təmənnasız bir Qarabağ əlili kimi bir neçə dəfə cürbəcür ünvanlara ərizə yazdım. Sonra Səttar onu çağırdı yanına və yazdırdı ki, şikayəti özü yox, Aslan Ismayılov və onun kimiləri ona yazdırıb. Mən də bunu bildim, amma ondan heç bir incikliyim olmadı. Çünki bilirdim ki, bunu zorla ondan alıblar. Həmin ərizəni indi Səttar Mehbalıyevin ortalığa çıxarıb. Ərizəni alandan sonra bir ay işləməyə icazə verdi, sonra da yenə əmlakını əlindən aldı”.
* * *
A.Ismayılovun sözlərinə görə, vətəndaşların haqqını yeməkdə S.Mehbalıyevin şərikləri onun Prezident Administrasiyasının şöbə müdiri olan qudası Əli Həsənov və dostu olan Ali Məhkəmənin sədri Ramiz Rzayevdir. Bu işlərdə Hacıbala Abutalıbov da onlara kömək edir: “Bibi Heybət camaatı illərdir orda abadlıq işləri aparıb. Bataqlıq olan ərazini çirkabdan təmizləyiblər. Hər biri o torpaqları alıb, ailələrini dolandırmaq üçün obyekt açıblar. Obyektlər işə başlayan kimi Səttar Mehbalıyev gəlib hamısını əllərindən alıb. Orda bircə nəfər var. Onun da yanında dayısı oğlunu oturdub 50 faizlə işlədir. Qalanların nəyi var hamısını əllərindən alıb”.
Vəkil Azərbaycanda ilk dəfə zorla əmlak əldən almaq tendensiyasını Səttar Mehbalıyevin qoyduğunu deyir. ilk belə hal isə 2000-ci illərin əvvəlində baş verib: “2000-ci ilin əvvəllərində yaxşı tanıdığım ”Xəyal Holdinq"in sahibi, maştağalı rəhmətlik Fikrət Rəcəbov var idi, sonra özünü öldürdü. Həmin o Fikrət Rəcəbovun Zaqulba tərəfdə “Xəyal” restoranı var idi, Bakının bir nömrəli restoranı idi. Səttar Mehbalıyev həmin yeri zorla Fikrətin əlindən aldı. Bunu özünə qəsd etməzdən əvvəl mənə Fikrət demişdi. Qəsd etməyinin də səbəbi məhz belə hallar oldu. Onun əlindən əmlaklarını aldılar. Artıq borca düşəndə canına qəsd etdi. Yəni bu birinci qəsd deyil. Mənim bildiyim, Səttar Mehbalıyevin qəsdə apardığı ikinci adamdır. Əgər prezident bu halların qarşısını almaq istəyirsə Səttar Mehbalıyevi, Əli Həsənovu, Ramiz Rzayevi dərhal vəzifələrindən azad etməlidir. Biz millət olaraq bunu tələb etməliyik. Əgər bunu tələb etməsək, demək yaşamaq haqqımız yoxdur. Çünki həmin o Zaur Həsənov və onun kimilər bizim vətənimizi, namusumuzu qoruyublar. Onlara da münasibət bizim namusumuza, qeyrətimizə, vətənimizə olan münasibətdir".
Mənbə: Azadliq.info >>
Özünü yandıran əlilin oğlunun
ürək parçalayan müsahibəsi
13 yaşlı İsmayıl: “Atamı həmin
gün polislər ələ salıb qızışdırdılar...”
Virtualaz.org saytının
əməkdaşları dekabrın 25-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının
(AHİK) binasının qarşısında özünü yandıran II qrup Qarabağ əlili Zaur Həsənovun
13 yaşlı oğlu İsmayıl Həsənovla görüşüblər.
Atasının özünü yandırmasının
canlı şahidi olan İsmayıl ailəsinin son iki ildə yaşadığı hadisələrlə bağlı
virtualaz.org saytına şok faktlar açıqladı.
13 yaşlı İsmayılın
dediklərindən:
- Atam hər gün deyidi ki,
özümü yandıracam. Amma həmin gün bizə söz verdi. Dedi ki, qorxmayın, özümə heç
nə etməyəcəm. Mən, qardaşım və bacım atamla birgə getdik. Balaca bacım isə evdə
qaldı. Atam dedi ki, Səttar Mehbalıyevlə görüşəcəm. Oradakı polislər atamı
içəri buraxmadılar. Atam da “əgər Səttar Mehbalıyev məni qəbul eləməsə, özümü
yandıracam” dedi. Qapıdakı polislər isə dedilər ki, yandıra bilməzsən, yandır
görək hələ. Yəni polislər atamı ələ saldılar, onu əsəbiləşdirdilər,
qızışdırdılar. Atam da başından aşağı benzin tökdü, yandırdı. Atamın yanmasını
Səttar elədi. Yaşayışımız çox pisdir, amma bizi başa düşən yoxdur (gözləri
dolur).
- İsmayıl, bəs indi sizə kim
baxır?
- Uşaqlar ana nənəmin yanında
qaldılar. Anam atamın yanında qalır. Mən də atamı görməyə gəlmişəm. Onsuz da
həmişə onunla qəbullara gedirdim. Atam əsəbiləşirdi deyə tək buraxmırdıq. Biz
Əli Həsənovun da qəbulunda olmuşduq.
- Əli Həsənov sizi qəbul
elədi? Nə dedi?
- Bizi onun yanına
buraxmırdılar. Sonra atamla onu izləməyə başladıq. İki gün onu izlədik. Bir gün
işə gəlmədi. Səhərisi gün tezdən 9-dan axşam 6-dək gözlədik. İşdən çıxanda
yaxınlaşdıq. Atam dedi ki, Səttar Mehbalıyev mənim çayxanamı alıb, dolana
bilmirəm. Əli müəllim də dedi ki, bu iş mənlik deyil. Atam ona da dedi ki,
özümü yandıracam. Atam deyirdi ki, onlar (Səttar Mehbalıyevlə Əli Həsənov
nəzərdə tutulur-red.) qohumdurlar. Sonra atam Prezident Aparatının qarşısında
dayanırdı ki, kimsə bizi qəbul eləsin. Amma heç kim qulaq asmırdı. O qədər
yerləri gəzdik ki...
- Bəs məktəbə getmirsən?
- Yox, bu il cəmi üç dəfə
getmişəm. Bank evimizi əlimizdən alıb. 2011-ci ildə prezident İlham Əliyev
Lökbatanda əlillərin binasında bizə ev verdi. Atam çayxananı təmir etmək üçün
evimizi girov qoyub bankdan pul götürdü. Bank da bizi evimizdən qovdu. Neçə
aydır ki, babamgildə qalırıq. Hər şeyimiz də o evimizdə qalıb. Məni məktəbə
göndərirdilər, mən də qaçıb işləməyə gedirdim.
- Harada işləyirdin?
- “Sədərək” bazarında. Qab
satırdım, günə 5-10 manat qazanırdım, evə çörək alırdım. Anam işləmir, evdə 8
nəfər yaşayırıq. Babam fəhlə işləyir. Mən babamın işlədiyini görəndə pis
olurdum. Axşam yeməyi az yeyirdim ki, səhər pul olmasa, yeməyimiz qurtarmasın.
Atamın ayaqları ağrıyırdı. Bilirsiniz, Səttar atamı nə qədər söyüb, mən onunla
gedəndə görmüşəm. Atam əsəbiləşəndə danışa bilmirdi. Xalalarımın, dayılarımın
yanında deyirdi ki, özümü yandıracam. Bacılarımın biri 3-cü, o biri də 5-ci sinifdə
oxuyur. Bacılarım, qardaşlarım dərsə gedirlər. Ailədə böyük uşaq mənəm. İndi
hamı atamdan yazır, baxıram çox pis oluram (yenə kövrəlir). Atamın belə
olmasını Səttar elədi. O dəfə atamı basmışdı maşına, aparmışdı.
- Kim?
- Səttar.
- Bunu kim danışıb?
- Atam, mən və qardaşım evə
gedirdik çayxanadan. Məscidin yanında bir maşın saxladı, içindəkilərin üzündə
maska vardı. Atamı maşına mindirib apardılar. Biz də çox qorxduq, avtobusa
minib evə getdik. Sonra atam gəldi, dedi ki, məni narkotiklə, silahla tutdurmuşdular.
Tapança ilə qorxudublar. Atamla kimsə danışırdı telefonda.
- Bu gün atanla görüşsən, ona
nə deyəcəksən?
- Mən prezidentdən istəyirəm
ki, Səttarı cəzalandırsın. Bizim çayxanamız olanda yaxşı dolanırdıq. Evə
bazarlıq edirdik, amma sonra yeməyimiz azaldı. Prezident desin onlara ki,
atamın çayxanasını versinlər, pensiyasını çoxaltsınlar. Mən məktəbə getmək
istəyirəm, oxumaq istəyirəm...