Son əlavələr‎ > ‎

“Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş verən yanğınla bağlı müstəqil araşadırma

18 Tem 2016 11:29 tarihinde Admin Sheki.city tarafından yayınlandı

                             Çidanın çuvalda gizlədilməsi mümkündürmü?

“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş verən yanğınla bağlı müstəqil KİV olaraq apardığımız arşadırmaların nəticəsi” barədə

                                                                               M Ə L U M A T

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş verən yanğınla əlaqədar apardığımız araşdırmalar zamanı yanğına səbəb olmuş və onun vaxtında qarşısının alınması üçün lazım olan tədbirlərin görülməməsilə bağlı əldə etdiyimiz məlumatları analiz etdikdən sonra SOCAR rəhbərliyinə ünvanladığımız 27 iyun 2016-cı il tarixli, 003/529 saylı rəsmi məktubumuza cavab almadıqdan sonra, 05 iyul 2016-cı il tarixində aztoday.az saytında yenə bu hadisə barəsində Rövnəq Abdullayevə açıq məktub ünvanladıq. http://www.aztoday.az/43441.html (maraqlıdır ki, bu saytda “Rövnəq Abdullayevə açıq məktub” dərc edildikdən bir neçə gün sonra aztoday.az saytı  müəmmalı formada bağlanıb və baş redaktorun telefonuna zəng çatmır)

Çox təəssüflər olsun ki, Neft Şirkəti tərəfindən indiyədk heç bir reaksiya olmamışdır.

Bu məsələilə əlaqədar Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının(NHMT) ekspert qrupu qiymətləndirmə aparmışdır. Qiymətləndirmə zamanı KİV-də çap olunan, rəsmi saytlarda gedən məlumatlardan, ekspert rəylərindən, müxtəlif müsahibələrdən istifadə olunmuşdur.

   Qeyd etmək olar ki, NHMT-nın sədri xanım Mirvari Qəhrəmanlının baş vermiş yanğınla bağlı ekspert qrupunun apardığı qiymətləndirmə hərtərəfli araşdırmaların məhsuludur.

Biz də öz növbəmizdə müstəqil jurnalist olaraq bu qiymətləndirməyə əlavə olaraq apardığımız araşdırmaların nəticəsi kimi qəzanın baş vermə səbəblərini konkret faktlara və məlumatlara əsasən gəldiyimiz məntiqi nəticəni də əlavə etsək o zaman baş vermiş qəzanın əsil səbəbləri üzə çıxa bilər: Hesab edirik ki,  NHMT-nin qiymətləndirməsini və bizim araşdırmanın təhlilini də nəzərə almaqla qəzanın baş vermə səbəblərini konkret olaraq nədən qaynaqlandığını dəqiq analiz etmək üçün  dövlət başçısının sərəncamıilə yaradılmış dövlət komissiyasına təqdim etmək vacibdir.

Rəsmi məlumatda qeyd edilir: Saat 17:40 radələrində nəhəng dalğalar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə 110 atmosfer təzyiqlə işləyən sualtı qaz xəttinin dayaq borusunu qırıb, nəticədə boru kəmərini zədələyib və şiddətli yanğın baş verib.”

  Bizim gəldiyimiz nəticə: Qəzaya səbəb kimi göstərilmiş 10 saylı dərin dəniz özülündə 110 atmosfer təzyiqlə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılmayıb çünki, dənizdəki dalğalar qeyd edildiyi kimi suyun altına bir o qədər də nüfuz etmir və deməli, dalğanın gücünün dənizin altındakı qaz xəttinin dayaq borusunu qırması nəticəsində boru kəmərinin zədələnməsi çox əsassız mülahizədir. Beləki, sözügedən dayaq borusu dəniz dalğalarının səbəb ola biləcəyi vibrasiyaya qarşı hesablanmış xamutlarla möhkəm bərkidilmişdir. Belə xamutların vibrasiyanın qarşısını ala biləcək amortizatorla təchizati mövcuddur. (Minik avtomobilinin səsboğucu borusuna bərkidilmiş rezin xamut kimi.)

 İşçilərin verdikləri məlumatlardan məlum olur ki, qaz sızıntısı 1 həftə davam etmişdir. Baş verəcək hadisənin qarşısının alınması üçün əvvəlcə“ 28 May” NQÇİ –nin rəisi olmuş Rövşən müəllimə rəsmi məlumatlar verilmişdir. İdarə rəisi dərhal    baş idarə hesab olunan “Azneft” İB-yi rəhbərliyi qarşısında (Daşqın İsgəndərov) qaldırdığı məsələ idarədə müzakirə olunaraq təcili tədbirlər görülməsi üçün aidiyyatı üzrə ARDNŞ-ti rəhbərliyinə dərhal məruzə olunmuşdur. Çox təəssüflər olsun ki, baş verə biləcək faciənin qarşısının alınması üçün SOCAR rəhbərliyi tərəfindən vaxtında tədbir görülməmişdir. Çünki, quyunun istifadəyə verildiyi 1984-cü ildən indiyədək 160 atmosfer təzyiqə davam gətirən həmin qaz boru xətti dənizin altında yerləşdiyindən, müddət üzrə korroziyaya uğradığından onu sonradan  100 atmosferə tab gətirən eyni diametrli və qalınlıqlı  su borusulə əvəz etmişlər. Hasil olan 110 atmosferlik qaz təzyiqi nəticəsində su borusunda yaranmış sızıntıdan işçilərin xəbəri olsa da, daxilindən qaz axan su borusunun  belə vəziyyətdə istismarı 1 həftə əsassız olaraq davam etmişdir. Bir neçə gündən sonra başlanmış tufan nəticəsində borudan sızma nəticəsində platformaya çıxan hissədə gözlənilən partlayış olmuş və faciə baş vermişdir. Doğrudur, sonradan 50 yaşlı Rövşən müəllimin bu barədə rəsmilər və ictimaiyyət qarşısında danışamamaq müqabilində onu hadisədən dərhal sonra SOCAR-ın tərkibində olan başqa bir idarəyə yüksək vəzifəyə təyin olunması, rəhbərlik tərəfindən isti izlərin itirilməsinə hesablanmış gedişləri maraq doğurmaya bilməz. Çünki, Rövşən müəllim vaxtında öz vəzifə borcunu yerinə yetirməklə, platformadan ona qaz partlayışı ola biləcəyilə bağlı neftçilərin verdikləri rəsmi məlumatları vəzifə  funksiyasına və  təlimata uyğun  icra etmişdir. Çox təəssüflər olsun ki, “Azneft” İB-nin və SOCAR rəhbərliyinin laqeyidliyi, səhlənkarlığı və məsuliyyətsizliyi  nəticəsində faciə qaçılmaz olmuşdur. Lakin bu şahidin nə vaxtsa danışmamasına kimin zəmanət almasını indi demək çətin olsa da, SOCAR rəhbərliyi düşünür ki, aradan xeyli müddətin keçməsi artıq baş vermiş faciənin birdəfəlik unudulmasına və Dövlət Komissiyasının da SOCAR-ın əvvəlki rəsmi məlumatlarına əsasən nəticəyə gələcəyinə ümid etməsidir.

   Hesab edirik ki, faciənin baş verməsində birbaşa məsul şəxs SOCAR-ın təchizat məsələləri üzrə maddi-texniki bazasına birbaşa rəhbərlik edən və Şirkət prezidentinin müavini Xaliq Məmmədov ilk olaraq məsuliyyət daşıyırlar. Çünki bu məsul şəxslər qəza vəziyyətində olan 160 atmosferə hesablanmış qaz boru xəttinin 100 atmosferə tab gətirən su boru xəttilə necə əvəzləmişdirlərsə, sızıntı baş verən anda dərhal həmin su boru xəttini təlimata uyğun olan 160 atmosferə tab gətirəcək qaz boru xəttillə əvəzlənməsi üçün təchizat işini həyata keçirməli idilər.

Xatırladaq ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) 28 May adına Neft və Qazçıxarma idarəsinə məxsus olan “Günəşli” yatağında 13 dəniz platforması var. 10 saylı platforma 1984-cu ildə tikilib. 2007-ci ildə 5 və 10-cu platformalar əsaslı təmirə dayandılıb. “Azneft” İB-nin verdiyi məlumata görə, platformanın istismar müddəti 50 ildir. Bu platformada 30 quyu var

Yanğın hansı səbəblərdən baş verib? 

Neftçilərlə apardığımız söhbətlərdən məlum olur ki, boru xəttində xamutun boşalması nəticəsində qaz sızması olub. Bu haqda hadisə baş verməzdən 1 gün əvvəl telefonaqrama ilə mərkəzə xəbər verilib. Lakin onlara bildirilib ki, istehsalatı dayandırmaq olmaz. Neftçilər bildirir ki, insan itkilərini minimuma endirmək olardı. Müəyyən işləri məhdudlaşdıraraq, işçiləri dərhal çıxarmaq mümkün idi.

ARDNŞ-in vitse-prezidenti Xoşbəxt Yusifzadə 6 dekabr 2015-ci ildə keçirdiyi mətbuat konfransında yanan platformada 30 quyunun olduğunu qeyd edir. Onun, 2-si işlək deyil. İşlək olanların 24-sı neft, 4-ü qaz quyusudur. 

Vitse-prezidenti Xoşbəxt Yusifzadə mətbuat konfransında əlavə edib ki, buradan sutkada 1 milyon m3 qaz, 950 ton da neft hasil edilir. “Yanğın zamanı neft quyularının başında atqı var. Bir quyunun atqısı yaxşı işləmədiyinə görə, ya digər səbəbdən yanır. Onun yanması böyük bir problem deyil. Hətta imkan olsa bu gün-sabaha söndürə bilərlər”. 

Vitse-prezident vurğulayıb ki, bu obyektdə yanğının baş verməsinin texniki təhlükəsizlik məsələləri baxımından platformaya heç bir dəxli yoxdur. Çünki platforma bütün göstəricilərinə görə, həm neft quyularının istismarı, həm qaz-kondesat quyularının, həm orada yerləşən digər texniki və yardımçı obyektlərin istismarı baxımından bu tələblərə cavab verir. Əks təqdirdə 1984-cü ildən tikilmiş bir platformanı indiyə qədər açıq dəniz şəraitində istismar etmək mümkün olmazdı.

 

Bizim arayış: Cənab X.Yusifzadə bir peşəkar neftçi kimi bir daha təsdiq edir ki, Platforma bütün göstəricilərinə görə, texniki təhlükəsizlik baxımından hər şey qaydasında olub.Əks təqdirdə 1984-cü ildən tikilmiş bir platformanın indiyə qədər açıq dənizdə iştismar etmək mümkün olmazdı. Doğrudur, hadisənin baş verməsinə səbəb platforma olmamışdır. Yalnız və yalnız faciədən bir qədər öncə korroziyaya uğramış əsas qaz xətti borusunun 100 atmosferə hesablanmış su borusuilə əvəzlənməsi olmuşdur. Əvvəllər təzyiq 100 atmosferə çatmadığından idarəetmədə əyləşənlər elə zənn etmişlər ki, hər şey qaydasında olacaq. Elə ki, hasil olunan qaz kütləsinin təzyiqi 110 atmosferə yüksəldi, o zaman əvvəlcə daxilində qaz axan su boru xətti təzyiqə tab gətirməyərək çat əmələ gəlmişdir. Dalğaların artması səbəbindən isə partlayış baş vermişdir.

“AZNEFT”Ə DƏYƏN ZİYAN 

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban NHMT-yə verdiyi açıqlamada itkiləri təsnifləşdirir. Ekspertin fikrincə, belə yanğınlarda itkilər bir neçə cür olur: resurs, yəni karbohidrogen itkisi, insan itkisi, kapital itkiləri.    “Platformadakı avadanlıqların sıradan çıxması kapital itkisi hesab olunur. Buradakı avadanlıqlar partlayış və sonradan uzun sürən yanğın nəticəsində, habelə xilasetmə işləri zamanı sıradan çıxıb. Platformanın bərpası üçün çəkiləcək xərcləri də kapital itkisinə aid etmək olar. 

Platformada yanan 4 quyu qaz kondensat olduğuna görə karbon qazı ilə söndürmək olar. Amma söndürəndən sonra bu, dənizə töküləcək. Yanma, əslində, neftin dənizə axmasının qarşısını alır, dəniz səthinin çirklənməsinə səbəb olmur. Ona görə də bu proses tənzimlənməlidir. Sönmə prosesi baş verən kimi quyuların platformada bağlanması dərhal həyata keçirilməlidir. Əsas çətinliklərdən biri platformanın dənizin dərinliyində, sahildən 100 kmetr aralıda yerləşməsidir”,- deyə İ.Şaban bildirir. 

Onun sözlərinə görə, qaz quyuları söndüyü müddətə qədər sutkada 1 milyon m3 qaz yanaraq, itkiyə məruz qalıb: “Orda bir gündə 1 milyon m3 qaz çıxarılırdı. Demək, ildə ondan 335,8 min ton neft və 365 mln m3 qaz hasil edilirmiş.

Yanğını 40 gündən artıq söndürə bilmədiklərini nəzərə alsaq, o zaman indiyədək 40 milyon m3 artıq qaz itkisindən söhbət gedə bilər. Yəni “Azneft” İB-nın rəsmi açıqlamasından ancaq hər gün yanan qazın həcmini hesablamaq olar. Neft quyularında itkilər cüzi olub. Orada köhnə quyular olduğuna görə qaz vurulmadan neft hasil etmək olmazdı. Yanğın baş verdiyi birinci gündən neftin hasili də dayanıb. Bərpa işləri bir neçə milyon dollar xərc aparacaq. 

“Bulla”da yanğın olarkən platforma tam yanmışdı. Amma “Günəşli”dəki yaşayış moduluna zərər dəyməyib. Hətta neft-qaz emalı prosesində istifadə olunan qurğular yerindədir. Neftçilər qorxurmuşlar ki, o partlaya və nəticədə platforma dağılar”.

İ.Şaban vurğulayır ki, güclü külək platformaya daxil olan qaz kəmərini zədələyib və oradan yüksək təzyiq nəticəsində yanğın baş verib: “Deşikdən 110 atmosferdən qaz püskürəndə istənilən yerdə qığılcım yaranır. Bu yanğın neft quyularına keçib, onlara vurulan texniki qazı kəsəndən sonra qalıq nefti yanıb. Ancaq yanğın daha sonra qaz quyularına keçib ki, onlar fontanla yanır, yəni laydan təzyiqlə çıxır. Ona görə də onların söndürülməsi üçün Amerika şirkətini dəvət ediblər”.

Məsələn, 10-cu platformada operator işləyən Bəxtiyar Ələkbərov Meydan TV-yə açıqlamasında hadisə haqqında danışarkən bunları söyləyib: “Qaz borusu birdən-birə partladı. Mən də həmin vaxt platformada gəzirdim, quyulara baxırdım. Elə mən düşən dəqiqə partladı. Oradan güclə, birtəhər canımı qurtardım. Göydə Allah yerdə mən özümü xilas elədim”.  

NƏTİCƏ: 

· Qaz sızması ilə bağlı 28 May NQÇİ rəhbərliyinə məlumat verilsə də, sonda yuxarı instansiyalarda hadisənin qarşısının alınması üçün heç bir qabaqlayıcı tədbirlər görülməyib. 

·  İnsan itkisi ilə yanaşı, yanğın davam etdiyi müddətdə iqtisadi itkilər də artır. Hər gün 1 milyon m3 qaz yanaraq itkiyə məruz qalır. Habelə, platformanın bərpası, quyuların yenidən işə salınması, yanğının söndürülməsi prosesi ARDNŞ və dövlət üçün böyük vəsait xərcləməsinə səbəb olacaq. Neft gəlirlərinin azaldığı bir dönəmdə, bu, hökumət üçün kifayət qədər böyük xərc sayıla bilər.

 

Ümidvarıq ki, 10 saylı neft platformasında baş vermiş qəzaya səbəb olmuş halların araşdırılması dövlət və ictimai əhəmiyyət kəsb etdiyindən cənab Baş nazirin sədrliyilə fəaliyyət göstərən dövlət komissiyası tərəfindən əsaslı araşdırılacaq və cənab Prezidentə və ictimaiyyətə hadisənin baş vermə səbəbləri haqqında düzgün hesabat təqdim olunacaqdır.

 İstifadə olunan mənbələr: 


1.https://www.meydan.tv/az/site/interviews/9950/M%C9%99n%C9%99-platformada-84-n%C9%99f%C9%99rin-oldu%C4%9Funu-dedil%C9%99r.htm

2.https://www.meydan.tv/az/site/opinion/11233/''G%C3%BCn%C9%99%C5%9Fli''d%C9%99-yanan-i%C5%9F%C3%A7inin-maa%C5%9F%C4%B1ndan-k%C9%99silib-(V%C4%B0DEO).htm

3. http://www.socar.az

5. http://www.azadliq.info/108878.html

6. http://www.cbc.az/az/video/all-videos/dvlt-neft-irkti-xilaedici-qayn-xsusiyytlrini-nmayi-etdirdi

7. http://report.az/hadise/gunesli-yataginda-xilas-edilen-neftci/

8. http://www.azadliq.org/content/article/27410012.html   

9. http://contact.az/docs/2015/Analytics/120600139010az.htm#.VqEtbPmLTDd

10. http://www.azadliq.info/108878.html və sair

 

Müstəqil jurnalist      Məmməd ƏHMƏDOĞLU (070-7111289)