XVI əsr tarixçisi Həsən bəy Rumlunun "Əhsənüt-təvarix" əsəri fevralın 24-də Türkiyədə azərbaycan dilində çapdan çıxdı

24 Şub 2017 05:41 tarihinde Aydin Salis tarafından yayınlandı   [ 23 Ara 2017 10:29 güncellendi ]
XVI əsrin görkəmli Azərbaycan tarixçisi Həsən bəy Rumlunun farsca yazdığı “Əhsənüt-təvarix” əsəri Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin verdiyi beynəlxalq standart kitab nömrəsi (ISBN 978-605-030-641-5) əsasında Türkiyənin “Uzanlar” nəşriyyatında Azərbaycan dilində nəşr edilmişdir. Tərcümə işi 2009-cu ildən etibarən AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Oqtay Əfəndiyev və onun yetirməsi olan tarix üzrə fəlsəfə doktoru, dosent Namiq Musalı tərəfindən həyata keçirilməyə başlanmışdır. O. Əfəndiyev 2013-cü ildə vəfat etdikdən sonra N. Musalı bu işi davam etdirmişdir. O, hal-hazırda elmi-pedaqoji fəaliyyətini davam etdirdiyi Türkiyədə əsərin doğma dilimizə tərcüməsinin işıq üzü görməsinə nail olmuşdur. Oxucular əsərlə yaxın günlərdə ölkəmizin kitabxanalarında və internet vasitəsilə elektronik kitab resurslarında tanış olmaq imkanı əldə edəcəklər. 
“Əhsənüt-təvarix”in iki cildi zamanımıza qədər gəlib çatmışdır. İstər vətənimizin, istərsə də bir sıra yaxın və uzaq ölkələrin XV-XVI əsrlər tarixini öyrənmək baxımından böyük əhəmiyyət daşıyan bu salnamə ilk dəfədir ki, tam şəkildə Azərbaycan dilinə nəşr olunur. Əsərin zamanımıza çatmış cildlərinin birincisində hicri 807-899-cu (miladi 1404-1494) illərin, ikincisində isə hicri 900-985-ci (miladi 1494-1578) illərin tarixi hadisələri əksini tapmışdır. Hər iki cildin tərcüməsi eyni kitab daxilində oxuculara təqdim edilir. Tərcümə zamanı mənbənin Baroda və Tehran nəşrləri ilə yanaşı Bakıda, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə edilən B-1696 və S-435 şifrəli iki əlyazma nüsxəsindən də istifadə olunmuşdur.
Ċ
Aydin Salis,
25 Şub 2017 11:47