Türkiyə konstitusiyasın 66-cı maddəsinə görə bütün Türkiyə vətəndaşları və onların evladları türk hesab olunurlar...

3 Mar 2017 14:48 tarihinde Aydin Salis tarafından yayınlandı   [ 5 Mar 2017 11:42 güncellendi ]
Martın 2-sində Virtualaz.org saytında Azərbaycan Milli Məclisinin regional məsələlər komitəsinin sədri, deputat Arif Rəhimzadənin KM.ru rus xəbər portalı müxbirinin "Axı biz həmişə eşitmişik ki, azərbaycanlılar və türklər eyni xalqdır?" sualına, "Bu, səhvdir! Bəli, biz azərbaycanlılar türklərlə ümumi köklərə malikik, ancaq xalqlarımız tamam ayrıdır" - cavabını verməsi, sonrakı "- Bəyəm inqilaba qədər azərbaycanlılar termini istifadə edilirdi?" sualına isə  "Azərbaycanlılar dini kimlik istifadə edirdilər və özlərini “müsəlman” adlandırırdılar, Rusiyada isə həmin əhalini “tatarlar” hesab edirdilər. İstənilən halda, biz türk deyilik, türklər tamam ayrı millətdir " - cavabını verməsi haqqında yazılanlar dərhal sosial şəbəkələrdə geniş müzakirəyə səbəb oldu. 

Az keçmədən, Modern.az saytı Arif Rəhimzadənin bu məsələyə münasibətini yaydı. Deputat bildirirdi ki, “bu yaxınlarda Rusiyadan Azərbaycana nümayəndə heyəti gəlib. Həmin heyətlə görüşdə Kəlbəcər girovları Dilqəm Əsgərov və Şahbaz Quliyev məsələsinə də toxunulub. Biz türk deyilik” ifadəsinin yayılması boş söhbətlərdir. Tədbirin sonunda bir nəfər mənə yaxınlaşıb sual verdi. Mən də dedim ki, “biz etnik cəhətdən türkük, amma millət kimi isə azərbaycanlıyıq. “Biz türk deyilik” ifadəsi səsləndirməmişəm”.

Lakin birgünlük "Arif Rəhimzadə - türk deyilik" məsələsi onu göstərdi ki, azərbaycanlı sosial şəbəkə istifadəçiləri, hansılar ki bunların arasında tanınmış fəallar, ictimai-siyasi xadimlər, jurnalistlər də az deyildi, əksəriyyət azərbaycanlı olduğundan utanır, azərbaycan etnosunun varlığını inkar edir, özünü tamamilə başqa bir etnosun nümayəndəsi hesab edir. Bu sadəcə biabırçılıq idi, milli biabırçılıq! Belə ki heç qaraçılar da milliyyətini danmırlar, amma azərbaycanlılar, o cümlədən azərbaycanlı ziyalılar öz milliyyətini danır, öz millətinin mövcud olduğunu inkar edirdi.

Məsələn
Aqil Qeybulla yazır ki, "Vətənimiz Azərbaycan, millətimiz türk, dilimiz türk dilidir. Necə ki, misirli milləti yoxdur, Misir coğrafi məkanın adıdır, həmin ərazidə yaşayan millətin adı isə ərəbdir."

Lakin əslində, Aqil bəy unudur ki, ərəbləri birləşdirən istisna bir faktor da var, bu ərəb ədəbi dilidir. Bütün ərəb ölkələrində televiziyalar ərəb ədəbi dilində yayımlanır. Slavyanların isə ortaq ədəbi dilləri yoxdur, ona görə də ayrı-ayrı etnoslara parçalanıblar. Necə ki türkdilli xalqlar kimi. 

Bahəddin Həzi isə yazır ki, "Biz türkük. Mən türkəm. "Azərbaycanlılar" deyə bir millət yoxdur". Sual verdik ki "tutalım ki sizin milliyyətiniz ukraynalıdır. Arif Rəhimzadə Ukraynanın deputatıdır. O desə ki, bizim "bədbəxtçiliyimiz ordadır ki ukraynalıları rus hesab edirlər", onunla razılaşacaqsınız, ya yox? " Amma sualımıza cavab verməkdən yayındı. "Ukraynalı" sözünü isə ona görə misal çəkmişdik ki, bu da "azərbaycanlı" sözü kimi həm vətəndaşlıq və həm də etnos adı idi...

Sıravi vətəndaşlar bir yana, ziyalılarımız da hələ bilmirlər ki, müasir azərbaycan dilində, terminologiyada "türk" sözü Türkiyədə yaşayan etnik çoxluğun adıdır. Türkiyədə isə 
Türkiyə konstitusiyasın 66-cı maddəsinə görə bütün Türkiyə vətəndaşları və onların evladları türk hesab olunurlar. Bizim milliyyətimiz isə rəsmən "azərbaycanlı"dır. Ulu öndər Heydər Əliyevin dediyi kimi, "Xalqımızın adı da tanınıb, respublikanın adı da tanınıb, dilimizin adı da tanınıb". 

Əgər azərbaycanlılar 100 il əvvəl türk adlanırdısa, daha əvvəl tatar, ondan da əvvəl türkmən adlanıblar. İndi biz özümüzə türkmən desək necə görünə bilər? Özbəklər bir neçə yüz əvvələ qədər türk adlanırdılar, Türküstan da özbəklərin yaşadığı ərazi idi. İndi özbəyə türk desən, söyüş kimi qəbul edə bilər! Dil dəyişir, inkişaf edir, terminologiya yenilənir, terminlərin mənası dəyişir...

Kimdir azərbaycanlılar?

 Antropoloji cəhətdən Avropoid irqinin Kaspi tipinə aid olan azərbaycanlılar Azərbaycan və İrandan başqa, həm də indiki Rusiya (Dağıstan), Gürcüstan (Borçalı) və Türkiyə (Qars və İğdır) ərazisində yaşayırlar. Ümumi sayı 30 milyon nəfərdən çoxdur. Müasir azərbaycan etnosunun Cənubi Qafqaz və şimal-qərbi İran ərazisində formalaşması prosesi çoxəsrlik bir proses olmuş, ХI-ХIII əsrlərdə türkdilli oğuz tayfalarının cənub-şərqi Qafqaza yayılması nəticəsində yerli əhalinin çox hissəsinin türkləşməsi ilə başlamış və əsasən, XV əsrin sonlarında başa çatmışdır. 

DNT analizlərinə əsasən isə azərbaycanlılar Qafqazın köklü əhalisi hesab olunurlar, gürcülərlə, inquşlarla, abazinlərlə genetik qohumluğa malikdirlər.
Aydın Məmmədov