Son əlavələr‎ > ‎

PLANLAŞDIRILDIĞI KİMİ RESPUBLİKADA 70 TON YAŞ BARAMA TƏDARÜK OLUNDU, AMMA...

16 Haz 2016 04:45 tarihinde Aydin Salis tarafından yayınlandı
Cari barama mövsümündə bu günə kimi 70 tona yaxın barama tədarük edilib. Məlum olduğu kimi, dövlət başçısının göstərişi və Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə bu il İrandan 19, 5 kiloqram, Çindən isə 30 kiloqram tut ipəkqurdu toxumu gətirilmiş və dirildilərək 1750 qutuda respublikanın 24 rayonuna paylanılmışdır. Bir qutu qurd toxumundan bəzi hallarda 80 kq-a qədər yaş barama əldə edilib. Qurdlar 22-ci günü barama sarımağa başlamış, daha az yarpaq yemişlər (bir qutu üçün təxminən, 750 kq;  müqayisə üçün əlavə edək ki, respublikada yetişdirilən bir qutu qurd toxumu üçün 1 - 1, 2 ton yarpaq tələb olunsa da, cəmi 30-40 kq barama əldə etmək mümkündür və yerli qurdlar 28-ci gündən tez barama sarımağa başlamırlar)... 

Uzun müddət fasilədən sonra bu ay “Şəki-İpək” ASC-nin baramaaçan istehsalatında da iş qismən bərpa edilib. Hələ sovet dövründən istehsalata rəhbərlik etmiş Əsabəli Nəzərov yenidən istehsalata baş menecer təyin olunub. Onun 80-nə yaxın yaşı var. İstehsalatda 120 nəfər, yardımçı sahələri ilə birlikdə 200 nəfərə yaxın işçi çalışır. İlk olaraq baş müəssisəyə gətirilmiş tonlarla yaş barama kəpənək çıxmaması üçün ən qısa müddət ərzində boğulmalı və qurudulmalı idi. Bu iş müvəffəqiyyətlə həyata keçirildi. Baxmayaraq ki işə salınmış köhnə qazanxanananın istilik vermə gücü az idi. Elə buna görə yerlərdən gətirilmiş yaş baramanın bir hissəsi – gündə 200-300 kq-ı boğulmamış halda birbaşa emala verilirdi. Bu praktikada nadir görünən hadisə idi. Yaş baramanın açılması bir qədər çətin olsa da, indiki şəraitdə ən doğru çıxış yolu idi. 
Əvvəlcə yalnız köhnə mexaniki baramaaçan dəzgahlar istismara buraxılsa da və gündəlik 50-60 kq xam ipək istehsal edilsə də, iyunun 20-dən etibarən müasir avtomat baramaaçan dəzgahların istismara buraxıldı. Nəticədə indi gündə 100 kq xam ipək əldə edilir. Avtomat dəzgahlar təxminən 10 il əvvəl Çindən satın alınmışdır və müəssisənin təmirçilər briqadası qısa müddət ərzində həmin dəzgahları işə salmağa müvəffəq olub. Bundan sonra, növbəti ay toxucu istehsalatının və burucu sexinin işə salınması gözlənilir. Lakin bu barama mövsümündə respublikada tədarük olunmuş 70 ton yaş barama həmin istehsalatların davamlı işləməsi üçün kifayət deyil. Bu il üçün mütləq xaricdən ipək alınmalıdır... 


Şəkildə:  
 Yenidən  istehsalata baş menecer gətirilmiş 
 Əsabəli Nəzərov
  


Şəkillərdə: Baş Nazirin müavini Əli Əhmədov iyunun 11-də "Şəki-İpək" ASC-nin baş müəssisəsində barama emalı prosesi ilə tanış olarkən. Fotolar Mustafa Dadaşovundur.


Məlum olduğu kimi, ölkəmizdə son illər tənəzzülə uğramış baramaçılıq Prezident İlham Əliyevin göstərişi ilə bu il qismən bərpa olunub. Kənd Təsərrüfatı Nazirliyinin və yaxın keçmişdə barama yetişdirilməsi ilə məşğul olmuş rayonların icra hakimiyyətlərinin təşkilatçılığı ilə Prezidentin göstərişi müvəffəqiyyətlə yerinə yetirildi. Lakin gözlənildiyinin əksinə olaraq kümdarların yetişdirdikləri yaş baramanı dövlət özü satın almadı, bu işi “Şəki-İpək” ASC-nin öhdəsinə buraxdı. “Aqrarkredit” “Şəki-İpək” ASC-yə 400 min manat kredit verdi ki, yaş baramanı 1 kq -na 8 manat ödəməklə kümdarlardan satın alsın. Bütün pul barama alınmasına sərf olunub, hələ üstəlik, ASC 150 min manat borclu da qalıb. Yəni yerlərdən gətirilən 150 min manatlıq baramanın pulunun ödənilməsi üçün də ASC-yə əlavə kredit də verilməlidir.  Nəticədə 46 milyon manat kredit borcu olan “Şəki-İpək” ASC-nin gedər-gəlməz kredit borcu bir daha artır. Barama mövsümü başlayanda isə “Aqrarkredit” “Şəki-İpək” ASC-nin baş müəssisəsindəki uzun illər fəaliyyətsiz qalmış bəzi istehsalat və sexlərin, qazanxananın işlək vəziyyətə gətirilməsi üçün müəssisəyə yarım milyon manat civarında kredit buraxmışdı. Hər iki halda buraxılan kreditin geri qayıtma perspektivi yoxdur. Belə ki indiki vəziyyətdə baramaaçan istehsalatı cəmi 20 % istehsal gücü ilə işləyir. Sovet dövründə burada 1800 işçi vardı və gündə 500 kq xam ipək əldə olunurdu. İndi isə 100-200 nəfərlə gündə 100 kq. Bundan başqa dünya bazarında 1 kq xam ipəyin qiyməti 30-50 $ arasında dəyişir. Əgər “Şəki-İpək” ASC kümdarlardan baramanı 8 manata alıbsa, 1 kq xam ipəyin maya dəyəri 80 $-a başa gələcək. Bu isə o deməkdir ki, Şəkidə istehsal olunan ipək parça və ipək məhsullarını ölkə xaricində satmaq mümkün olmayacaq, əlbəttə ki, əgər müəssisəyə dotasiya verilməsə, vergi və gömrük güzəştləri tətbiq olunmasa! Bundan başqa, bu il üçün kənardan azı 20 ton ipək gətirilməsə digər istehsalat və sexlər davamlı işləyə bilməyəcək. 

Məlumat üçün əlavə edək ki, “Şəki-İpək” ASC-nin baş müəssisəsində işçilərin orta əməkhaqqı ötən ilin əvvəllərinə qədər 100 manatdan çox deyildi. Yalnız ötən ilin əvvəllərində maaşlar 50 % artırılmışdır. Maaşların az olmasını müəssisənin kredit borcu ilə əlaqələndirirdilər. Lakin müəssisə rəhbərliyi heç də öz maaşlarını azaltmaq fikrində deyil. Müəssisədə cəmi 30-40 nəfər işləyəndə də, müəssisədə iş dayanan aylarda da rəhbərlik astronomik məbləğdə maaş almaqda davam edir. ASC idarə heyətinin sədri 2500, baş mühasib 2300, baş mühasibin köməkçisi 2100 və s. Hələ müəssisə tərəfindən ödənən kommunal xərclərini demirik... Bu adamlar, məsələn, ASC idarə heyətinin sədri Nizami Qəribov hansı fəaliyyətinə görə bu qədər maaş almalıdır axı? Hansı baza əsasında? Harada görünüb belə bir şey ki, müəssisənin gəliri olmadığı halda, rəhbərlik özünə ağlına gələn məbləğdə maaş yazsın? 46 milyon manatlıq, ildə 13 % artan kreditlər Nizami Qəribov kimilərin maaşlarının ödənilməsi üçün götürülübmü? Əgər söhbət ipəkçiliyin bərpasından gedirsə və ASC rəhbərliyi də bunu istəyirsə, ilk olaraq astronomik maaşlarından imtina etməlidirlər. Niyə fəhlə 100 manata işləməyə razı olur, amma rəhbərlik 2 min manatdan az maaş almamalıdır?! Məlumat üçün əlavə edək ki, ASC idarə heyətinin sədri Nizami Qəribov toxuculuq və ipəkçilik sənayesindən anlayışı olmayan bir kadrdır. Onun uzunmüddətli istehsal boşdayanmaları ilə yadda qalmış qısamüddətli sədrliyi dövründə baş müəssisədə 200 nəfər ixtisara salınmış, ştat cədvəli üzrə işçilərin sayı 575 nəfərdən 375 nəfər düşmüşdür. Nizami Qəribov istehsalat və sexlərin dayanması zamanı isə dəzgah və avadanlıqların işlək vəziyyətdə qalmasına nəzarət etmək üçün təlimatlara zidd olaraq 1 nəfər texniki işçi belə saxlamamışdır. Bu isə dayanmış istehsalat və sexlərdəki dəz-gah və avadanlıqların yenidən istismar edilməsində problemlərə səbəb ola bilər. Gözlənildiyinə görə iyunun 30-da baş tutacaq “Şəki-İpək” ASC səhmdarlarının yığıncağında Nizami Qəribovun ASC idarə heyətinin sədri vəzifəsində qalıbqalmayacağı məsələsinə də baxılacaq. 

Sadıq Fətəliyev