Son əlavələr‎ > ‎

Şəki Regional Qaza Nəzarət İdarəsinin rəisi Akif Şükürov barədə ilginc məlumatlar

27 Şub 2014 13:56 tarihinde Aydın Məmmədov tarafından yayınlandı

Şikayətçi qeyd edir ki, A. Şükürov qardaşı oğlu Ramin Şükürova himayədarlıq edərək Rusiya Federasiyasının Dağıstan Muxtar Respublikasından saxta diplom alıb.

Şamaxı rayon sakini Ramil Cəlilov şikayət məktubunda əvvəllər Şamaxı rayon Qaz İdarəsində işləmiş, hazırda isə Şəki Regional Qaza Nəzarət İdarəsinin rəisi Akif Şükürov barədə maraqlı məlumatlardan bəhs edir. O, bildirilir ki, Akif Şükürov fəaliyyəti dayandırılmış ABU – nun keçmiş rektoru Elşad Abdullayevin vasitəsilə saxta diploma yiyələnib. Guya o, əvvəl Moskva filialına qəbul olunmuş, sonradan isə Bakı şəhərində yerləşən ABU – ya köçürülmüşdür. ABU bağlandıqdan sonra, onun keçmiş rektoru Elşad Abdullayevin qardaşı Elbrus adlı şəxsin köməyi ilə “Odlar Yurdu” universitetinin neft və qaz istismarı fakültəsinə göndərilib. Bunun müqabilində qeyri-qanuni əməliyyata görə A.Şükürov Elbrusa 20.000 manat rüşvət verib.

Şikayətçi bildirir ki, Akif Şükürov 3 ilə yaxın Şamaxı rayon Qaz İdarəsində orta təhsil ilə müxtəlif vəzifələrdə çalışıb. Həmin idarədə işdə yol verdiyi ciddi nöqsanlara görə Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinin 70 – ci maddəsinin “C ” bəndinə əsasən tutduğu vəzifədən azad olunub: ” O, vəzifəsindən azad olunduğu dövrdə Moskva şəhərində kommersiya işi ilə məşğul idi. Təxminən bir ildən sonra Akif Şükürov Şamaxıya qayıdır və saxta yolla əmək kitabçasına başqa bir müəssisədə işləməyi barədə əmrlər yazdırıb. Sonuncu iş yerindən isə Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinin 70-ci maddəsinin “C ” bəndinə əsasən tutduğu vəzifədən azad olunmağı barədə vərəqəni cıraraq, saxta yolla  “öz ərizəsinə görə işdən azad olunduğu”  barədə qeydlər əlavə edib. Əmək kitabçasındakı həmin saxta əmrə vurulan möhür və idarə müdirinin adı, soyadı və imzası isə tam fərqlidir, başqa adamın adı yazılıb. Bax o, bu yolla cinayət törədərək Şəki Regional Qaza Nəzarət İdarəsinə rəis təyin olunub. Acınacaqlı haldır ki, bu adam latın hərflərini tanımır. Guya oxuduğu universitetdə və hazırda rəhbərlik etdiyi idarədə onun yerinə görəsən sənədləri kim tənzimləyir? Onu hansı meyarla bu vəzifəyə təyin ediblər? Axı, Dövlət Qulluğu Əsasnaməsinə görə dövlət qulluğunda çalışmaq istəyən hər bir vətəndaş rəsmi dövlət attestasiyasından keçməlidir? Sual olunur, öz tərcümeyi-halını və adını belə yaza bilməyən bir adam mühüm bir vəzifəyə necə yiyələnib? ”

Şikayətçi qeyd edir ki, A.Şükürov dövlət məmuru olduğu halda sahibkarlıqla da məşğuldur. Təkcə Şamaxı şəhərində onun kommersiya obyektləri, müxtəlif çeşidli mağazaları, o cümlədən mal-qara ferması var. Hətta sahibkarlığa yardım fondundan 135.000 manat pulu maldarlığın inkişafı adı altında kredit götürüb və həmin krediti də aidiyyəti üzrə yox öz şəxsi ticarət obyektlərinə yönəldib.

Şikayətçi qeyd edir ki, A.Şükürov qardaşı oğlu Ramin Şükürova himayədarlıq edərək Rusiya Federasiyasının Dağıstan Muxtar Respublikasından saxta diplom alıb. Hazırda Ramin Şükürov həmin diplomla Azərbaycan Respublikası Müdafiə Nazirliyində hərbi polis zabitidir.

İndi sözümüz Azərbaycan Respublikası Dövlət Qaza Nəzarət İdarəsinin rəisi Asif Zeynalov və Respublika Energetika Nazirliyinin kadrlar və sosial siyasət şöbəsinin müdiri İftixar Hüseynov cənablarınadır:

Necə olub ki, Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinin 70-ci maddəsinin “C ” bəndinə əsasən işdən çıxarılmış, ali təhsili olmayan, latın qrafikası ilə öz tərcümeyi-halını və adını belə yaza bilməyən, rəsmi dövlət attestasiyasından keçməyən Akif Şükürov mühüm bir posta rəhbər təyin olunub?

Əli Rza Muxtar

Mənbə: Bolgexeber.com>>