Son əlavələr‎ > ‎

Azərbaycan Demokrat Partiyasının fəallarından biri olan Rasim Xudaverdiyev polis tərəfindən axtarılır

24 Oca 2014 13:08 tarihinde Aydın Məmmədov tarafından yayınlandı

          Azərbaycan Demokrat Partiyasının fəal üzvü olan Xudaverdiyev Rasimin polis tərəfindən axtarılması barədə redaksiyamıza məlumat daxil olmuşdur.

Belə ki 22 yanvar  tarixində Rasim Xudaverdiyevin yaşadığı evə iki polis işçisi gələrək Rasim Xudaverdiyevi soruşmuşlar. Rasim Xudaverdiyevin evdə olmadığını öyrənən polis əməkdaşları bundan hiddətlənərək onun atası Yunus Xudaverdiyevi məcburi şəkildə polisə aparmışlar və oğlunun harada olması ilə bağlı onu sorğu sual etmişlər.

Məlumat üçün bildirək ki, Rasim Xudaverdiyev  ADP-ın fəal üzvüdür və keçirilən bir çox aksiyalarda fəal iştirak etmişdir. Əsasən mətbuatda tənqidi yazıları ilə tanınan Rasim Xudaverdiyev bundan qabaq da iştirak etdiyi aksiyalara görə dəfələrlə təzyiqlərə məruz qalmış və bir necə dəfə heç bir səbəb olmadan həbs olunmuşdur.

Sonuncu dəfə Qarabağ qazisi Zaur Həsənovun özünü yandırmasından sonra  Fəvvarələr meydanında keçirilən aksiyadan öncə aksiyaya çağırış vərəqələri payladığına görə 3 gün səbəbsiz olaraq həbs olunan Rasim Xudaverdiyev həmdə 300 AZN məbləğində cərimə olmuşdur.
Bundan sonra Rasim Xudaverdiyevə təzyiqlər daha da artmışdır.

Redaksiyamıza məlumat verən Rasim bəyin qardaşı Asim Xudaverdiyev onu bildirmişdir ki son vaxtlar onun qardaşına  naməlum şəxslər tərəfindən təzyiqlər olunur: "Mənim qardaşıma neçə vaxtdır siyasi mənsubiyyətinə görə, təzyiqlər həmişə olub. Lakin sonuncu, 29 dekabr aksiyasından sonra qardaşıma  qarşı təzyiqlər daha da güclənib. Tanımadığımız şəxslər gizli nömrədən Rasim bəyin  telefonuna zəng vuraraq onu hədələyirlər. Rasim bəy neçə dəfə belə şəxslər tərəfindən artıq xəbərdarlıq alıb ki, bir daha aksiyalara qatılmasın. Əks halda onu həbs edəcəklər. Yaşadığımız ünvan isə daima nəzarətdə olub. Təbii ki, Rasim Xudaverdiyevin və başqa müxalifətçilərin bu gün təqib olunmasında əsas məqsəd həm onların, həm də hakimiyyətin yarıtmaz fəaliyyətindən ciddi şəkildə narazı olan əhalinin gözünü qorxutmaq, insanları öz hüquqları uğrunda mübarizə aparmaqdan çəkindirməkdir. Belə şəxslərin isə Azərbaycanda rahat yaşaması  artıq problemə çevrilib.