Son əlavələr‎ > ‎

Mübariz Qurbanlı: Mən şəxsən Mehbalıyevin məsuliyyət daşıdığını qəbul etmirəm...

10 Oca 2014 00:24 tarihinde Aydın Məmmədov tarafından yayınlandı
9 yanvar, 2014 - 16:55;  Şəmkir rayonundan olan və bu yaxınlarda Şöhrət ordenilə təltif olunmuş millət vəkili Mübariz Qurbanlı BBC Azərbaycancaya müsahibəsində özünü yandırmış müharibə veteranı Zaur Həsənovla bağlı və digər suallara cavab verib. O seçicilərinin ondan razı olub-olmadığını deyə bilməyəcəyini söyləyib. Millət vəkililə müsahibəni Bakıda jurnalist Natiq Cavadlı aparıb.
- Özünüz rayona gedib seçicilərlə görüşürsünüzmü?

- Bəli.

- Ayda neçə dəfə?

- Ayda neçə dəfə getmək sualının içərisində bir təxribat var. Bilirsiniz ki, deputat Bakıdan Şəmkirə ayda neçə dəfə gedə bilməz. İldə bir neçə dəfə getməyimi söyləsəydiniz, bu, daha məntiqli olardı. Üzr istəyirəm, bu, zarafatyana bir müdaxilədir. Yəni il ərzində dəfələrlə qış və yay tətillərində kəndləri gəzib seçicilərlə görüşürəm. Təbii ki, ayrı-ayrı vaxtlarda imkan yarandıqca bölgələrdə seçicilərlə görüşürəm. İndi seçicilərlə təmas üçün imkanlar daha genişdir, ən çox elektron mübadilənin artması nəticəsində seçicilərlə əlaqənin yaranması çox əlverişli şərait doğurur. Əlbəttə, kəndlərdə elektron poçtlardan istifadə o səviyyədə deyil, amma mobil telefondan istifadə imkanı genişdir. Həm də millət vəkillərinin yerlərdə ofisləri var, orada köməkçilərimiz seçicilərin problemlərini dinləyirlər. Bir sözlə, deputatların seçicilərlə görüşlərinin forma və mahiyyəti yeniləşib.

- Söhbətimizi orden və medalların verilməsiylə davam etdirmək istərdim, bir sıra adamlar var ki, onlar müstəqilliyimizin əleyhinə səs verib və yaxud ictimai-siyasi fəaliyyəti istənilən qədər qabarıq deyil. Onların “İstiqlal” və “Şöhrət” ordenləriylə təltif olunmasını necə izah edərdiniz?

- Azərbaycanın müstəqilliyi əleyhinə heç kim səs verməyib. Bu barədə deyilənlər çox yanlış yanaşmadır. O mənada müstəqilliyimiz heç vaxt referenduma çıxarılmayıb ki, əleyhinə də səs versinlər. Azərbaycanın müstəqil olması referenduma çıxarılanda artıq müstəqil idi. 1991-ci il 18 oktyabrda Müstəqillik Aktını qəbul edilib və elə həmin gün Ali Sovetin siyahısında sənədə səs verməyən adam yoxdur.

- Bəs hər il müstəqilliyə səs verənlərin, bitərəf qalanların və əleyhinə olanların siyahısı hansı mənbəyə əsasən mətbuatda dərc olunur?

- Mən izah edəcəm, istəyirəm bu məsələni birdəfəlik bilək. O zaman deputat olmasam da, tarixçi kimi proseslərin izləyicisi və təhliliylə bərabər canlı şahidiyəm. 1990-cı ilin 17 martında SSRİ-nin saxlanılıb-saxlanılmamasıyla bağlı ümumittifaq miqyasında referendum qərarı çıxarıldı. Referenduma çıxarılan mövzuda müstəqillik söhbəti yox, SSRİ-ni saxlayaq, yaxud saxlamayaq sualı vardı. Hamı məsələnin bu cür qoyuluşunun kökündən yanlış olduğunu bilirdi və cavablarda hə və yox-un özü də məntiqsiz idi. Ona görə həmin dövrün deputatlarının üzərinə gedilməsində də ədalət yoxdur. Adamlar hamısı 18 oktyabrda müstəqillik Aktına səs verib.

- Deməli, cəsarət göstərib müstəqilliyə səs verənlərin addımını kənara qoyaq?

- Yox, mən onları qiymətləndirirəm və biz də onları dəyərləndirməliyik. 1991-ci ilin 17 mart referendumu zamanı SSRİ-nin saxlanılıb-saxlanılmaması barədə söhbət gedəndə, Ali Sovetdə ittifaqın saxlanılmasının əleyhinə səs verən deputat qrupu olub. Bilirsiniz ki, ulu öndər Heydər Əliyev də onların içərisindədir. O da SSRİ-nin saxlanılmasının əleyhinə səs verib. Bu tarixi faktı hamı bilir. Qaldı həmin dövrdə Ali Sovetin üzvü olmuş deputatlar, onların hamısı təqaüd alır. Lakin aldıqları təqaüd 1995-ci ildən sonra seçilmiş deputatların təqaüdündən fərqlənir. Bunun səbəbi odur ki, 1991-95-ci illərdə olan deputatların təqaüd alma məsələsi ümumi qaydalarla idi. Ancaq növbəti tərkibin təqaüdüylə bağlı 1995-ci ildən sonra qanun qəbul olundu. Qanunun isə geriyə tətbiqi yoxdur. Amma əlahiddə qaydada bu məsələnin müzakirəsinin aparılaraq həmin dövrdə fəaliyyət göstərən deputatlara hansısa formada başqa bir qanunvericilik normasının dəyişdirilib şamil edilməsi mövzu ola bilər.

Zaur Həsənov məsələsi

Zaur Həsənov ölümündən əvvəl nə dedi?

- Söhbətimizi ötən ilin sonunda özünü yandırmış, sonradan xəstəxanada vəfat edən Qarabağ əlili Zaur Həsənovun faciəsinə yönəltmək istərdim. Siz mediada bu olayın hüquqi araşdırılmasının vacibliyini bildirmişdiniz. Mərhum özünü yandıran günü Həmkarlar İttifaqı Konfedrasiyasının sədri, deputat Səttar Mehbalıyev onu şərçi adlandırdı. Ancaq prezidentin açıqlaması yayılandan sonra o, Zaur Həsənovun ailəsinə 100 min manat və başqa maliyyə yardımları etdi. Necə izah oluna bilər ki, konfederasiya sədri şərçi adlandırdığı şəxsin ailəsinə sonradan 100 min manat yardım edir?

- Allah Qarabağ əlilinə rəhmət etsin. O, xəstəxanada olarkən Siyavuş Novruzovla birgə ziyarət etdim, həm də partiya rəhbərliyi Əli Əhmədov başda olmaqla yas mərasimində iştirak etdi. Zaur Həsənov müharibə əliliydi, onun özünü yandırması kədərli hadisədir, bu, olmamalıydı. Ancaq müəyyən hadisələr baş verir, bəzən insanlar özlərini cilovlaya bilmir, hər halda Allah rəhmət etsin, keçmiş olsun deyək. Bilirsiniz, mən Səttar Mehbalıyevin üzərinə məxsusi gedilməsinin əleyhinəyəm. Çünki həmin mübahisə doğuran ərazi Həmkarlar İttifaqı Konfedrasiyasına məxsusdur, Səttar Mehbalıyevin şəxsi ərazisi deyildi. Bildiyimə görə ərazidə müxtəlif qeyri-qanuni tikililər olub.

- Ancaq əraziləri vətəndaşlara bələdiyyə verib...

- Bələdiyyələrin verdiyi sənədlərin də hüquqi qüvvəsinin olmadığını Həmkarlar İttifaqı Konfedrasiyası məhkəmə yoluyla sübut edib. Konfederasiya mərhum Zaur Həsənovu məhkəməyə verməyib, məhz bələdiyyəyə qarşı iddia qaldırılıb.

- Ancaq məhkəmənin hökmüylə Zaur Həsənov cərimə olunub...

- Yox, məsələ elə deyil. Həmin ərazi Həmkarlar İttifaqı Konfederasiyası sanatoriyasının tabeliyindədir. Məhkəmə buna görə bələdiyyələrin tikintilərə icazə qərarını qeyri-qanuni hesab edərək mərhum Zaur Həsənov yox, digərləri haqqında hökm çıxardıb. Bundan əlavə məhkəmə tikintilərin qeyri-qanuni olması haqqında qərar çıxarıb, o cümlədən, Apellyasiya Məhkəməsi bunu təsdiqləyib. Bütün bunlardan sonra mərhum Zaur Həsənov konfederasiyanın sədri olaraq Səttar Mehbalıyevin qəbuluna gəlib, müxtəlif mövzularda məsələnin aradan qaldırılmasına çalışıb və. s. Amma Səttar Mehbalıyev mətbuata deyib ki, Zaur Həsənovla bağlı məsələ onluq yox, məhkəməlikdir.

- Ancaq konfederasiya sədri mətbuata ilk açıqlamasında Zaur Həsənovun ona şər atdığını bəyan etmişdi...

- Mən həmin detallara varmaq istəmirəm. Bir də bu mövzunun bizim müzakirəmizdə olması da qəribə səslənə bilər.

- Siz Səttar Mehbalıyevi müdafiə etdiyiniz üçün suallarım təbii sayılmalıdır...

- Mən ona görə müdafiə etdim ki, mərhumun özünü yandırmasına çox təəssüf keçirdim. Gərək, hər şey ediləydi ki, hadisə baş verməsin.

- Məgər, bütün bunlardan sonra Səttar Mehbalıyev məsuliyyət daşımırmı?

- Mən şəxsən Mehbalıyevin məsuliyyət daşıdığını qəbul etmirəm.

- Nə üçün?

- Çünki o, bu prosesdə tərəf deyil. Prosesdə Səttar Mehbalıyev yox, Həmkarlar İttifaqı Konfedrasiyası iddiaçıdır.

- Konfederasiyanın sədri Mehbalıyev deyilmi...?

- Gəlin, belə deyək də, tutaq ki, BBC radiostansiyası mülkiyyətlə bağlı kimisə məhkəməyə verib.

- Mübariz müəllim, mövzudan uzaqlaşmayaq, əgər Mehbalıyev tərəf deyildirsə, o zaman niyə mərhumun ailəsinə yardım etdi?

- Bu hadisədən sonra onun ailə vəziyyəti, özünün düşdüyü ağır durum, həm də baş vermiş faciədən sonra, nəzərə alın ki, biz azərbaycanlıyıq, yardım etməliyik.

- Olmazdımı, konfederasiya sədri Mehbalıyev əvvəlcədən onun qəbuluna gələn Zaur Həsənova yardım edərdi, heç bu faciə də olmazdı?

- Əlbəttə, kaş, belə olaydı. Amma yenə deyirəm, mən Səttar Mehbalıyevi neçə illərdir bir deputat və yoldaş olaraq tanıyıram, onun şəxs kimi hansısa insan üzərinə məxsusi getməsini qəbul etmirəm. Çünki o elə adam deyil.

- Sizin məsələnin hüquqi araşdırmasının vacibliyi barədə açıqlamanızı bir daha xatırladıb sual etmək istəyirəm, kimlərsə məsuliyyətə cəlb olunmalıdırmı?

- Yox, mən hüquqi müstəvini deməmişəm. Mən bildirmişəm ki, bu, məhkəmə çəkişməsi olan mövzudur, gərək, belə də davam edəydi.

Güman ki, mərhumun psixoloji, yaxud fiziki durumu məhkəmə çəkişməsini davam etdirməyə imkan verməyib. Amma davam etdirməyə haqqı vardı. Çox təəssüf ki, davam etdirməyib. Əgər sona qədər getsəydi, bəlkə daha yuxarı instansiyalara çıxılsaydı, məsələ həll edilərdi.

- Sizcə, istintaq onu intihar həddinə kimin çatdırmasını araşdırmalıdırmı?

- Bu, mənim mövzum deyil və hüquqi baxımdan qiymət verə bilmərəm. Onu demək istəyirəm ki, hadisə olanda, bir adamın üzərinə kollektiv surətdə gedərək ikinci dəfə onu o qədər güncə sıxmaq istəyirik ki, insanı pis vəziyyətdə qoyuruq.

- Bütün hallarda kimsə cinayət məsuliyyətinə cəlb olunmalı deyilmi?

- Mən bu barədə heç nə deyə bilmərəm. Yəni məsələnin dərinliyinə varanda, mərhumun atasıyla da biz söhbət etdik...

- Atası istintaqın ləng getməsindən narazılığını mətbuata bildirib...

- Ancaq bizə də dedi ki, kaş, belə olmayaydı. Gəlin, indi hamımız işimizi buraxıb Səttar Mehbalıyevin üzərinə gedək... Axı bu adamın rəhbərlik etdiyi qurumun mülkiyyətini geri qaytarmaq üçün fəaliyyətini kimsə qınaya bilməz. Ümumiyyətlə, Zaur Həsənov yox, ona ərazini verən bələdiyyə günahkardır.

- O zaman bələdiyyənin rəsmiləri məsuliyyətə cəlb olunmalı deyilmi?

- Mən yenə deyirəm, heç kəsin məsuliyyətə cəlb olunmasını çağırış edə bilmərəm. Çünki bu, mənim mövzum deyil.

- Sizin yuxarıda məhkəmələrlə bağlı fikrinizdən belə anlamaq olarmı ki, ədalət mühakiməçiləri işi tam araşdırmayıb. Əgər Azərbaycandan məhkəmə instansiyalarından şikayətləri nəzərə alsaq, Qarabağ əlilinin intihara məcbur olmasında onlar da məsuliyyət daşımırmı?

- Təqsirsizlik prezumpsiyası anlayışına görə heç kim heç kəsi şifahi ittiham edə bilməz. Baş vermiş faciədə kiminsə səhvi olubsa, bu, araşdırılaraq üzə çıxarılmalıdır.

- Prezidentin faciədən narahat olması barədə açıqlama yayıldı. Bu mənada adekvat sual yaranır, vətəndaşa görə narahat olan prezidentin ölkəsində insanlar niyə özlərini yandırmağa məcbur olurlar?

- Məsələnin belə qoyulmasının tərəfdarı deyiləm. Prezident ölkədəki hadisələri nəzarətdə saxlayır, lakin elə hadisələr var ki, dövlət başçısının onları birbaşa nəzarətdə saxlaması fiziki cəhətdən mümkün deyil. Bunun üçün dövlət idarələri var.

- Bu mənada məmurlar öz vəzifə borclarını yerinə yetirirlərmi?

- Yəqin ki, prezidentin Nazirlər Kabinetindəki çıxışını eşitdiniz. O, bir sıra məmurların öz işinə laqeyd olmasını bildirdi. Bakı şəhəri və ətraf rayonların icra hakimiyyətləri başçılarının toplantısında da məmurlara xüsusi xəbərdarlıq etdi.

- Ancaq heç kim cəzalandırılmırsa, ölkədə cəzasızlıq mühiti yaranmırmı?

- Mən belə deməzdim. Azərbaycanda cəzasızlıq mühiti anlayışını qəbul etmirəm. Azərbaycanda qanun pozuntusuna yol verənlərin cəzalandırılması var, işdən çıxarılma və müxtəlif formalar var. Ümumiyyətlə, hər hansı hadisəni prezidentə yönəltmək doğru deyil.

- Konstitusiyaya görə vətəndaşların hüquq və azadlıqlarının təhlükəsizliyinə prezident məsuliyyət daşıyır...

- Prezident fərdi hadisələrə məsuliyyət daşımır. O, dövlət siyasətini həyata keçirdir. Hər bir fərdi hadisəyə görə məsuliyyəti bu və ya digər dövlət qurumu daşıyır.

- Ancaq faciədən bir neçə ay əvvəl Zaur Həsənov özü də, təmsil olunduğu Qarabağ Əlilləri İctimai Birliyi də onun hüquqlarının pozulmasıyla bağlı prezidentə müraciət etmişdilər...

- Zaur Həsənovla əlaqədar məhkəmə çəkişməsinin prezidentə çatdırılıb-çatdırılmamasını bilmirəm. İnanmıram ki, məsələ prezidentə çatdırılmış olsaydı, reaksiyasız qalardı. Görünür, məsələ barədə prezidentə məlumat verilməyib.

"Qudurğan məmur balaları"
- Ötən ilin İsmayıllı olaylarından sonra prezidentin keçirdiyi müşavirədə “qudurğan məmur balaları” ifadəsi bu gün də müzakirə olunur. Bəs nə üçün indiyə qədər qudurğan məmur övladlarından kimsə cəzalandırılmayıb?

- Siz niyə hər şeydə cəza axtarırırsınız? Siz nə bilirsiniz ki, kimsə cəzalandırılmır? Cəzalanma yalnız həbsxanaya salınmaqla müşahidə olunmur, cəzaların müxtəlif formaları var, məzəmmət, işdən azad etmə və s. Əgər cinayət varsa, onun cəzası da var.

- O zaman İsmayıllı hadisələrindən bir gün sonra rayonda olan ReAL sədri İlqar Məmmədov və müsavatçı Tofiq Yaqublu nədən həbs cəzasına məhkum olunub?

- Bunun hüquqi tərəfləri üçün kifayət qədər məhkəmə çəkişməsi ortalıqdadır. Mən olayın detallarına varmaq istəmirəm. Yəni siz gedən məhkəmə çəkişməsini araşdırıb detalları götürə bilərsiniz. O ki qaldı cəzalandırılmır, niyə cəzalandırılmır...?

- Konkret olaraq, bir fakt deyə bilərsinizmi ki, hansısa məmur cəzalandırılıb?

- Biz indi kiminsə övladını fakt naminə cəzalandırmayıqmı?

- Amma qudurğan ifadəsi sıradan bir ifadə də deyil...

- Mən başa düşürəm. Prezident qudurğan dedikdə, artıq bir xəbərdarlıq edib, özünün cəmiyyətə və məmurlara ismarıcını verib. Amma qudurğanlıq hələ cinayətkarlıq demək deyil. Qudurmaq o demək deyil ki, cinayət törətsin, qudurub cinayət törətməyə də bilərlər. Hər qudurğan cinayətkar deyil axı.

- Söhbət məmur övladlarından gedir...

- Mən yenə deyirəm, məmur övladının hadisələrdə olub-olmadığını istintaq araşdırır. Mən qiyabi heç nə deyə bilmərəm, çünki detallarını bilmirəm. Sizin isə məhkəmə çəkişməsinin sənədlərini araşdırmaq imkanınız var.

- 1500 manatdan bir qədər çox maaş alan icra başçısının rayon mərkəzində hotel saxlaması necə mümkündür?

- Hotel icra başçısının deyildi.

- Təsdiqləndi ki, oğluna məxsusdur...

- Oğluna məxsus olan əmlak özünə məxsus olmaya da bilər.

- Oğlu belə tezliklə həmin imkana necə nail olub?

- Oğul ataya, ata da oğula cavabdeh deyil. Bəlkə onun oğlunun biznes istedadı var. Yəni bu detalları deyə bilmərəm, hər kəs özünə cavabdehdir.

- Qiymət artımına keçək, seçkidən əvvəl təqaüdçülərin, büdcə işçilərinin maaşları 10, seçkidən sonra yanacaq başda olmaqla qiymətlər 33, o cümlədən deputatların əməkhaqqı 15 faiz artdı. Sadaladıqlarım arasında qeyri-mütənasibliyi necə izah edərdiniz?

- İstənilən ölkənin qiymət siyasəti var və qiymətlər artır da, bəzən enir və s. Tarif Şurası bir sıra qiymətləri qaldırsa da, bəzilərini aşağı endirdi.

- Ancaq əsas təsiredici vasitə olan yanacağın qiyməti artdı...

- Yanacağın qiymətinin artırılmasının zəruriliyiylə bağlı kifayət qədər açıqlamalar verilib. Bu gün Azərbaycan yanacaq-energetika üzrə ixrac ölkələri sırasında olsa da, bu, o demək deyil ki, ixrac ölkəsi olduğumuza görə yanacaq ucuz olmalıdır. Bəli, istənilən cəmiyyətdə ictimaiyyət qiymətin sabit qalmasını istəyir.

- Ancaq SOCAR Gürcüstanda yanacağın qiymətini endirdi, bizdə isə əksinə qaldırıldı...

- Bu barədə məlumatsız olduğumdan bir söz deyə bilmərəm.

- O zaman deputatların maaşıyla seçicilərin maaşı arasındakı uçurumdan narahatsınızmı?

- Mən buna uçurum deməzdim. Cəmiyyətdə hər kəsin fəaliyyətinə görə əməkhaqqı tətbiq olunur. Deputat xalqı, dövləti və seçicini təmsil edir, onun yüksək əməkhaqqı alması siyasi fəaliyyətdə müstəqil olmasına böyük zəmanət verir. Əgər deputat iqtisadi cəhətdən müstəqil olmasa, o, öz seçicisinin hüquqlarını necə müdafiə edə bilər. Ona görə ənənəvi olaraq parlament yaranandan qurumun üzvlərinin əməkhaqqı təminatı xüsusi yer tutub. Təsadüfi deyil ki, bizim Konstitusiyamızda da bu təsbit olunub, dünya parlamentlərində də bu təcrübə var, yəni millət vəkillərinə məhdudiyyətlər var. Çünki millət vəkili qanun qəbul edəndə subyektiv ola bilməz, o, ümummilli marağı və obyektivliyi nəzərə almalıdır. Millət vəkili hansısa qrupun, yaxud şirkətin iqtisadi maraqlarını nəzərə alıb səs verərsə, həmin qanunlar cəmiyyətin əleyhinə işləyər.


Neft
- Büdcəsi neftə köklənən Azərbaycanda neftin hasilatı azalır, bu, hökumət üçün gələcəkdə problemlər yaratmayacaqmı?

- Bəzən neftin hasilatının azalmasıyla bağlı yanlış təhlillər aparırlar. Hasilatın azalması dedikdə, konsersumla bağlı azalmaqdan söhbət gedə bilər. Bu, olmalıdır, hamı da bunu proqnozlaşdırır. Konsersum da zamanında bildirirdi ki, bu yataqlar sonsuz deyil. Ancaq Azərbaycanda yeni yataqlar aşkara çıxarılır və ARDNŞ özü istismar edir. Ona görə Azərbaycanda neftin azalmasıyla əlaqədar pessimist proqnozlar özünü doğrultmur. Bu cür pessimist proqnozları ölkəmizi sevməyən dairələr xarici mətbuatda daha çox gündəmı gətirməklə Azərbaycanda investisiyanın gəlməsinə hansısa formada əngəl olmaq istəyir. Digər tərəfdən, təbii qaz yataqları ortalığa çıxır, “Şahdəniz-2” müqaviləsi də imzalandı. Böyük perspektivlər var.

- Amma ARDNŞ bu il 25 mindən çox işçinin ixtisar edəcəyini bəyan edib...

- Bu, SOCAR-da modernizasiyanın getməsiylə bağlıdır. Dünyadakı bütün neft şirkətləri yeni sistemə keçir. Biz SOCAR-ı dünya sisteminə uyğunlaşdırmalıyıq, şirkət beynəlxalq aktora çevrilib. Ona görə SOCAR özünün strukturunu, idarəçiliyini, investisiya layihələrini beynəlxalq miqyaslı şirkətlərə uyğunlaşdırmalıdır ki, zamanla ayaqlaşsın.

- Bütün hallarda büdcəmizin 75 faizinin neftdən asılı olması sosial gərginlik yarada bilməzmi?

- Dünyada kimin nəyi varsa, büdcəsi də ona bağlıdır. Kim qızıl çıxardırsa qızıla, kim dəmir çıxardırsa dəmirə bağlıdır.

- Bəs qeyri-neft sektoru nə zaman inkişaf edəcək?

- Bu sektorun payı getdikcə artır. Fikir versəniz, qeyri-neft sektorunun artım sürəti neftə bağlı olan sahədən üstün tərzdə gedir. Bizim iqtisadiyyatımızın həcmi artır. 2003-13-cü illərdə ÜDM 3 dəfə artıb.

- Demək istəyirsiniz, hökumət narahat deyil?

- Şəxsən mən neft-qaz siyasətilə bağlı heç bir narahatçılıq keçirmirəm. Biz cəngəlliklə getmədiyimiz üçün bizdən əvvəl gedənlərin səhvlərini təkrar etmirik. Dahilər səhv etmir, ağıllılar başqalarının səhvindən öyrənir. Bizim də prezident dahi siyasət yeridir.

- Azərbaycanın heç bir problemi yoxdur?

- Dünyada problemi olmayan ölkə və adam da yoxdur. Problemi olmayan bir Allah-Təalanın özüdür. Əlbəttə, Azərbaycanda problemlər, çətinliklər var, prezident zaman-zaman bunları deyir və həlli üçün də addımlar atılır. Şükürlər olsun ki, ümumi təhlükəsizlik baxımından sabit ölkəyik, ətrafımızdakı ölkələrə baxın.

- Sizə elə gəlmir ki, dediyiniz sabitlik neft amilindən asılı olduğundan kövrək xarakter daşıyır?

- Müxalifət 20 ildir deyir ki, sabitlik kövrəkdir, ay nə bilim, sosial partlayış olacaq. Onların dediyi partlayışları üst-üstə yığsaq, bəlkə minlərlə belə ifadələr işlədiblər. Amma görürsünüz, dedikləri olmur və olmayacaq da.

- Ancaq onlar bu sabitliyin polisin hesabına saxlanıldığını deyirlər, razılaşırsınızmı?

- Xeyr. Polis gücünə heç bir rejimi qoruyub saxlamaq mümkün deyil. Bu, yalnız əhalinin sosial-iqtisadi duyumdan razılığının ifadəsidir. Əksəriyyət razı olmayan cəmiyyəti heç kim saxlaya bilməz.

- Demək istəyirsiniz ki, əksəriyyət YAP hakimiyyətindən razıdır?

- Bəli, əksəriyyət razıdır.
Mənbə: BBC>>



Zaur Həsənov olayında yeni məqamlar üzə çıxır


10 Yanvar 2014 16:32

AHİK-in mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi sensasiya sayıla biləcək açıqlama yayıb;

Redaksiyamıza AHİK-in mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən yazı daxil olub. Musavat.com həmin yazını olduğu kimi dərc edir:

 Qarabağ qazisi Zaur Həsənov özünə qəsd edəndən sonra onu bu addımı atmağa vadar edən əsas səbəb kimi sökülmüş kafenin inşasına banklardan külli miqdarda borc götürülməsi göstərildi. İaşə obyekti sökülmüş,  banklardan götürülmüş vəsait geri qaytarılmamış, bank faizləri artmışdır. İlk baxışda tutarlı səbəblərdir, hətta bankların mərhumun mülkünə əl qoyması da söylənildi. Amma dəqiq məbləğ heç kim tərəfindən açıqlanmadı. Bu günlərdə əlimizə düşən rəsmi bir sənəd bu müəmmaya aydınlıq gətirir. «Edis Qroup» şirkəti 2011-ci il avqust ayında Azərbaycan Respublikası Ali Məhkəməsinə əlavə kassasiya şikayəti vermişdir. Həmin şikayətin bir bəndini olduğu kimi nəzərinizə çatdırırıq:
 «04.07.2011-ci ildə Həsənov Zaur bizim şirkətə mübahisəli tikinti ilə bağlı sənədlərin verilməsi ilə əlaqədar  müraciət edəndə, yalnız onda yuxarıda qeyd etdiyimiz məhkəmələr qərarlarından xəbər tutduq. Mübahisəli obyekti bizim şirkət tikib, bütün xərcləri bizim şirkət çəkib, obyekt bizim balansımızdadır, bizim işçilərin istirahət obyekti kimi işə salınıb. Lakin heç bir məhkəməyə bizi cavabdeh qismində cəlb etməyiblər, obyektə baxış keçirməyiblər. 70,0 kv metr ərazi bizim pulumuzla zibildən təmizlənib, qum tökülüb, ağaclar əkilib, abadlıq işləri aparılıb. Həmin ərazidə Qarabağ əlili Həsənov Zaur və digər 15 Qarabağ əlili ailələri ilə birgə dolanırlar». 
 Məlum odur ki, Bibi-Heybət qəsəbəsi, “Şıx” sanatoriyasının ərazisində yerləşən çayxananın faktiki qeyri-rəsmi sahibi “Edis Qroup” şirkəti olmuşdur. Yuxarıda Ali Məhkəmənin Plenumuna kassasiya şikayəti verərək həmin çayxananın yerinin şirkət tərəfindən təmir olunub abadlaşdırılması və müvafiq tikintinin aparılması qeyd edilmişdir. Eyni zamanda çayxananın həmin  şirkətin balansında olması haqqında məhkəməyə müvafiq sənədlər də təqdim etmişdir. “Edis Qroup” şirkətinin rəhbəri Məmmədov S.A. tərəfindən verilən kassasiya şikayətində göstərilmişdir ki, çayxananın faktiki sahibi onun şirkətidir,  Z. Həsənov və digər 15 Qarabağ əlili ailəsi ilə birgə oradan dolanırdılar.
 Həmçinin o da qeyd edilmişdir ki, Bibi-Heybət Bələdiyyəsi tərəfindən çimərlik zonasında 70 kv.m. torpaq sahəsi 08.04.2005-ci il tarixli, 25 saylı icarə müqaviləsi ilə Həsənov Zaur Həsən oğluna 10 illik istifadəyə verilmişdir. 2008-ci ildə Z. Həsənov “Edis Qroup” şirkətinə daxil olandan sonra zibillərin çıxarılması, abadlıq işlərinin görülməsi, işçilərin istirahəti ilə bağlı tikinti aparılması, ağacların əkilməsi və s. üçün şirkət bütün xərcləri özü çəkmiş, tikintini isə öz balansına qəbul etmişdir.  Bu sahə ilə bağlı məhkəmə mübahisələrinin olduğundan isə Həsənov Zaur  mübahisəli tikinti ilə bağlı sənədlərin verilməsi üçün şirkətə müraciət edəndə xəbər tutublar. Əlavə kassasiya şikayətində göstərilənlərdən belə məlum olur ki, çəkilən xərclərin Zaur Həsənova heç bir aidiyyəti olmamışdır. 
 Belə vəziyyətdə təbii sual doğur: Zaur Həsənovu bu faciəyə kim vadar etmişdir?!
 «Edis Qroup» şirkətinin AR Ali Məhkəməsinin sədri cənab Ramiz Rzayevə ünvanlandığı əlavə kassasiya şikayətini olduğu kimi sizə göndəririk. (Səh. 1, səh. 2, səh. 3)

AHİK-in mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi




Azərbaycan Respublikası Аli  Məhkəməsinin sədri cənab Ramiz Rzayevə

"Edis Qroup" Şirkəti tərəfindən




ƏLAVƏ KASSASİYA ŞİKAYƏTİ


 İddiaçılar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “Kurort” Səhmdar Cəmiyyətinin və “Şıx” sanatoriyasının cavabdehlər Bibi-Heybət Bələdiyyəsinə və fiziki şəxs Həsənov Zaur Həsən oğluna qarşı 25 saylı 08.04.2005-ci il tarixli “İcarə müqaviləsinin etibarsız  hesab edilməsi, qanunsuz tikililərin sökülməsi və sahənin boşaldılması barədə  iddiasına baxaraq 1 saylı Bakı Yerli İqtisad Məhkəməsi iddianın təmin edilməsi haqqında 10.09.2009-cu il tarixdə 2 (81) -1434 saylı Qətnamə qəbul etmişdir. 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 10.09.2009-cu il tarixli Qətnaməsinin dəyişmədən saxlanması haqda apellyasiya qətnaməsi 26.04.2011-ci il tarixdə qəbul edilmişdir. Kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddəti (cəmi 29 günü) bərpasından Apellyasiya Məhkəməsi imtina etdi. 12.01.2011-ci ildə Ali Məhkəmədə prosessual müddəti bərpasına razılıq vermədi. Əlavə kassasiya şikayətləri təmin edilməmişdir, axırıncı qərardad 01.06.2011-ci ildə qəbul edilmişdir.
 04.07.2011-ci ildə Həsənov Zaur bizim şirkətə mübahisəli tikinti ib bağlı sənədlərin verilməsi ilə əlaqədar müraciət edəndə, yalnız onda yuxarıda qeyd etdiyimiz məhkəmələr qərarlarından xəbər tutduq. Mübahisəli obyekti bizim şirkət tikib, bütün xərcləri bizim şirkət çəkib, obyekt bizim balansımızdadır, bizim işçilərin istirahət obyekti kimi işə salınıb. Lakin heç bir məhkəməyə bizi cavabdeh qismində cəlb etməyiblər, obyektə baxış keçirməyiblər. 70.0 kv metr ərazini bizim pulumuzla zibildən təmizlənib, qum tökülüb, ağaclar əkilib, abadlıq işləri aparılıb. Həmin ərazidə Qarabağ əlili Həsənov Zaur və digər 15 Qarabağ əlili ailələri ilə birgə dolanırlar.
 Məhkəmələrin heç birində biz iştirak etməmişik. Halbuki qərarlar ilə açıq-aşkar bizim Konstitusiya hüquqlarımız - sahibkarlıq hüququmuz, məhkəmə tərəfindən hüququn müdafiə təminatı, məhkəməyə müraciət etmək hüququmuz pozulub. Məhkəmələrdə Bakı şəhər İcra Hakimiyyətinin və AR Torpaq və Xəritəçəkmə Komitəsinin nümayəndələri də iştirak etməmişlər.
 Qeyd etmək istəyirik ki, о dövrdə qüvvədə olan 1971-ci il tarixli Azərbaycan SSRİ-nin Torpaq Məcəlləsinin 45-ci maddəsinin 5-ci bəndinə əsasən müəssisələrin, təşkilatların və idarələrin torpaqdan istifadə hüququna xitam verilməsinin əsasları müəyyən olunmuşdur ki ,verilən torpaq sahəsindən  dalbadal  2  il  istifadə  olunmadıqda  həmin  hüquqlara xitam verilməlidir.
 Azərbaycan Respublikasının Dahi Prezidenti Heydər Əliyevin qanuni qüvvədə olan “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanunun   tətbiq edilməsi barədə”  24.12.1999-cu il tarixli Fərmanına əsasən Bakı şəhəri Səbayel rayonu “Bibi-Heybət”qəsəbəsinin 36.9 hektar torpaq sahəsinin “Bibi-Heybət” qəsəbə bələdiyyəsinə verilməsi haqda 31.08.2000-ci ildə Bakı şəhəri İcra Hakimiyyətinin başçısı tərəfindən bələdiyyələrin torpaqlarının və mülkiyyətlərin müəyyən edilməsi və onlara təhvil verilməsi haqqında”  811 saylı Sərəncam qəbul edilmişdir.
 Sonradan Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 12.09.2000-ci ildə Səbayel rayonu üzrə “Bibi-Heybət” Bələdiyyəsinə ayrılan 36,9 hektar torpaq sahəsinin ayrıc göstərişləri qeyd edəndən sonra, 21.09.2000-ci ildə həmin sahə “Bibi-Heybət” qəsəbə Bələdiyyəsinə verilmişdir Mübahisəli 70 kv.m. torpaq sahəsi Bakı şəhər icra Başçısının "Bələdiyyələrin torpaqları və mülkiyyətlərin müəyyən edilməsi və onlara təhvil verilməsi haqqında" 3 1.08.2000-ci il tarixli 811 saylı sərəncamının 1-ci bəndinə əsasən Səbayel rayonu üzrə “Bibi-Heybət” qəsəbəsinin 36,9 hektar torpaq sahəsi sərəncama edilmiş əlavədə göstərilən sərhədlər daxilində Bibi-Heybət Bələdiyyəsinə təhvil verilmiş, həmin sahəyə aid sənədlər müəyyən edilmiş, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xəritə öz əksini tapmışdır. Həmin xəritəyə əsasən dəniz sahili boyunca 1,67 ha torpaq sahəsi və “Şıx” sanatoriyasının yerləşdiyi 2,2 ha sahə Bibi-Heybət bələdiyyəsinin mülkiyyətini təşkil edir və iddiaçıların mübahisələndirdiyi 70,0 kv metr torpaq sahəsi də bələdiyyəyə məxsusdur.
 “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası qanunun 32-ci maddəsinə əsasən bələdiyyələr yalnız öz əmlaklarına dair mülkiyyət hüququna malikdir. Yəni sərbəst olaraq öz əmlaklarına sahiblik edir, ondan istifadə edir və ona sərəncam verir. Qanuna uyğun olaraq Bibi-Heybət Bələdiyyəsi tərəfindən çimərlik zonasında 70 kv metr torpaq sahəsi 08.04.2005-ci il tarixli 25 saylı icarə müqaviləsi ilə Qarabağ əlili Həsənov Zaur Həsən oğluna 10 illik istifadəyə verilmiş, Həsənov Zaur ərazini zibillikdən təmizləmiş, sonra 2008-ci ildə bizim şirkətə daxil olandan sonra zibillərin çıxarılması üçün abadlıq işləri aparılması üçün işçilərin istirahəti üçün tikinti aparılması üçün ağacların əkilməsi üçün , bizim şirkət bütün xərcləri özü çəkdi, tikintini isə öz balansına qabul etdi.
 Məhkəmələr isə Azərbaycan Respublikası Prezidentinin qanuni qüvvədə olan “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə” 24.12.1999-cu il tarixli əsasən 36,9 hektar torpaq sahəsini "Bibi-Heybət Bələdiyyəsinə verilməsi haqda 31.08.2000-ci ildə Bakı şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən qəbul edilmiş 811 saylı sərəncamına əsaslanmaq əvəzinə, Bakı şəhəri İcra Hakimiyyətinin Başçısı heç bir qanuni əsası olmayan 16.04.2010-cu il tarixli 7-1015/17 saylı məktubu əsas kimi qəbul edərək, qeyri-qanuni qararlar qəbul edirlər.
 “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının 23.12.2003-cü il tarixli (11.06.2004-11.07.2010-cu illərdə olan əlavə və dəyişikliklərlə birgə) Qanunun 34.2.1-34.2.3-cü maddəsinə zidd olaraq, 
məhkəmə tərəfindən:
 - Prezidentin "Bələdiyyə əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 24.12.1999-cu il tarixli Fərmanı tətbiq edilməli  idi. lakin tətbiq edilməmişdir.
 -О dövrdə qüvvədə olan 1971 -ci il tarixli Azərbaycan SSRİ-nin Torpaq
Məcəlləsinin verilən torpaqdan 2 il istifadə olunmadıqda, həmin hüquqlara xitam verilməsi haqda 45-ci maddəsinin 5-ci bəndi tətbiq edilməli idi, lakin tətbiq edilməmişdir.
 -Tətbiq edilməli olmayan Bakı şəhər İcra Hakimiyyətinin Başçısı 16.04.2010-cu il tarixli 7-1015/17 saylı məktubu hüquqi akt kimi tətbiq edilmişdir.
 -Məhkəmə tərəfindən hətta tətbiq edilən normativ hüquqi aktlar düzgün şərh edilməmişdir.

 AR MPM-nin 424.2.1, 424.2.2, 424.2.3, 429.0.3-cü maddələrinə əsasan

 Xahiş edirik:

1. Bizim "Edis Qroup'" şirkəti cavabdeh qismində cəlb edəsiniz.
2. AR Ali Məhkəməsinin qərarına və onunla bağlı Bakı Apellyasiya Məhkəməsinin qərarlarını ləğv edib, işi Apellyasiya instansiya məhkəməsinə bizim iştirakımızla yenidən baxılmağa göndərəsiniz



“Edis Qroup” Şirkətinin Prezidenti  S.A. Məmmədov

Vəkil  Z.Ə Salahov
Mənbə: Musavat.com>>

  

Zaur Həsənovun atası oğlunun işlətdiyi obyektə heç bir xərc çəkmədiyi barədə iddialara cavab verdi

ŞƏNBƏ, 11 YANVAR 2014 09:26

    Azərbaycan Həmkarlar Ittifaqları Konfederasiyası (AHIK) özünə qəsd edən Qarabağ qazisi Zaur Həsənova məxsus olduğu iddia edilən kafe ilə bağlı açıqlama yayıb. AHIK-in mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin yaydığı açıqlamada iddia edilir ki, Zaur Həsənovun işlətdiyi obyektin tikilməsilə bağlı bütün xərcləri “Edis Group” şirkəti çəkib.

   AHIK bu iddiasını şirkətin 2011-ci il avqust ayında Ali Məhkəməyə əlavə kassasiya şikayəti ilə əsaslandırır. “Edis Group” şirkətinin rəhbəri Samir Məmmədov tərəfindən verilən kassasiya şikayətində göstərilib ki, çayxananın faktiki sahibi onun şirkətidir, Zaur Həsənov və digər 15 Qarabağ əlili ailəsi ilə birgə oradan dolanıblar. O da qeyd edilib ki, Bibiheybət Bələdiyyəsi tərəfindən çimərlik zonasında 70 kv.m. torpaq sahəsi 08.04.2005-ci il tarixli, 25 saylı icarə müqaviləsi ilə Həsənov Zaur Həsən oğluna 10 illik istifadəyə verilib. 2008-ci ildə Zaur Həsənov “Edis Group” şirkətinə daxil olandan sonra zibillərin çıxarılması, abadlıq işlərinin görülməsi, işçilərin istirahəti ilə bağlı tikinti aparılması, ağacların əkilməsi üçün şirkət bütün xərcləri özü çəkmiş, tikintini isə öz balansına qəbul edib. Bu sahə ilə bağlı məhkəmə mübahisələrinin olduğundan isə Həsənov Zaur mübahisəli tikinti ilə bağlı sənədlərin verilməsi üçün şirkətə müraciət edəndə xəbər tutublar. Əlavə kassasiya şikayətində göstərilənlərdən belə məlum olur ki, çəkilən xərclərin Zaur Həsənova heç bir aidiyyəti olmayıb.

   Zaur Həsənovun atası Həsən Həsənov isə “Azadlıq”a bildirib ki, bu iddiaların heç bir əsası yoxdur: “Həmin obyekt 1994-1995-ci illərdən mənim oğlumda olub. Onun tikilməsi, abadlıq işləri ilə bağlı xərcləri mənim oğlum çəkib. Hətta pul çatmadığına o, bankdan 13 min manat kredit də götürüb. O Samir Məmmədov ”maxinator"dur. Yalan danışır. Onlar heç bir xərc çəkməyib obyektə". 

   Həsən Həsənov bildirib ki, Samir Məmmədov həmin obyekti ələ keçirmək istəyib. “Mən onu obyektdən çıxarmışam. Obyekti ələ keçirmək istəyirdi. Əgər xərci o çəkmişdisə niyə çıxırdı obyektdən?”, - deyə mərhum Qarabağ qazisinin atası əlavə edib.



İddialara görə, Qarabağ qazisini Həmkarlar İttifaqları Konfederasiyası binasının qarşısına Səfər Əbiyevə yaxın adamların cip maşınında gətiriblər

11 Yanvar 2014 09:00


Dünən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) Qarabağ qazisi Zaur Həsənov olayı ilə bağlı yeni xəbər yayıb. Həmin xəbər özündə hadisənin mahiyyətinə, başvermə səbəblərinə dair ciddi dəlillər, faktlar daşıyır. Yanvarın 10-da ölkədə fəaliyyət göstərən əksər sayt və xəbər agentlikləri, musavat.com da daxil olmaqla, AHİK-in bu məlumatını yaydı. AHİK-in mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin yaydığı həmin xəbəri olduğu kimi dərc edirik:


“Qarabağ qazisi Zaur Həsənov özünə qəsd edəndən sonra onu bu addımı atmağa vadar edən əsas səbəb kimi sökülmüş kafenin inşasına banklardan külli miqdarda borc götürülməsi göstərildi. İaşə obyekti sökülmüş, banklardan götürülmüş vəsait geri qaytarılmamış, bank faizləri artmışdır. İlk baxışda tutarlı səbəblərdir, hətta bankların mərhumun mülkünə əl qoyması da söylənildi. Amma dəqiq məbləğ heç kim tərəfindən açıqlanmadı. Bugünlərdə əlimizə düşən rəsmi bir sənəd bu müəmmaya aydınlıq gətirir. ”Edis Qroup" şirkəti 2011-ci ilin avqust ayında Ali Məhkəməyə əlavə kasasiya şikayəti verib. Həmin şikayətin bir bəndini olduğu kimi nəzərinizə çatdırırıq:


“04.07.2011-ci ildə Həsənov Zaur bizim şirkətə mübahisəli tikinti ilə bağlı sənədlərin verilməsi ilə əlaqədar müraciət edəndə, yalnız onda yuxarıda qeyd etdiyimiz məhkəmələrin qərarlarından xəbər tutduq. Mübahisəli obyekti bizim şirkət tikib, bütün xərcləri bizim şirkət çəkib, obyekt bizim balansımızdadır, bizim işçilərin istirahət obyekti kimi işə salınıb. Lakin heç bir məhkəməyə bizi cavabdeh qismində cəlb etməyiblər, obyektə baxış keçirməyiblər. 70,0 kv metr ərazi bizim pulumuzla zibildən təmizlənib, qum tökülüb, ağaclar əkilib, abadlıq işləri aparılıb. Həmin ərazidə Qarabağ əlili Həsənov Zaur və digər 15 Qarabağ əlili ailələri ilə birgə dolanırlar”.


Beləliklə, məlum olur ki, Bibiheybət qəsəbəsi, “Şıx” sanatoriyasının ərazisində yerləşən çayxananın faktiki qeyri-rəsmi sahibi “Edis Qroup” şirkəti olub. Ali Məhkəmənin Plenumuna verilən kasasiya şikayətində həmin çayxana yerinin şirkət tərəfindən təmir olunub abadlaşdırılması və müvafiq tikintinin aparılması qeyd edilir. Eyni zamanda çayxananın həmin şirkətin balansında olması haqda məhkəməyə müvafiq sənədlər də təqdim edilib. “Edis Qroup” şirkətinin rəhbəri Məmmədov S.A. tərəfindən verilən kasasiya şikayətində göstərilib ki, çayxananın faktiki sahibi onun şirkətidir, Z.Həsənov və digər 15 Qarabağ əlili ailəsi isə sadəcə oradan dolanıblar. Bundan başqa, qeyd edilir ki, Bibiheybət Bələdiyyəsi tərəfindən çimərlik zonasında 70 kv.m. torpaq sahəsi 08.04.2005-ci il tarixli, 25 saylı icarə müqaviləsi ilə Həsənov Zaur Həsən oğluna 10 illik istifadəyə verilib. 2008-ci ildə Z.Həsənov “Edis Qroup” şirkətinə daxil olandan sonra zibillərin çıxarılması, abadlıq işlərinin görülməsi, işçilərin istirahəti ilə bağlı tikinti aparılması, ağacların əkilməsi və s. üçün şirkət bütün xərcləri özü çəkib, tikintini isə öz balansına qəbul edib. Bu sahə ilə bağlı məhkəmə mübahisələrinin olduğundan isə Həsənov Zaur mübahisəli tikinti ilə bağlı sənədlərin verilməsi üçün şirkətə müraciət edəndə xəbər tutublar. Əlavə kasasiya şikayətində göstərilənlərdən belə məlum olur ki, çəkilən xərclərin Zaur Həsənova heç bir aidiyyəti olmayıb".


AHİK-in mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi “Edis Qroup”un Ali Məhkəmənin sədrinə ünvanlandığı əlavə kasasiya şikayətinin surətini də yaydığı məlumata əlavə edib. Həmin şikayətdə “Edis Qroup” şirkəti Ali Məhkəmə sədrindən cavabdeh qismində işə cəlb edilmələrini, Bakı Apelyasiya Məhkəməsinin qərarlarının ləğv olunmasını, işə şirkət nümayəndəsinin iştirakı ilə apelyasiya instansiyasında yenidən baxılmasını xahiş edir.
AHİK-in yaydığı bu məlumatdan sonra “Edis Qroup”la bağlı araşdırma apardıq. Dünya torunda “Edis Qroup” adlı şirkətlə bağlı bir neçə məlumat var. Həmin məlumatların heç birində şirkətin Azərbaycanda fəaliyyəti haqda isə bilgi yoxdur.


Apardığımız araşdırma zamanı Azərbaycanda fəaliyyət göstərən “Edis Qroup” şirkətinin sabiq müdafiə naziri Səfər Əbiyevə yaxın şəxslər tərəfindən idarə edildiyini öyrəndik. Belə məlumatlar da var ki, “Edis Qroup” sabiq nazirin özünə məxsus çoxsaylı şirkətlərdən biridir. Araşdırmalar zamanı onu da öyrəndik ki, hadisə baş verən gün Z.Həsənovu AHİK binası qarşısına gətirən də şirkətin nümayəndələri olub. İddialara görə, Qarabağ qazisini Həmkarlar İttifaqları Konfederasiyası binasının qarşısına Səfər Əbiyevə yaxın adamların cip maşınında gətiriblər. Mənbəmiz deyir ki, həmin avtomobil və onun sahibi istintaqa məlumdur.


Hələlik bu məlumatın nə dərəcədə həqiqət olmasını aydınlaşdıra bilməmişik. Amma əlimizə çatan məlumatlara əsasən demək olar ki, Z.Həsənov olayının arxasında sabiq müdafiə nazirinin silueti görünür.
Mövzuya qayıdacağıq.
E.HÜSEYNOV



Sabiq Müdafiə naziri Səfər Əbiyev Zaur Həsənov məsələsində adının hallandırılmasını təkzib etdi 

11.01.14; 15:04 

Səfər Əbiyev “Qafqazinfo” ilə əlaqə saxlayaraq haqqında gedən yazılarla bağlı eksklüziv açıqlama verib. Sabiq nazir son olaraq adının özünü yandıraraq həlak olan Qarabağ qazisi Zaur Həsənovun ölüm işində hallandırılmasına etiraz edib. O, bildirib ki, sözü gedən yazıda onun adı ilə əlaqələndirilən “Edis Qroup” şirkəti ilə heç bir əlaqəsi olmadığını, ümumiyyətlə bu şirkət barəsində birinci dəfə eşitdiyini deyib:

“Mən bu məlumtların hansı mərkəzdən idarə olduğunu yaxşı bilirəm. Mənim hər hansı bir xarici şirkətlə əlaqəm yoxdur. Haqqımda yazılan həm bu  həm də digər dəqiqləşdirilməmiş xəbərlərə görə təəssüf edirəm”.

Qeyd edək ki, bu gün “Yeni müsavat” qəzetində “Özünü yandıran Qarabağ qazisi işində Səfər Əbiyev izi” başlıqlı yazı dərc edilib. Həmin yazıda dünyasını dəyişən Qarabağ qazisi Zaur Həsənovun özünün yandırmasına səbəblərdən biri kimi göstərilən “Edis Qroup” şirkətinin sabiq müdafiə naziri Səfər Əbiyevə yaxın şəxslər tərəfindən idarə edildiyi iddia edilib.



Zaur Həsənovun faciəsini Səfər Əbiyevə bağlamaq cəhdləri boşa çıxdı 

“Edis Gruop” nədir və bu şirkətin sahibi kimdir?
15/1/2014 [10:57]

Müxalifət partiyalarının bir-birinə qarşı təhqiramiz savaş açması özünü yandıraraq intihar edən qazi Zaur Həsənovun faciəsini gündəmdən çıxarıb. Bu arada hadisəyə bilavasitə nədən olmuş Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri S.Mehbalıyev özünü tam şəkildə təmizə çıxarmaq üçün “Edis Group” adlı bir şirkətin adını ortaya atıb. 

Belə ki, yanvarın 10-da AHİK-in rəsmi internet səhifəsində Z.Həsənovla bağlı yeni açıqlama yer alıb. Açıqlamada iddia olunur ki, uçurulmuş kafe Z.Həsənova məxsus deyilmiş və ora çəkilən xərclərin də ona aidiyyəti olmayıb.  Guya kafe ilə bağlı «Edis Group» şirkəti 2011-ci il avqust ayında Azərbaycan Respublikası Ali Məhkəməsinə əlavə kasasiya şikayəti verib. Saytda həmin şikayətin bir bəndi olduğu kimi təqdim olunur: “04.07.2011-ci ildə Zaur Həsənov bizim şirkətə mübahisəli tikinti ilə bağlı sənədlərin verilməsi ilə əlaqədar müraciət edəndə, yuxarıda qeyd etdiyimiz məhkəmə qərarlarından xəbər tutduq. Mübahisəli obyekti bizim şirkət tikib, bütün xərcləri biz çəkmişik, obyekt bizim balansımızdadır, işçilərimizin istirahət obyekti kimi işə salınıb. Lakin heç bir məhkəməyə bizi cavabdeh qismində cəlb etməyiblər, obyektə baxış keçirməyiblər. 70 kvadratmetr ərazi bizim pulumuzla zibildən təmizlənib, qum tökülüb, ağaclar əkilib, abadlıq işləri aparılıb. Həmin ərazidə Qarabağ əlili Zaur Həsənov və digər 15 əlil ailələri birgə dolanırlar”.

Qeyd edək ki, verilən bu şikayət əsaslı sayılmayıb və “Edis Group” məhkəmə tərəfindən Z.Həsənovun “obyekti”nə sahib kimi tanınmayıb. Bir sözlə, bu sadəcə S.Mehbalıyevin hədəfi özündən yayındırmaq istəyi ilə atdığı addıma bənzəyir.

Bəs “Edis Gruop” nədir və bu şirkətin sahibi kimdir?

“Bizim Yol”un apardığı araşdırmalara görə, eyni adlı Rusiya Federasiyasında şirkət mövcuddur. Şirkət taxta-şalban, mebel və parket satışı ilə məşğuldur. Rusiyada bu artıq brend şirkət sayılır. Başında da Yeqor Quşetski durur. Amma eyni adlı şirkətin Azərbaycanla iş ortaqlığı və filialı yoxdur.  “Edis Group” Azərbaycanda 02.04.2008-ci il tarixində 300 manatlıq nizamnamə kapitalı ilə hüquqi şəxs kimi dövlət qeydiyyatından keçib. 2012-ci maliyyə ili üçün də müvafiq hesabatını verib. Şirkətin sahibi isə Məmmədov Samir Arif oğludur. Amma nə bu ad soyadlı şəxsin, nə də şirkətin nə işlə  məşğul olması barədə internet resurslarında məlumat yoxdur. S.Məmmədovun adı isə bir neçə məhkəmə prosesində cavabdeh kimi ayrı-ayrı kreditor qurumlara olan borcun qaytarılması iddiası üzrə keçir.

Sözü gedən şirkətin hüquqi ünvanı olan AZ1023, Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi, ev 35-ada isə, “Edis Group Az” adında başqa bir  məhdud məsuliyyətli cəmiyyət də 100 manatıq nizamnamə kapitalı ilə 31.03.2009-cu  ildə qeydiyyatdan keçib. Bu şirkətin sahibi isə Əşrəfov Vaqif Əliağa oğludur. İnternet resurslarında bu şirkərin də nə işlə məşğul olması və sahibi barədə məlumat yoxdur. 

Habelə Azərbaycanda  S.Məmmədovun həmtəsisçiliyi ilə və faktiki hüquqi varisi olduğu başqa bir şirkətdə var. Bu 16.04.2012-ci il tarixində min manatlıq nizamnamə kapitalı ilə qeydiyyatdan keçmiş "EFFEKT-E.S.M.S. HOLDİNQ" Məhdud Məsuliyyətli cəmiyyətdir. Holdinqin təsisçiləri Məmmədov Samir Arif oğlu, Əliyev Rübayil Səbirulla oğlu, "AMAL+A" Məhdud Məsuliyyətli Cəmiyyəti, "EDİS GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti, "PİRAMİDA-F.R."Məhdud Məsuliyyətli Cəmiyyəti, "KOMPAS" Məhdud Məsuliyyətli Cəmiyyəti və  Abdullayev Cavid Məzahir oğludur. 

Beləliklə məlum olur ki, əslində AHİK-in arqument kimi ortaya atdığı “Edis Group” ciddi bir şirkət deyil və ciddi bir işlə də məşğul deyil. 

Habelə, mediada bu şirkətin sabiq müdafiə naziri Səfər Əbiyevə aid olduğu barədə xəbərlər dolaşsa da, sabiq nazir bu məlumatları təkzib edib. Araşdırmalarımız davam edir...

 İdrak Abbasov

Mənbə: Bizimyol.info>>

ą
1.jpg
(81k)
Aydın Məmmədov,
10 Oca 2014 05:26
ą
2.jpg
(88k)
Aydın Məmmədov,
10 Oca 2014 05:26
ą
3.jpg
(50k)
Aydın Məmmədov,
10 Oca 2014 05:26