Son əlavələr‎ > ‎

Bir nəfər də özünü körpüdən belə atdı; Azərbaycanda adamlar özlərini niyə öldürürlər?!

4 Oca 2014 11:21 tarihinde Aydın Məmmədov tarafından yayınlandı
      Gecə saatlarında metronun "Koroğlu" stansiyasının yaxınlığında, Heydər Əliyev prospektindəki körpüdə intihar hadisəsi qeydə alınıb.   Hadisə şahidlərinin  verdiyi məlumata görə, bir nəfər 20 yaşlarında gənc körpünün dəmir konstruksiyasının üzərinə çıxıb və özünü oradan aşağı ataraq intihar edib.

Mənbə: Bizim Yol >>


Yenicə yola saldığımız 2013-cü ilin şübhəsiz ki, ən səs-küylü hadisələrindən biri dekabrın 25-də özünü yandıran ikinci qrup Qarabağ əlili Zaur Həsənovun üç gün sonra dünyasını dəyişməsi idi. Bu hadisə həm də ona görə daha çox diqqət çəkmişdi ki, 5 uşaq atası olan Zaur Həsənov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının qarşısında bu qurumun rəhbəri, deputat Səttar Mehbalıyevlə aralarında yaranan problemə görə özünə od vurmuşdu. Amma ötən il hansısa səbəbdən özünə od vuran təkcə Zaur deyil. 

Ötən il Azərbaycanda adamlar niyə özlərini yandırırdılar?! Yaxud 16 hadisənin təfərrüatı

Modern.az saytı 2013-cü il ərzində özlərini yandırmaqla həyatlarına qəsd edən, yaxud buna cəhd göstərənlərlə bağlı araşdırma aparıb. Öncə onu qeyd edək ki, üzləşdiyi bu və ya digər problem, yaxud ailədaxili münaqişə səbəbindən özlərinə od vuranların sayı o qədər də çox olmayıb. Eyni zamanda onu da qeyd edək ki, bu cür intiharlar dəhşətli xarakter daşıyır və Azərbaycanda da il ərzində onlarla adam özünü həyatdan bu yolla məhrum etmək yolunu seçir.
Qarabağ əlilindən söz düşmüşkən, Qarabağda döyüşüb düşmənə sinə gəlib salamat qalan Yardımlı rayon sakini Namiq Tərlanov ötən il noyabrın 7-də axşam saatlarında Bakıda bulvar ərazisində özünü öldürmək məqsədilə özünü dənizə atıb. Xilasedicilərin intihar niyyətinin baş tutmasına imkan vermədiyi orta yaşlı Namiqin sonradan dedikləri isə ürəkağrıdıcı olub. Onun sözlərinə görə, Qarabağ müharibəsində ermənilərə qarşı döyüşəndə ağır yaralanıb və hazırda 6-7 qabırğası yoxdur. O, xəstə olmasına baxmayaraq, dövlətin köməklik etməməsindən şikayətlənib və həyatdan bezərək özünü öldürmək istəyib. Bu olayı Zaur Həsənovdan sonra təsadüfən qeyd etmədik. Qarabağ əlilinin faciəli, həm də dəhşətli taleyindən təsirlənən hər kəs, hətta millət vəkilləri etiraf edirdilər ki, bu cür adamlara daha çox qayğı göstərilməlidir. Görünür, Zaurun taleyi unudulmayacaq və heç olmasa Qarabağ əlillələrinin minimum problemləri həll olunacaq.


Hərbi şəhərcikdə dəhşətli intihar

Ötən il fevralın ortalarında Gəncə şəhərində də dəhşətli intihar hadisəsi baş verib. Buradakı hərbi şəhərcikdə yaşayan 23 yaşlı Ayşən İsmayılova üstünə benzin tökərək özünə od vurub. A.İsmayılova ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, ölüb.

İntihar edən gənc qız bir müddət əvvəl ailə həyatı qurubmuş.


Maştağa sakini özünü yandırıb

2013-ün aprel ayında Sabunçu rayonu, Maştağa qəsəbə sakini, 33 yaşlı Mehdi Nəsirov yaşadığı evin həyətində üzərinə benzin tökərək özünü yandırıb. Nəticədə aldığı ağır yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilən M. Nəsirov orada dünyasını dəyişib.


Oğlunu itirən ata özünü qəbiristanlıqda yandırıb

Keçən il iyulun 8-də Abşeron rayonu, Xırdalan sakini, 60 yaşlı Şamil Məmmədov şəhər qəbiristanlığında özünü yandırıb. Ş.Kamilov xəstəxanaya yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb.
Araşdırma zamanı məlum olub ki, Ş.Məmmədovu özünü öldürməyə vadar edən səbəb cavan oğlunun faciəvi ölümünə dözə bilməməsidir. Bir il əvvəl oğlunu “Şamaxinka” yaxınlğında maşın vuraraq öldürən ata sonra sarsıntı keçirib. O vaxtdan evini-eşiyini satan ata Bakının müxtəlif yerlərində kirayə yaşayıb.
Şamil Məmmədov iyulun 8-də, oğlunun dəfn olunduğu qəbiristanlığa gəlib. Övladının məzarı başında “Ay oğul” deyərək fəryad qoparıb. Xeyli ağlayandan sonra üzərinə benzin tökərək od vurub. Hüquq-mühafizə orqanı əməkdaşları hadisə yerinə gələrkən Ş.Məmmədov tamamilə yansa da, danışmağa özündə güc tapıb. Məzardan bir neçə metr kənarda çapalayan Ş.Məmmədov bunları deməyi bacarıb: “Bura övladımın qəbridir. Oğlumsuz yaşamağı bacarmadım”.


Xaçmazda 4 uşaq anası özünü yandırıb

2013-ün avqust ayında Xaçmaz rayonu, Şərifoba kənd sakini, 24 yaşlı Elnaz Ömərova özünü yandırıb. Dərhal Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılan qadın sonra Bakıya göndərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. 4 uşaq anası olan Elnaz Ömərovanın özünü hansı səbəbdən yandırmasının səbəbləri açıqlanmayıb.

Ötən ilin sentyabr ayında isə Binəqədi rayonu, Biləcəri qəsəbəsində kirayədə yaşayan Füzuli rayon sakini, 28 yaşlı Naibə İmanova üstünə benzin tökərək özünü yandırıb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan N. İmanovanın həyatını xilas etmək mümkün olmayıb.


Diri-diri yanıb

Ağcabədi rayonu, Rəncbərlər kənd sakini,58 yaşlı Faiq Əsgərov da 2013-cü ildə üstünə benzin tökərək özünə od vurub. O, aldığı yanıq xəsarətlərindən dünyasını dəyişib. İlkin məlumata görə, Faiq Əsgərov ailə münaqişəsi zəminində özünü yandırıb.


Polis şöbəsi qarşısında intihar cəhdi

Hər bir insanın özünü yandırması həyatına qəsd etməsi üçün seçdiyi ən dəhşətli vasitədir. Göründüyü kimi, bu cür intiharçıları xəstəxanaya çatdırsalar belə, həyatlarını xilas etmək mümkün olmur. Amma hərdən bu yolla intihar etmək cəhdi də sona qədər reallaşmamış qalır. Məsələn, yanvar ayında Fizuli rayonunun Horadiz şəhərində Dünyamin Adıgözəlov özünü rayon Polis Şöbəsinin binası qarşısında yandırsa da, bu cəhdi onun həyatını itirmək bahasına başa gəlməyib. Bildirildiyinə görə, D.Adıgözəlovun Ağdam rayonundan məcburi köçkün olan Zahid adlı bir nəfərlə məhkəmə çəkişməsi olub. Belə ki, onlar bir müddət şərikli soğan əkib satmaqla məşğul olublar. Lakin sonradan aralarında narazılıq yaranıb. Bunun üçün də tərəflər məhkəməyə müraciət ediblər. D.Adıgözəlov yanvarın 29-da Fizuli Rayon Polis Şöbəsinin rəis müavini Rəhim Mirzəyevin qəbulunda olub. Oradan çıxandan sonra isə binanın qarşısında üzərinə benzin tökərək özünü yandırıb. D.Adıgözəlov ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olduğu üçün Bakıya göndərilib.


Ədliyyə işçisi özünü yandırmaq istəyib

Yola saldığımız il fevralın 6-da Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Binə qəsəbəsində yerləşən 17 saylı cəzaçəkmə müəssisəsinin yeməkxanasında müdir vəzifəsində işləyən Yaşar Nəsirov baş idarənin qarşısında əlində iki ədəd rezin qabda olan 10 litr benzinlə özünə od vurmaq istəyib.
Y.Nəsirov 10 litr benzini üzərinə tökərək alışqanla özünü yandıran anda polis əməkdaşları onu qabaqlayaraq dəhşətli intiharın qarşısını alıblar. Onu da əlavə edək ki, Y.Nəsirov Penitensiar Xidmətin Binə qəsəbəsindəki ailə yataqxanasında yaşayır. Özünü öldürməyə cəhd edən ədliyyə işçisi intihara vadar edən səbəbi açıqlayıb. Nəsimi Rayon Prokurorluğundan bildirilib ki, Yaşar Nəsirov özünü ona qarşı edilən haqsızlığa etiraz olaraq öldürmək istəyib. İfadəsində deyib ki, işlədiyi cəzaçəkmə müəssisəsinin rəhbərliyi, ona qarşı təzyiq göstərir və işdən çıxarmağa çalışır. Haqsızlığa dözməyərək özünü öldürmək istəyib.


15 yaşlı qız özünü yandırıb

Gəncə şəhərində anadan olan, Gülüstan qəsəbəsi ərazisində, ADAU-nun 6 saylı yataqxanasında məskunlaşan, Kəlbəcərdən olan məcburi köçkün, 15 yaşlı Almaz Kərimova martın 7-də özünü yandırıb. Torpaq mübahisəsi üstündə həyatına qəsdə cəhd edən yeniyetmə qızın yanıq xəsarətləri çox olduğuna görə müalicə üçün Bakıya gətirilib. İlkin məlumatlarda 15 yaşlı qızın özünü yandırmasına polisin təhrik etdiyi bildirilsə də, Daxili İşlər Nazirliyi bu iddianı təkzib edib. Nazirliyin mətbuat xidmətinin rəis müavini, polis polkovnik-leytenantı Ehsan Zahidovun sözlərinə görə, ötən il martın 6-da Gəncə şəhər sakini Şahlar Əsgərov Nizami Rayon Polis İdarəsinə ərizə ilə müraciət edib və bildirib ki, Kəlbəcər rayon sakini Gülöyşə Kərimova ona məxsus olan torpaq sahəsini qanunsuz olaraq zəbt edib və orada tikinti işləri aparır. Əsgərov polis idarəsindən həmin qanunsuz tikintinin qarşısının alınması üçün kömək edilməsini xahiş edib. Ərizə ilə bağlı araşdırma sahə inspektoruna tapşırılıb. Martın 7-də sahə inspektoru ərizəçinin göstərdiyi əraziyə gedərkən orada, həqiqətən də 4 fəhlənin qanunsuz tikinti işləri apardığını görüb və məsələni araşdırmaq məqsədilə həm ərizəçini, həm də tikintinin sahibi Gülöyşə Kərimovanı Nizami Rayon Polis İdarəsinə dəvət edib. Bu zaman evdə olan Gülöyşə Kərimovanın 15 yaşlı qızı Almaz Kərimova anasının polis idarəsinə getməsinə etiraz əlaməti olaraq evdə olan nefti üzərinə tökərək özünü yandırıb. Evdə səs-küy gəldiyini eşidən sahə müvəkkili evə qaçıb və görüb ki, qız özünü yandırıb. Polis qızı tez qucağına götürərək həyətdəki qum topası vasitəsilə onun alovunu söndürüb və dərhal təcili tibbi yardıma zəng edərək həkim çağırıb, yeniyetmənin təcili olaraq xəstəxanaya çatdırılmasını təmin edib.
Keçən il aprelin 19-da gecə saatlarında isə Qusar şəhərndə yaşayan, 22 yaşlı Mehparə Allahyarova da özünü yandırıb. O, dərhal Qusar Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Mayın 16-da axşam saatlarında Qusar rayonu, Urva kənd sakini 30 yaşlı Volodya Eyvazov yaşadığı evin həyətində üstünə benzin tökərək özünü yandırıb. 1-ci, 2-ci və 3-cü dərəcəli yanıq xəsarətləri ilə Qusar rayon Mərkəzi Xəstəxanasına çatdırılan V. Babayevin bədəninin təxminən 60 faizinin yandığı bildirilib. Vəziyyəti ağır olduğundan xəsarət alan şəxs Bakıda yerləşən tibb müəssisələrindən birinə yerləşdirilib.


Anası ilə mübahisə edən kişi özünə od vurub

2013-cü il mayın 1-də saat 23 radələrində Lənkəran şəhərində yaşayan, 41 yaşlı Zülfüqar Kazımov üstünə neft tökərək, özünü yandırmaqla intihara cəhd edib. Hadisədən tez xəbər tutan yaxınları alovu söndürərək, təcili onu Lənkəran Mərkəzi rayon Xəstəxanasına çatdırıblar. İlkin versiya kimi Z. Kazımovun intihara cəhd etməsinə anası ilə şəxsi mübahisənin səbəb olduğu bildirilir.

44 yaşlı Gəncə şəhər sakini Gülnarə Mahmudova da ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Araşdırma zamanı məlum olub ki, G.Mahmudova axşam aatlarında yaşadığı yataqxanada 21 yaşlı qızı Ceyhunə Rəfiyeva ilə mübahisə edib və sonra intihar məqsədi ilə üzərinə ağ neft tökərək yandırıb.


Şamaxıda 3 uşaq anası üstünə benzin tökərək özünü yandırıb

Geridə qalan il iyunun 25-də saat 13 radələrində Şamaxı şəhərində 37 yaşlı Tamilə Ağayeva üstünə benzin tökərək özünü yandırıb. Təcili olaraq Şamaxı Mərkəzi Rayon Xəstəxanasına çatdırılan Tamilə Ağayevanı həkimlər çətinliklə xilas edə biliblər. II və III dərəcəli termiki yanığı diaqnozu ilə cərrahiyyə şöbəsində müalicə olunan xəstənin bədəninin 54 faizi yanıb. Tamilə Ağayeva 3 övlad anasıdır və həyat yoldaşı dünyasını dəyişib. Qadının hansı səbəbdən özünü yandırmasının səbəbi açıqlanmayıb.


Məhkəmə binası qarşısında intihara cəhd

54 yaşlı Şəmkir rayon sakini Çimnaz Hacıyeva 2013-cü il iyulun 25-də Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibatı binasının qarşısında üzərinə neft tökərək özünü yandırmaq istəyib. Ətrafdakı şəxslərin səyi nəticəsində qadının əlindən kibriti almaq mümkün olub. Araşdırma zamanı məlum olub ki, Ç. Hacıyevanın qızı Bəsti Məmmədova bir neçə ay öncə Şəmkir rayonunda əri tərəfindən qətlə yetirilib. Şəmkir rayon Prokurorluğunda açılan cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsində göndərilib. Dövlət ittihamçısı məhkəmə gəlmədiyi üçün proses təxirə salınıb. Çimnaz Hacıyeva da məhkəmə prosesinin təxirə salınmasına etiraz edərək özünü yandırmaq istəyib.
Qeyd edək ki, 2012-ci il sentyabrın 25-də Şəmkir rayonu, Şiştəpə kənd sakini, 34 yaşlı Niyaməddin Məmmədov həyat yoldaşı 29 yaşlı Bəsti Məmmədovanı “Mazda” markalı avtomobili ilə kimsəsiz əraziyə aparıb.
Orada həyat yoldaşını döyən Niyaməddinsonra onun üstündən bir neçə dəfə avtomobillə keçərək qətlə yetirib. İlkin məlumatlara görə, hadisə qısqanclıq zəminində baş verib. N.Məmmədov saxlanaraq istintaqa təhvil verilib. O, Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib və cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Sahə müvəkkili ilə mübahisə edən sürücü özünü yandırıb

Ötən ilin sentyabr ayında Kürdəmir rayonunun Sığırlı kənd sakininin sahə müvəkkilini və özünü yandırdığı haqda məlumat yayılıb. İlk məlumatda qeyd edilirdi ki, sahə müvəkkili sürücü işləyən Sığırlı kənd sakininin avtomobilini yoxlayarkən daşıdığı yanacaqla maraqlanıb. Bu zaman onların arasında mübahisə yaranıb. Əsəblərinə hakim ola bilməyən sürücü avtomobildəki benzini özünün və sahə müvəkkilinin üstünə tökərək od vurub. Hadisə nəticəsində hər iki şəxsin III dərəcəli yanıq xəsarəti aldıqları iddia edilirdi.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov isə sonradan KİV-ə açıqlamasında bu məlumatın şişirdildiyini və təhrif edildiyini deyib. Onun sözlərinə görə, əslində Kürdəmir rayonunun Ərəbqubalı kəndinin sahə müvəkkili kəndin yaxınlığında qanunsuz neft yanacaq məhsullarının satılması barədə məlumat əldə edib. Neft məhsullarını satan isə Sabirabad rayonunun Cavadkənd sakini Zabit Ağayev olub. O, dövlətə məxsus UAZ markalı maşınla qablara yığılmış dizel yanacağını yol kənarına düzərək satırmış: “Sahə müvəkkili ona yaxınlaşaraq rayon Polis Şöbəsinə gəlməyi və işi sənədləşdirməyi təklif edib. Polis Şöbəsinin qarşısında avtomobildən düşən sahə müvəkili Zabit Ağayevin özünə od vurduğunu görür. Sahə müvəkkili dərhal müdaxilə edib, onun paltarlarını əynindən çıxarır və həmin şəxsin özünü yandırma cəhdinin qarşısı alınıb”.
E.Zahidov deyib ki, Z.Ağayev yüngül yanıq xəsarəti alıb. Z.Ağayev ifadəsində bildirib ki, dizel yanacağını işlədiyi dövlət qurumundan əldə edib. Buna görə də Polis Şöbəsinin qarşısında bu məslənin aktlaşdırılacağı halda iş yerində də olaydan xəbərdar olacaqlarını bilib. İşdən çıxarılacağından qorxduğu üçün özünə od vurub.


Əfqanıstan vətəndaşının Bakıdakı intiharı

Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayan 41 yaşlı Məhəmməd Əzim də keçən il özünü yandıraraq intihara cəhd edib.

Lakin hidisədən xəbər tutan yaxınları onu xilas ediblər. Əfqanıstan vətəndaşı olan Məhəmməd Əzim xəstəxanaya yerləşdirilib. Onun hansı səbəbdən özünü öldürmək istəməsi açıqlanmayıb.


Sevgilisinə əsəbiləşib özünü yandırıb

Yasamal rayonunda 40 yaşlı Lamiyə Allahverdiyeva keçən il üstünə yandırıcı maye tökərək özünü yandıranlar sırasında yer alır. Ərazidə olan şəxslər yanan qadını xilas ediblər, o, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Araşdırma zamanı məlum olub ki, Lamiyə Allahverdiyeva Zabrat qəsəbə sakini, 45 yaşlı Ceyhun Yoldaşov ilə qeyri-rəsmi nikahda yaşayıb. Onların qeyri-rəsmi nikahlarından oğlan uşağı dünyaya gəlib. Bir neçə ay əvvəl Ceyhun Yoldaşovla Lamiyə Allahverdiyevanın münasibətləri korlandığından ayrılıblar. Bundan sonra azyaşlı uşaq anası ilə qalıb.
Sentyabrın 22-də Ceyhun Yoldaşov keçmiş sevgilisinə zəng edərək oğlu ilə görüşmək istədiyini bildirib. Metronun “Nizami” stansiyasının yaxınlığında baş tutan görüşdə Ceyhun anasının xəbəri olmadan azyaşlı uşağı götürərək aradan çıxıb. Sentyabrın 25-də Lamiyəyə zəng edən Ceyhun onunla barışmaq istədiyini bildirib. Lakin Lamiyə barışmaq istəmədiyini, uşağını geri qaytamasını tələb edib. Ceyhun barışıq olmadığı halda uşağı geri qaytarmayacağını deyib. Buna əsəbiləşən qadın özünü yandırıb.


Oğlu həbs olunan qadın özünü yandırıb

2013-cü il oktyabrın 24-də 52 yaşlı Xaçmaz şəhər sakini Nazilə Qabulova özünü yandırıb. O, müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona bədənin müxtəlif 2-3-cü dərəcəli yanıq diaqnozu qoyulub. İlkin tibbi yardımdan sonra N.Qabulova müalicə üçün paytaxtda yerləşən tibb müəssisələrindən birinə göndərilib.

N.Qabulovanın özünü yandırmasının səbəbi oğlunun Xaçmaz Rayon Məhkəməsinin qərarı ilə 3-cü dəfə 4,8 il müddətinə azadlıqdan məhrum edilməsi olub. Qərara etiraz edən qadın özünü yandırıb.


Sərxoş özünü odlayıb

Və yola sadığımız ilin sonlarında - dekabrın 28-də saat 17.40 radələrində paytaxtın Qaraçuxur qəsəbəsindəki 15 saylı evin qarşısında Yeni Günəşli qəsəbəsində kirayədə yaşayan Rusiya Federasiyasının vətəndaşı, 51 yaşlı Arzu Ələkbərov sərxoş halda üstünə benzin tökərək özünü yandırıb.

Vəziyyəti orta-ağır olan Ələkbərov 5 saylı şəhər xəstəxanasına yerləşdirilib.

A.Əzizov

Mənbə: Modern.az >>