Son əlavələr‎ > ‎

2015-ci ildə Şəki rayonu üzrə ticarətin vəziyyəti haqqında

9 May 2016 17:02 tarihinde Admin Sheki.city tarafından yayınlandı

         Şəki ən qədim sənətkarlıq diyarı olmaqla, həm də Azərbaycan Respublikasının ən iri ticarət mərkəzlərindən biridir. Azərbaycan Respublikasında olduğu kimi Şəkidə də ticarət  fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin və hüquqi şəxs yaratmadan fiziki şəxslərin sayı durmadan artmaqda davam edir.

         Şəki rayon ərazisində 1 bazar və 1 yarmarka fəaliyyət göstərir ki, bazar ərazisində 500, yarmarka ərazisində isə 230 satış yeri mövcuddur.

         2015-cİ ildə rayon üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi 298167,2 min manat olmuşdur. 2014-cü ilin müvafiq dövründə həmin göstərici 266176,1 min manat təşkil etmişdir. 

         2015-ci ildə pərakəndə  əmtəə dövriyyəsinin həcmi müqayisəli qiymətlərlə əvvəlki ilin müvafiq dövrünə nisbətən 106,3 faiz təşkil etmişdir.

         Adam başına düşən əmtəə dövriyyəsinin həcmi 1598,0 manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 157,3 manat çoxdur.                                                                                                 

             Ticarət şəbəkələrində realizə olunmuş ərzaq məhsullarının həcmi əvvəlki ilə nisbətən 12,2 faiz artaraq 165781,0 min manata, qeyri-ərzaq mallarının həcmi isə 11,8 faiz artaraq  132386,2 min manat olmuşdur.

       Əmtəə dövriyyəsinin həcmində ərzaq məhsullarının xüsusi çəkisi 55,6 faiz qeyri ərzaq məhsullarının xüsusi çəkisi isə  44,4  faiz təşkil etmişdir.          

         Respublika üzrə əmtəə  dövriyyəsinin ümumi həcmində Şəki rayonunun əmtəə dövriyyəsinin xüsusi çəkisi 1,16  faiz təşkil etmişdir.

         Rayon üzrə pərakəndə  əmtəə dövriyyəsinin  14261,0  min manatı  rəsmi  qeydiyyatdan keçmiş  hüquqi  şəxslərin,   70976,5  min manatı  qarışıq mallar  yarmarkası, kənd təsərrüfatı məhsulları satışı  bazarı, 212929,7 min manatı isə  hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən digər fiziki şəxslərin payına düşür. Göründüyü kimi  ümumi əmtəə dövriyyəsinin həcmində bu subyektlər üzrə dövriyyənin xüsusi çəkisi müvafiq olaraq rəsmi qeydiyyatdan keçmiş  hüquqi şəxslərin payı  4,8 faiz, bazar və yarmarkalarda fəaliyyət göstərən fiziki şəxslərin payı 23,8 faiz, hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların payı isə 71,4 faiz təşkil etmişdir.

 

2015-ci ildə Pərakəndə əmtəə dövriyyəsinin  quruluşu   (min manatla)

 

        Qeyri mütəşəkkil sektor üzrə dövriyyənin həcmi 283,9 milyon manat və ya rayon üzrə pərakəndə əmtəə dövriyyəsinin 95,2 faizini təşkil etmişdir.

 Pərakəndə ticarət dövriyyəsinin göstəriciləri aşağıdakı məlumatlarla xarakterizə olunur:



      Rayon üzrə əmtəə dövriyyəsi, mövcud hüquqi və fiziki şəxslərin fəaliyyəti nəticəsində əldə olunan müsbət nəticələr onu deməyə əsas verir ki, respublika rəhbərliyi tərəfindən özəl bölməyə, sahibkarlara yaradılan münbit şərait və görülən tədbirlər nəticəsində əhalinin güzəranı daha da yaxşılaşır, nəticədə ticarətin həcmi, yüksələn xətlə davam edir.

   

 

2015 ci ildə  Əhaliyə göstərilən pullu xidmətlər və iaşə dövriyyəsi haqqında   

    Respublika əhalisinə göstərilən xidmətlərin içərisində pullu xidmətlərin xüsusi yeri vardır. Bu sahə respublikada daima inkişaf etdirilir onun keyfiyyəti yaxşılaşdırılır. Şəki rayonunda da bu sahə dinamik inkişaf etməkdədir

        Əhaliyə  göstərilən pullu xidmətlərin növünün inkişaf etdirilməsi və keyfiyyətinin yaxşılaşdırılması məsələlərinə dövlət qayğısının artması ilə əlaqədar Şəki rayonunda əvvəlki ilə nisbətən  2015-ci ildə əhaliyə göstərilən pullu xidmət və iaşə dövriyyəsinin  həcmi xeyli artmışdır.  

         Belə ki 2015-ci ildə  rayon üzrə pullu xidmətin həcmi 73336,5  min manat olmuşdur. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əhaliyə   6056,1  min manat və ya 9,0 faiz çox pullu xidmət göstərilmişdir.

         2015-ci ildə  rayon üzrə məişət xidmətinin həcmi  6478,0  min manat olmuşdur ki, bu da  2014-cü ilin müvafiq dövrü səviyyəsindən  133,0  min manat və ya  2,1 faiz  çoxdur. Rayonun pullu xidmətinin ümumi həcmində məişət xidmətinin xüsusi çəkisi  8,8  faiz təşkil edir.

         Respublika üzrə məişət xidmətinin ümumi həcmində rayonun məişət xidmətinin  xüsusi çəkisi  0,81 faiz təşkil etmişdir.

        2015-cü ildə  rayon üzrə  iaşə dövriyyəsinin   həcmi 645,4 min manat və ya 22,8 faiz  artaraq  3481,0  min manat olmuşdur.

         Respublika üzrə  iaşə dövriyyəsinin   ümumi həcmində Şəki  rayonun iaşə dövriyyəsinin  xüsusi çəkisi  0,42  faiz təşkil etmişdir.

        Rayon üzrə  pullu xidmət üzrə mövcud  hüquqi və fiziki şəxslərin fəaliyyəti nəticəsində əldə olunan müsbət nəticələr onu deməyə əsas verir ki, respublika rəhbərliyi həmçinin rayon rəhbərliyi tərəfindən yaradılan münbit şərait və görülən tədbirlər  nəticəsində əhalinin həyat səviyyəsi və güzəranı daha da yaxşılaşır, nəticədə iaşə və digər xidmətlərin həcm tempi yüksələn xətlə artmaqda davam edir.

                                              Elşən Həşimov,  

Şəki Statistika idarəsinin  məsləhətçisi