Son əlavələr‎ > ‎

Məmməd Musayev: Bizə borclu olanlar da "Şəki-İpək" və Sumqayıt tekstil müəssisələdir...

16 Oca 2016 12:48 tarihinde Aydin Salis tarafından yayınlandı

Azərbaycan Beynəlxalq Bankına vaxtı keçmiş kredit borcu olan kənd təsərrüfatı müəssisələrinin potensialından istifadə olunacaq. Bu barədə ABB-nin problemli aktivlərinin bir qismini idarə edən “Aqrarkredit” bank olmayan kredit təşkilatının İdarə Heyətinin sədri Məmməd Musayev bildirib. Onun sözlərinə görə, söhbət həmin müəssisələrin aqrar sektorun inkişafında geniş iştirakının təmin edilməsindən gedir: “Bunlar əsasən pambıq, tütün, fındıq və qarğıdalı emalı (zülal istehsalı) müəssisələridir. Həmin müəssisələrin borcları bizə həvalə olunub. Biz də onların potensialından istifadə etmək istəyirik”.

Pambıq emalı müəssisələrinin fermerlərə borcu ödənilib

Məmməd Musayev qeyd edib ki, təkcə pambıq emalı müəssisələri vasitəsilə ötən il 14 min ton xammal qəbul edildi və onların fermerlərə olan borcları tamamilə ödənilib: “2016-cı ildə biz həmin müəssisələrin əli ilə 15 min hektar sahədə pambıq əkininə nail olmaq istəyirik. 2020-ci ilə qədər bu rəqəm 50 min hektara, ölkə üzrə pambıq istehsalını isə 3 dəfə artıraraq 120 min tona çatdırmağı planlaşdırırıq. Həmin pambıq emalı müəssisəsi ilə birgə strategiya hazırlamışıq, Kənd Təsərrüfat və İqtisadiyyat Nazirlikləri ilə müzakirə etmişik, bu strategiya 14 rayonu əhatə edəcək.

Pambıq ölkəyə valyuta gətirə bilən əsas vasitələrdən biridir, onun Rusiya, Türkiyə və digər ölkələrdə daimi alıcıları var. Söhbət təkcə mahlıc ixracından getmir. Bizə borclu olanlar da "Şəki-İpək" və Sumqayıt tekstil müəssisələdir. Onlar mahlıcdan iplik əldə edirlər və bu, xaricə satılır. Məqsədimiz odur ki, gələcəkdə bu iplik parçaya çevrilsin və pambıqçılıqla bağlı vaxtilə mövcud olmuş zənciri bərpa edək. Yəni, hazır tekstil məhsulları həm ölkə daxilidə satılsın, həm də ixrac olunsun”.   

“Tütün istehsalını 80-ci illər səviyyəsinə çatdıracağıq”

Məmməd Musayevin sözlərinə görə, aqrar sektorda oxşar strategiyanın tütün emalı müəssisələri birgə də həyata keçirilməsi nəzərdə tutulub: “Biz həmin müəssisələrin hesabına bu il 2500-3000 ton tütün istehsal edəcəyik. Tədricən isə bu rəqəmi artıracağıq. Məqsədimiz odur ki, ölkədə tütün istehsalı 80-ci illər səviyyəsinə çatsın. Bu məhsulun da yaxşı ixrac potensialı var, xüsusilə devalvasiyadan sonra ixrac imkanları artıb.

Bundan başqa, fındıq istehsalı da yaxşı gəlir gətirə bilər. Azərbaycan bu məhsulun istehsalına görə dünyada 4-cüdür və bu potensialdan istifadə etmək lazımdır, fermerlərdə fındıq yetişdirməyə marağı gücləndirmək lazımdır.

Zülal istehsalı müəssisəsinə gəldikdə isə, bu gün həmin zavodun aylıq emal gücü 1000 ton qarğıdalıdır. Həmin məhsul da ölkəyə əsasən idxal olunur. Hazırda fermerlərlə müqavilələr bağlayırıq, istəyirik ki, qarğıdalı istehsalı ölkədə təşkil olunsun, valyuta xaricə çıxmasın”. 

Mənbə: Fins.az >>