Son əlavələr‎ > ‎

Tahir Məmmədov: Sovet dövründə sənaye, nəqliyyat və tikinti sahəsində Şəki şəhərində 14-15 min nəfər çalışırdı...

17 Ara 2015 07:34 tarihinde Admin Sheki.city tarafından yayınlandı   [ 26 Ara 2015 14:28 tarihinde Aydin Mammadov tarafından güncellendi ]
Azərbaycanda hal-hazırda ildə cəmi 1-2  ton barama istehsal olunur, ya yox. Niyə? Bu və digər bu kimi suallarla  “Şəki-İpək” ASC-nin səhmdarlarından biri, uzun müddət  müəssisənin Həmkarlar İttifaqı komitəsinin sədri vəzifəsində işləmiş Tahir Məmmədova müraciət etdik və  ipəkçiliyin tənəzzül səbəblərinə aydınlıq gətirməsini xahiş etdik. Tahir Məmmədov aşağıdakıları bildirdi:


İpəkçiliyin tənəzzül yollarına bir nəzər - (2-ci məqalə)


SSRİ-nin dağılmasından sonra böyük müəssisələrin fəaliyyətinin dayanacağı gözlənilən idi. Lakin bir sıra tədbirlər sayəsində bunun qarşısını almaq üçün müəyyən qabaqlayıcı tədbirlər görmək də olardı.  1990-cı ildə Moskvada – Həmkarlar qurultayında,  mən öz çıxışımda  bunu bildirmişdim. Bizim müəssisə 1996-cı ildə fəaliyyətini dayandırdı. Hələ 1995-ci ildə İcra hakimiyyətinə müraciət edərək müəyyən işləri görməklə müəssisəni işlətmək məqsədi ilə müraciət etmişdim. O vaxt İcra başçısı Nəzir Əhmədov idi. Çox çətinliklə komissiya yaradaraq tədbirlər planı hazırladıq.  Müəssisədən asılı olan tədbirləri yerinə yetirdik. Hökumət və nazirlikdən asılı 2-3 tədbir var idi. Süni qrupdan olan sapları Rusiya, Belorus və s. yerlərdən alırdıq. Bu saplardan toxunan parçalara tələbat  çox idi – müştərisi  var idi.  Bu dövrdə Rusiya hökuməti qərar vermişdi ki,  pulu ödənilmədən digər respublikalara mal verilməsin. Azərbaycan hökuməti isə malı almadan pul ödəməyi qadağan etmişdi. Çıxış yolunu tapdıq. Ölkə xaricinə tütün göndərməklə sap almaq olardı (tütün zavodunun onlarda pulu var idi). Bundan ötrü hökumət tütün buraxılmasına icazə vermişdi. Bunu isə edən olmadı...

Müəssisə isə 1996-cı ilin aprelində dayandı və Əmlak Komitəsinin sərəncamına verildi. Bu zaman Anti-İnhisar  Komitəsinin qərarı ilə filiallar, köməkçi sahələr, özəlləşməyə ayrı-ayrılıqda təqdim edildi.  Baş müəssisə 1998-ci ildə səhmdar cəmiyyətinə çevrildi. 2000-ci ildə mərhum  prezident Heydər Əliyev Şəkiyə gəlişindən sonra müəssisəyə pul ayrıldı. Bu vaxt ölkədə barama yox idi – baxmayaraq ki, 1996-cı ildə 500-600 ton barama yetirilmişdi. Əvvəlcə baramaçılığı bərpa etmək lazım idi. Bu çox çətin bir iş idi. Çünki baramaçılar əvvəlki illərdə yetişdirdikləri baramanın pulunu ala bilməmişdilər. İnam itmişdi. Çox çətinliklə birinci il 14 ton barama topladıq. Nəhayət, müəssisəyə savadlı, bu sahə üzrə iş təcrübəsi olan,  qanunlara hörmətlə yanaşan Sabiq İmanov rəhbər təqdim edildi. Birinci ili 28 ton, 2002-ci ildə isə 133 ton barama topladıq. Yerlərdə təyin olunan kadrlar bu sahə üzrə mütəxəssislər idilər. Müəssisədə 3-4 nəfər 2 avtomaşınla isə bu işlə  məşğul idi.  İpək normal qiymətə başa gəlirdi və müəssisə də rentabelli işləyirdi. Elə bu vaxt elan etdilər ki, səhmlərin 99 faizini “Pərvanə” MMC satın alaraq müəssisəyə sahib olub. Sabiq İmanova təklif edildi ki, Beynəlxalq Bankın diktəsi ilə işləməlidir. Dərhal etiraz etdi, buna görə işdən azad edildi. Onun yerinə bu sahəyə yad olan birini – Elman Qarayevi təyin etdilər.  İpəkçilik idarəsi yaradıldı. 7 dənə “Niva” markalı avtomaşın onların sərəncamına verildi. Barama istehsalı 2 dəfə azaldı. Buna görə baramanın Özbəkistandan almağa başladılar.  Daha sonra bir-bir mütəxəssis kadrları müəssisədən uzaqlaşdırmağa başladılar.  Baramaçılıq üzrə elmlər namizədi Ələşrəf Qasımov, Sabiq İmanov, əvəzsiz mütəxəssis Sabir Kərimov işdən uzaqlaşdırıldı. Səbəb  isə onların bu sahəni dərindən bilmələri  idi.

Bundan dəhşətlisi isə özbəklərin peyda olması oldu. İqtisadçıları isə erməni idi. Özbəkistandan tut  tingləri gətirildi – Şəkidəki tut ağacları daha məhsuldar  olsa da. Bundan sonra  baramanı  Özbəkistandan fantastik  qiymətə gətirməyə başladılar. 2003-cü ildə Özbəkistandan gətirilmiş baramanın 1 kq-nın  qiyməti  3,15 $ idisə, sonradan gətirilən baramanın 1 kq-nın qiyməti 9$ olmuşdur  –  sözsüz ki, bu şişirdilmiş qiymətdir, çünki eyni vaxtda yerli yaş baramanın 1 kq-nın satınalma qiyməti cəmi 1,20 manat idi.

"Şəki-İpək" ASC idarə heyətinin sabiq sədri 
Marat Əkbərov - sağda
         Özbəklərlə birinci ili mən də bu sahə ilə məşğul oldum. İşim bir az azalmışdı.  Oğuz, Qəbələ, İsmayıllı...  Bu illərdə baş mühəndis Rasim Həsənov, Rafiq Ramazanov  və digər mütəxəssislər də barama yetişdirilməsinə nəzarət edirdilər.  İkinci ili məni dəvət etməmişdilər – mənim əvəzimə üç özbək həmin rayonlara getmişdi. Lakin 3 gün ərzində bir nəfərə də qurd paylaya bilmədikləri üçün, bu işi görməyi mənə həvalə etdilər, mən də payladım.  2006-cı ildə rəhbərliyə  barama toxumunu dəyişməyi, baramanın satınalma qiymətini 20 qəpik artıraraq 1 manat 40 qəpiyə çatdırılmasını təklif etdim. Qəbul etmədilər, mən də toxum paylamaq üçün rayonlara getmədim. Özbəklər və erməni Azərbaycanda ipəkçiliyi ləğv etmək və daha çox mənfəət əldə etmək istəyirdilər. Bundan ötrü onlara sərf etməyən və savadlı kadrları uzaqlaşdırmağı planlaşdırmışdılar. Müxtəlif yollar axtarırdılar. Bundan ötrü kollektivi ayağa qaldırmaq istəyirdilər. Birinci belə hadisə altıgünlük iş rejiminə keçməklə və narazılıq yaratmaq istədilər. Məni dəvət etdilər – bildirdilər ki altıgünlük iş rejiminə keçsək hər kq ipəyin qiyməti 2$ ucuzlaşacaq. Etiraz etdim və  bildirdim ki, bu halda nəinki hər kq ipəyin qiyməti 2$ ucuzlaşa bilər, əksinə daha da artacaqdır. Belə ki,  altıncı  gün üçün əlavə enerji xərclərini və işçilərin müəssisənin avtobusları ilə daşınması üçün xərcləri də nəzərə almaq lazımdır.   Buna baxmayaraq altıgünlük iş rejiminə keçmək üçün əmr verildi və o biri tərəfdən isə öz adamları vasitəsi ilə sexlərdə işçilər arasında işləməmək barədə təbliğat aparıldı.  Bu zaman kollektivə izah etdim ki, iş rejimini seçmək müdiriyyətin, əmək qanunlarına riayət etmək bizim borcumuzdur. Həftədə 42 saatdan çox işləməyəcəyik.  İş qrafikini tərtib etdim və təsdiqlənməsi üçün müdriyyətə təqdim etdim – iş qrafikini müdiriyyət və həmkarlar təşkilatı təsdiq etməlidir.  Müdiriyyət kollektivin işə çıxacağını görüb altıgünlük iş rejiminə keçmək barədə əmri ləğv etdi.  Əvəzində müdiriyyət havaların isti keçdiyini bəhanə edərək işçilərin işə bir saat tez gəlib, bir saat gec getməsini istədi, razılaşdıq. Heç kimə xəbər vermədən,  hətta sürücülərə iş qrafiki vermədən – yəni, qəsdən təşkilati işləri icra etmədən, işçiləri işə bir saat tez gətirdilər. Amma işin sonunda avtobuslar gəlmədi. Müdiriyyəti axtardım, tapa bilmədim – sonradan məlum oldu ki bir otağa girib, qapını bağlayıblarmış. İşçilər yolu bağlamışdılar.  Yaxındakı avtobus sürücüləri  və şəhərarası avtobusları reysdən çıxararaq (pulunu avtonəqliyyat şöbəsinin rəisi və s. ödədik) işçiləri yola saldıq – narazılığı televiziyaya çəkdirməyə gecikdilər...

Müəssisədə əməkçilər vaxtamuzd  əməkhaqqı sistemilə işləyirdilər. Rəhbərlik işəmuzd əməkhaqqı sisteminə keçməyi təklif etdi. Razılaşdıq.  Hətta belə bir söhbət də oldu ki, kim geri dursa, şalvar əvəzinə yubka geyinsin, yəni sözünün üstündə durmayan kişi deyil.  Elə bilirdilər ki əməkhaqqı azalacaq, fəhlələr narazı qalacaqlar. Normalar hazırlandı. Müdiriyyətlə aramızda narazılıq fərdi üsulla – briqada üsulu sistemində idi. Mən fərdi qayda, onlar isə briqada üsulu təklif edirdilər. Fəhlələrə hər şey dəqiq izah olundu. Normalar səkkizsaatlıq iş rejimi üçün hazırlanmışdı.  Artıq işləməklə, hamı qoyulmuş normaları ödəyəcəkdi – özbəklər bunu anlamırdılar.  Birinci ay əməkhaqqı limiti Baramaaçan istehsalatında 73 min manat, ikinci ayda isə bunun iki misli qədər oldu. Əməkhaqqını azaltmaq üçün yarımçıq kipdən (bu qanunsuz idi) əlavə nümunə götürüb keyfiyyətsiz məhsul kimi pasport yazdılar.  Əməkhaqqı cədvəlini dəyişdilər və qəsdən əməkçilərə  çatdırdılar. Narazı işçilər məni tapmadıqda – mən həmin vaxt müəssisədə deyildim, müdiriyyətə müraciət etdilər.  Müdiriyyət  onları qəbul etmədikdə işçilər hiddətləndilər.  Bundan sonra işçiləri sakitləşdirmək məqsədi ilə onlara yaxınlaşmış mühəndis-texniki işçiləri şantaj etmək üçün,   video-kameralarla çəkiliş aparıldı. Narazı fəhlələr səhəri gün işi 30-40 dəqiqə dayandırdı. Televiziyaya – ANS-ə, xəbər verildi və işçilərin narazılığı haqqında informasiya ölkəyə yayıldı. Əlavə edim ki, müəssisədə hətta sovet dövründə də belə hallar  baş vermişdi, lakin heç kim bunu şişirtməmişdi...

Əməkhaqqı sistemini dəyişərək əvvəlki qaydaya keçdilər. İşçiləri bir həftəliyə evə buraxdıq. Yuxarıdan nümayəndələr gəldilər, mühəndis-texniki işçilərin iştirakı ilə kiçik yığıncaq keçirdilər. Baramaaçan istehsalatının rəisini və məni dinlədilər. Sonra təkbətək görüşdə yerlədə baramaçılığın ləğvi, az məhsuldarlıqlı toxum, kadr məsələsi barədə məruzə etdim. Burada heç bir siyasi tələb olmadığını – sadəcə olaraq rəhbərliyin səhv mövqe tutduğunu, işçilərin pul ödənilmədən bir həftəliyə  məzuniyyətə  buraxıldığını vurğuladım.  Nəticədə əmrdə dəyişiklik edildi və heç kimin işdən çıxarılmayacağı barədə razılaşdıq.  Amma cəmi 1-2 saat sonra bir xeyli rəhbər mütəxəssis kadrların işdən azad olunmaları barədə əmrlər imzalandı – bunlardan Əsabəli Nəzərov, Rasim Həsənov kimi mütəxəssis-kadrlar  uzun ərzində yetişmişdilər, Rəmziyyə Məmmədova qanunu pozmayacağını bildirərək, özbək və erməninin qanunsuz tapşırıqlarını yerinə yetirməyərək işdən çıxdı...

Rasim Həsənov
Əsabəli Nəzətov

“Plan” baş tutmuşdu. Sonra toxuculuq və yüngül sənaye fəhlələri həmkarlar təşkilatının sədr əvəzi Nərgiz Məmmədova gəldi. Məni əvvəlcə özbək və erməniyə,  sonra İcra başçısına satdı. Amma heç kimin hünəri çatmadı ki mənə “işdən çıx” desin.  Daha sonra insan hüquqlarını qoruyan Elmira Süleymanova gəldi. Düşünürdün ki, hər iki tərəfi – yəni məni də dinləyəcək.  Lakin səhv düşünmüşəm.  Gəldi bir tərəfi dinlədi və getdi. Bax bu dəhşət idi...
       
Elmira Süleymanova Şəki İcra hakimiyyəti 
başçısının qəbulunda
Görəsən indi Elmira xanımın xəbəri varmı ki, Baramaaçan istehsalatının işçiləri 4 ildən çoxdur ki öz hesablarına məzuniyyətəı vuraxılıblar?! Xoşuna gəldiyi o xalça sexində bu ilin əvvəlinə qədər işçilər cəmi 100 manat əməkhaqqı alıblar, bu ilin ilin ikinci yarısından etibarən isə həmin sexin də fəaliyyəti dayanıb?! Bəs onda niyə narahat olmur? Deyirlər barama yoxdur, barama üçün yem bazası yoxdur, qiymət ucuzdur və s. Yalandır! Əslində kadrlar yerində deyil. Hanı bəs Özbəkistandan gələn ağaclar?  Onları nə üçün əkdik? Özbəklərə pul vermək üçünmü? Hanı “ANS” əməkdaşları? !

Nərgiz Məmmədova müdriyyətin yanında olarkən – baxmayaraq ki  HİK sədri olduğuna görə məndən əvvəl müdiriyyətin yanına getməli deyildi, dedi ki, lazım gəlsə sənin rəhbərinlə bir dil tapa bilərik. Eyni sözü digərləri də gəlib-getdikdən sonra təkbətək görüşlərdə təkrar etdi. Bax onda hamıya, hər şeyə nifrət edirsən...

Nərgiz Məmmədova

Əgər məmur azərbaycanlı olsa, özbəklər və erməni investor olsa, onu müdafiə etsələr o qədər də təəssüflənmirəm. Deyərəm ki, ölkəyə pul gəlib.  Axı onlar Azərbaycanın pulunu göyə sovurur, ipəkçiliyi ləğv edir, bu ölkənin qanunlarını saymırlar! Baxın, 2006-cı ildən sonra (mən 2006-cı ildə istefa vermişəm) 2012-ci ilə kimi işçilərin məzuniyyət pulu ödənilməmişdi. Bununla bağlı  2012-ci ildə mən MTN-nə müraciət etdikdən sonra bir həftənin içərisində kompensasiya ödənildi. Bəs harada idi bu sahəyə nəzarət edən qurumlar?

Özbəklər gəldikləri ilk ili işləmək istəyirdilər. Mən də təhkim olunmuşdum Oğuz və İsmayıllı rayonlarına.  Avtomaşın da ayrılmışdı. Təlimatları da payladıq. Sonrakı ildə isə avtomaşınlardan özləri istifadə etdilər. Mənə dedilər avtobusla get. Bu isə mümkün deyildi, çünki kəndləri gəzmək, insanlarla görüşmək , kümdarları  təlimatlandırmaq  lazım idi. Bu zaman nə kolxoz var, nə də... Getmədim – mənim vəzifəm də deyildi. Özləri – 4 nəfər, qurd paylamağa getdilər.  3 gün ərzində 1 qutu qurd paylaya bilməmişdilər. Mənim Qəbələyə getməyimi xahiş etdilər. Gördüm məntəqədə oturublar. Baramaaçan istehsalatının rəisi Əsabəli Nəzərov da orada idi. Şəkidə vaxtilə belə bir hadisə olub: Varlı bir varlı bir kişinin ərkəsöyün oğlu varmış. Atası onu çox istəyirmiş.  Oğul nə istəsə, atası ona onun istədiyini alarmış.  Bir gün ata-bala maşınla Bakıya gedəndə hansısa kolxozun qoyun sürüləri ilə rastlaşırlar. Oğul atasına deyir ki, ona bir quzu alsın.  Ata hər sürü ilə rastlaşanda başını maşının pəncərəsindən çıxarıb qışqırır  “çoban qardaş, quzunu neçəyə satırsan ?” və özü də cavab verir ki “yox satmıram!”.  Oğluna da belə deyir. Hadisə bir neçə dəfə təkrar olur.  Növbəti dəfə qoyun sürüsü ilə qarşılaşanda, oğul atasından maşını saxlamağı xahiş edir və çobandan bir quzu aldırır.  Mən Əsabəli Nəzərovdan xahiş etdim ki bu məsəli özbək dilinə tərcümə etsin, özüm isə yaxınlıqdakı evlərə yollandım.  5 qutu toxum payladım.  Qayıdıb özbəkləri Şəkiyə yola saldım.

Həmin il 50 nəfərdən ərizə aldım ki, hər biri öz həyətlərində tut ağacı əkəcəklər və 2 ildən sonra hər biri 2 qutu toxum götürəcəklər. Bunun üçün сəmi 10 manat istəyirdilər.  Onlara bu pulu verib, 2 il sonra barama verməyəcəkləri təqdirdə,  aldıqları  pulun 3 mislini geri qaytarmalı olduqları barədə müqavilə bağlamaq olardı. Lakin özbəklər razılaşmadılar.  Halbuki, ağaclar hara gəldi əkilirdi və bundan artıq pul xərclənirdi.  Belə faktlar çoxdur. Baxın ağaclar hara əkilib? Kəndlidən uzaq yerlərə əkildikdən sonra qulluq olunubmu?  Yaxud qorunubmu? Yerlərdə mütəxəssislər kimlərlə əvəz olunub?

Əslində bütün bunlar nə barama yetişdirmək, nə ağac əkdirmək, nə qapı-qapı düşüb debitor borcları yığmaq və s. mənim vəzifəm deyildi. Əgər 2012-ci ildə deyil, daha əvvəl məsələ qaldırsaydım, deyəcəkdilər ki, guya mən onları işləməyə qoymuram. Həm də nəyə görə İcra hakimiyyətindən bu sahəyə baxan şəxs, rəhbərlik illəri analiz etməli deyildimi?

Kollektivin mənə deməmiş işi saxlamasından narazı qaldım. Deməli mənə inam azalıb.  Hər bir rəhbər bilməlidir ki, inam tam itənə qədər getsə daha uğurlu seçim etmiş olar. Axı 80-cı illərin sonunda bütün ölkə dayananda biz işlədik, heç kəs müəssisəni dayandıra bilmədi. İkincisi, öz yaltaqlarımızdan, satqınlarımızdan bezmişdim. Həm də müəssisənin ağır vəziyyətə düşəcəyini görürdüm. Digər tərəfdən bəzi işlər var ki, mən onu edə bilməzdim. Kiminsə əmlakını mənim əlimlə  almaq olmaz. Rəhmətlik Sabir yaxşı deyib:

Zəhmətə öyrəşmişik beş-on yaşımızdan,

Fitnə-fəsad yetişir torpağımızdanş

Zülm edirik, bac alırıq qardaşımızdan,

Çıxmaz, çıxa bilməz bu adət başımızdan.

İndiki vəziyyətdə də ağıllı rəhbər həmkarlar təşkilatı yaradar. Bu onun xeyrindədir.  Tikintidə görürsünüz nə qədər ölüm hadisələri  olur. Həmkarlar təşkilatı olsaydı belə bədbəxt hadisələr heç olmasa azala bilərdi.

Eləcə də qəzet. “İpəkçi” qəzeti həmişə müəssisənin işinə kömək olub. Məsələlər qaldırıb. Bu gün qalması daha vacibdir. Cəmiyyət xəstədir. Onun müalicəyə ehtiyacı var. Yaltaqlığa, satqınlığa son qoyulmalıdır. 1991-ci ildə sessiyada  mərhum Heydər Əliyev çıxış etməyə imkan verilmədiyi anlar yadınızdadırsa, onun sözlərini xatırlayın: “Vaxt var idi əliniz əsə-əsə mənə çay gətirməyi şərəf bilirdiniz, hətta qapımın qarşısında durmağa sevinirdiniz. Nə oldu?”.

Yaltağın, satqının kimliyi yoxdur. Bu gün məni satan, sabah səni satacaq. Bu gün mənə yaltaqlanan, vəzifəmdən gedən kimi sənə yaltaqlanacaq.

 “Yox!” deməyi bacaran, savadlı kadrları mütəxəssisləri iş başına qoymalı, yalana son qoyub, işin nəticəsinə görə rəhbərə qiymət verilməlidir. Təhsili olmayanlardan, iqtisadçıdan, müəllimdən, bina tikən, yol salan mühəndis ola bilməz. Gəncləri təcrübəli mütəxəssislərin himayəsinə verib, bu sahəni öyrətmək lazımdır. İş yerlərinə əyalətlərdə, xüsusilə Şəkidə böyük ehtiyac var. Diqqət yetirin, sovet dövründə sənaye, nəqliyyat və tikinti sahəsində Şəki şəhərində 14-15 min nəfər çalışırdı. Bu gün isə bu sahələrin hamısında ən çoxu bir neçə yüz nəfər işçi var.

Sonda sizə uğurlar.

Tahir Məmmədov, 

“Şəki-İpək” ASC Həmkarlar İttifaqı komitəsinin sabiq sədri 

və müəssisənin səhmdarlarından biri.


Həmçinin, bax: Tahır Məmmədov. İpəkçiliyin tənəzzül yollarına bir nəzər və bərpa yolları 



ARXİVİMİZDƏN...


“Şəkinin səsi”, № 9-10 (136-137); “İpəkçi” № 5-6 (2100-2101), 2 may 1998-ci il, səh. 7.

Şəki “İpək” şirkəti qapılarını açır...

Xalid Əliyev, Şəki “İpək” Şirkətinin baş direktoru, “Şəkinin səsi” qəzeti redaksiya heyətinin üzvü

“İpək” şirkətinin özəlləşdirilməsi nə vaxt başa çatdırılacaq?”, “Bununla əlaqədar dövlət proqramı necə həyata keçirilir?”, “Şirkətin qapıları haçan açılacaq?”, “Fəhlələr özəlləşmədə iştirak edə bilərlərmi?”...

Əməkdaşımız bu və digər suallara cavab almaq üçün Şəki “İpək ” Şirkətinin baş direktoru, “Şəkinin səsi” qəzetinin redaksiya heyətininüzvü Xalid Əliyevlə görüşmüşdür.

Xalid Əliyev demişdir:

-  Hörmətli Prezidentimiz Heydər Əliyevin təsdiqlədiyi proqrama əsasən dövlət müəssisələrinin özəlləşdirilməsi üç il müddətinə başa çatdırılmalıdır. Yəni 1995-ci ildə başlanan özəlləşdirilmə proqramı cari ilin sonunadək tamamilə həyata keçirilməlidir. Oxucuları maraqlandıran sualları fəhlələr də mənə  tez-tez verirlər. Bəzilərinə elə gəlir ki, şirkət fəaliyyətini dondurub, özəlləşdirmə ilə bağlı heç bir iş görülmür. Əslində belə deyildir. Doğrudur, baş müəssisədə 3500 nəfər fəhlə uzunmüddət öz hesablarına məzuniyyətə buraxılıb. Yəni dəzgahlar işləmir, fəhlələrə əmək haqqı verilmir.

Amma, bu müddət ərzində sakit dayanmamışıq. Özəlləşdirmə ilə bağlı müvafiq sənədlər təsdiq edildikdən sonra şirkətin mütəxəssislər qrupu fəaliyyətə başladıl. Təcili özəlləşdirmə komissiyası yaradıldı.  Buraya təcrübəli mütəxəssislər dəvət edildilər. Onlar müəssisənin hansı qaydada özəlləşdiriləcəyi barədə sənədlər hazırlayıb o vaxt fəaliyyət göstərən Xalq üçün mallar Dövlət Konserninə təqdim etdilər. İpəkçiləri maraqlandıran suallara cavab verdik. Və özəlləşdirmə aşağıdakı qaydada aparılır: Şirkət əvvəlcə Səhmdar cəmiyyətinə çevriləcək, sonra isə özəlləşdiriləcəkdir. Səhmdar Cəmiyyətinin səhmlərinin 15 faizi əmək kollektivinin üzvləri arasında özəlləşdirmə çekləri ilə ödəniləcəkdir. Səhmlərin 55 faizi çek auksionlarına, 30 faizi isə pullu hərraclara qoyulacaqdır. Artıq baş müəssisədə çalışan 3500 nəfərin siyahısı respublika Dövlət  Əmlak komitəsinə verilmişdir.

Özəlləşdirmə ilə bağlı işimizin ikinci əsas mərhələsi də başa çatmışdır. Yəni müəssisənin son beş illik balansı – texniki iqtisadi göstəriciləri müəyyən edilmişdir. Ümumi əmlakın ilkin dəyəri hesablanmışdır.  Əmlak komitəsinin Şəki Şöbəsi gərgin işləyib. Yaradılan komissiya şirkətin bina və qurğularının, mövcud avadanlığın, dəzgahların istismara yararlığını, keyfiyyətini aşılanma dərəcəsinə qədər diqqətlə yoxlamışdır. Mütəxəssis yoxlaması göstərdi ki, şirkət istifadəyə yararlıdır, bütün dəzgah və avadanlıqlar yerli-yerindədir.

Respublika Dövlət Əmlak Komitəsinin sədri Nadir Nəsibov cənabları ilə görüşüm özəlləşmənin sürətlənməsinə kömək etdi. Mən Komitə sədrinə şirkət, onun mövcud vəziyyəti, perspektivi barədə ətraflı məlumat verdim. Komitənin sədri yerli şöbəyə müəssisənin özəlləşdirilməsi ilə bağlı sənədlərin on gün müddətinə hazırlanıb təqdim olunması barədə göstəriş verdi. Nazirlər Kabineti isə şirkətin adını ölkənin 15 ən iri müəssisəsinin sırasına daxil etdi. Bu isə o deməkdir ki, şirkət özəlləşəndən sonra xarici firmaların diqqətindən yayınmayacaq, xarici kapital, investisiya qoyuluşu üçün imkan olacaqdır. Şöbənin mütəxəssisləri müəssisənin özəlləşdirilməsi ilə bağlı bütün sənədləri hazırlayıb komitəyə göndərmişlər.

Müəssisənin ilkin əmlak dəyəri 72 milyard manatdır. Baş müəssisənin ayrıca ilkin dəyəri isə 39 milyard manat məbləğində qiymətləndirilib. Filialların hər biri ayrıca dövlət müəssisəsi olduğundan, həmin obyektlər də müstəqil olaraq səhmdar cəmiyyətinə çevrilib özəlləşdiriləcəkdir.

Daha bir maraqlı sual ortaya çıxır: Müəssisənin sahibi kim ola bilər? Əgər 3000 və daha çox payla bu müəssisənin səhmlərini almaq mümkün olarsa, kollektiv müəssisəyə sahiblik  edə bilər. Ayrı-ayrı fərdlərə gəldikdə isə kim müəssisənin səhmlərinin 50 faizdən çoxuna sahib ola bilərsə  –  yəni alarsa, o adam  o adam müəssisəyə sahiblik etmək səlahiyyəti qazanır. Səhmi çox olanın səsi də çox olur. Müəssisə alındıqdan sonra bir ay müddətində səhmdarlar tərəfindən idarə heyəti seçilir. İdarə heyətinin rəhbəri müəssisənin rəhbəri kimi fəaliyyətə başlayır.

“Şəxsən mən Xalid Əliyev   cənabları bu müəssisəni ala bilərəmmi?” – bu sual ətrafında “şou” yaratmaq istəyənlərə cavabım səmimi, açıq olacaq. Belə ki bu suala indi cavab vermək, sadəcə mümkün deyil.  Çünki özəlləşmə ilə bağlı məsələlərdə müəyyən məqamlar tam açıq deyil. Ümumi əmlakın dəyəri tam dəqiqləşdirildikdən  və müəssisənin səhmləri buraxıldıqdan sonra bu suala birbaşa cavab verəcəyəm. Yəni, konkret olaraq ya “hə”, ya “yox!”.

Müəssisə sahibi öz müəssisəsini idarə etməkdə müstəqildir. Və o, rentabelliliyi təmin etmək, qazanmaq üçün xarici şirkətlərlə müqavilə bağlaya bilər.

 Açığını deyim ki, indi şirkətimizdə özəlləşməni başa çatdırmaq üçün gərgin, səmərəli iş gedir. Əlbəttə, fəhlə səsi, dəzgah harayı üçün qəribsəmişik. İlin sonuna qədər müəssisənin özəlləşdirilməsi başa çatdırılacaq. Bu isə o deməkdir ki, “İpək” şirkətinin öz qapılarını fəhlələrin, mütəxəssislərin üzünə açacağı gün uzaqda deyildir.   





“Şəkinin səsi”, № 22-23 (149-150); “İpəkçi” № 18-19 (2112-2113), 9 sentyabr 1998-ci il, səh. 2.

Əşrəf Məmmədov: “Ən qısa vaxtda “İpək” Şirkətində 2 min nəfər fəhlə işləməlidir...”  

Şəki “İpək” Şirkətinin klubu çoxdan idi ki, belə bir yığıncaq, belə bir təntənə görməmişdi. Şəhər icra hakimiyyətinin başçısı Əşrəf Məmmədov, onun müavinləri – Bəşarət Paşayev, Teymur Xəlilov və Həsən Həsənov iclasın rəyasət heyətində görünən kimi fəhlələr onları alqışlarla qarşıladılar. 

İcra başçısı Əşrəf Məmmədov mikrofona yaxınlaşıb zala müraciət elədi:

Əziz ipəkçilər, fəhlə qardaşlarım və bacılarım! Sizin görüşünüzə gəlməkdən məqsədimiz  –  sizin bu müəssisə ilə bağlı ürək sözlərinizi, təkliflərinizi eşitmək, bir fikrə, bir rəyə gəlməkdir. Mən baş müəssisənin istehsal sahələrini, sexlərini gəzdim. Buradakı vəziyyət, dəzgahların sükutu ürəyimi ağrıtdı. Vaxtilə, 6 min nəfərdən artıq fəhləyə çörək verən, şəkililərin şöhrət, qürur, güvən yeri olan “İpək” şirkəti niyə bu günə düşüb, onu bu vəziyyətə kimlər salıb? Gəlin, bu barədə danışaq, özü də açıq danışaq, çəkinmədən danışaq.

“İpək” Şirkətinin baş direktoru Xalid Əliyev ötən müddət ərzində “İpək” şirkətinin fəaliyyəti barədə məlumat verdi, faktlar və rəqəmlər gətirdi. Şirkətin özəlləşdirilməsindən danışarkən dedi ki, filiallarla birlikdə müəssisənin ümumi əmlak dəyəri 72 milyard manat, baş müəssisəninki 47 milyard manatdır. 

Əşrəf müəllim bu rəqəmlərə birbaşa, kəskin münasibətini bildirdi. Və qeyd etdi ki, müəssisənin ümumilikdə əmlak dəyəri bu qədər ola bilməz. Çox güman ki, düzgün hesablanmayıb. Əgər müəssisə 27 milyard manat dəyəri ilə auksiona çıxarılacaqdırsa, bunu necə başa düşmək olar?

İcra başçısı elə oradaca şəhər əmlak komitəsinin sədri Natiq Məmmədova qəti tapşırıq verdi və bildirdi ki, müəssisənin özəlləşdirilməsi ilə bağlı göstəricilər təcili dəqiqləşdirilməlidir. “İpək” Şirkətinin baş direktoru Xalid Əliyev eyni zamanda bildirdi ki, şirkət səhmdar cəmiyyətinə çevrildikdən sonra çek auksionuna çıxarılmalı, səhmlərin 15 faizi onlarda olan çekin hesabına fəhlə- lərə verilməlidir. Səhmlərin 55 faizinə şə- kililər sahib ola bilərlər. Səhmlərin 51 faizi satıldıqda isə idarə heyəti seçilməli və həmin qurum müəssisəni idarə etməyə başla- malıdır.

Əşrəf MƏMMƏDOV:

 –Xalid Əliyev, 2 min fəhlənin ən qısa müddətdə işlə təmin etmək üçün konkret neyləmək lazımdır?

Xalid ƏlİYEV:

Müəssisənin borcları üç il müddətinə dondurulmalı, elektrik enerjisinin, yanacağın qiyməti 40 faiz aşağı düşməlidir. Müəssisəyə aşağı faizlə kredit verilməlidir. Səhmdar Cəmiyyət üç il müddətinə vergidən azad edilməlidir.

İcra aparatının nümayəndəsi Aydın Xəlilov məlumat verdi ki, şirkətin debitor ( alacaq) borcu 391 milyon, verəcəyi borc isə 4 milyard 151 milyon manatdır. Anbarlarda 770 milyon manatlıq mal var.

İcra başçısı “Marxal”ın, “Taclıq”ın, “Səadət” pioner düşərgəsinin taleyi ilə maraqlandı:

– Bunlar tarixi – sosial obyeklərdir, milli dəyərlərimizdir, – dedi, – onları satmaq, yad əllərə vermək olmaz. Xalid Əliyev isə bu sahədə çox aciz, qətiyyətsiz mövqedə dayanmışdır... 

Sonra çıxışlar başladı. Baramaaçan istehsalatının nümayəndəsi Zərif Məmmədova bildirdi ki, bu istehsalatı işlətmək üçün xammal yoxdur...

Əşrəf MƏMMƏDOV:

Amma, məndə məlumat var ki, Şəkidən kənara tonlarla barama satılıb, nə üçün satılıb?!

İclasda məlum oldu ki, həqiqətən, Şəkidən kənara 54 ton barama satılıb. 20 ton baramanı isə bu müəssisə Bərdəyə “ötürüb”.

3 nömrəli filialın direktoru Nazim Bəkirov bildirdi ki, bu müəssisənin istehsal sahəsi çox qiymətlə – 1 milyard 800 milyon manatla dəyərləndirilib. Bu məsələyə yenidən baxılmalıdır. Xammal olsa, biz şirkəti burulmuş sapla, xam ipəklə təmin edə bilərik. Şirkətin nəzdindəki uşaq bağçasının tərbiyəçisi Nurəstə Nəsibova bağçadakı acınacaqlı vəziyyətdən danışdı. 

Əşrəf Məmmədov təhsil şöbəsinin müdiri M.Yusifova qəti tapşırıq verdi: 

– Sentyabrın 1-dən ipəkçilərin uşaq bağçası işləməlidir!

Fəhlələrdən Rövşən Mustafayev, ipək kombinatını yaradanlardan biri – veteran Abduləli Əzizov, Nuriyyə Cəbrayılova, Maya Süleymanova , mütəxəssis Lütfəli Əhmədov, Camaləddin Məmmədov, Sevda İsmayılova, Nazilə Məmmədova, Çiçək Mahmudova və başqaları vəziyyətlə bağlı təkliflərini verdilər, sosial problemlərdən danışdılar. İcra başçısının müavini, rayon aqrar- sənaye kombinatının baş direktoru Bəşarət Paşayev ürək ağrısı ilə danışdı:

– Rayonun iqtisadiyyatına ağır zərbə vurublar. Köhnə təsərrüfatlar amansızcasına dağıdılıb, yeniləri yaradılmayıb. Şəkililərə il ərzində 36 min ton taxıl bəs edir. Biz isə bir vaxtlar 110 min ton taxıl istehsal edirdik. Bu il isə cəmi 27 min ton taxıl yığılıb. Tamahı “daş”ı da əridənlər elin ruzisini – toxumluq taxılını da oğurlayıblar. Camaatın çörəyini, ümidini əlindən alıblar. Şəki “İpək” Şirkətinin işləməsi üçün xammal, barama lazımdır. Açığını deyim ki, tək indi yox, qabaqlar da şirkətin bir qrup adamları baramanın boğulması üçün xammal gətirənlərin qabağına ağır şərtlər qoyur, xammalı “öldürür” – ucuz qiymətə alırdılar. Çünki, baramanı ancaq burada boğmaq mümkün idi. Mən həyəcan siqnalı qaldırdım. Dəhnədə 100 ton barama boğmağa gücü çatan yer hazırlandı. Müəssisəyə barama lazım olduğu halda, onun kənara satılması bağışlanılmaz haldır. Lakin mən inanıram ki, hörmətli icra başçımızın və mütəxəssislərimizin köməyi ilə bu şirkət işləyəcək, onun əvvəlki şöhrəti özünə qayıdacaq.

İcra başçısı Əşrəf Məmmədov dedi:

 – “İpək” şirkətini ziyarətgah adlandırırlar. Həqiqətən bu müəssisədə əli qabarlı fəhlələrin zəhməti, əməyi “dəfn” olunub. Deməli, bura həm də zəhmət məbədidir. Mən hörmətli Prezidentimizin yanında olarkən, o, mənə dedi: “Məndə “İpək” Birliyi barədə məlumatlar var, “İpək” birliyi ilə məşğul ol, elə et ki, adamlar orada işləyə bilsinlər, yaşaya bilsinlər...” Mən ölkə rəhbərinin bu göstərişinə əməl edəcəyəm. Bunun üçün sizlə görüşə gəlmişəm. Bu gün sizin qarşınızda bəyan edirəm: ən qısa vaxtda “İpək” şirkətində 2 min nəfər işləməlidir! Açıq deyirəm, bu işi şirkətin direktoru Xalid Əliyev təşkil etməlidir. Belə olmasa, biz onunla vidalaşacağıq. Heç bir şəxsi münasibət, dostluq əlaqələri məni fikrimdən döndərə bilməz, Müəssisə işləməlidir: birinci növbədə baş direktorun, mütəxəssislərin, sizin – kollektivin, köməyi ilə. Yenə deyirəm, müəssisə ucuz dəyərləndirilib. Bu qiymət mənə şübhəli görünür. Əmlak Komitəsi, yerli şöbə də bu məsələyə yenidən baxmalıdır. Mən özüm də bu məsələyə ciddi nəzarət edəcəyəm. Seçkilərlə bağlı isə onu bildirmək istəyirəm ki, bu məsələni xalq özü həll etməlidir. Türkiyədə deyirlər: “Seçki əvvəlcə başlarda, sonra isə qutularda olmalıdır”. Mən inanıram ki, hər kim daha yaxşı yaşamağı, işləməyi, islahatların uğurla həyata keçirilməsini, problemlərin həll olunmasını, müharibənin dinc vasitələrlə başa çatmasını istəyirsə, Heydər Əliyevə səs ve- rəcəkdir. İnanıram ki, Şəki ipəkçilərinin bu seçkilərdə yeganə namizədi Heydər Əliyev olacaqdır! “İpək” şirkəti bizim şöhrətimizdir, qürurumuzdur, minlərlə adamın çörək təknəsidir. Biz bu müəssisəni qorumalı, yaşatmalı və işlətməliyik!!!

Görüşdən sonra Əşrəf Məmmədov cənabları şirkətin baş direktorunun otağında 20 nəfərə qədər ipəkçini qəbul etmiş, onları dinləmiş və hər birinin xahişini yerinə yetirəcəyinə söz vermişdir.