Abid Şərifov cənablarına müraciət: Piyadalar yolu necə keçsinlər?!

12 Kas 2013 04:22 tarihinde Aydın Məmmədov tarafından yayınlandı   [ 3 Oca 2018 14:30 tarihinde Aydin Salis tarafından güncellendi ]

   Bura Koroğlu metrosu ilə Zabrat arasındakı yolda, 6-cı mədən deyilən yaşayış massivinin sakinləri və ora gedib-gələnlər üçün nəzərdə tutulmuş avtobus dayanacağıdır. Hər gün 300-500 nəfər Koroğlu metrosu tərəfdən Zabrat qəsəbəsi istiqamətində hərəkət edən avtobuslarla bura gəlib, bu dayanacaqda avtobusdan düşürlər və ölüm qorxusu altında bu yolu keçirlər. Burada baş verən qəzaların sayı-hesabı isə yoxdur. Qəza deyəndə, yəni yolu keçən piyadalar heç də həmişə yolu müvəffəqiyyətlə keçə bilmirlər, çünki burada nə keçid qoyulub, nə də svetofor var. Allah-allaha yolu keçirlər...

    Baş Dövlət Yol Polisi İdarəsinə məktubla müraciət edib, bu yerdə düyməciklə idarə olunan svetofor quraşdırılmasını xahiş etdik. Amma svetafor əvəzinə, biz necə onlara məktub yazmışıqsa, onlar da bizə eləcə
məktub yazdılar . Məktub yazdılar ki orada svetofor quraşdırmaq olmaz, çünki 300 metr qabaqda svetofor quraşdırılmışdır?! Onların sözlərinə görə bu dayanacağı Sabunçu rayonu İH düzəldib, səhv düzəldib?! Piyadalar 300 metr qabaqda düşməlidirlər?! Sonra həmin yerə qədər 300 metr bordürün üstü ilə, bəli-bəli bordürün üstü ilə, çünki piyada səkisi elə bordürün üstündən ibarətdir, gəlməlidirlər?! Piyada səkisinin olmaması da Baş Dövlət Yol Polisi İdarəsinin işi deyil, bu məsələyə tikinti şirkətləri baxmalıdırlar?!

   Başa düşürük ki, Baş Dövlət Yol Polisi İdarəsi üçün insanlar qiymətsiz, svetofor isə qiymətlidir! Ona görə də bu idarə, onlar üçün heç bir qiyməti olmayan insanların həlak olmasının, şikəst olmasının qarşısını almaqda və bu keçidə  svetofor quraşdırılmasında maraqlı deyil!
 

Azərbaycan Respublikası Baş nazirinin müavini,
Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının sədri
Abid Şərifov cənablarına
 

   Hörmətli Abid müəllim.
Sabunçu rayonunda, Koroğlu metrosu ilə Zabrat qəsəbəsi arasındakı yolda, 6-cı mədən deyilən yaşayış massivinin sakinləri və ora gəlib-gedənlər üçün nəzərdə tutulmuş avtobus dayanacağı qarşısında yola keçid zolağı çəkilməsi və svetofor qoyulması barədə Sizə ünvanlandığımız müraciətimiz Baş Dövlət Yol Polis İdarəsi tərəfindən başdan edildi və piyadaların orada yolu təhlükəsiz keçməsi üçün bu idarə heç bir tədbir görmədi!
    Məlumat üçün əlavə edək ki burada nəinki svetofor, hətta keçid zolağı da yoxdur. Elə həmin səbəbdəndir ki burada indiyə qədər onlarla adam həlak olmuş, xəsarət almış və şikəst olmuşdur.
Bu yerdə biz 10-15 dəqiqə dayanıb bir neçə video çəkdik. İndi həmin videoları sizə göndəririk, lütfən, buyurun baxın və Baş Dövlət Yol polisi idarəsinin yol hərəkəti təhlükəsizliyi sahəsində nə qədər səhlənkar, nə qədər yarıtmaz fəaliyyət göstərməsini öz gözlərinizlə görün!
    Hörmətli Abid müəllim. Lütfən bu məsələ ilə şəxsən məşğul olun və həmin yerə svetofor qoyulmasını təmin edin.
   Əvvəlcədən təşəkkür edirik.
Hörmətlə, Aydın Məmmdov,
"İpəkçi" qəzetinin baş redaktoru.
 
 
ą
38784.jpg
(426k)
Aydın Məmmədov,
12 Kas 2013 04:42