Son əlavələr‎ > ‎

Kiçik Dəhnə və bələdiyyəsinin sədri Mahir bəy, dağıdılan kurqanlar və sökülən mağaza haqqında qısa oçerk

25 Eyl 2013 08:40 tarihinde Aydın Məmmədov tarafından yayınlandı
   Sərlövhədən artıq aydın olduğu kimi, söhbət Şəki rayonunun ən böyük kəndindən - Kiçik Dəhnə kəndindən gedəcəkdir. Əhalisinin sayına görə rayonda ən böyük kənddir. Lakin buna baxmayaraq kənd sakinləri problemlər içində çapalayırlar. Kənd əsas magistraldan çox da uzaqda olmasa da, kənddə bu günə qədər nə su var nə mavi yanacaq. Yolları da bərbad gündə! Sakinlərin dediklərinə görə, bu problemlər çoxdan həllini tapardı, ancaq bir qrup qohum, kənd bələdiyyəsini və kənddəki icra nümayəndəliyini ələ keçirdikdən sonra kəndə xaos baş alıb gedir.
 
Sadıq Fətəliyev   

Vaxt vardı Şəkidə işıqlar yanmayanda Küçik Dəhnədə işıq həmişə yanardı. Kənddə su çəkilməsi üçün lazım olan qədər boru gətirilmişdir. Bütün bunları kənddən kənarda yaşayan iş adamları həyata keçirirdilər. Ancaq bu qohumlar iş başına keçəndən, iş adamlarının da ayağı kənddən kəsildi. Maraqlıdır ki, bu qohumlara rayon rəhbərliyi də gözün üstə qaşın var demir.

Kiçik Dəhnə kəndinin ərazisində 100 dən çox kurqan, yəni tarixi abidə,  Milli Elmlər Akademiyasının Arxeologiya və etnoqrafiya institutunun Şəki-Oğuz şöbəsi və Mədəniyyət nazirliyi tərəfindən qeydə alınmışdır. Bu haqda kənd bələdiyyəsi və icra nümayəndəsi xəbərdarlıq edilmişdir. Ancaq buna baxmayaraq 100-ə yaxın kurqan əhali tərəfindən məhv edilmiş və onların yer üzərindəki əlamətləri tamamilə silinmişdir. Bu tarixi abidələrə kənd bələdiyyəsinin və icra nümayəndəsinin ögey münasibətinin bir nümunəsidir.

 Kiçik Dəhnə kəndinə gedərkən kəndin mərkəzində çox sayda ticarət və müxtəlif təyinatlı tikintilərin olmasının şahidi olduq. Ancaq onların heç birinin sənədi yox idi. Bir mağaza isə sökülmüşdür. Bununla maraqlandıq, daha maraqlı faktlar ortaya çıxdı. Demə, Kiçik Dəhnə sakini Ədilov Sahibə məxsus olan mağazanı qanunsuz adlandıraraq söküblərmiş?! Ədilovla söhbət əsnasında bildik ki, o, 2002-ci ildən sahibkarlıqla məşğuldur. Mağazasını da öz vəsaiti hesabına tikmişdir. Ancaq dəfələrlə mağazanın altındakı torpağı bələdiyyədən almaq istəsə də buna nail ola bilməyib. Demə, kəndin bələdiyyə sədri Qasımov Mahir həmin torpağı 2012 ilin avqust ayında bir bələdiyyə üzvünün anası Səfərov Dilbərə satıbmış. Çox maraqlı hadisədir, yüklü torpaq satılır, hərraca çıxarılmır, nə də mağaza sahibinə təklif olunmur. Torpağı alan şəxs, mağazanın yarıya bölünməsini tələb edir. S. Ədilov təklifi qəbul etsə də, torpaq sahibi yeni şərtlər irəli sürür. Belə olan halda, mağaza sahibi ondan mağazaya qoyduğu xərci tələb edir. Torpaq sahibi razılaşır, ancaq bu halda bələdiyyə sədri Mahir müəllim araya girib bu razılaşmanı pozur və məhkəmə prosesləri başlayır. Neçə il davam edən məhkəmə prosesləri mağazanın sökülməsi ilə nəticələnir. Mahir müəllim bir iş adamının da axırına belə çıxır. Görəsən, növbə kimindir indi hansı iş adamını acı tale gözləyir?