Milli Qurtuluş günündə – 15 iyun 1993-cü il tarixdə, nəşrə başlayan və ulu öndər Heydər Əliyev hələ Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməmiş, onu Azərbaycan xalqının “böyük rəhbəri” kimi təqdim edən ilk mətbu nəşrin – “Şəkinin səsi” qəzetinin, 20 yaşı tamam olur
Hörmətli oxucularımız.
Məlumunuz olduğu kimi bu il
“İpəkçi” qəzetinin 80, “Şəkinin səsi” qəzetinin isə 20 yaşı tamam olur.
Bildiyiniz kimi,
"İpəkçi" qəzetinin 12 dekabr
1990-cı il tarixli, 33-34 (1967-1968) saylı nəşrində, V.İ.Lenin tərəfindən
deyilmiş və Sovet mətbuatının atributu olan “Bütün ölkələrin proletarları
birləşin!” şüarı mərhum redaktor Salis Məmədov tərəfindən qəzetin başlığı
üzərindən yığışdırılmiş, daha əvvəl “Azərbaycan Kommunist partiyası V.İ.Lenin
adına Şəki İstehsal İpək Birliyi Komitəsinin, Birlik Həmkarlar İttifaqı,
Komsomol Komitələrinin və baş direktorluğun orqanı” olan bu qəzet, bu dəfə
“Şəki ipəkçilərinin açıq tribunası” elan edilmişdi. Bu, həmin vaxta qədər,
Azərbaycan Sovet mətbuatında analoqu olmayan, keçmiş SSRİ-də isə tək-tük
hallarda təsadüf edilən bir hadisə idi. Beləliklə, “İpəkçi” qəzeti hələ SSRİ
dövründə Azərbaycanda Kommunist partiyasına və hökumətinə tabe olmayan ilk
leqal
qəzet oldu!
Lakin “İpəkçi” qəzetinin redaktoru
hələ Şəki İstehsal İpək Birliyindən maaş alırdı və üstəlik, qəzetin çap xərci
də bu
müəssisə
tərəfindən ödənilirdi. 1992-ci
ildə, AXC-Müsavat hakimiyyəti dövründə, Şəkidəki və Bakıdakı “bəy”lər,
“İpəkçi” qəzeti ilə yola getmədilər. Hətta o
vaxtkı Mətbuat və İnformasiya naziri Sabir Rüstəmxanlı 2 dəfə televiziyada
çıxış edərək “İpəkçi” qəzetinin ünvanına kəskin fikirlər söyləmiş, onu “Şəkidə
oturub, Bakıdakı rəhbərlərin işlərinə qarışmaqda” günahlandırmışdır.
Bundan başqa
“İpəkçi” qəzetinin qapadılması, yaxud redaktorunun – Azərbaycan
Respublikasının ilk Əməkdar jurnalistlərindən biri olan Salis Məmmədovun,
“təqaüd”ə göndərilməsi barədə də Şəki İstehsal İpək Birliyinin rəhbərinə
göstəriş verilmişdi. Nə etməli? Bu zaman ağlımıza gəldi ki, özümüz yeni bir
qəzet təsis etməliyik. Amma necə? Nazir Sabir Rüstəmxanlı imkan verərdimi ki
biz yeni bir qəzet təsis eləyək? Üstəlik, təsis üçün dövlət rüsumu da bizim
maddi imkanımız ilə müqayisədə çox böyük məbləğdə idi.
“
Şəkinin səsi
”
nin Mətbuat və İnformasiya Nazirliyində qeydiyyatdan keçməsi üçün,
mərhum Salis Məmmədov o vaxtkı Respublika Prokuroru İxtiyar Şirinova müraciət
etdi.
Baş prokurorun işə qarışması
nəticəsində yeni qəzetin qeydə alınması yolunda əsas maneə aradan qalxmış
oldu.
“Şəkinin səsi” üçün dövlət
rüsumunu isə Ali Sovetin deputatı, dostumuz Kazım Məmmədov ödədi...
1993-cü ilin iyun ayının 15-də,
Azərbaycanda ictimai-siyasi vəziyyət xeyli kəskin idi. Axşam Milli Məclisdə,
Ali Sovetin həm də Prezident səlahiyyətlərini icra edəcək sədri seçilməli idi.
Belə bir gündə, günorta vaxtı “Şəkinin səsi” qəzetinin 1-ci sayı Şəki
mətbəəsində nəşr olunurdu. Bu sayda Azərbaycan mətbuatında ilk olaraq Heydər
Əliyev Azərbaycan xalqının “böyük rəhbəri” kimi təqdim edilir və onun
Azərbaycanda hakimiyyətə qayıdışı
belə
qiymətləndirilirdi:
Heydər Əliyevin Vətənin bu dar
günündə xalqın harayını eşidib Bakıya gəlməsi, qardaş qırğınının qarşısını
almaq üçün göstərdiyi təşəbbüslər təkcə paytaxtda deyil, şübhəsiz ki,
respublikamızın digər bölgələrində də ona güclü rəğbət hissi doğurmuşdur.
Bu gün
Heydər Əliyev müstəqil respublikamızın ən
istəkli övladıdır – xalq yenidən öz böyük rəhbərinə sonsuz məhəbbətini
bildirir. İndi bütün Azərbaycanda – qaynar nöqtələrdə, sərhəd bölgələrində
dincliyin və əmin-amanlığın hökm sürəcəyi, torpaqlarımızın düşmən tapdağından
azad olunacağı gün uzaqda deyil... Əliyev müdrik adamdır. Ağır təqiblərə məruz
qalmış, lakin heç vaxt onu bir insan, şəxsiyyət kimi sındırmaq mümkün
olmamışdır.
Sadə və müdrik Azərbaycan xalqı Əliyevin gücünə, onun bir insan, rəhbər
kimi gözəl keyfiyyətlərinə yaxşı bələddir. Möhkəm əminik ki, Heydər Əliyev
bütün gücünü, bacarığını respublikamızın siyasi-iqtisadi həyatındakı böhranın
aradan qaldırılmasına, sağlam qüvvələrin bir cəbhədə birləşməsinə, vətəndaş
sülhünün yaradılmasına, müharibəyə son qoyulmasına, adamların həyat şəraitinin
yüksəldilməsinə yönəldəcəkdir...
Şəkinin səsi
Müstəqil ictimai-siyasi qəzet
Qəzetin təsisçiləri Salis və
Aydın Məmmədovlardır
№1
15 iyun 1993-cü il
Qiyməti 3 manat
BAŞ REDAKTORDAN:
Sizi deyib gəlmişik...
MİLLƏT VƏKİLİNİN ÜRƏK SÖZLƏRİ
Həqiqət yolunu azmayın
Rəhim QAZIYEV
Milli Məclisin üzvü.
“ŞƏKİNİN SƏSİ” QƏZETİNİN BAŞREDAKTORU, TƏSİSÇİSİ VƏ NAŞİRİ S.MƏMMƏDOVA
Hüseyn MUSTAFABƏYLİ,
Şəki Şəhər İcra hakimiyyətininbaşçısı.
Çingiz MƏMMƏDOV,
Şəki şəhər prokuroru.
Əmiralı DƏMİROV,
Şəki Şəhər Polis İdarəsininrəisi.
Əlövsət PAŞAYEV,
Şəki Şəhər Xalq Məhkəməsininsədri.
ŞAD XƏBƏR:
Heydər ƏLİYEV yenə xalqlabirlikdədir
TƏBRİKLƏR
Bu qəzetin gələcəyinə inanıram
Sadıq MURTUZAYEV,
Bakı şəhəri.
“Aqil ABBAS, gözün aydın!”
Zaman QARAYEV,
yazıçı–jurnalist.
“BƏNZƏRƏM BİR QOCAMAN DAĞAKİ...”
Kazım Məmmədov,
Şəki Şəhər Əhaliyə MəişətXidməti İstehsalat İdarəsinin rəisi, şəhər Sovetinin sədri, millət vəkili.
HAMILIQLA MÜDAFİƏ ETMƏLİYİK
Tahir Məmmədov,
Şəki “İpək” Şirkəti həmkarlarİttifaqı Komitəsinin sədri.
YAŞAYIŞ EVİ TİKİLİR
EL AĞSAQQALLARIMIZ:
Sadıq Nəbi oğlu MURTUZAYEV
“QARABAĞ” RESTORANINDA KÖRPƏGÜLÜŞLƏRİ
ÇAYXANA LƏTİFƏLƏRİ
MƏHKƏMƏDƏ
SƏBƏB?! “Əhməd məsələsi”dir...
SÖZÜN DÜZÜ BAŞA BƏLADIR
“HƏSAĞA”NIN QOHUMU
Yarızarafat, yarıgerçək
CİB XƏRCLİYİ
İSTİQLAL ŞİRNİSİ
CƏBHƏÇİ DEYİL
ŞƏKİDƏ MƏDƏNİYYƏT ZURNASI
“MÜVƏQQƏTİ ÇƏTİNLİK”
MEYXANADA RÜŞVƏT
DAŞINI DEYƏ BİLMRƏM
DOLANA BİLMİRƏM
BAQQAL DÜKANI
RASİM BƏYİN KOMANDASI“TƏCRÜBƏ” APARIR
ŞƏKİLİSAYAĞI
HƏBLƏ DİMAX LAZIMDIR
Sabir ƏFƏNDİYEV.
ƏZİZ KƏLBƏCƏRLİLƏR, ŞƏKİCAMAATI SİZİNLƏDİR!
Oqtay Bağırov,
Şəki Şəhər prokurorununköməkçisi.
“ÜMİD”in RUZİ PAYI
Bəşarət HACIZADƏ,
müəssisənin işçisi.
Sağ ol Zöhrab bəy!
Fərrux Cəfərov,
müəllim.
Hacı dayının “teletayp”otağından:
AMERİKA PREZİDENTİ MƏKTUB“UÇURUR”
YELTSİNİN “SAQQIZINI” KİMOĞURLAYIB?!
QORBAÇOV ACINDAN “ÖLÜR”
TANRIDAN BİR DİLƏYİM VAR
“ZİNDAN”ın TƏŞƏBBÜSÜ
T.Azəroğlu.
TACİR GÜLAĞA
M.MÜZƏFFƏR
İDARƏ, MÜƏSSİSƏ RƏHBƏRLƏRİNİNVƏ OXUCULARIMIZIN NƏZƏRİNƏ!
Redaksiyaheyəti:
Əziz və möhtərəm oxucular,
qədirbilən Şəki camaatı!
Gördüyünüz kimi, çox şeydən
qıtlıq çəksək də, qəzet sarıdan bolluqdur. Əsl hünər də elə bu çoxluğun
içərisində seçilmək, sözün qədir-qiymətini yüksəltmək, respublikamızda müharibə
getdiyi bir vaxtda qələmi qılınca çevirməklə haqqın, ədalətin keşiyində
dayanmaq, oxucuya əsl həqiqəti çatdırmaqdır.
Əziz dost, özümüzü öymürük,
sənə ucuz sensasiya, haylı-küylü, bayağı materiallar, qərəzli yazılar vəd
etmirik. Vəd etdiyimiz ancaq budur ki, qəzetin baş redaktoru da, əməkdaşları
da, redaksiya heyətinin üzvləri də ancaq və ancaq həqiqəti yazacaqlar. Sənin
çox vaxt həsrətində olduğun, oxuyub öyrənmək istədiyin həqiqəti! Qəzetimiz
“Şəkinin səsi” adlanır. Başqa ad da seçə bilərdik. İstədik ki, göz açdığımız bu
qədim və gözəl yudun adını ad seçib, sizin – əziz və mehriban, qədirbilən,
zəhmətkeş, sözə qiymət verməyi bacaran
şəkililərin görüşünə gələk.
“Şəkinin səsi” ancaq sizə
ehtiyac olanda – əyri düzü sındıranda, haqq nazilib üzüləndə, qədirbilən,
qeyrətli oğullarımızın yeri səhv düşüb müsibət baş verəndə, azad fikirlər, azad
düşüncələr buxovlananda, nadanlar, yaltaqlar layiq olmadıqları vəzifə
kürsülərində əyləşəndə öz kəskin, ədalətli sözünü deyəcək, kimin kim olduğunu
göstərəcəkdir. İgid əsgərlərimiz düşmənin bağrını yarıb qələbə marşı çalanda bu
xoş xəbərin ilk qaranquşlarından biri də bizim qəzet olacaqdır. Bu qəzetin
səhifələrində həm də cəbhədə hünər göstərən həmyerlilərimizin igidliyindən
yazacaq, şəhidlərimizi yad edəcəyik.
Azərbaycan Respublikası
Mətbuat və İnformasiya naziri, istedadlı şair, alovlu publisist, qeyrətli Vətən
oğlu, tanınmış millət vəkili Sabir Rüstəmxanlı “Şəkinin səsi” qəzetinə “doğum”
şəhadətnaməsi verməklə bu qədim yurda,
onun vətənpərvər oğullarına, ziyalılarına, bütün Şəki əhlinə öz böyük
məhəbbətini bir daha təsdiqlədi. Lirik, kövrək şeirləri ilə şəkililərin
rəğbətini qazanan Nəriman Həsənzadə də oxucularımıza
ən xoş arzularını çatdırdı.
“Şəkinin səsi” üçün mövzu
baxımdan sərhəd yoxdur. Siz qəzetimizin səhifələrində Trud-Sarıca düzünün
bərəkətini artıran taxılçılarımızın, üzümçülərimizin, heyvandarlarımızın,
habelə tütünçü, kümdar, meşə işçisindən tutmuş adi suçuya, gözətçiyə qədər
hamının, hər kəsin qayğıları, gündəlik problemləri ilə tanış olacaqsınız.
Şəkinin ictimai-siyasi qəzeti kimi nəşrə başlayan bu açıq tribunadan hər kəsə
öz sözünü deməyə, obyektiv mövqedən tənqid etməyə, şəhər və kəndlərimizdə baş
verən hadisələrə öz prinsipial münasibətini bildirməyə imkan veriləcəkdir.
Çalışacağıq ki, sözümüz qısa
və kəsərli olsun. Siz bu qəzetin səhifələrindən qədim və gözəl şəhərimiz, onun
sənaye, tikinti, təhsil, xidmət müəssisələri, ticarət, kommersiya, iaşə
obyektləri, sahibkarlığa, biznesə, icarəyə,
kooperasiyaya can atan iş adamlarımız, gənc milyarderlərimiz barədə
müntəzəm, ətraflı məlumat alacaqsınız.
Şəki Universitetinin, teatrımızın, mədəniyyət ocaqlarımızın fəaliyyəti
də diqqətimizdən yayınmayacaqdır. Sizə xoruz səsi eşitməyən – operativ,
təzə-tər xəbərlər, şəhər həyatının ən müxtəlif sahələrindən maraqlı məlumatlar
verəcəyik.
“Şəkinin səsi” nöqsanlara,
əliəyriliyə, rüşvətxorluğa, qanunçuluğun pozulması, təmiz, namuslu adamların
ləyaqətinin tapdanması – zorakılıqla işdən çıxarılması hallarına qarşı
qətiyyətlə çıxış edəcək, bu sahədə hüquq-mühafizə orqanlarının mövqeyini
oxuculara bildirəcəkdir.
Şübhəsiz, nailiyyətlərimiz,
uğurlarımız, istedadlı, dünya şöhrətli sənətkarlarımız barədə də ürək dolusu
ilə yazacağıq.
Əziz həmvətənlər!
“Şəkinin səsi” öz səsini sizin
səsinizə qatır, sizə arxalanır. Söz yox ki, xoşunuza gəlməyən, ürəyinizcə
olmayan yazılarımıza da rast gələcəksiniz. Belə məqamlarda ürəkli olun, əlinizə
qələm götürüb təklif və iradlarınızı, arzu və istəklərinizi, giley-güzarınızı
ərklə bizə yazın. Sizin ağıllı məsləhətlərinizə bizim həmişə ehtiyacımız
olacaqdır. Qəzetimizin maraqlı çıxması üçün ən etibarlı bələdçi oxucu məktubu,
oxucu gözü, oxucu sözüdür.
Qəzetlərin bazar iqtisadiyyatı
şəraitində düşdüyü çətin vəziyyət sizə də yaxşı məlumdur. Göstərdiyimiz
xidmətin müqabilində isə sizdən umacağımız az olmayacaqdır. Artıq cari ilin
ikinci yarısı üçün “Şəkinin səsi” qəzetinə abunə yazılışına başlanılmışdır.
Qəzetimi ilin axırına qədər həftədə bir dəfə oxumaq üçün ailə büdcənizdən cüzi
məbləğ – 50 rubl ayırmağınız kifayətdir. “Şəkinin səsi”ni şəhərimizin qəzet
köşklərindən də müntəzəm alacaqsınız. Qəzetimizin bankda xüsusi hesabı
olacaqdır. Bütün idarə, müəssisə və təşkilatlar, təsərrüfat, ticarət və
kooperativ müəssisələr güzəştli qiymətlərlə öz elanlarını “Şəkinin səsi”
qəzetində dərc etdirə biləcəklər.
“Şəkinin səsi” hamının
səsidir. Onun uzun ömürlü olması, yaşaması, sizə yaxın dost, sirdaş olması isə,
əziz oxucular, sizin hər birinizin qəzetimizə münasibətindən asılıdır. İnanırıq
ki, Şəkinin imkanlı təsərrüfatları, idarə, müəssisə və təşkilatları, eləcə də
pulunu, varını xeyriyyəçilik işlərinə sərf edən, bunu vətəndaşlıq borcu sayan
ayrı-ayrı adamlar, komersantlar, kiçik müəssisə sahibləri, azad sahibkarlar öz
köməklərini qəzetimizdən əsirgəməyəcəklər.
Qəzetimizin yaradıcı
kollektivi bizimlə əməkdaşlıq etmək, xoş ünsiyyət yaratmaq istəyənlərin
hamısına qabaqcadan öz “sağ olun”u çatdırır.
Mən Salisin bir jurnalist kimi
cəsarətinə, 30 il redaktoru olduğu “İpəkçi” qəzetinin təsir gücünə yaxından
bələdəm. Deputat seçilərkən, nazir olarkən barəmdə gedən məqalələri bu qəzetdə
məmnuniyyətlə oxumuşam. Ona görə də istedadlı, qorxmaz eloğlumun “Şəkinin səsi”
adlı qəzet buraxmaq istədiyini eşidəndə çox sevindim. İnanıram ki, “Şəkinin
səsi” də “İpəkçi” kimi təkcə bir şəhərdə yox, bütün respublikada əl-əl gəzəcək,
öz təsisçisinin və baş redaktorun hörmətini artıracaq, Şəki və şəkililər barədə
bizə əsl həqiqəti çatdıracaqdır.
Əziz dost! Başçılıq elədiyin
yaradıcı kollektivdən bircə təmənnam var. Çalışın ki, bu qarışıq zəmanədə
həqiqət yolunu azmayın. Millətimiz ən çətin sınaq məqamlarını yaşayır. Qoy,
“Şəkinin səsi” bu ağır günlərimizdə yaralarımıza haqq sözündən məlhəm qoysun,
kişiliyi, dözümü, mərdliyi ilə seçilən bu yurda, onun vətənpərvər oğullarına
əsl şərəf və baş ucalığı gətirsin.
Şəhərimizdə yeni mətbu orqanı
– “Şəkinin səsi” qəzetinin nəşrə başlaması münasibəti ilə icra aparatı adından
və şəxsən öz adımdan Sizi və yaradıcı kollektivinizi təbrik edirəm.
Şübhə etmirəm ki, qəzetiniz
şəhər və kəndlərimizin həlli vacib problemlərindən, inkişafımıza əngəl olan
nöqsanlardan yazacaq, şəkililəri arxa cəbhədə ilhamla çalışmağa səfərbər
edəcəkdir.
Şəkinin hüquq-mühafizə oqanlarının
rəhbərləri, bütün əməkdaşları “Şəkinin səsi” qəzetinin ilk nömrəsinin çap
edilməsini regionun siyasi-ictimai və mühitində yaddaqalan hadisə kimi
qiymətləndirirlər.
Əminik ki, yeni qəzet,
ətrafında baş verən hadisələrə dərindən nüfuz edəcək, ön sıralarda gedəcək, ali
məqsədini bütün Şəki camaatına xidmətdə görəcəkdir.
Qəzetin prinsipial və
cəsarətli mövqedən çıxış edərək qanunçuluğun möhkəmləndirilməsi işində Şəkinin
hüquq-mühafizə orqanlarına yardımçı olacağına şübhə eləmirik.
İyulun 13-də Milli Məclisin
fövqəladə iclası olmuşdur. Milli Məclisin üzvləri parlamentin spikeri İsa
Qəmbərin istefasını qəbul etmişlər.
İclasa sədrlik edən Tamerlan
Qarayev Heydər Əliyevə söz vermişdir.
Heydər Əliyev demişdir:
–
Mən xalqımın səsini eşidib,
onun mənə olan istəyini duyaraq,
vicdanımın tələbi, prezident Əbülfəz bəyin xahişi ilə gəlmişəm. Biz birlikdə
mürəkkəb vəziyyətdən çıxış yolları axtarmalı, milli barışığa, milli həmrəyliyə
doğru getməliyik. Baş vermiş faciənin dərinləşməsinə yol vermək olmaz.
Danışıqlar, qarşılıqlı anlaşma yolu ilə məsələləri müsbət həllinə səy göstərməli,
güc yox, ağıl, zəka müdriklik öz işini görməlidir. Mən fəaliyyətimin səmərəli
olması üçün Gəncəyə getmək qərarına gəlmişəm.
Parlament üzvləri Gəncədəki
vəziyyəti öyrənmək, qarşı duran tərəflərlə danışıqlar aparmaq barədə Heydər
Əliyevin təklifinə razılıq vermişlər. Elə həmi gün H.Əliyev jurnalistlərin
müşayiəti ilə Gəncə şəhərinə yola düşmüşdür.
Həyatımın ən qaynar illəri
Şəki ilə bağlı olub. Şəkinin torpağı nə qədər barlı-bərəkətlidirsə, adamları da
bir o qədər geniş ürəkli, dost qədri biləndir. Mənimlə uzun illər ümumi işin
xeyrinə sıx ünsiyyət eləyən ziyalılardan, ötkəm jurnalistlərdən biri də bu gün
“Şəkinin səsi” qəzetinin təsisçisi – baş redaktoru kimi yenidən söz-sənət
meydanına atılan, qələmi qılıncdan da kəsərli olan Salisdir. Bu gün də onunla
dostluğumuz davam edir: mənzilimdə, iş stolumun üstündə “İpəkçi”ni görəndə çox
qəzetləri kənara qoyub, Bakıda da “Salisin qəzeti” kimi məşhurlaşan qəzeti
oxuyuram.
Salis Məmmədovun “Şəkinin
səsi” adlı qəzet buraxacağını eşitdikdə bir daha yəqin etdim ki, bu qələm-sənət
fədaisinin iş meydanında yormaq, söz köhlənindən endirmək mümkün deyil.
Mən bu qəzetin gələcəyinə
inanıram. Çünki bu qəzetin beşiyi başında həyatın ən çətin sınaqlarında
həqiqətə, doğru sözə arxalanan, yaşamağın mənasını həmvətənlərinə xidmətdə
görən zəhmətkeş bir jurnalist dayanır. Mən “Şəkinin səsi”nin yaşaması üçün ona
sponsorluq etməyə və imkanım daxilində qəzetə hər cür kömək göstərməyə hazıram.
Jurnalistlər güclü rəqibi
xoşlamasalar da, “Ədalət” və “Boz qurd” qəzetlərinin baş redaktoru Aqil
Abbas rəqibindən qorxan kişilərdən
deyil. Özü demişkən, İsgəndər məktəbini keçib. Salis bəy Bakıda Aqil Abbasla
görüşərkən niyyətini tam açıqlasaydı Aqil bəy mərdi-mərdanə deyərdi: “Şəkililər
Teymurun, Nadir şahın canına vəlvələ salıb, dünyaya meydan oxuyan fatehlərin
gözünün odunu ala bilibsə, bir şəkili balasının iki qəzetin baş redaktoru
olması əsla təəccüblü deyil. Əksinə, mən bu təcrübənin digər bölgələrdə də
yayılmasını arzulayardım. Təki qəzetçinin həyat eşqi tükənməsin, sözün düzünü
yazmaqdan, deməkdən çəkindəsin”.
Köhnə həmkar, həmyerli kimi
baş redaktora demək istəyirəm ki, möhkəm dayan. Bəlkə də İsgəndər bəyə oxşar
səxavətli dost, sözünün üstündə duran sponsor tapmaq çətindir. Amma “İpəkçi”nin
Bakıda olan oxucuları arasında düz sözə səcdə qılan, qəzetçi əməyini
qiymətləndirən mərd oğullar da az deyil. Elə götürək el ağsaqqalımız Nadir
Quliyevi və onun kimi digər xeyirxahlarımızı. İnanıram ki, onlar “Şəkinin səsi”
qəzetini yaşatmaq üçün əllərindən gələni əsirgəməyəcəklər.
Aqil Abbas Amerikanı görüb onu
cənnət adlandırsa da, istəkli dostum Salis üçün cənnət elə Şəkinin özüdür. Və
heç kəs şübhə eləmir ki, baş redaktor Amerikanı görə bilməsə də, “Şəkinin səsi”
qəzetinin sorağı Amerikadan gələcək. Axı, vaxtı ilə Amerika jurnalistləri də
“İpəkçi”nin hünərindən çox yazmışdılar.
Təkcə qalır, Aqil Abbas
ahəngində yazmaq. Amma yox! Mənim qələminə, istedadına hörmət etdiyim Salis
Məmmədov yeni qəzetində də 30 il “İpəkçi”də yazdığı kimi – Salissayağı –
düzü-düz, əyrini-əyri – öz ahəngində yazsa daha yaxşıdır. Başqa cür mümkün də
deyildir.
Qəzetinizin qədəmləri sayalı,
sözü kəsərli olsun!
***
Nəhayət, arzusunda olduğumuz,
illərdən bəri həsrətini çəkdiyimiz, intizarla yolunu gözlədiyimiz bir qəzetin –
“Şəkinin səsi” qəzetinin dünyaya göz açdığı günü gördük. Adın mübarək, nəfəsin
uzun olsun – təzə qəzet! İndi qələm götürüb ürəkdən gələn, ruhumuzdan qopan gur
səsimizi “Şəkinin səsi”nə qata bilərik. Biz ziyalıları ancaq sözün düzü,
həqiqətin bir olan üzü maraqlandırır. Şübhəsisz, “Şəkinin səsi” Sabirsayağı
haqq sözü deyərkən utanmayacaqdır.
Yəqin ki, “Şəkinin səsi”ni
alqışlayanlar çox olacaq. Amma, bu qəzetin bostanına qara daş atanlar, onu
nüfuzdan salmağa çalışan bədxahlar, gücsüz, nadan rəqiblər də tapılacaq. Baş
redaktorun 45 illik qələm təcrübəsi, açıq döyüşlərdə bərkiyən qələmi deməyə
əsas verir ki, “Şəkinin səsi” ən ağır anlarda “vuruşa” hazır vəziyyətdə
dayanacaq, işıqdan, həqiqətdən qorxan yarasaların başına söz mərmisi
yağdıracaq, “Bənzərəm bir qocaman dağa ki...” məramı ilə özünün qədirbilən
oxucularının şərəf və nüfuzunu qoruya biləcəkdir.
***
Şəhərimizdə təzə bir qəzetin
işıq üzü görməsi “İpək” şirkətinin çoxminli kollektivini də sevindirir. Arzumuz
budur ki, “Şəkinin səsi” “İpəkçi”
qəzetinin illərdən bəri davam edən mübariz ənənələrini qətiyyətlə davam
etdirsin, qısa müddətdə öz oxucularının rəğbətini qazansın. Mən də əlimə qələm
götürüb “Şəkinin səsi” qəzetində müntəzəm çıxış edəcək, şirkətimizin, şəhər və
kəndlərimizin problemlərindən, həllini gözləyən nəcib məsələlərdən yazacağam.
Bilirəm ki, yeni qəzet mövzu
sarıdan qıtlıq çəkməyəcək: bərəkətli zəmilərimizdə, üzüm və meyvə bağlarımızda,
fermalarda iş görən, zəhmət çəkən adamların arzu və istəklərindən, ön cəbhədə
vuruşan həmyerli əsgərlərimizin şücaətindən ilhamla söz açacaqdır.
Əminəm ki, şəhərin sənaye,
tikinti, xidmət sahələrində çalışan çoxminli fəhlə ordusu da “Şəkinin səsi”ni
ümid, inam gözü ilə oxuyacaq, bu qəzet vasitəsilə günün yeniliklərindən, baş
verən hadisələrdən, uğur və nailiyyətlərimizdən, işdəki nöqsan və çatışmamazlıqlardan
vaxtlı-vaxtında xəbər tutacaq, yeri gələndə isə qəzetin fəal və işgüzar mövqeyini
hamılıqla müdafiə edəcəkdir.
***
73 nömrəli təsərrüfatlararası
səyyar mexanikləşdirilmiş dəstənin kollektivi
tərəfindən “Dördyol” ərazisində 16 mənzilli yaşayış evi tikilir. Smeta
dəyəri 36 milyon rubl olan həmin obyekti bu ilin sonuna qədər istifadəyə vermək
nəzərdə tutulur.
Sadıq Murtuzayevi respublikamızda
yaxşı tanıyırlar. O, rəhbər kadr kimi bütün vəzifələrdə özünü böyük
təşkilatçılıq bacarığı, əsl təsərrüfatçı səriştəsi olan yenilikçi, təşəbbüskar,
zəhmətkeş torpağın, adamların dilini gözəl bilən insan kimi göstərmişdir.
S.Murtuzayev 10 ildən artıq
Şəki partiya təşkilatına rəhbərlik etmişdir. O vaxt geridə qalan bu rayon Sadıq
Murtuzayevin zəngin təcrübəsi, biliyi, adamları ən çətin sahələrdə səfərbər
etmək bacarığı sayəsində respublikada sözün həqiqi mənasında qabaqcıl təcrübə
məktəbinə çevirmişdir. Həmin illərdə Azərbaycana rəhbərlik edən Heydər Əliyev
Murtuzayevin bir kadr kimi iş keyfiyyətlərini yüksək qiymətləndirmiş, ona
inanmışdır. S.Murtuzayev həmişə bu etimadı layiqincə, əməli işi ilə
doğrultmuşdur.
S.Murtuzayev Şəki və şəkililər
barədə zehinlərdə kök salmış süstlük, ətalət psixologiyasını şəkililərin öz əli
ilə dəyişdirmiş, burada o dövr üçün mütərəqqi hesab edilən aqrar islahatlar
həyata keçirmişdir. Bütün bunlardan yaxşı xəbərdar olan Heydər Əliyev Şəkidəki
yeniliklərlə şəxsən tanış olmaq üçün bu qədim yurda gəlmiş, qeyrətli torpaq
adamları ilə görüşmüş, onların fədakar əməyini yüksək qiymətləndirmiş, Sadıq
Murtuzayevin yaradıcı fəaliyyətindən razı qalmışdır.
Respublikamızın siyasi
həyatındakı gərginlik, Gəncə hadisələri Sadıq Murtuzayevi də bir
vətəndaş-ziyalı kimi ciddi narahat etmiş, düşündürmüşdür. O, “Şəkinin səsi”
qəzetinin sponsoru kimi onun baş redaktoru M.Salislə əlaqə saxlamış, təzə qəzet
barədə xoş duyğularını bildirdikdən sonra əlavə etmişdir:
-
Heydər Əliyevin Vətənin bu dar günündə xalqın harayını eşidib Bakıya
gəlməsi, qardaş qırğınının qarşısını almaq üçün göstərdiyi təşəbbüslər təkcə
paytaxtda deyil, şübhəsiz ki, respublikamızın digər bölgələrində də ona güclü
rəğbət hissi doğurmuşdur.
Bu gün Heydər Əliyev müstəqil respublikamızın ən
istəkli övladıdır – xalq yenidən öz böyük rəhbərinə sonsuz məhəbbətini
bildirir. İndi bütün Azərbaycanda – qaynar nöqtələrdə, sərhəd bölgələrində
dincliyin və əmin-amanlığın hökm sürəcəyi, torpaqlarımızın düşmən tapdağından
azad olunacağı gün uzaqda deyil: Heydər Əliyevi təzədən Bakıda, xalqın içərisində
görmək, onunla uzun illər ünsiyyətdə olmuş, rəhbərliyi altında işləmiş bir adam
kimi mənə də xoşdur. Əliyev müdrik adamdır. Ağır təqiblərə məruz qalmış, lakin
heç vaxt onu bir insan, şəxsiyyət kimi sındırmaq mümkün olmamışdır.
Sadə və müdrik Azərbaycan xalqı Əliyevin
gücünə, onun bir insan, rəhbər kimi gözəl keyfiyyətlərinə yaxşı bələddir.
Möhkəm əminik ki, Heydər Əliyev bütün gücünü, bacarığını respublikamızın
siyasi-iqtisadi həyatındakı böhranın aradan qaldırılmasına, sağlam qüvvələrin
bir cəbhədə birləşməsinə, vətəndaş sülhünün yaradılmasına, müharibəyə son
qoyulmasına, adamların həyat şəraitinin yüksəldilməsinə yönəldəcəkdir.
“Qarabağ” restoranının
kollektivi bu yaxınlarda nəcib və xeyirxah iş görmüşdür. İaşəçilər uşaq evinin
balaca sakinlərini qonaq çağırmışlar. Qonaq süfrəsi arxasında balacalara onlara
ürəkləri istədikləri kimi xidmət göstərilmişdir. Restoranın işçilərindən
E.Məcidzadə, S.Rəfiyev, Ə.Hacıosmanov, N.Cəfərov uşaqları ovundurmaq, onları ürəkdən
sevindirmək üçün əllərindən gələni əsirgəməmişlər.
Uşaq evinin sakinləri də
borclu qalmamışlar. Onlar böyükləri mahnı, rəqs, şeir “sovqat”ı ilə
sevindirmişlər.
Restoran işçiləri balacaları
əmin etmişlər ki, bu son görüş olmayacaqdır.
Əziz oxucular! “Çayxana
lətifələri” bizim aparıcı rubrikamız olacaq.
Aparıcı da Allahyar əmidir. Sizin görüb tanıdığınız, “qaynanmış”, həmişə
çayından “dəmlədiyimiz” Allahyarı demirik. Bu başqasıdır. Özünün dediyinə görə
peşəsi şəhəri bir-iki “kruq” vurub, görüb-eşitdiklərini lətifə düzəldib sizə
çatdıracaqdır. Məqsədi də odur ki, çayxanaya girəndə qəndin, çayın bahalığını
unudasınız, bazar-zənbil xofunu yaddan çıxarıb bir balaca yüngülləşəsiniz.
Beləliklə, Allahyar əminin
lətifələrini sizə təqdim edirik.
Günlərin birində icra
aparatında şöbə müdiri işləyən Mahir bəyə də qara xəbər çatdırdılar:
-
İşdən azadsan, yerini təhvil ver!
-
Səbəb?
Mahir bəyə “səbəb” adlı bir
arayış verdilər. Və izah etdilər ki, “filan-filan” məsələlərə görə sizi
aparatdan xaric edirik.
Mahir bəy başa düşdü ki, bu
səbəb deyil – “Əhməd məsələsidir”. “Öldü var, döndü yoxdur” deyib, şəhər
məhkəməsinə üz tutdu. Burada “Qanun şahdır” prinsipi ilə işə baxdılar. Mahirin
haqlı olduğu sübut edildi və o, bəraət aldı.
Mahirin sağ əli vəzifədən
haqsız çıxarılanların başına. Eşitdiyimizə görə son vaxtlar daha bir neçə müdir
– Şəki şəhər ticarətinin direktoru Fikrət Cəfərov, Şəki Tibb Məktəbinin
direktoru Elmira Hacıyeva, konserv zavodunun direktoru Mahir Qasımov da
məhkəmənin qərarı ilə öz işlərinə bərpa olunublar.
Məndən olsa, vəzifədən zorla
çıxarılan, bir neçə ay işsiz qalan müdirlərin əmək haqlarını dövlətin cibindən
yox, onları işsiz qoyan əsl səbəbkarların – icra hakimiyyəti başçısı
müavinlərinin “cib xərclik”lərindən ödətdirərdim.
-
Ağabala eşitmisən...
-
Sözünü de!
-
Baş memar Aqil Məmmədovun kefi yaman yuxarıdır...
-
Olar da, torpaq-köşk istəyənlərin sayı getdikcə artır. Şəhərin küçə
və məhəllələrində boş yer qalmayıb. Baş memarımızın da ürəyi yumşaqdır.
Yuxarıdan razılıq işarəsi alan kimi öz vəzifə borcunu “vicdan”la yerinə
yetirir. Əvəzində şəhərin “ağzı burnu” əyilir – cəhənnəmə ki... “quş damları”
yük vaqonları kimi baş alıb gedir –cəhənnəmə ki... “qoy biz tox olaq, cümlə
cahan batsa da, batsın” cəhənnəmə ki...
-
Ağabala, cəbhəçi olanda nə olar, sözün düzünü danış, ha!
-
Elə bilirsən, tək mən deyirəm?! Şəki camaatının gözü qulağı yoxdur?
Srağagün çayçıda bir “yalan” danışırdılar. Guya Aqil bəy pulundan, var-dövlətindən,
şəxsi avtomaşınından... hər şeydən nəfsini öldürüb – baş memar olandan sonra
restoran üzü görməyib. Hələ deyirlər ki...
-
Nə deyirlər Ağabala?!
-
Bir də deyirlər ki, baş memar “Həsənağa”nın qohumudur. Həm də
söyləyirlər ki, şəhərin mərkəzindən keçən çayın yanında yeni torpaq sahəsi
“tapıb”, burada “şəhərcik” yaradır.
-
Daha nə deyirlər?
-
Çox şey. Amma, oxucuları yora bilmərəm. Ardı gələn nömrədə...
Çayçı Allahyar.
Əziz yumor həvəskarları,
“Dünya gülməsə, yaşaya bilməz” deyənin atasına min rəhmət! Sizin zorla, necə
deyərlər, qıdıqlayıb güldürmək istəmirik. Bir azca dodağınız “qaçsa”,
qırışığınız açılsa bəsimizdir.
Bircə xahişimiz var,
şəkilisayaq, hər sözümüzdən “söz qayırıb”, dediklərimizi özünüzə
götürməyəsiniz.
İcra başçısının müavini:
-
Borcunu nə tez qaytardın bəy? Hələ maaşa çox qalıb axı...
Şöbə müdiri:
-
Guya xəbərin olmadı – sənin kimi, mənə də indicə “cib xərcliyi”
verdilər.
-
Qonşu, deyirlər Şəkidə İstiqlal günü münasibəti ilə şirni paylayırlar...
-
Çəkisi nə qədərdir?
-
250 qram...
-
Məşədi, niyə bizim uşağı özünə müavin götürmürsən?
-
Üz vurma, Soltan bəy, oğlun cəbhəçi deyil, onu dükana buraxa bilmərəm.
-
Bazara gedirsən, bəs zənbilin hanı?
-
Almağa yox, zurna-balaban səsinə oynamağa gedirəm.
-
Nə zurnadı elə?
-
Mədəniyyət zurnası. Eşitmirsən, bayram havası çalınır?! Bax, buna
deyərlər, “Aclıq olsun, kef olsun”, atam balası.
-
Xanpəri, dolanmaq mümkün deyil, bazara girəndə gözlərim qaralır.
-
Kefini pozma, Gülpəri. Ölənə qədər müvəqqəti çətinlikdir.
-
Bəs deyirdin, vəzifəyə keçəndən sonra işim millətə xidmət olacaq, bu
otaqda rüşvət-filan almayacağam?
-
And olsun o gördüyün Qurana ki, bu otaqda, ya qeyri otaqlarda heç kim
rüşvət almır!
-
Axı “Boz qurd” da yazır, “Mozalan” da ...
-
Əcəb də eləyirlər, ay dilbilməz. Dünya elə bu otaqdan ibarətdir?! Bu
boyda şəhərin bir xəlvətxanası yoxdur?! Key oğlu key, anladın?!
-
Sağlığına qismət, mağaza üstünə neçəyə oturdu?
-
Daşını deyə bilmərəm, torpağına 30 min vermişəm.
-
Sizin əziz canınız üçün dolana bilmirəm, bir köynəyim var, onun da
yaxası süzülüb. Adam içinə çıxmağa utanıram.
-
Utanma müdir, – deyə az maaş
alan işçi dilləndi, – mühasib pul verən kimi, bu dəfə də sizə köynək alaram,
“xəcalətdən” qurtararsan.
-
Ac qaıb üzülərsən dost.
-
Narahat olma, həkim pəhriz buyurub.
-
Hacı Qara, oğlun Bədəli götür gəl bizə. Nökərin Kərəməlini də
üstəlik. Müdir bəy mükafat yazıb, 150 qram ət almışam. Dörd nəfərə bir piti,
necədir səninçün?
-
Müdirinə de, cümlə qələm əhlini yığıb gəlsin baqqal dükanıma, bu
xəsis canımla hərənizə bir qab plov verim, yanında da 150 qram dəm suyu.
Necədir sizin üçün?
Ötən cümə günü yuxarı Karvansaranın
altındakı çörək sexinin şefi Rasim bəy növbədə mürgü döyən həmvətənlərinə
bildirib ki, bu gün sexdə təcrübə aparılıb, çörəyin xəmiri soyuq və bulanlıq su
ilə yoğrulub.
Təcrübə baş tutmadı, zay olmuş
çörəklər küncə yığıldı. Çörəkçilər keflərini pozmadılar. “Nə gedir, kisədən
gedir” dedilər, Təcrübənin camaata o “xeyri” oldu ki, adamlar növbədə daha iki
saat artıq dayandılar.
Çörək sexində gündüz saat 12-ni ötən kimi, işçilər start xəttinə
düzülüb, aradan çıxırlar. Əlləri çörəkdən üzülənlərin isə “mükafat”ları kobud
söz, söyüş və təhqir olur.
·
Boş apteklər idarəsi.
·
Dərman atlı olub, xəstə piyada.
·
Tərsinə fırlanır daha dünya da.
·
Balığı dəryaya atma, qıtlıqdır. Balıq da, xaliq də bilir.
·
Keçmişdə dayılar adamları qaldırıb vəzifə kreslosuna qoyurdu, indi
dayıları ayı yerinə qoymurlar: mitinqlərdə bir neçə dəfə yumruğunu qaldıranlar,
bir də görürlər ki, odur ey, qulluq
kreslosundadırlar.
·
Partokratlar şapkalarını başlarına qoyub getdilər, yerinə başı açıq,
iştahası kimi yerişi də iti cavan bürokratlar gəldilər.
·
Dövləti daha nə yıxa bilər, ay ciyi?
– Bat, bat, onu da bilmirsən? – “xaş-xaş”, daşbaş, alkaş.
ƏZİZ KƏLBƏCƏRLİLƏR,
ŞƏKİ CAMAATI SİZİNLƏDİR!
Şəki prokurorluğunun
əməkdaşları doğma torpaqlarından didərgin düşüb, bu obaya pənah gətirmiş
kəlbəcərli qaçqınların kədərinə ürəkdən şərik olurlar. Şəki prokuroru Çingiz
Məmmədov üç aylıq əməkhaqqısını soydaşlarına verməklə, rəhbərlik etdiyi
kollektivə gözəl nümunə göstərmişdir.
Prokurorluğun digər əməkdaşları
da iki aylıq məvaciblərini qaçqınlar üçün ayırmışlar.
Yığılmış 200 min rubl
miqdarında vəsait, taxılçılıq sovxozundakı yurddaşlarımıza paylanılmışdır. Hər
bir kəlbəcərli ailəsi beş min rubl almışdır.
Şəhərimizdəki “Ümid” icarə
müəssisəsinin (dəsmal sexinin) kollektivi də savab iş görmüşdür. İcarədarlar 50 min rubl dəyərində ruzi payı
ilə taxılçılıq sovxozunda binə qurmuş kəlbəcərli qaçqınların yanına getmişlər.
Soydaşlarımız şəkililərin səxavətindən razı qalmış, çətin günün əltutanlarına
minnətdarlıqlarını bildirmişlər.
İstehsalat kombinatının
direktoru Zöhrab Yunusov şəhid ailələrinin hər birinə 5 min rubl yardım etmək qərarına
gəlmişdir. Bu məqsədlə şəxsi təsərrüfatından 379 min rubl ayırmışdır.
Nəcib və xeyirxah əməlinə görə
Zöhrab Yunusova təşəkkür edirik.
ABŞ prezidenti cənab B.Klinton
Əbülfəz Elçibəyə bir-birinin ardınca üç namə göndərmiş –Dağlıq Qarabağ
hadisələri ilə bağlı təəssüf hissini bildirmişdir.
Cavan prezident üç məktub
göndərmək əvəzinə, erməni dığalarına bir qulaqburması versəydi daha təsirli
olmazdımı?
Rusiya prezidenti Yeltsin
yamanca əl-ayağa düşüb. Əlləri soydaşlarımızın qanına bulaşmış beş rus
“uşağını” ölümdən qurtarmaq üçün bizimkilərin “qılığına” girir.
Doğrudur, ermənilər Yeltsinin
“saqqızını” oğurlasalar da, bizim prezidentin “saqqızı” etibarlı əllərdədir.
Çox güman ki, dünyanın ən böyük demokratının sözünü bu dəfə yerə salmalı
olacaqlar. Biz də bir kişiyik, axı...
“Yazıq” Qorbaçov taxtdan düşən
kimi altı otağını əlindən alıb, kişini külfəti ilə birlikdə üç otağa qoyublar.
Raisa xanım isə göz yaşları içərisində gileylənir: “Bizim heç şəxsi mənzilimiz
də yo”xdur, Mixail 3900 rubl pensiya alır”. Amma, Moskva eks-prezidentin və
onun zövcəsinin göz yaşlarına inanmır.
Bizim Hacı dayı da Moskvada bu
söhbətləri eşidəndə belə deyib:
-
Mixail, kimə nömrə gəlirsən? Amerikada camaatı başına yığıb
“yenidənqurma” göpu ilə bir milyon qazandın. Yaponları, almanları da mühazirə
salonlarında həriflədin. Topladığın kapitalı da ötürdün şəxsi fonduna. Danışanda
gah nala döyürsən, gah mıxa. Deyirlər, axır vaxtlar iştahan küsüb. Bizim arvad
demişkən, boğazın elə tutulsun ki... Dalını daha demirəm...
Heç bilmirəm, Ruslan bəy
(Xasbulatovu deyirəm) öz prezidentindən nə istəyir. Görünür, inadkar
spikerin könlündən prezident olmaq
keçir.
Amma, mən – Hacı dayı, Şəki
bəyi olmaq fikrindən uzağam. Tanrıdan bircə diləyim var. Allah yerli bəyin
ətrafına toplaşan dələduzların könlünə insaf salsın, onlar da bəd əməllərindən
əl çəkib “spirtsiz” içkilərdən vura-vura, bəyə “sədaqətlə” xidmət eləsinlər.
...Amma, öz aramızdır, cənab
Xasbulatov heç yaxşı iş görmür...
“Zindan” kooperativinin 5 yaşı
tamam olmuşdur. Bu beş ildə onun sorağı rayonumuzun hər yerinə yayılmışdır.
Çünki bu sexdə dəmirdən hazırlanan müxtəlif məişət məmulatları öz yüksək
keyfiyyəti ilə həmişə sifarişçiləri razı salır.
Bu günlərdə “Zindan”
kooperativinin kollektivi yeni, gözəl bir təşəbbüs qaldırmışdır. Söhbət zamanı kooperativin
baş ustası Aydın Əhmədov dedi:
-
Respublikamızda müharibə gedir. Öz doğma ev-eşiyindən didərgin düşən
həmvətənlərimizin sayı xeyli artıb. Bu ağır günlərdə onları işə dəvət edirik.
1988-ci ildə Gülağa
Hacıvahablı sahibkar dükanı açmışdır. O vaxtdan keçən beş il ərzində əhaliyə
nümunəvi xidmət edir. Sahibkar dükanında əsasən xarici ölkələrdə istehsal
edilmiş sənaye və ərzaq malları satılır. Buradakı mallar başqa dükanlara
nisbətən daha ucuz olur.
Söhbət zamanı tacir Gülağa
Hacıvahablı dedi:
-
Biz əhaliyə xidməti günün tələbləri səviyyəsində qurmağa çalışırıq.
Dükanımız hər gün səhər saat 10-dan axşam saat 12-yədək açıqdır. Bura gələn
müştəriləri gülərüzlə qarşılayır və gülərüzlə də yola salırıq.
Əziz oxucular! Yeni nəşrə
başlayan “Şəkimin səsi” qəzeti təsərrüfat, idarə, müəssisə və təşkilatların
rəhbərlərinə bildirir ki, qəzetə istənilən məzmunda və həcmdə hər cür elan
vermək mümkündür. Redaksiya maliyyə vəziyyəti ağır olan kollektivlərin elanlarını
güzəştli qiymətlərlə, istisna hallarda pulsuz
çap edir.
Qəzetdə başsağlığı da vermək
olar.
Müxtəlif yubiley və toy
şənlikləri, ad günləri ilə əlaqədar təbriklərinizi də çap etdirmək üçün
redaksiyamıza göndərə bilərsiniz.
Baş redaktor M.SALİS.
Redaktor M.AYDIN.
Redaksiya
heyəti: Sadıq Murtuzayev, Teymur
Xəlilov, Kazım Məmmədov, Mürşüd Fərəcov, Tahir Məmmədov, Tofiq Əzizov, Məmməd
Cabbarov, Əhməd və Arzu Abdulhəmidovlar, Həmid Mikayılov, Natiq Məmmədov, Nazim
Şirinov, Əbdülhəmid Abdullayev, Bəşarət Paşayev, Mahmud Məmmədov, Vaqif Həmidov,
Rəşad Cumayev, Sabir Əfəndiyev, Elxan Ağabəyli, Çingiz Nağıyev, Akif Salamoğlu,
Bayram Mahmudov, Ənvər İsmayılov, Sıracəddin Heydərov, Tofiq Xəlilov, Nəsib
Növbərov, Elxan Allahverdiyev, Allahverdi Cəfərov, Fərahim Süleymanov, Zöhrab
Yunusov, Fikrət Cəfərov, Hikmət Abduləzizov, Fərhad Məmmədov, Fərahim Qarayev,
Abdulkərim Abdulkərimov.
374510. Şəki şəhəri – 7. Miçurin küçəsi, 33. “Şəkinin səsi” qəzeti
redaksiyası. Telefon 4-23-15
Qəzet Şəki mətbəəsində çap
edilir.
Qeydiyyat № 652. Tiraj 4000
Müəlliflərin mövqeyi ilə
redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.