Son əlavələr‎ > ‎

BİR FOTOŞƏKLİN TARİXÇƏSİ, YAXUD 22-YANVAR 1990-CI İL TARİXDƏ, ŞƏHİDLƏRİN DƏFN MƏRASİMİNDƏ, ÇİYNİNDƏ CƏNAZƏ APARAN ŞƏKİLİ BALASI

19 Oca 2013 13:00 tarihinde Aydın Məmmədov tarafından yayınlandı

Şəki, 1990-cı ilin 20 yanvar axşamı; artıq neçənci gün idi ki Xalq Cəbhəsi faktiki olaraq şəhərdə hər şeyə nəzarət edirdi. Cəbhənin göstərişi ilə guya ermənilərdən gözlənilən hər hansı təxribatın qarşısının alınması üçün gecələr bütün məhəllələrdə növbətçilər dururdu; onlar gecənin soyuğundan qorunmaq üçün ocaqlar qalayıb ətrafında oturur, Cəbhənin tapşırığına uyğun olaraq, hər hansı qaraltıya reaksiya göstərir, yoldan keçən tanımadıqları şəxsləri saxlayıb sənəd tələb edirdilər, yalnız sənədlərinə baxdıqdan, yaxud da onları danışdırıb erməni olmadıqlarına əmin olduqdan sonra buraxırdılar. Şəhərdə silahlı adamlar nümayişkaranə surətdə və heç nədən çəkinmədən gəzişirdilər. Cəbhənin qərargahında daima qələbəlik hökm sürürdü, “Azadlıq” radiosuna qulaq asan kim, silah təmizləyən kim, bomba düzəltməkdən danışan kim.

Axşam saat 18 radələrində qəfildən Bakı televiziyasının translyasiyası və Bakı ilə telefon əlaqəsi kəsildi. Az-çox dünyagörüşü olanlar başa düşdülər ki bu gün Bakıda qırğın olacaq! Belə ki artıq neçənci gün idi ki Bakı Sovet qoşunları tərəfindən mühasirə olunur, Xalq cəbhəsi isə şəhərin giriş-çıxışlarında barrikadalar və canlı sipərlər quraraq, Sovet ordusunu şəhərə buraxmırdı.

Həmin gün çox adam yatmadı. Gecə hansı yollasa Bakıdan xəbər gəldi ki artıq qırğın başlayıb...

Səhər saat 5-də isə Azadlıq radiosunda, Mirzə Xəzər Bakıdan Bəxtiyar Vahabzədənin telefon danışığını efirə verməklə Bakıda dəhşətli bir qırğının baş verdiyi bütün dünyaya bəyan etdi. Növbəti verilişlərdə Azərbaycan redaksiyasının keçmiş diktoru, əslən, Zaqataladan olan Murad Şəkili də Mirzə Xəzərə kömək edirdi, - o, buna qədər çoxdan idi ki, efirə çıxmırdı.

Azərbaycan radiosu da öz vaxtında, səhər saat 6-da efirə başladı, fikir verdim ki diktor, Sov.İKP (Sovet İttifaqı Kommunist Partiyası) sözünü “sovikape” əvəzinə, səhvən, “sikp” kimi tələffüz edir. Sonralar məlumum oldu ki azərbaycanlı diktorlar mətni oxumağa etiraz etdiklərinə görə, o zaman onu qırğız millətindən olan hansısa bir şəxsə oxudubmuşlar!

Səhər açılan kimi, camaat indiki Azadlıq meydanına toplaşdı, hamı ağlayırdı, hər yanda qara bayraq əvəzi, qara kəlağayılar asıldı.

Axşam Moskvanın rəsmi “Время” xəbərlər proqramı, bəlkə də öz tarixində ilk dəfə olaraq verilişinin bir hissəsini azərbaycanca səsləndirdi; Xalq cəbhəsinin lideri kimi təqdim edilən, şair Xəlil Rza Ulutürk deyirdi: “Düşmən bizə aş ilə, biz düşmənə daş ilə”, düzü heç kim bunun mənasını anlamadı, bəlkə də demək istəyibmiş, yaxud deyib, “düşmən bizə daş ilə, biz düşmənə baş ilə”, yaxud əksinə...

“Azadlıq” radiosu isə həmin dəqiqələrdə, Bakıda ölənlərin sayının 50 mindən çox olmasını bəyan edirdi...

Yanvarın 20-də, mitinq zamanı keçmiş məktəb yoldaşlarımla - Rafiq Saatov və Şahin Bilalovla rastlaşdım, necə oldusa qərara aldıq ki, şəhidlərin dəfnində iştirak etmək üçün mütləq Bakıya getməliyik. Amma necə? Hansı sürücü risk edib bizi Bakıya aparardı? “Xalturşik”lər bizi yalnız Yevlaxa apara biləcəklərini bildirdilər, razılaşdıq və Yevlağa getdik. Burada da Bakıya getmək istəyən yox idi, amma, necə oldusa, Bakıya qayıtmalı olan qara bir Qaz-24 peyda oldu və onunla Bakıya yola düşdük.

Radioda azərbaycanca və türk dilində Ali Sovetin sədri Elmira Qaffarovanın bəyanatı səslənirdi, fikir verdim ki, bəyanatın türk variantında, azərbaycan variantında olmayan “təcavüz” sözü işlədilir.

Yol boş idi, hər hansı istiqamətdə maşınların hərəkəti gözə dəymirdi, amma Bakıya çathaçatda yük maşınlarında rus zabit ailələrinin evakuasiya edildiyini gördük.

“Şıxov” deyilən yerə çatanda hərbiçilər bizim maşınımızı saxladılar. Nə edək? Bizim Bakı qeydiyyatımız yoxdur axı? Sürücünün məsləhəti ilə əsgərlərə dedik ki, guya, “biz Sumqayıta gedirik, Bakıya yox” və sola döndük. Sürücü Bakının yollarına yaxşı bələd idi, dedi, narahat olmayın mən sizi “pereval”la Bakıya aparacağam. Amma “perevalda” da postlar qurulmuşdu və bizi saxladılar, sənədlərimizi və maşının yük yerini yoxladılar, mən Şəkidən çıxanda bir az qoyun əti götürmüşdüm, onu görən kimi... Sən demə bunlar Bakı Dənizçilik Məktəbinin rus matrosları imiş, dedilər ki 3 gündür onları bura atıblar, ac-susuzdular, mümkünsə, onlara bir az ət verək. Dedim ki, “axı ruslar qoyun əti xoşlamır?”, cavab verdilər ki, niyə xoşlamır, lap yaxşı xoşlayır. Onlara bir az ət verib Bakıya daxil olduq və metronun Elmlər Akademiyası stansiyası yanında yol haqqını ödəyib maşından düşdük. Axşam saat 9-a az qalırdı, 21:00-da komendant saatı başlayacaqdı, mütləq harasa getmək lazım idi. Birdən yadımıza düşdü ki heç kimdə xırda pul yoxdu, o vaxtlar üstündə 5,15, 20 qəpiklik pul olmayanda metroya girmək müşkül bir iş olurdu, amma heç xırda pula ehtiyac da olmadı, belə ki metro pulsuz fəaliyyət göstərməyə başlamışdı.

Gecə ara-sıra atəş səsləri eşidilirdi. Səhər açılan kimi şəhərə çıxdıq, metronun 11-ci Qızıl Ordu (indiki 20 yanvar) stansiyası yaxınlığındayıq, hər yan qandır, şəhidlərin qanları tapdalanmasın deyə, qanlı yerlərin kənarına xırda daşlar və qərənfillər düzülmüşdür. Qərənfil o vaxtlar çox bahalı bir şey idi, 1 ədədi 3-4, 7 manata idi. Təsəvvür edin ki yerə qızıl səpələnmişdi. Biri danışdı ki, ordu şəhərə girəndə, o, trolleybusda (elektrik şəbəkəsinə qoşulmuş avtobus) gedirmiş, tank arxadan trolleybusu itələməyə başlayır, trolleybus sürücüsü qapıları açır, hamı düşür, bu zaman o, əvvəlcədən ona verilmiş və içində, guya, yandırıcı maddə olan butulkanı tanka atır və Respublika xəstəxanasına doğru qaçmağa başlayır, bir az əvvəl trolleybusu tərk edənlər də eyni istiqamətdə onun dalınca qaçırlar, amma nə butulka yanır, nə də tanka bir şey olur, əvəzində isə tank tərəfdən atəşlər açılır. Butulka atan, xəstəxananın hasarını aşanda, dönüb geri baxır, görür ki onun dalınca qaçanlardan bir kimsə sağ qalmayıb! O deyir ki, biz gülürdük, elə bilirdik, boş patronlardı, ölənlər isə gülə-gülə öldülər. Yeri gəlmişkən, indi həmin yerdə 20 Yanvar şəhidlərinin xatirəsinə bir abidə ucaldıblar...

Budur, Daxili İşlər Nazirliyinin qarşısındayıq, böyük bir izdiham Hökumət Evi istiqamətində hərəkət edir, izdihamın lap başında isə Bəxtiyar Vahabzadə və Allahşükür Paşazadə gedir.

Hökumət Evinə yaxınlaşırıq, müxtəlif istiqamətlərdən şəhidlərin cənazələri meydana gətirilir, Rafiq də bir cənazənin altına girib qabağa keçdi və həmin an, bu fotoşəkildə əbədiləşdi.

Rafiq sonralar, könüllü olaraq, Qarabağ döyüşlərində, Şuşanın müdafiəsində iştirak etdi, yaralandı və əlil oldu. Hal-hazırda, Sabit Rəhman prospektində mağazası var və kommersiya fəaliyyəti ilə məşğuldur.

20 yanvar bizim milli faciəmizdir, aldanmış, yaxud təsadüfi adamlar qurban getdi. Təşkilatçılardan isə heç birinin burnu belə qanamadı. 22 yanvar isə milli qeyrət günümüzdür, məhz, bu gün 1 milyondan çox adam, qızlar, gəlinlər, qocalar, uşaqlar heç bir təşkilatçılıq olmadan küçələrə çıxdılar, təpədən dırnağa qədər silahlanmış Sovet ordusundan qorxmadan, çəkinmədən Sovet tanklarının qabağından keçdilər, azərbaycan xalqının heç nədən qorxmadığını, həmişə Vətən uğrunda ölməyə hazır olduğunu nümayiş etdirdilər. Yaxşı olar ki 22 yanvar, “Milli Qeyrət” günü kimi qeyd edilsin!

Aydın Məmmədov