Son əlavələr‎ > ‎

Dünyamin Xəlilov Şəkinin fəxri vətəndaşı oldu

28 Ara 2012 22:59 tarihinde Aydın Məmmədov tarafından yayınlandı
 
  Dekabrın 26-da Şəkidə şəhər İcra hakimiyyəti tərəfindən ilin yekunlarına həsr olunmuş bayram tədbiri keçirilmişdir. Tədbirin sonunda müxtəlif nominasiyalar üzrə Şəhər İcra Hakimiyyətinin təsis etdiyi “Zirvə” mükafatına layiq görülmüş 19 şəxsin adı açıqlanmaqla yanaşı, bir nəfər - “Şəkinin Mədəni İrsinin Qorunmasına Dəstək” İctimai Birliyinin sədri cənab Dünyamin Xəlilov isə Şəkinin fəxri vətəndaşı elan edilmişdir. Şübhəsiz, Şəhər İcra Hakimiyyətinin cənab Dünyamin Xəlilova belə yüksək etimadı, il ərzində Şəkidə vüsət almış geniş abadlıq-quruculuq işlərində onun məxsusi rolu ilə əlaqədardır. Biz, "İpəkçi" qəzetinin redaksiyası, Dünyamin bəyi Şəkinin fəxri vətəndaşı olması münasibəti ilə təbrik edirik və ona daha böyük müvəffəqiyyətlər arzulayırıq.
 
Yeri gəlmişkən, Dünyamin bəylə bağlı bir üzrahlığımızı da "İpəkçi" qəzeti saytı ziyarətçilərinin və digər internet istifadəçilərinin nəzərinə çatdırmaq istəyirik. Məlumunuz olduğu kimi, son bir neçə ay ərzində bizim saytınızda, Şəkidəki ağır iqtisadi vəziyyət, işsizlik, ipəkçiliyin qəsdən süquta uğradılması, korrupsiya, dövlətçilik əleyhinə cinayətlər mövzusunda araşdırmalarımızın nəticəsi hissə-hissə dərc olunmuşdur. Bu kəskin-tənqidi məqalələr, digər KİV-lərin diqqətini də cəlb etməyə bilməzdi. Onları bəzi digər internet resursları da təkrarən yaymış, bəzi qəzetlər isə dərc etmişdir. Lakin bu prosesdə, bəzi hallarda tətbiq edilmiş kiçik redaktələr, bizim məqalələrin məzmununu tamamilə dəyişmişdir. Məsələn, Şəkidə ipəkçiliyin süqutu ilə əlaqədar "Bəs 50 milyon hara getdi?!" başlıqlı məqaləmizdə cənab D.Xəlilovun adı cəmi 2 dəfə çəkilmiş və biz məqalədə ona qarşı heç bir konkret ittiham irəli sürməmişdik, bircə göstərmişdik ki o, "Şəki-İpək" ASC-nin idarəsinə tez-tez gəlib-gedir, vəssalam. Amma həmin məqaləmiz digər KİV-də dərc olunanda, bəzi hallarda D.Xəlilovun adı yarımbaşlığa, başlığa çıxarılmış və bununla da ipəkçiliyin süqutu birbaşa onun adı ilə bağlanmışdır. Halbuki bizə məlumdur ki əslində o, ipəkçiliyin inkişaf etdirilməsinə yardımçı olmağa çalışmaqdadır və bununla bağlı konsepsiyanı hal-hazırda baş nazirə təqdim etməyə hazırlaşır.
  Digər bir üzrxahlığımız isə bu ilin mart ayında terrorçuluqda və dövləti cinayətlərdə şübhəli bilinərək MTN tərəfindən həbs olunmuş Rəşad Aşurovla bağlıdır. Biz digər KİV-də yayılmış məlumatdan istifadə etməklə qeyd etmişdik ki, Rəşad Aşurov Dünyamin Xəlilovun sürücüsü və yaxın adamı olmuşdur. Lakin sonrakı araşdırmalarımız nəticəsində bu fakt öz təsdiqini tapmadı.
Həmçinin etiraf etməliyik ki, bir-neçə ay əvvəl Şəkidə - şəhərin kənarında "Promkombinat" adı ilə tanınan "Şəki Tikinti Sənayesi Malları" ASC binasının Dünyamin Xəlilovun göstərişi ilə sökülməsi barədə yazdıqlarımız da ciddi hesab edilməməlidir. Belə ki, 12 milyon manat qiyməti olan və tam işlək vəziyyətdə olan bu müəssisənin sökülməsində D.Xəlilov cənabları əslində hüquqi cəhətdən heç bir məsuliyyət daşımır.  Daha yuxarı dairələrdə şəhərin qərbə doğru inkişaf planı təsdiqləmişdir. Biz həmin ərazini, şəhərdən xeyli kənarda olmasına görə "qəbristanlıq üçün daha münasib" hesab etmişdik. Qarşı tərəf isə oranı Heydər Əliyev muzeyi və İH binası üçün daha münasib hesab edir. Kimin haqlı olduğunu isə yalnız zaman göstərəcək... 
 Məlumat üçün onu da əlavə edək ki, biz həmin məqalələri yenidən redaktə etmək üçün müvəqqəti olaraq saytdan götürmüşük. Redaktə prosesi tam başa çatdıqdan sonra isə onlar yenidən bərpa ediləcəkdir.
Aydın Məmmədov
Comments