Son əlavələr‎ > ‎

Şəki ipəyinin şöhrətini özünə qaytarmaq mümkün olacaq? (VİDEO)

2 Ağu 2012 00:28 tarihinde Aydın Məmmədov tarafından yayınlandı
 

ANS TV

  Keçmiş SSRİ məkanında barama istehsalına görə Azərbaycan 2-ci, istehsal olunan ipəyin keyfiyyətinə görə isə 1-ci yeri tutsa da bu gün vəziyyət heç də ürək açan deyil. Keçmiş Sovetlər dönəmində Cənubi Qafqazın ən böyük sənaye müəssisəsi olan Şəki İpək Kombinatı indi durğunluq dövrünü yaşayır. 
  İpəkçiliyin beşiyi adlanan və rayon iqtisadiyyatında ən mühüm yerlərdən birini tutan barama istehsalı Şəkidə tamamilə məhv olmaq təhlükəsi ilə üz-üzədir. Strateji məhsul olan baramanın rayonda bu həddə düşməsi isə artıq 2 ildir ki, “Şəki ipək” ASC-də barama istehsalının tamamilə dayanmasına səbəb olub. “Şəki ipək” ASC-nin idarə heyətinin müşaviri Teymur Musayev də xammal çatışmazlığından barama istehsalının iflic vəziyyətə düşməsini təsdiqlədi. 
  Teymur Musayev bildirdi ki, barama qurdunun yem bazası olan tut bağlarının əksəriyyəti 1996-ci ildə torpaqlar əmlak payı kimi əhalinin şəxsi mülkiyyətinə veriləndən sonra ləğv olunub. Belə ki, min bir əziyyətlə yetişdirilən baramanın müəssisə tərəfindən alış qiyməti ucuz olduğundan kəndlidə də bu sahəyə get-gedə maraq azalıb və bu səbəbdən tut bağları məhv edilib.  
  Müşavir deyib ki, vaxtı ilə müəssisəyə dövlət tərəfindən datasiya ayrılırdı və əhalidən alınan baramanın qiymətinin müəyyən hissəsi həmin vəsait hesabına ödənilirdi. 
  Bu il müəssisə müxtəlif rayonlardan cəmi 8 ton yaş barama ala bilib ki, bu da ilə 350 ton tələbatı olan istehsalatın cəmi bir neçə gün işləməsi deməkdir. 
  Qeyd edək ki, barama istehsalçısı olan ölkələr strateji məhsul olan barama ixracına qadağa qoyduğu üçün “Şəki ipək”ASC 2 ildir xaricdən barama ala bilmir və 300 nəfərdən çox işçisi olan bu istehsalatda iş tam dayandırılıb.
  Teymur Musayev onu da bildirdi ki, ipəkçiliyin inkişafi ilə bağlı konsepsiya hazırlanaraq hökumətə təqdim olunub. Nazirlər Kabinetinin qəbul olunacaq qərarından sonra bu sahənin inkişafında ciddi dönüş yaranacaq və Şəki ipəyinin əvvəlki şöhrətini özünə qaytarmaq mümkün olacaq.
31.07.2012 12:48

Comments