Son əlavələr‎ > ‎

Müasir Azərbaycan, böyük insan və dahi şəxsiyyət Heydər Əliyevin şah əsəridir

3 May 2012 16:36 tarihinde Aydın Məmmədov tarafından yayınlandı
    Azərbaycan xalqı ümummilli lider, görkəmli dövlət xadimi H.Əliyevin anadan olmasının 89 illiyini böyük hörmət və ehtiramla qeyd etməyə hazırlaşır.
    Dövləti qüdrətli edən, adını yüksəklərə qaldıran, nüfuzunu artıran amillərdən ən önəmlisi onun başında duran siyasi rəhbərdir. Məhz dövlət başçısının rəhbərlik bacarığı, idarəetmə təcrübəsi və şəxsi nüfuzu ölkənin beynəlxalq arenada dayanıqlı yer tutmasına və şöhrətlənməsinə mühüm təsir edir. Bu baxımdan Azərbaycan bəxti gətirən ölkələrdən sayıla bilər. Təbii ki, müstəqil Azərbaycan son illərdə yaşadığı tarixi nəzərə alaraq bu qənaətə gəlmək mümkündür. Ötən əsrin 60 – cı illərindən başlayaraq müəyyən fasilələrlə Azərbaycan dövlətinə rəhbərlik etmiş, qəlbi vətənpərvərlik hissiylə döyünən, azərbaycanlı olmasıyla fəxr edən və doğma yurdunun istiqlalı yolunda canından belə keçməyə hazır olan H.Əliyev Azərbaycanın başında günəş kimi doğdu və tükənməz nuru ilə xalqımızın yolunu işıqlandırdı.
    Həqiqətən də Azərbaycan tarixinin son yarım əsrlik dövrü fenomen şəxsiyyət, bütün türk dünyasının görkəmli ictimai – siyasi xadimi H.Əliyev şəxsiyyəti ilə bilavasitə bağlıdır. Artıq Azərbaycanla Heydər Əliyevin adı yanaşı səslənir, biri digərini tamamlayır. Çünki bu illər ərzində Azərbaycanın dövlətçilik tarixi taleyin bir çox sınaqlarına tuş gəlib. Azərbaycan istiqlala doğru yolunda çoxlu maneələr, əngəllər yaranıb və bu sədləri aşaraq məqsədə doğru irəliləmək, son ünvana yetişmək zor bir işdir. Bu çətin işin öhdəsindən isə yalnız o adamlar gələ bilərlər ki, iradəcə möhkəm, qətiyyətli, bacarıqlı, mübariz olsunlar, zəngin dövlətçilik ənənələrinə, idarəçilik təcrübəsinə yiyələnsinlər, cəsarəti və təmkini ilə dövlət əleyhinə yönəlmiş qəsdlərin qarşısını ala bilsinlər, xalqa arxa dursunlar, vətəni təhlükələrdən qorusunlar. Tarix boyu bu cür şəxsiyyətlər gec – gec olsa da yetişib və Tanrıdan onlara bəxş olunmuş fitri istedadı və tükənməz enerjini vətəninə, xalqına, dövlətinə, xidmətinə sərf ediblər. Bu baxımdan Azərbaycan xalqının bəxti gətirib. Tanrının bəşər tarixinə əsrdə bir dəfə bəxş elədiyi bu cür nadir şəxsiyyət məhz Azərbaycan xalqının qismət payı olub. 
    Bəlkə də bu qismət xalqımızın geniş rəhbərliyinə, ürək açıqlığına görədir. Həmişə sülhməramlı olan, əmin-amanlıq, dinclik şəraitində yaşamağa üstünlük verən, irqindən, dinindən, mənsəbindən və dilindən asılı olmayaraq dünyanın bütün xalqları ilə dostluq münasibətləri bağlamağa, ünsiyyət qurmağa can atan, mədəni, sivil dəyərlərə böyük önəm verən və bunu fəaliyyətində tətbiq edən xalqımızın məhz Tanrının belə nadir və qiymətli bəxşişinə layiq idi. Beləliklə, sözüylə, əməlləriylə həyata keçirdiyi nəhəng, genişmiqyaslı işləriylə, yaradıcılıq potensiyalıyla, güclü iradəsi və əzmiylə sözün bütün mənalarında ƏN BÖYÜK Azərbaycanlı olan Heydər Əliyev Azərbaycan xalqının taleyinə xoş bir qismət payı kimi yazıldı.
    Azərbaycanda elə bir adam tapılmaz ki, dahi şəxsiyyət H.Əliyevin dövlətçiliyin qorunub saxlanılması və müdafiə olunması, xalqımızın xoş güzəranı və firavanlığı, vətənimizin müdafiə qüdrətinin artırılması və sərhədlərimizin mühafizəsi və s. sahələrdə göstərdiyi fövqəlbəşər xidmətlərdən xəbərsiz olsun.
    Gənc nəsil Ulu Öndər haqqında məktəb dərsliklərindən, radio və televiziya verilişlərindən, qəzet və jurnal yazılarından, müəllimlərdən kifayət qədər bilgi ala bilirlər. Ən əsası odur ki, gələcək nəsil üçün örnək olan dahi şəxsiyyət H.Əliyev bütün dövrlərin ən böyük dahisi kimi onların həyat yollarını bundan sonra da düzgün istiqamətləndirəcəkdir. Ötən əsrin son on ilindəki olaylar hamımızın xatirindədir. Sovetlər birliyi sarsılmış, 70 il ərzində buxovlayaraq bir yumruq altında zor gücünə idarə etdiyi müttəfiq respublikalar bu nəhəng ağacdan ayrılaraq öz müqəddəratlarını təyin etmiş, müstəqil və demokratik fəaliyyət yolunu seçmişlər. Bu həmin dövlətlərə zamanın ayırdığı bir fürsət idi. Bu fürsətdən kim necə yaralanacaqdı, bunu zaman göstərəcəkdir.
    Beləliklə, keçmiş sovetlərin 70 illik totalitar rejiminə son qoyuldu və Azərbaycan 1991-ci il oktyabrın 18-də ikinci dəfə müstəqilliyinə qovuşdu, xalqımızın uzun illik mücadiləsi xoş notlara sonuclandı. Doğrudur müstəqilliyimizin tarixi 1918-ci ildən hesablansa da, onun bərpası və yenidən çiçəklənməsi mühüm işlərin görülməsini, vacib tədbirlərin həyata keçirilməsini, vahid birliyin olmasını tələb edirdi.
    Öz müstəqilliyini yenicə elan etmiş Azərbaycan Respublikası çətin, ağır bir mərhələyə qədəm qoymuşdur. Məhz bu mərhələdə Azərbaycan bir dövlət kimi, xalqımızın isə bir millət kimi gələcək mövcudluğu məsələsi həll olunmalıydı. 1991-ci ildən 1993-cü ilin iyun ayına qədər müstəqilliyə yenicə qədəm qoymuş ölkədə hakimiyyətsizlik, hərc-mərclik mövcud idi. Ölkədə qanun pozuntusu və cinayət törədilməsi adi hal alır, iqtisadiyyat dağılır, milli sərvət talan edilir, elm, təhsil və mədəniyyət tamamilə diqqətdən kənarda qalırdı.
    Azərbaycan dağılmağa, bölünməyə və parçalanmağa doğru gedən bir yolun başlanğıcında idi və 1993-cü ilin iyununda başlayan Gəncə hadisələri ölkəmizi vətəndaş qarşıdurmasına sürükləyirdi. Azərbaycan ziyalıları, müxtəlif sənət adamları, özünün böyük oğlu, dünya şöhrətli siyasətçi, xalqının və dövlətini sonsuz məhəbbətlə sevən vətənpərvər Heydər Əlirza oğlu Əliyevi köməyə çağırdı və hakimiyyət sükanı ona etibar etdi. Yaranmış xaos və özbaşınalıqdan başını itirmiş iqtidar nümayəndələri də xalqın qətiyyətli tələbi qarşısında tab gətirməyərək H.Əliyevin Azərbaycan Respublikasına hakimiyyətə qayıdışını ondan təkidlə xahiş etdilər. Həyatının bütün işgüzar dövrünü öz xalqının yolunda sərf etmiş qətiyyətli və uzaqgörən siyasi xadim H.Əliyev xalqın səsinə səs verdi, ona tərəf uzanmış əlindən tutdu və 1993-cü il iyunun 9-da Bakıya gəldi. H.Əliyevin həmin gün Bakıya dönüşü bir xilaskarın, bir fədainin gəlişi idi.
    Məhz həmin gündən Azərbaycan xalqının və dövlətinin həyatında dönüş, müstəqilliyin qorunması və möhkəmləndirməsi uğrunda şərəfli mübarizə dövrü başlandı, həmin gün xalqımızın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu.
    Milli qurtuluşumuzun banisi Heydər Əliyev dövlətçilik strategiyasının həyata keçirilməsində iqtisadi və ya siyasi məzmun kəsb etməsindən asılı olmayaraq irəliyə doğru atılan addımın qanunçuluq prinsiplərinə söykənmişdi.
    Dövlət quruculuğunun ilk illərində 1994-cü ilin sentyabr və 1995-ci ilin mart aylarında Azərbaycanda dövlət çevrilişinə cəhdlərin qarşısı da məhz ümummilli liderin Azərbaycan xalqı ilə birliyi, ölkədə qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi sayəsində mümkün oldu. Ölkə daxilində insan və vətəndaş hüquq azadlıqlarına, xalqın və dövlətin mənafeyinə xidmət edən, əsl vətəndaş cəmiyyəti, hüquqi-dünyəvi dövlət qurmağa yönələn ardıcıl siyasi xətt yeridilməyə başlandı. Azərbaycan Respublikası özünün ilk Konustitutsiyasını 1995-ci ilin noyabr ayının 12-də referendum yolu ilə qəbul etdi.
    H.Əliyevin 21.02.1996-cı il tarixli sərəncamı ilə Hüquq İslahat komissiyası yaradılmışdır. Həmin komissiyaya daxil olan peşəkar hüquqşünas tərəfindən “Məhkəmələr və hakimlər haqqında”, “Konustitutsiya məhkəməsi haqqında”, “Prokurorluq haqqında”, “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” və bir sıra digər qanun layihələri hazırlanaraq qanunverici orqan tərəfindən qəbul edilmişdir.
    H.Əliyev siyasətinin humanistliyi bir daha onda özünü göstərir ki, o ölüm cəzasının tətbiqi üzərində moratorium qoydu və son nəticədə, 1998-ci ilin fevral ayında ölüm cəzasının ləğvi barədə sərəncam imzaladı. Ulu öndər tərəfindən qəbul edilmiş bu prinsipial qərar gələcəkdə Azərbaycanın Avropa şurası kimi nüfuzlu beynəlxalq təşkilata üzv qəbul olunması üçün münbit şərait yaratmışdır.
    Ümummilli liderimizin hüquqi dövlət quruculuğu sahəsində ən önəmli addımlarından biri də onun qanunun aliliyinin keşiyində dayanan hüquq – mühafizə orqanlarının işinin təkmilləşdirilməsi sahəsində qəbul etdiyi qərarlar, verdiyi göstərişlər və tövsiyələrdir. H.Əliyevin təşəbbüsü və rəhbərliyi altında prokurorluq orqanlarında aparılan mühüm islahatların əhəmiyyəti bu baxımdan xüsusi qeyd olunmalıdır. Müstəqil Azərbaycanımızın prokurorluq orqanlarının son illər ərzində qanunun aliliyinin və insan hüquq və azadlıqlarının müdafiəsinə xidmət etməklə dövlətçilik maraqlarından çıxış edən demokratik qurum kimi formalaşmasında, onun fəaliyyətinin təminatı üçün qanunvericilik və maddi sosial bazasının yaradılmasında Ulu öndərin xidmətləri əvəz olunmazdır.
    Ümummilli lider H.Əliyevin siyasi kursu bu gün onun ideyalarına daim sadiq qalan möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ulu öndərimizin : “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” deyərək dəyərləndirdiyi Prezidentimiz Cənab İlham Əliyev bu gün, həqiqətən də xalqın etimadını doğrultmaqla həmin ümidləri gerçəkləşdirir. Biz də hər birimizin Ulu Öndərə məhəbbətimizin əyani təzahürü olaraq möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin ətrafında sıx birləşməli, onun qarşıya qoyduğu bütün mühüm vəzifələrin yerinə yetirilməsində daha fəal iştirak etməliyik.    
    Şübhəsiz ki, bu məqalə ilə Heydər Əliyev kimi dahi şəxsiyyəti tam şəkildə xarakterizə etmək mümkün deyil. Heydər Əliyev Azərbaycan xalqının siyasi və tarixi bir irsidir. Bu irsi öyrənərək ondan doğma Azərbaycanımızın rifahı naminə istifadə etmək isə hər bir vətəndaşın, öz vətənini və torpağını sevən hər bir insanın mənəvi borcudur. Bu dahi şəxsiyyət və böyük insan olan Heydər Əliyevin ölməz xatirəsinə ən uca ehtiramımız olan Heydər Əliyevin geniş və hərtərəfli fəaliyyəti nəticəsində qurub-yaratdığı, qoruyub saxladığı, inkişaf etdirdiyi Azərbaycan dövlətinin müstəqilliyini Möhtərəm Prezidentimiz Cənab İlham Əliyev əbədi yaşadacaqdır.
   Bu yolda Ulu tanrı Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin yardımçısı olsun!








İsrayil İmamlı,
Milli Aviasiya Akademiyası 
“Beynəlxalq hüquq” fakültəsinin magistri