Son əlavələr‎ > ‎

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev “Şəki-İpək” ASC Həmkarlar İttifaqı Komitəsinin XI Konfransından Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 4-cü qurultayına nümayəndə göstərildi!

28 Nis 2012 12:14 tarihinde Aydın Məmmədov tarafından yayınlandı

“Şəki-İpək” ASC Həmkarlar İttifaqı Komitəsinin XI konfransı

Aprelin 27-də “Şəki-İpək” ASC-nin idarə binasındakı iclas zalında “Şəki-İpək” ASC Həmkarlar İttifaqı Komitəsinin XI konfransı keçirilmişdir.

Konfransda əvvəlcə “Şəki-İpək” ASC Həmkarlar İttifaqı Komitəsinin sədri Sevil İsmayılovanın 2007-2012-ci illər üzrə Komitənin gördüyü işlər barədə hesabat məruzəsi, həmçinin Təftiş komissiyasının hesabat mərüzəsi dinlənilmişdir. Digər çıxışlardan sonra isə təşkilati məsələlər müzakirə olunmuş, daha sonra Sevil İsmayılova təkrarən, 5 il müddətinə “Şəki-İpək” ASC Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsinə seçilmişdir. Həmçinin səsvermə yolu ilə Komitənin və onun Təftiş komissiyasının yeni tərkibləri və Komitədən  Toxucu və Yüngül Sənaye İşçiləri MHİRK-nın 20-ci konfransına nümayəndələr müəyyənləşdirilmişdir.

Tədbirdə Toxuculuq və Yüngül Sənaye İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Nərgizxanım Məmmədova da şəxsən iştirak edirdi. O, təklif etdi ki,  Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev “Şəki-İpək” ASC Həmkarlar İttifaqı Komitəsinin XI konfransından Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 4-cü qurultayına nümayəndə seçilsin. Bu təklif səsə qoyuldu və  Konfrans iştirakçıları tərəfindən yekdilliklə dəstəkləndi.

Şəkildə: Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev    


 
“Şəki-İpək” ASC Həmkarlar İttifaqı Komitəsinin sədri Sevil İsmayılovanın

HESABAT MƏRUZƏSİ 


     Hörmətli konfrans nümayəndələri!

İcazə verin, sizi “Şəki-İpək” ASC Həmkarlar İttifaqının bütün üzvləri adından salamlayım və konfransın işinə uğurlar diləyim.

Əziz həmkarlarım, bildiyiniz kimi müstəqil Azərbaycan dövləti bu gün hərtərəfli və dinamik inkişaf edir, öz həllini tapan layihə və proqramlar həyatımızın mənzərəsini tamam dəyişir. Siyasi-iqtisadi və mədəni sahələrdə əldə etdiyimiz möhtəşəm uğurlar, davamlı enerji siyasəti, daxili sabitlik və beynəlxalq arenada etibarlı tərəfdaş olmağımız, regional məsələlərdə, qlobal layihələrdə təşəbbüskar və əvəzolunmaz rolumuz Azərbaycanın dünyadakı mövqelərini daha da möhkəmləndirib. Tam müstəqil siyasət yürüdən Azərbaycan dövləti hazırda nəinki Cənubi Qafqaz regionunda, eləcə də dünyadakı proseslərə təsir etmək qüdrətinə malikdir. Bu yaxınlarda ölkəmizin dünyanın ən mötəbər qurumu olan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi də bunun əyani təsdiqidir. Təsadüfi deyil ki, Azərbaycan nəinki MDB məkanını, eləcə də Şərqi Avropa ölkələrini də geridə qoyub.

Bu gün Azərbaycanda ənənəvi neft-qaz sahəsi ilə yanaşı, qeyri-neft sektoru, xüsusən də nəqliyyat sahəsi özünün intibah dövrünü yaşayır və inkişaf edir. Ölkəmizdə yol-nəqliyyat infrastrukturunun müasir səviyyəyə yüksəlməsi istiqamətində böyük işlər görülür, nəhəng layihələr həyata keçirilir. Bu baxımdan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi Azərbaycanın qüdrətli gələcəyidir. Hər bir dövlətin iqtisadi potensialı onun malik olduğu nəqliyyat kommunikasiyalarının inkişaf səviyyəsi ilə ölçülür.

Uğurlarımızın təməlində isə Ulu öndərimiz H.Əliyevin işləyib hazırladığı və mərhələ-mərhələ həyata keçirilən müdrik siyasi kurs Azərbaycanımızın çox qısa zaman keşiyində dinamik inkişaf yoluna çıxmasına səbəb olub. Ulu öndərimizin 1969-cu il 14 iyulunda Azərbaycanda hakimiyyətə gəldiyi gün həyatımızın olduqca mühüm tarixi hadisəsi kimi yaddaşlarımıza həkk olub. O, müstəqil Azərbaycan dövlətinin qurucusu və yaradıcısıdır.

Dövlət quruculuğunda ulu öndərimizin ən yaxın silahdaşı isə məhz Azərbaycan xalqı idi. O, həmişə milli birlik və vətəndaş həmrəyliyinə çalışmış, hakimiyyətə qayıdışının ilk günündən də xalqı buna çağırmışdı: “Hamımız üçün bir amal, bir böyük məfhum var: Azərbaycan Respublikası, Azərbaycan xalqı. Bu məfhum ətrafında hamı birləşlməlidir!”. Xalq isə öz siyasi liderinə inam və məhəbbət bəsləyərək bu məfhuma biganə qalmadı və xalqın iradəsi qarşısında hər hansı bir silahlı qruplaşma, qara qüvvə aciz qaldı. H.Əliyevin siyasi kursu Azərbaycanın uğur modelidir, onun irsi böyük həyat məktəbidir. Mən çox məmnuniyyətlə qeyd etmək istərdim ki, bu kursu ləyaqətlə davam etdirən cənab prezidentimiz İlham Əliyevin misilsiz xidmətləri sayəsində Azərbaycanımız bu gün ictimai-siyasi cəhətdən sabit, iqtisadi cəhətdən sürətlə inkişaf edən ölkəyə çevrilmişdir.

Azərbaycanımızın ən qədim, ən gözəl şəhərlərindən, mədəniyyət mərkəzlərindən biri olan Şəkimizin milli memarlıq ənənələrinin və üslubunun qorunub saxlanmasına, həmçinin abadlıq quruculuq işlərinin aparılmasına cənab prezidentimiz 12 sentyabr 2011-ci il tarixli və ondan sonrakı tarixli sərəncamları və onlardan irəli gələn vəzifələr, qısa müddətdə görülmüş işlər hamımızın gözümüz önündədir və əhval ruhiyyəmizə çox müsbət təsir göstərir. Yolların, küçələrin genişləndirilməsi, işıqlandırılması, yeni asfalt örtüklərinin salınması rayonumuza böyük qayğıdır, diqqətdir. Biz şəkililər başa düşürük ki, yaxın gələcəkdə bütün sosial-iqtisadi problemlərin də əksəriyyəti öz həllini tapacaqdır.

Cənab prezidentimiz də əmin ola bilər ki, biz şəkililər – o cümlədən şirkətimizin kollektivi, onun yürütdüyü siyasətin tərəfindəyik və buna öz əməli fəaliyyətimizlə cavab verəcəyik.

Son illər “Həmkarlar İttifaqı haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikasının Əmək və İnzibati Xətalar Məcəlləsinə edilən əlavə və dəyişikliklərin möhtərəm prezidentimiz tərəfindən dəstəklənməsi ölkə əhalisinin sosial müdafiəsinin təmin edilməsi, onların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması sahəsində onun vaxtaşırı atdığı addımlardandır. Bununla bağlı əziz prezidentimizin qəbul etdiyi fərman və sərəncamlar həmkarlar ittifaqları strukturlarının fəaliyyət dairəsini bir daha genişləndirmiş, nüfuzunu artırmış, onu beynəlxalq həmkarlar ittifaqı hərəkatının fəal üzvünə çevirmişdir.

Hörmətli konfrans iştirakçıları!

Məlumunuz olduğu kimi, 5 il əvvəl  – 2 fevral 2007-ci il tarixdə, şirkətimizin HİK-nin X konfransı keçirilmişdir. Bundan sonra 17 mart tarixdə – rəyasət heyətinin elə I iclasındaca “Şəki-İpək” ASC-də həmkarlar üzvlüyü uçotunun məsələsinə  baxılmış və o vaxtacan heç bir işçi və qulluqçunun həmkarlar uçotunda durmadığı aşkar edilmişdir. Yalnız bundan sonra hazırladığımız yeni uçot vərəqləri işçilərin sayına görə yeni seçilmiş ilk təşkilat sədrlərinə paylanıldı, kartoçkaların hər bir əməkçinin özü tərəfindən doldurulmasının və şəxsən imzalanmasının vacibliyi barədə komitə və rəyasət heyətinin üzvlərinə məlumat verildi və bu işlərin daima nəzarətdə saxlanılması istənildi.

Bildiyiniz kimi, I iclasda digər vacib məsələlərlə yanaşı “Şəki-İpək” ASC müdiriyyəti ilə HİK arasında bağlanmış yeni kollektiv müqavilə də təsdiq olunmuşdur.

Onu da bildirim ki, 2007-2011-ci illər ərzində həmkarlar təşkilatımızın 57 yığıncağı keçirilmiş, yığıncaqlarda 162 məsələ müzakirə edilmişdir. Yığıncaqlarda ”Şəki şəhər xəstəxanalarında yatan əməkçilərimizə baş çəkilməsi haqqında”, “İstehsalat və sexlərdə fəhlələrin əməyinin mühafizəsi və onlara təhlükəsiz iş şəraitinin yaradılması haqqında”, “Maddi vəziyyəti ağır olan kollektiv üzvlərinə pul köməkliyi olunması barədə”, “Baramaaçan istehsalatı ilə Xalça sexinin işçilərindən təşkil olunmuş bir qrupunun Oğuz rayonuna bir günlük ekskursiya və istirahətinin yekunu barədə”, “Toxuculuq və Yüngül Sənaye İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin “Şəki-İpək” ASC-də keçirdiyi səyyar seminar müşavirənin yekunu barədə”, “Gender siyasətinin həmkarlar təşkilatlarına inteqrasiya olunması haqqında”, “Müqəddəs Ramazan ayı boyunca oruc tutmuş insanlarımıza bayram bazarlığı paylanması haqqında”, “Bir qrup həmkarlar üzvlərinin Zaqatala və Balakən rayonlarına ekskursiyalarının təşkili haqqında”, “Beynəlxalq Ahıllar gününün, Yeni il, Novruz bayramı, Qadınlar bayramının şirkətimizdə qeyd edilməsi barədə” və s.lərlə bağlı məsələlər müzakirə olunmuş, tədbirlər həyata keçirilmişdir. 2011-ci ilin Qurban bayramı günü şirkətin İdarə Heyətinin sədrinin təşəbbüsü ilə 3 ədəd inək kəsilərək 900 nəfər kollektiv üzvünün hamısına bayram payı verilmişdir.

Bildiyiniz kimi gender siyasəti qadın və kişilərin arasındakı bərabərliyə deyilir. BMT və Beynəlxalq Əmək Təşkilatının “eyni əməyə görə eyni ödəniş” prinsipinə əsaslanan konvensiyanın (1951-ci il) maddələri bir çox ölkələr kimi Azərbaycan Respublikasının qanunlarında da öz əksini tapmışdır. Əziz yoldaşlar! Əlbəttə böyük fitri istedada, dərin zəkaya, yenilməz iradəyə malik Azərbaycan qadınları həmişə səmərəli fəaliyyətləri ilə seçilmiş, Azərbaycan xalqı da qadına, anaya böyük hörmətlə yanaşmış, xalqımızın ən əziz, qiymətli saydığı vətən, torpaq, dil anlayışlarının əvvəlinə ana sözü əlavə olunmuşdur. “Şəki-İpək” ASC-nin də işçilərinin əksəriyyətini qadınlar təşkil etdiyi üçün çalışırıq ki, vətənimizin belə parlaq qaynağına heç zaman ləkə düşməsin. Yəni qadınlarımıza yaradılmış dövlət qayğısından onlar heç zaman kənarda qalmasınlar. Onlar işçi kimi də, ana kimi də, ömür-gün yoldaşı kimi də sayılsınlar, heç bir sahədə də kişilərin qadınlardan üstün tutulmasına yol verilməsin, səs vermək, seçib-seçilmək, vəzifəyə təyin olunmaq, əmək haqqı hesablanması və s. məsələlərdə qadınların hüquqları qorunur.

Müdrik M.Servantesin təbirincə desək “Qadın zərif şüşə kimidir. Onun möhkəmliyini yoxlamağa çalışmayın, hər an sına bilər”.

Başa düşülməyə çalışırıq ki, qadın oldu, kişi oldu insanların şərəfli ömür sürməyə hüquqları var, bu hüquqlar pozulmamalıdır. Həmkarlar təşkilatımız hamını başa salmağa çalışır ki, cəmiyyətin incə payı, kişilərin başının tacı olan qadınlarımız, kirpikləri ilə od götürən, dualı dilləri, şəfalı əlləri ilə vətənpərvər, istiqanlı, ədalətsevər övladlar böyüdən də qadınlarımızdır. Onların hüquqları pozulmamalıdır. Biz həmçinin düşünürük ki, qadınlarımız iş günlərini dayanmadan dəzgah arxasında keçirərək axşam yorğun halda evə gedir, ev işləri və ailə qayğıları ilə məşğul olur, öz şəxsi sağlamlıqları haqqında heç düşünməyə belə vaxtları qalmadan səhərlər ancaq işə gələ bilirlər. Ona görə də həmkarlar təşkilatımız “Ailə planlaşdırılması və qadın sağlamlıq mərkəzi” ilə əlaqə saxlayaraq müxtəlif ixtisaslar üzrə həkimlər qrupu dəvət edib həm klubumuzda, həm də ayrı-ayrı sex və istehsalatlarda qadınlarımızla onların görüşünü keçirib, onları səhiyyə üzrə maarifləndirib, lazımi pulsuz ala biləcəkləri vasitələr onlara əyani göstərilmiş, buklet və broşürələr paylanmış, sualları cavablandırılmış, həkim müayinələrinə yönləndirilmişlər.

Həmkarlar təşkilatımız başa düşür ki, bu iş çoxsahəli, müxtəlif aspektli və yaradıcı işdir. Elə buna görə də iqtisadi böhran illərində insanlarımızın sosial və məişət qayğıları, onların sağlamlıqları ilə pulsuz məşğul olunması üçün şəhərimizin və respublikamızın müxtəlif səhiyyə ocaqları ilə əlaqələr qurub. profilaktiki tədbirlər görmüşük. 14 may 2008-ci il tarixdə Bakı şəhərindən gəlmiş 5 nəfər endokrinoloq həkimlər briqadası ASC-nin bütün istehsalat, sex və şöbələrində olub hamını “zob” xəstəliyinə qarşı müayinədən keçirib, xəstəliyi olanların siyahısını Bakıdan bizə göndərdilər, biz isə onları şəhərimizdə olan dispanserə müalicəyə yönəltdik.

Bundan başqa, “Şəki-İpək” ASC-nin bütün kollektivini Bakıdan çağırtdırıb gətirdiyimiz xarici səyyar ambulansda quraşdırılmış flüoqrafiya aparatından keçirtdirərək vərəm xəstəliyinə qarşı yoxlatmışıq. Müayinə zamanı xəstəlik tapılmış insanlar Şəki vərəm dispanserinə göndərilmiş, uçota alınmış, müalicə olunmaları nəzarətə götürülmüşdür. Bütün bu və digər məsələlər Şəki Mərkəzi Rayon Xəstəxanasının baş həkimi ilə müəssisənin həmkarlar təşkilatı və tibbi sanitar hissə arasında imzalanmış, möhürlənmiş tibbi profilaktiki tədbirlər planımız əsasında həyata keçirilmişdir.

Təşkilatımız Mərmərə Universitetinin professoru, həkim-psixoloq Gülpəri Daşdəmirin 17.12.2010-cu il tarixdə şirkətimizə gəlişini təşkil etmiş, fəhlə və qulluqçuların pulsuz müayinəsi və ucuz müalicəsi üçün şərait yaratmışdır.

Müddət ərzində 11 nəfər həmkarlar üzvünə sanatoriyalarda müalicə olunmaq üçün yollayışlar verilmişdir. Əlavə edim ki, onlar müalicə xərcinin cəmi 15 % ödəmişlər, yerdə qalan pul isə həmkarların hesabına ödənilir.

335 nəfərə yardım olunmuş, 312 ərizəyə baxılıb müsbət həll olunmuşdur.

Bütün əməkçilərimizin məzuniyyətə buraxılması məsələsi də müsbət həll olundu, bu gün məzuniyyətini almayan işçimiz yoxdur. Bu problem isə yalnız Azad müəllimin – “Şəki-İpək” ASC-nin indiki rəhbərinin sayəsində, yəni yalnız onun gəlişindən sonra həllini tapmışdır.

Müddət ərzində

1 №-li toxucu sexi yerləşən bina yenidən qurularaq orada əyirici sex təşkil edilmiş,  4 ədəd əyirici dəzgah quraşdırılmış və istismara verilmişdir.

Baramaaçan istehsalatı yenidən qurulmuş, orada  4 yeni avtomat baramaaçan dəzgahlar sırası quraşdırılaraq istismara verilmiş, istehsalat gigiyenası xeyli yaxşılaşdırılmışdır. Eyni zamanda istehsalatın qalıqlar sexi əsaslı təmir edilmiş, orada da əmək şəraiti yaxşılaşdırılmışdır.

Məişət korpusunun fasadı estetik cəhətdən yenidən işlənilərək rənglənmiş və müasirləşdirilmişdir.

Boyaq-bəzək istehsalatının I mərtəbəsində gülvuran sex yaradılmış və orada zrelnik və gülvuran maşın quraşdırılmışdır.

Qazanxanada da əsaslı təmir işləri aparılmışdır.

Əyirici sexin istehsal sahəsi genişləndirilərək əlavə 2 ədəd əyirici dəzgahlar, pambıq daraq maşınları quraşdırılaraq işə buraxılmışdır. Əyirici sexin anbar sahələri genişləndirilərək 4000 kv. m.ə çatdırılmış və əsaslı təmir edilmişdir. Əyirici sex üçün əlavə köməkçi otaqlar tikilmişdir.

2 №-li toxucu sexi rekonstruksiya edilərək əlavə yeni toxucu dəzgahları və əriş maşını quraşdırılmışdır. Toxucu sexində istehsalat gigiyenası xeyli yaxşılaşdırılmış, sanitar qovşaqlar yenidən qurulmuşdur.

Xalça sexi üçün yeni sex sahəsi düzəldilmiş və iri həcmdə xalçaların toxunması üçün şərait yaradılmışdır.

Boyaq-bəzək istehsalatı üçün yeni avadanlıqlar alınmış və quraşdırılmışdır.

Müəssisəmizin ərazisi tam abadlaşdırılmışdır. Buradakı yaşıllıqlara daima qulluq olunur, ərazi ekoloji cəhətdən normal vəziyyətdə saxlanılır.

Fəhlələrə nəqliyyat xidməti lazımi səviyyədə təşkil olunmuşdur. Ən yüksək şaxtalı günlərdə də fəhlələrimiz nəqliyyat sarıdan korluq çəkməmişlər.

AHİK-nın 15 illiyinə həsr olunmuş “Mənim həyatım, mənim işim, mənim təhlükəsiz əməyim” devizi altında keçirilmiş respublika baxış müsahibəsində iştirak etdik və işçilərin hüquq və mənafelərini qorumaq, əmək şəraitlərini yaxşılaşdırmaq, istehsalat xəsarətlərinin və peşə xəstəliklərinin qarşısını almaq, istehsalat mədəniyyətini yüksəltmək və s.lər barədə verilən sualları daha doğru cavablandıraraq birinci yeri tutduq, fəxri diplom və televizorla mükafatlandırıldıq.

İşəgötürənlə kollektiv müqaviləmiz vaxtlı-vaxtında bağlanması və işçilərin sosial, əmək mənafelərinin qorunması hər iki tərəfin maraq dairəsində olduğundan müqavilədə nəzərdə tutulan öhdəliklər gecikdirilmədən yerinə yetirilir. Müəssisəmizdə çalışan insanların sağlamlığının qorunmasına və iş şəraitinin normalara uyğun olmasına da güclü nəzarət var. Ehtiyacı olanlara maddi yardımlar, təşkilatın həyatında fəal iştirak edənlərə isə mükafatlar verilmişdir.

Hörmətli konfrans iştirakçıları!

Müəssisənin sosial-iqtisadi inkişafı fəhlə və qulluqçularda şüurlu intizamın möhkəmləndirilməsi, bacarıqlı kadrların hazırlanmasından çox asılıdır. Bu iş isə həmkarlar təşkilatları və müəssisə rəhbərliyinin üzərinə düşür. Bu sahədə həmkarlar təşkilatları daha fəal olmalı və yaradıcı işçilərin qabiliyyətlərini aşkara çıxarmaq üçün geniş meydan açmalıdır.

Hörmətli konfrans iştirakçıları!

Bu gün biz hesabat müddəti ərzində gördüyümüz işlərə qısaca nəzər saldıq, lakin çatışmamazlıqlarımızı da aradan qaldırmaq üçün qarşıda bizi daha səmərəli fəaliyyət gözləyir.

Sizi əmin etmək istərdim ki, həmkarlar təşkilatımız, müəssisəmizin yeni rəhbərliyi, kollektivin hər bir üzvü bundan sonra da səy və bacarıqlarını birləşdirərək 2012-ci il üçün qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirilməsinə nail olacaq. Bu yolda yeni seçiləcək heyətə müvəffəqiyyətlər arzulayıram.



“Şəki-İpək” ASC Həmkarlar İttifaqı Komitəsi Təftiş komissiyasının sədri 
Qalib Abdullayevin 2007-2011-ci illərə dair 

HESABATI 


    Hörmətli konfrans nümayəndələri!
   “Şəki-İpək” ASC Həmkarlar İttifaqı Komitəsinin 6 nəfərdən ibarət təftiş komissiyası müddət ərində ildə bir dəfə ASC-nin HİK-nin maliyyə-təsərrüfat işlərini yoxlamışdır. ASC-nin HİK-nin maliyyə işləri nizamnamənin göstərişi əsasında aparılmışdır.
   “Şəki-İpək” ASC-də 01.01.2012-ci il tarixə 863 nəfər fəhlə və qulluqçu çalışır.
   Təftiş komissiyası apardığı yoxlamalarla müəyyən etmişdir ki, hesabat dövründə “Şəki-İpək” ASC-də əmək haqqına 0.015% hesablanmamış və Həmkarlar İttifaqı Komitəsinə köçürülməmişdir. Ancaq bu hesabat dövründə müəssisədə işləyən əməkçilərdən həmkarlar üzvü haqqı pulu 1%, 2009-cu ildən 2%, yəni 97234 manat tutularaq Həmkarlar İttifaqı Komitəsinin Beynəlxalq Bankın Şəki filialındakı hesabına köçürülmüşdür.
    Həmkarlar İttifaqı Komitəsinin pul əməliyyatı Beynəlxalq Bankın Şəki filialında aparılır. Hesabat dövründə Həmkarlar İttifaqı Komitəsinin məxaric xərcləri aşağıdakı kimi olmuşdur: 

- mədəni-kütləvi tədbirlərə  21285.37 manat
- əmək haqqına  39749.56 manat
- əməkçilərə yardım  7940.00 manat
- ezamiyyət və təsərrüfat xərclərinə  3342.44 manat
- həmkarlar fəallarına mükafat  4480.00 manat
- Azərbaycan Respublika Komitəsinə  26604.00 manat

    Hesabat dövründə HİK-nin vəsaiti hesabından fəhlə və qulluqçulara 7940.00 manat miqdarında yardım edilmişdir. Yardım əməkçilərin ərizələri HİK-nin qərarına əsasən verilmişdir.
   ASC-nin HİK tərəfindən müddət ərzində 10 nəfərə sanatoriyalara putyovkalar həkim müayinə komissiyasının təqdimatı, ictimai sığorta kommissiyasının qərarı əsasında işçi və qulluqçulara verilmişdir. Verilən putyovkaların 15% məbləğı həmkarlar təşkilatının mühasibatlığı tərəfindən rəsmiləşdirilərək kassaya ödənilmişdir.
   HİK-nin avadanlıqlarının yoxlanıılması məqsədilə hər il inventarizasiya aparılmışdır.
   Əmin olduğumuzu bildiririk ki, yeni seçiləcək təftiş komissiyası HİK-nin işlərində yaxından iştirak etməklə təşkilatın maliyyə-təsərrüfat və uçot işlərini daha da yaxşılaşmasına yaxından köməklik edəcəkdir. 


Texniki-təhlükəsizlik mühəndisi D.Rəhimovanın çıxışı

   Bu gün respublikamızda gedən islahatlar və ondan irəli gələn əməyin mühafizəsi problemləri Həmkarlar İttifaqının qarşısında daha ciddi vəzifələr qoyur.
   Bu vəzifələrin uğurla yerinə yetirilməsi işçilərin təhlükəsiz və sağlam iş şəraitinin təmin edilməsində onların təhlükəsiz əməyə və istehsalat intizamına riayət etmələri Həmkarlar İttifaqı Komitəsində çalışan kadrların təşəbbüskarlığından, prinsipiallığından, iqtisadi və hüquqi savadından çox asılıdır. Çünki bu keyfiyyətə malik olmayan həmkarlar ittifaqı işçisi işçilərin əmək hüququnu və qanuni mənafelərini müdafiə edə bilməz.
Əmək mühafizəsi elmi-mühəndisi fəndir. O, istehsalatda bədbəxt hadisələri törədən təhlükəli halları aşkara çıxarıb öyrənmək, eyni zamanda işçinin əməyinin qanunvericilik qaydası ilə tibbi və texniki yollarla mühafizə edilməsini tənzimləyir.
   Qüvvədə olan Azərbaycan Respublikasının Əmək Məcəlləsi əməyin mühafizəsinin ümumi dövlət və ictimai tənzimləmə sisteminin yeni qanunvericilik bazasının əsasını qoydu.
   Ölkəmizdə güclü sosial siyasət aparılır, xalqın rifahının yaxşılaşdırılması prosesi dövlətimizin və onun başçısının diqqət və qayğısı ilə əhatə olunub. Hər il pensiyalar və əmək haqları artırılır. Müəssisəmizdə də bu sahədə Həmkarlar İttifaqı Komitəsinin böyük rolu olmuşdur.
Həmkarlar İttifaqı Komitəsinin sədri Sevil xanım daima işçilərin qayğısına qalır, hər bir işçiyə fərdi yanaşaraq onların istək və arzularını öyrənir və lazımi tədbirlər görür.
   Əməyin mühafizəsi və texniki-təhlükəsizlik tədbirlərinin yerinə yetirilməsini hər rübdə bir dəfə geniş yığıncaqlarda müzakirə edir, bu sahədə catışmamazlıqlar aşkar olunduqda lazımi qərar qəbul edir.
Əməkçilərin istirahətinin təşkilində də Həmkarlar İttifaqı Komitəsi müəyyən işlər görür. Belə ki, tarixi yerlərə ekskursiyalar təşkil edir. Hər il Yeni il, Novruz bayramı, 8 mart bayramı, Ramazan bayramı, Qurban bayramı, Ahıllar günündə əməkçilərə müxtəlif hədiyyələr təqdim edilir.
Əməyin mühafizəsi üzrə təlimatlar elm və texnikanın nailiyyətlərini, əməyin və istehsalın təşkilinin qabaqcıl təcrübəsini, sahələr arası standartların tələblərini, tikinti, sanitar norma və qaydalarda təhlükəsizlik normaların gigiyena və normativləri nəzərə alaraq işlənib hazırlanır və işçilər rübdə bir dəfə texniki-təhlükəsizlik istehsalat sanitariyası, əməyin mühafizəsinə dair təlimatla təlimatlandırırlar.
İstehsalat mədəniyyətini yüksəltmək və əl əməyinin yüngülləşdirmək məqsədi ilə yeni avadanlıqlar quraşdırılmışdır:
   1. Pambıq əyirmə istehsalatında 2 ədəd pambıq əyirmə və lent maşınları;
   2. Toxucu istehsalatında 6 ədəd “Darnier” markalı pnevmatik toxucu dəzgahları, 1 ədəd “SSM” markalı mağaradan babinə sarıyan sapaçan maşın, lent-əriş sarıyan maşın, hazırlıq sexində 1 ədəd cütləyici, 2 ədəd burucu maşın;
   3. Boya-bəzək istehsalatında Almaniya istehsalı olan 1 ədəd qırışıq açan maşın, 1 ədəd parça bişirən-boyayan maşın quraşdırılaraq istifadəyə verilmişdir.
   Lakin görülən işlərlə bərabər iş yerində işçilərin təhlükəsizliyini təmin etmək üçün 1 sıra işlər görülməlidir. Belə ki, burucu sexinin üst örtüyü tam yararsız haldadır, taxta konstruksiyalar çürümüş və işıqlanma məqsədi ilə bərkidilən şüşələr qopub orada işləyən işçilərin xəsarət almasına səbəb ola bilər. Ümumiyyətlə, burucu sexinin əsaslı təmirə ehtiyacı var.
Əməyin mühafizəsinin və texniki-təhlükəsizliyin sistemli idarə olunmasının və güclü nəzarətin nəticəsidir ki, istehsalatla əlaqədar heç bir bədbəxt hadisə olmamışdır.



“Şəki–İpək” ASC Həmkarlar İttifaqı Təşkilatı XI konfransının

QƏRARI


   Konfrans qeyd edir ki, “Şəki –İpək” ASC Həmkarlar İttifaqı təşkilatının bu ilki hesabat – seçki kompaniyası ölkəmizdə iqtisadi inkişafın sürət götürdüyü bir dövrə təsadüf edir.
   Ölkəmizdə güclü sosial-iqtisadi siyasət aparılır, xalqın rifahının daha da yaxşılaşdırılması üçün səmərəli tədbirlər həyata keçirilir. Aparılan belə tədbirlər bütün sahələrdə özünü göstərir. Söz yox ki, Həmkarlar təşkilatının həyatında da özünə məxsus iz buraxır. Öz ətrafında 851 işçi və qulluqçunu birləşdirən “Şəki-İpək” ASC Həmkarlar İttifaqı təşkilatı da ölkəmizdə gedən bu tədbirləri ürəkdən bəyənir və qarşıya qoyulmuş vəzifələrin uğurla həyata keçirilməsi üçün əlindən gələni əsirgəmir.
   Belə ki, ipəkçi fəhlələrə yaradılan iş şəraiti yaxşılaşdırılmış, onların istirahətinin və sağlamlığının qorunması sahəsində də bir sıra tədbirlər həyata keçirilmişdir.
  Konfrans qeyd edir ki, bütün görülmüş işlərlə yanaşı qarşıda çox mühüm və həllini gözləyən məsələlər də vardır. Bu sahədə “Şəki –İpək” ASC-nin Həmkarlar İttifaqı Komitəsi və onun ilk təşkilatları müəssisə rəhbərliyi ilə birlikdə əlbir olmalı və qarşıda duran vəzifələrin həllinə nail olmalıdırlar.
  Odur ki yuxarıda deyilmiş görülmüş işlərlə yanaşı qarşıda duran vəzifələri nəzərə alaraq konfrans

Qərara alır

1. "Şəki–İpək" ASC Həmkarlar İttifaqı təşkilatının 2007–2012-ci illərdəki hesabat dövrü üçün fəaliyyəti qənaətbəxş qiymətləndirilsin.
2. "Şəki-İpək" ASC Həmkarlar İttifaqı təşkilatının təftiş komissiyasının hesabatı təsdiq edilsin.
3. Konfrans “Şəki-İpək” ASC Həmkarlar İttifaqı təşkilatının yeni seçilmiş heyətinə tapşırır ki, istehsalat, sex və şöbələrdə işləyən işçilərlə aparılan işi durmadan gücləndirsinlər.
4. İlk Həmkarlar təşkilatlarına və onların sədrlərinə tapşırılsın ki, işlədikləri sahələrdə, sex və şöbələrdə işçilərin gündəlik iş, məişət və istirahət şəraiti ilə müntəzəm məşğul olsunlar, hər hansı çatışmamazlıq barədə vaxtında tədbir görülməsini təmin etsinlər.
5. Konfrans tövsiyə edir ki, müəssisənin gələcək inkişafı naminə müdiriyyət və Həmkarlar İttifaqları birgə fəaliyyət göstərməli, bütün hallarda insan amilini uca tutmalı və qüvvədə olan qanunların aliliyinin qarşılıqlı anlaşma şəraitində həyata keçirilməsinə nail olsunlar.
6. “Şəki-İpək” ASC Həmkarlar İttifaqı Komitəsinə tapşırılsın ki, gələcəkdə işin daha canlı təşkili üçün ilk Həmkarlar İttifaqı təşkilatları ilə aparılan işin səmərəliyini təmin etsinlər, bu sahədə onlara lazımi köməklik göstərsinlər və tələbkarlığı artırsınlar.
7. “Şəki-İpək” ASC Həmkarlar təşkilatının təftiş komissiyasına tapşırılsın ki, vaxtaşırı olaraq maliyyə-təsərrüfat fəaliyyətini təftiş etsinlər və qarşıya çıxan nöqsan və çatışmamazlıqların aradan qaldırılmasını təmin etsinlər.
8. Konfrans əmin olduğunu bildirir ki, “Şəki-İpək” ASC Həmkarlar İttifaqı Komitəsi və onun rəhbərliyi öz fəaliyyətində Həmkarlar İttifaqları haqqında qüvvədə olan qanunların və Əmək Məcəlləsinin tələblərinin yerinə yetirilməsi üçün bütün fəalların gücündən yerində və səmərəli istifadə edəcəkdir.