Son əlavələr‎ > ‎

Erməni faşistlərinin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımının təşkilatçılarından biri də Stepan Şaumyan idi

28 Mar 2012 13:57 tarihinde Aydın Məmmədov tarafından yayınlandı
Əsrlər boyu Azərbaycan torpaqlarına göz dikən erməni millətçiləri monoetnik və türksüz Ermənistan uğrunda əsrlər boyu gizli və bəzən leqal müharibələr aparmış, ”Dənizdən-dənizə” böyük imperiya yaratmaq üçün Türk–Azərbaycan xalqlarına qarşı soyqırım siyasəti yeritmişlər. Ermənistan tarix boyu ən alçaq və ən rəzil mübarizə formalarından məharətlə istifadə edərək və maskalanaraq onu reallaşdırmağa cəhd etmişlər. Xüsusilə 1918-ci ilin ilk aylarında Cənubi Qafqazda, o cümlədən Azərbaycanda siyasi vəziyyət olduqca ağır və mürəkkəb idi. Əvvəla, Rusiyanın Almaniya ilə apardığı Brest – Litovsk danışıqları boşa çıxmışdı, ikincisi, alman – türk qoşunları 1917 – ci ilin dekabrın 6–da hücuma keçmişdilər. Belə bir vəziyyətdə türk qoşunlarının irəlilədiyini görən Zaqafqaziya Xüsusi Komissarlığı 1918-ci ilin fevralın 6-da Türkiyə Ordusu Qafqaz cəbhəsinin komandanı Vahab Paşaya Türkiyə ilə danışıqlar aparmaq arzusunda olduğunu təsdiqləyən teleqram göndərməyə məcbur oldu. Deməliyik ki, heç bir nüfuza malik olmayan bu hakimiyyət orqanı bir qədər sonra özünü buraxmaq məcburiyyətində qaldı.
Ona görə də həmin il fevralın 22-də Cənubi Qafqazdan Ümumrusiya Müəssisələr Məclisinə seçilən deputatların yığıncağında Seymi yaradılması və yerli hakimiyyətin ona verilməsi qərarlaşdırıldı.
Seymdə Gürcüstanın sosial – demokratlardan (menşeviklərdən) 32 – nəfər, Azərbaycan müsavatçılardan 30 – nəfər, erməniləri isə Daşnaksutyundan 27 nəfər təmsil edirdi. Ümumiyyətlə, Seymdə Azərbaycan siyasi partiyalarını 44 nümayəndə təmsil edirdi. Lakin erməni və gürcü fraksiyalarından fərqli olaraq, bu nümayəndələr pərakəndə şəkildə fəaliyyət göstərirdi.
Seymin aprelin 13-də keçirilən iclasında Türkiyə ilə müharibəyə hazırlaşmaq barədə qərar qəbul edildi. Azərbaycan nümayəndələri birmənalı şəkildə Türkiyə ilə müharibəyə qarşı çıxdılar.
Cənubi Qafqaza son əsrdə köçürülmüş və akademik Ziya Bünyadovun dediyi kimi, “zorla pərçim edilmiş” erməni şovinist-millətçi qüvvələri XIX əsrin sonlarından Azərbaycana və azərbaycanlı türklərə qarşı mütəşəkkil surətdə hazırladıqları məkrli siyasətlərini davam etdirdilər. Belə ki onlar 1918-ci ilin əvvəllərindən Bakıda və Qafqazın başqa bölgələrində müsəlman qırğını törətmək üçün hər cür fitnə-fəsadlara əl ataraq ssenarilər hazırlayırdılar.
Qeyd etmək lazımdır ki, Azərbaycanın başbilən, qabaqcıl övladları gözlənilən təhlükəni irəlicədən duyurdular. Belə ki, Cənubi Qafqazda xristian əhali məqsədyönlü şəkildə silahlandırılırdı. Bakıda mart qırğını ərəfəsində Rus Milli Şurası Cənubi Qafqazın xristian əhalisinə müraciət edərək martın 11-dən 18-dək, 19-25 yaş arasında olan rus gənclərinin hərbi səfərbərliyə alındığını bildirdi. Digər tərəfdən isə, Qafqaz cəbhəsi ləğv olunduqdan sonra vətənə qayıdan rus əsgərləri öz silah və sursatlarını dəyər-dəyməzinə ermənilərə satırdılar. Erməni hiyləsi tüğyan etməkdə idi. Hətta Bakı şəhərində mart hadisələrindən hələ bir həftə qabaq erməni Daşnaksutyun partiyası şəhərdəki durumdan guya “narahatlığını” bəyan edərək hakimiyyəti ələ almağın zəruriliyini bildirdi.
Artan təhlükəni yaxşı görən müsəlman cəmiyyətləri özünü müdafiə qüvvələri yaradılmasını vacib hesab edirdilər. Bunun üçün Bakıda, Gəncədə, Zəngəzurda, Lənkəranda müsəlman hərbi hissələri yaradıldı. Bakıda kadet məktəbində müsəlman rabitəçiləri hazırlamağa başladılar. Ancaq düşmən qüvvələri bu işlərə müxtəlif əngəllər törədir və onu ləngidirdilər. Çar Rusiyası dağıldıqdan sonra həmişə məkrli olan erməni siyasətçiləri ingilispərəst siyasət apararaq onlardan müəyyən dəstək alırdılar.
Ona görə də Nəriman Nərimanov yazırdı ki, “Böyük Hayastan” xülyası ilə vurnuxan ermənilər hər cür maska geyməyə, hər sifətə düşməyə daim hazırdılar.
1917-1918-ci illərin hadisələri milli hərəkatın yüksəlməsinə təkan verirdi. Məhz buna görə də Azərbaycanın qəzalarında sonrakı qanlı hadisələri törətməklə, milliyyətçi partiyaların sosial bazasını, müsəlman əhalini məhv etməyi qarşılarına məqsəd qoymuşdular.
Odur ki, Bakıya “qırmızı qvardiya” adı altında yeridilən 12 minlik ordunun 70 faizini ermənilər təşkil edirdi. Eyni zamanda, Muğan və Şamaxıda rus-molakan ehtiyat dəstələri də yaradıldı. Sonralar “Bolşevik” cildinə girmiş N.Əsriyants öz xatirələrində göstərirdi ki, hələ 1918-ci ilin fevralında Q.Amirov bizi bir yerə toplayıb bildirdi: S.Şaumyan və A.Caparidzenin tapşırığını yerinə yetirməliyik. S.Şaumyan xəbərdarlıq edirmiş ki, gecə saat 01:00 radələrində siqnal olacaq, bu siqnaldan sonra hücüm edib müsavatın qərargahını tutmalı idik və belə də etdik.
M.Ə.Rəsulzadə “Azərbaycan Cümhuriyyəti” adlı əsərində yazır ki, nəhayət, gündən-günə çoxalan yanğın bir fəsad qığılcımı ilə tutmuşdu və 1918-ci ilin martın 17-dən 21-nə qədər davam edən mart hadisələrinə səbəb oldu.
Bakıda və respublikanın qəzalarında Stepan Şaumyanın başçılığı ilə hazırlanan tarixi cinayəti başlamaq üçün bəhanədə tapıldı. Bunun üçün “Evelina” münaqişəsi törədildi.
H.Z.Tağıyevin Lənkəranda xidmətdə olan oğlu Məhəmməd Tağıyev ehtiyatsızlığından öz əlindəki silahdan açılan atəşlə həlak oldu. Müsəlman alayının zabitləri dəfndə iştirak etmək üçün “Evelina” gəmisi ilə geri qayıtmalı idilər. Ermənilər gizli şəkildə Rus Milli Şurası və əsgərlər arasında şayiə yaydılar ki, guya gəmidə gedən zabitlər tapşırıq almışlar ki, rus – malakan kəndlərini məhv etsinlər. Ona görə də Bakıdakı qeyri-müsəlman hərbi və siyasi qüvvələr gəminin tərksilah edilməsinə tərəfdar oldular. Çox təcili, yəni martın 30-da mədən-zavod rayonunda inqilabi Müdafiə Komitəsi təşkil olunur. Bu təşkilata S.Şaumyan, Q.Karqanov, İ.Suxarov, A.Çaparidze, S.Saaryan, M.Yolçuyan və s. daxil edildi. Bu komitənin təşəbbüsü ilə gəminin Lənkərana getməsi dayandırıldı və zabitlər tərksilah edildi. Müsəlman əhalisi silahların qaytarılmasını tələb edərək toplantılar keçirdilər. Elə həmin gün N.Nərimanovun evində S.Şaumyanla və İnqilabi Müdafiə Komitəsində M.Ə.Rəsulzadə ilə keçirilən görüşlərdə müəyyən razılıq əldə olunmasına baxmayaraq, bolşevik-daşnaq birləşməsi Hümmətə etibar etməyərək sözünə əməl etmədi. S.Şaumyanın dediyi kimi, həlledici döyüşlərə hər gür hazırlıq görülmüşdü və dərhal bütün cəbhə boyu hücuma başlanıldı. İlk atəşlər Bakıda martın 30-da axşam saat 5-də açıldı. Erməni Milli Şurası və Daşnaksutyunun müsəlman cəmiyyətləri ilə apardıqları bütün danışıqlar təxribat xarakteri daşıyırdı.
Təpədən-dırnağa qədər silahlanmış erməni quldurları evlərə soxulur, uşaqları yanan evlərin içinə atır, sakinləri öldürür, süngü ilə doğrayır, körpələri süngülərə taxırdılar. Hər cür vəhşiliyə yol verən erməni-bolşevik quldurları qadınları ağır formada qətlə yetirirdilər. Şəhərin bir yerində cəsədləri ilə qeyri – insani davranılmış 57 müsəlman qadının meyidi tapılmışdı.
Bakı şəhərinin indiki İstiqlal küçəsi ilə Hüsü Hacıyev küçəsinin tinində K.Mikoyan, İ.Mirzoyan və S.Lalayan əl pulemyotu ilə küçədən keçən müsəlman əhalisini qırırdılar.
Bunuda qeyd edək ki, Bakıda müsəlmanların kütləvi sürətdə qırıldığını olduğu kimi əks etdirən menşevik “Naş qolos” qəzeti belə yazırdı: “ Hər yerdə meyitlər qıc olmuş, eybəcər hala salınmışdı”. Təzəpir məscidi ətrafında təsəvvür edilməz mənzərə vardır. ”Ziyarətgahın təhqiri geniş kütlələrin qəlbini ağrıdır, meyitlər onları daha çox həyəcanlandırır...”
Bakı şəhərində 1918-ci il martın 30, 31-də və aprelin 1-də qətlə yetirilən azərbaycanlıların sayının hiyləgərcəsinə azaldılması cəhdinin də ilk dəfə bu qırğına başçılıq edən S.Şaumyan olmuşdur. Qeyd etmək yerinə düşərdi ki, Sosial Demokrat Təşkilatının aprel (1918) konfransına verdiyi məlumatda bunları qəsdən kiçiltmişdi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılan deputat istintaq komissiyasının ilkin hesablamasına əsasən, Bakıda mart soyqırımında ölən azərbaycanlıların sayı 12-15 min nəfər olmuşdur.
Mart ayının 15-də sübh çağı S.Şaumyanın bilavasitə tapşırığı ilə S.Lalayanın başçılıq etdiyi 3 minlik qaniçən qoşun dəstəsi ilk dəfə Şamaxıya soxuldu. Şamaxı şəhəri və bu qəzanın 72 kəndi daşnak-bolşevik faşist qoşunları tərəfindən darmadağın edildi. Şamaxı qırğınında 8 min nəfər azərbaycanlı öldürüldü. Bunların 1653 nəfəri qadın, 965 nəfəri isə uşaq idi.
Quba qəzasında törədilən qırğınlara daşnak – faşist S.Şaumyanın xüsusi səlahiyyət verdiyi Hamazasp başçılıq etmişdir. Qəzada erməni bolşevik quldurları aprel ayında 122 müsəlman kəndini dağıtmışdır. Yüzlərlə azərbaycanlı, ləzgi məhv edilmişdi. Həmin quldur dəstəsinin başçısı Hamazasp deyirdi ki, Xəzər dənizindən Şah dağına qədər bütün müsəlmanları qılıncdan keçirəcəyəm. Son dövrlərin tədqiqatları sübut edir ki, eyni zamanda, Quba qəzasında yaşayan yüzlərlə dağ yəhudilərindən olan vətəndaşlarımızda qətlə yetirilmişdir.
2007-ci ilin yay aylarında Quba şəhərində tikinti işləri aparılarkən böyük bir məzarlıq aşkar edilmişdir.
Mütəxəssislərin fikrincə, bu məzarlıqlardakı insan sümüklərinin qalıqları da dəfn adətlərinə əməl edilmədən ört-basdır edilmişdir. Bu da qəzada erməni daşnaklarının dinc əhaliyə qarşı həyata keçirdiyi kütləvi soyqırımın nəticəsidir.
Hamazaspın dəstəsi istər Qubaya gələrkən bütün yol boyu, istər şəhərə girərkən, istərsə də mahalın digər ərazilərində vəhşiliklər törətmişlər. Ermənilər qarşılarına çıxan kəndləri, obaları, yurd yerlərini dağıdır, yandırır, rastlaşdıqları kişiləri, uşaqları, qadınları qəddarcasına qətlə yetirdilər. Qubada bir-bir evlərə girib bəzən bütün ailəni məhv edən ermənilər, hətta hamilə və uşaqlı qadınlara belə rəhm etməmişlər. Məsələn, onlar Kərbəlayı Məmməd Tağı oğlunun 14 nəfərdən ibarət ailəsinin, Məhəmməd Rəsul oğlunun 5 nəfərlik ailəsinin başlarını kəsmiş, Hacı Dadaşbala Qasım oğlunun arvadı Bibixanımı və oğlu Əbdül Qasımı diri-diri oda ataraq yandırmış, Kərbəlayı Abuzər Məstan oğlunu və iki qızı – Höküməni və Bustanı, qucaqlarındakı körpələrlə birlikdə tikə-tikə doğramış, Məşədi Qənbər Molla Məhəmməd Saleh oğlunu, onun arvadını və beş körpə uşağını şaqqalamışdılar.
1918-ci ilin mart-aprel aylarında Azərbaycanın Kürdəmir, Lənkəran, Salyan, Gəncə, Zəngəzur və İrəvan bölgələrində də erməni daşnakları öz havadarlarının köməyi ilə qırğınlar törətmişlər. Neftçala rayonunda ötən ildə aşkar edilmiş məzarlıqlarda qeyd etdiklərimizin bu bölgədə təzahürüdür. Nəzər yetirdikdə aydın olur ki, yalnız XX əsrin müxtəlif dövrlərində erməni-faşist daşnakları 2 milyon nəfər azərbaycanlını məhv etmişlər. Ancaq Azərbaycana qarşı törədilmiş bu qanlı faciələr Sovet rejiminin mövcud olduğu 70 il ərzində xalqdan gizlədilmişdir. Xalqımızın tarixinin bu səhifəsinin öyrənilməsi üzərinə qadağa qoyulmuşdu.
Ona görə də qeyd etməliyik ki, XX yüzilliyin istər əvvəlində, istərsə də sonunda istiqlala gedən yolumuz qan dəryasından keçsə də, xalqımızı amalından sapındırmaq, çəkindirmək, döndərmək heç bir mənfur qüvvəyə nəsib olmamışdır.
Azərbaycanın möhtərəm Prezidenti, cənab İlham Əliyevin “31 Mart Azərbaycanlıların Soyqırımı günü” ilə əlaqədar imzaladığı sənəddə deyildiyi kimi, artıq son vaxtlar dünya siyasətində böyük təsiri olan dövlətlərin rəhbər dairələri, geniş ictimaiyyət, beynəlxalq təşkilatlar Azərbaycan həqiqətlərini daha tez-tez etiraf edir, Ermənistanı işğalçı ölkə kimi tanıdıqlarını bildirirlər. Azərbaycan və qardaş Türkiyənin rəsmi və ictimai dairələri tərəfindən saxta “erməni soyqrım”nı ifşa edən tarixi sənədlər beynəlxalq təşkilatlara təqdim olunur. Ümid edirik ki, Dünya dövlətləri tarixi həqiqətləri biləcək və türk xalqlarının haqq səsi qələbə çalacaqdır. O zaman Mustafa Kamal Atatürkün “yurdda sülh, cahanda sülh” prinsipi, dünya şöhrətli siyasətçi, ümummilli lider Heydər Əliyevin “Qafqazı sülh zonasına çevirək” arzusu qələbə çalar.
31 Mart – Azərbaycanlıların soyqırımı günü və xalqımıza qarşı törədilən digər bəşəri cinayətlər uzun illər araşdırılmasa da, ümummilli liderimiz Heydər Əliyev ölkə rəhbərliyinə qayıtdıqdan sonra həmin istiqamətdə əsaslı addımlar atılmış, bu faciələrə siyasi-hüquqi qiymət verilmişdir. Məhz böyük öndərin səyi nəticəsində 31 Mart Azərbaycanlıların Soyqırımı Gününün 1998-ci ildən etibarən dövlət səviyyəsində qeyd edilməsi bir çox qaranlıq məqamlara işıq salıb, beynəlxalq təşkilatların diqqəti xalqımıza qarşı törədilən qətliam və faciələrə yönəldilib.
Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən verilən sərəncamda deyilir: “Aprel işğalı Azərbaycan Cümhuriyyətinin liderlərinin bir qismini Məmmədəmin Rəsulzadə kimi mühacir həyatı yaşamağa məhkum etdi, digr qismini Fətəli xan Xoyski və Həsən bəy Ağayev kimi erməni terrorunun qurbanına çevirdi, qalanlarını da bolşevizmin amansız repressiyasına məruz qoydu”.
İsrail İmamlı,
İnzibati-İqtisadi Məhkəməsinin hakim köməkçisi,
MAA-nın Beynəlxalq Hüquq fakültəsinin magistri
 
Comments