Azərbaycanın yeni biznes modeli

27 May 2018 07:11 tarihinde Aydin Salis tarafından yayınlandı
Qeyri-neft dövrü yaxınlaşarkən, məlum olur ki bütün ölkələri qlobal dəyişikliklər gözləyir. İqtisadiyyatın dəyişilməsi yeni iqtisadi qanunların, ardınca idarəetmə prinsiplərinin və yeni dövlət quruluşunun yaradılmasına səbəb olacaq. Müasir dünyanın aparıcı qüvvəsi kimi formalaşmaq üçün Yeni model tələb olunur və bu modeli sizə təqdim edirəm.

Model universaldır, sadəcə mən Azərbaycan vətəndaşı olaraq, hesab edirəm ki, fikirlərim birinci növbədə burada təqdim olunmalıdır. Məqalədə indiki böhranın səbəbləri açıqlanaraq, ilk praktiki addımlar göstəriləcək. 2018-ci ildən böyük gəlir gətirən istiqamətdə irəliləmək imkanları şəxsən sizin üçün sərbəst və aydın olacaq. Biz hər şeyi bilirik, amma ən vacib olanı, birinci düzgün addımları ata bilmirik, buna görə də itkilərə məruz qalaraq, müflis oluruq. Misal üçün, korrupsiyanın, rüşvətxorluğun təbiətini, yaranma səbəblərini bilmirik deyə, mübarizəni də apara bilmirik. Əgər bu suallar sizin üçün maraqlıdırsa, keçək mətləbə.

SSRİ dağılandan sonra ölkəmiz bazar iqtisadiyyatına keçirilib. Qərb ölkələrin təcrübəsinə əsaslansaq bazar iqtisadiyyatının birinci pilləsi vəhşi kapitalizmdır. Bu mərhələnin çətinliklərini biz 90-cı illərdə yaşamışıq. Indiki böhranın əsas səbəbi isə bütün ölkələrdə iqtisadiyyatının qanunlarına riayət etməməkdir. Əsas da makro və mikro iqtisadiyyat münasibətlərinin tənzimlənməməsidir. Strateji cəhətdən bu faciəvi səhvdir. Qərb ölkələri bir əsr əvvəl bu məsələlərin bünövrəsini qoyub deyə, onun əsasında iqtisadi məktəbləri yaradaraq varlığını təsdiqləyib. Amma bununla iş bitmir. Biz bu işi apararaq, birinci addımımızı bu məqalə vasitəsi ilə həyata keçirək.

Ümumiyyətlə, biznes necə formalaşır? Burada görünən və görünməyən hissələr var, və təhlil, əlbəttə ki, görünən hissəyə söykənməlidir. Burada da iki hissə formalaşır, bildiyiniz kimi, yuxarıdan və aşağıdan yaradılan biznes qurumlarından ibarətdir. Yuxarıdan yaranan hissə, dövlət və dövlətin ətrafında olan vətəndaşların əli ilə formalaşır. Onlar ən iri və gəlir gətirən, “ətli” sahələri əhatə edərək, şirkətləri, sənayeləri və digər iri qurumları təşkil edir. Bu sahəyə milyarderlərin, oliqarxların məkanı adını vermək olar, rəsmi dildə isə, cəm şəklində, bu makroiqtisadiyyatın özüdür ki, var.

Ikinci hissə isə aşağıdan yaradılan biznesdir. Əslində bu hissə ölkənin dayağıdır, sümüyüdür, çünki bu hissənin arxasında ölkənin ən önəmli, ən aktiv və ən böyük vətəndaş kütləsi dayanır. Hər bir sahibkarın burada illik mal dövriyyəsi maksimum 100 milyon manata qədərdir, orta hesabla 1 milyon manat. Qeyd: burada şəxsiyyət, yəni iş adamı kimi, əsl sahibkar kimi formalaşmaq üçün bəxtəvər olmaq kifayət deyil. Bu hissəyə qeyri-neft sektoru adını vermək olar, rəsmi isə mikroiqtisadiyyatdır.

Hal-hazırda Azərbaycanın iqtisadi çətinliklərinin əsas səbəbi “bəxtəvər” insanlarda “ətin” təsadüfən azalması halında, sümüyün toxunulmamasına əl qoymasıdır. Çıxış isə sahibkarların “nə idi günahım” məsələsinin araşdırılması və faktiki olan (de facto) sualı hüquq (de yure) səviyyəsinə qaldırmaqdır. Misal üçün dövlət tərəfindən qeyri-neft sektorunun inkişafına külli miqdarda vəsaitlər xərclənir, amma effekti kiçikdir. Aydındır ki xəstəni dərmanlar (bizim məsələdə pullar) sağaltmır, dərmanlar vasitəsi ilə intihar edirlər, sağaldan isə həkimlərdir(bizim məsələdə iqtisadçı). Birinci addımda düzgün diaqnoz qoymaq lazımdir. Düzgün diaqnozu qoymaq üçün xəstəliyin tarixini araşdıraq, yəni sahibkarın adi vətəndaşdan sahibkara çevrilməsinə baxaq. Vətəndaş adi piştaxtadan başlayaraq, topdan satışa keçir, sonra satış şəbəkəsi yaradır, və 2 mərtəbəli marketləri qurmaqla kifayətlənir. İstehsalatda hər şey kiçik sexdən başlayaraq, sexlərin artması və böyüməsi yolu ilə formalaşıb. Bunları birləşdirən bir idarəetmə prinsipi var - əllə idarə olunması prinsipi, başqa sözlə avtoritar. Bütün proseslər biznesin sahibinin avtoritetinə bağlıdır. Burada heç bir demokratiyaya, humanizmə, qanuna, elmə və ya biliyə, demək olar, yer yoxdur. Ciddi rəqabət şəraitində fikirləşməyə vaxt verilmir, sadəcə yoxdur. Hər şey müdirin əlindədir: varlandira da, qova da, hətta öldürə də bilər. Kim fikirləşdi –öldü, ya onun biznesi ya özü ölür. Avtoritar idarəetmə bütün təbəqələrdə öz əksini tapır, sadəcə burada onun incəlikləri daha yaxşı görünür. Buradan, aşağıdan, avtoritetlərin davası yuxarı qalxaraq cəmiyyəti böhrana salır və bir böyük şəxsiyyətin yaranmasına səbəb olur. Nəticədə cəmiyyət yeni dövrə keçir. Birinci ən güclü və faciəvi böhran vəhşi kapitalizm formalaşanda baş verir. İkinci isə, birinci fazasından adi kapitalizmə keçən zamanı baş verir. Birincidə ölkə formalaşır, ikincidə isə idarəetmə prinsipləri.

Hal-hazırda biz həmin ikinci keçiddəyik. Qanun ondan ibarətdir ki sahibkar, iş adamı,... idarəetmə prinsipini ya dəyişir, ya da tam müflis, bankrot olur. Avtoritar idarəetmə prinsipinin ən böyük çatışmamazlığı – oğurluq məsələsidir. Korrupsiya termini yuxarı pillələrə aiddir. Burada isə adi oğurluq, çünki adi fəhlənin xarizması sahibkara, sözsüz ki, çatmaz və onun sözü, istəyi, tələbi sahibkar tərəfindən qəbul oluna bilməz. Heç kim işi itirmək istəmir deyə, hamı susur və etirazını sözlə yox əməllərlə, intriqalarla, satqınlıqla və s. üsullarla həyata keçirir. Sonra oğru fikirləşir ki, hamı oğrudur və axırıncı mənəvi dəyərlər də işçidə ölür. Sahibkar mühafizə, kamera və ya casus işçilər vasitəsi ilə maksimum 70% gəlirlərini qoruya bilir. İtkilər isə, aydındır ki, malların qiyməti ilə əvəz olunur. Belə fəaliyyət göstərərək sahibkar özü oliqarxların ya ağıllı adamların ətinə, yeminə çevrilir. Biznesdə ya sən minib sürdün, ya səni minib sürdülər. Bundan başqa, sahibkar bir tərəfdən 100 min qazanirsa, o biri tərəfdən, təcrübəsizlikdən, qanunları bilməməkdən 200 min manat borca düşür. Belə çıxır ki, sahibkar 100 min qazanmaq üçün 200 min xərcləyir. Həqiqət da ondan ibarətdir ki, sahibkarlar bu təhlükələri qəti şəkildə əvvəlcədən görə bilmir və kənardan olan məsləhətləri qəbul etmir. Niyə? Çünki onların əlində, hər hansı vəziyyətdən çıxmaq üçün, çox güclü taktiki vasitələr var, onlardan biri rüşvətxorluqdur. Rüşvətxorluq hörmət deyil, rüşvət vasitəsi ilə psixoloji cəhətdən rüşvətalanı minirlər. Sadəcə, rüşvətalan bir dəfə həyəcan hissi yaşayır. Misal üçün, professional dələduzlar hətta məişət səviyyəsində bu qaydanı avtomat kimi istifadə edirlər. Bir dəfə artıqlaması ilə pul verirlər və götürən adam şoka düşərək, dələduzun quluna çevrilir. Buna görə adi vətəndaşlar pulların qaytarılmamasını bilərək, pulları onlara “gülə-gülə” verirlər.

Çıxış həmişə var. Çıxışı tapmaq üçün sahibkarın dayağının – sütununun kim olduğuna baxaq. Bunlar əsas mütəxəssislər, sənətkarlar, və sadəcə ağıllı işçilərdir. Təklikdə onlar sahibkarların, ya müştərilərin quludur, yaşayışın tərzi isə zombidir. Onların, adi vətəndaşlardan, fəhlələrdən fərqli olaraq, pulları bir az çox olsa da, nəfəs almağa vaxtları yoxdur. Ailə üçün vaxt, ixtisasının inkişafına vaxt, sağlamlığın saxlanması üçün vaxt, sadəcə sərbəst oturub həyatı düşünməyə macalları olmur. Onları, həmçinin sahibkarları, ətrafdakilar inək kimi sağırlar. Əvəzində sizə bəy, müəllim deyirlər, hörmət, baş və bədən əyirlər, nə istəsən eləyirlər. İndi yenidən fikirləşin: kim kimə minib, kim kimi sürüb-süründürür? Mən bunları düşünərək birinci praktiki addım atdim. Sadəcə, bu addımı hamı dərk etsə və öz ətrafında, həyatda həqiqətə keçirsə, biz arzuladığımız Azərbaycanı əldə edəcəyik.

Necə? «Azərbaycanın mütəxəssisləri, birləşin!». Azərbaycanın Gələcəyi naminə. İnkişaf etmiş ölkələrdə belə birliklərin adı – konsalting (məsləhət) firmalarıdır. Yeri gəlmişkən, məşhur firmalar, dövlətlər tərəfindən sifariş olduğu zaman, bu fikirlərdən artıq olmayaraq, hesabatlarını 5-10 milyon dollara tərtib edirlər. İtkiləri araşdırıb yox eləmək, biznes proseslərini səmərəliləşdirmək, gəlirləri artırmaq, lazımsız yüklərdən azad olunaraq, gələcəyə doğru strategiyanı tərtib eləmək yalnız kənardan cəlb edilən mütəxəssislərin imkanındadır. İnsan özü özünə kritik yanaşa bilmir.

Ən azı idarəedici, maliyyəçi və hüquqşünas birləşsə, belə firmanı yaratmaq olar. Düzdür, standarta uyğun deyil, çünki bu fikirlər başqa nöqteyi-nəzərdən yaranıb, o isə tamam başqa sahədir. Tam şəkildə bütün sahələrin mütəxəssisləri, sənətkarları və mühəndisləri belə birlikləri təşkil edə bilərlər. Firmalar bu halda şirkət səviyyəsinə qalxacaq. Yalnız belə qurumların vasitəsi ilə iqtisadiyyatda yaranan təzadlar tənzim olunaraq, sahibkarların da, fəhlələrin də arzuları həyata keçirilə bilər. Dövlət üçün də bu istiqamətin imkanlarınıdan istifadə etdikdə, ÜDM-un artırılması 2-3% yox ildə 30-40% sürəti ilə həyata keçiriləcək. 

Azərbaycan üçün 1 trilyon dollar qazanmaq real imkandır. Tam model biznesdən əlavə maliyyə, elm, təhsil, qeyri-hökumət və siyasi hissələrdən ibarətdir.
Ömər Ömərov,
iqtisadçı.